5 Dekabr 2025

Cümə, 12:10

YARADICI İNSAN ÖZÜNDƏN SONRA GÖZƏLLİK QOYMALIDIR

Zamiq RZAYEV: «Mən öz işlərimə silah kimi, atom bombası kimi baxıram. Hər ikisi insanı ya öldürür, ya da inkişaf etdirir»

Müəllif:

01.05.2024

Gənc heykəltaraş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının keçmiş müəllimi Zamiq Rzayev Azərbaycan Ordusunun qəhrəman döyüşçülərinin şərəfinə hazırlanmış çoxsaylı heykəl və büstün müəllifidir. «Vətənpərvərlik məni bütün həyatım boyu müşayiət edir», - deyə o, bizimlə söhbətində bildirib. Bu, heç də şişirtmə deyil. Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin büstünü, Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunovun heykəlini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu, Qarabağda keçirilmiş hərbi əməliyyatlar zamanı şəhid olmuş Samir Kaçayevin barelyefini, Birinci Qarabağ müharibəsi şəhidləri Natiq Tağıyev və Sakit Tağıyevin abidələrini, həmçinin Vətən müharibəsi şəhidləri Cavid Səfərli və Nicat Şükürlünün büstlərini məhz o hazırlayıb.

Lakin Zamiq RZAYEVİN yaradıcılığı hərbi mövzu ilə məhdudlaşmır. O, dinc həyata aid abidələr də hazırlayır.

- Yaradıcılıq fəaliyyətinizlə yanaşı, müəyyən müddət Rəssamlıq Akademiyasında dərs də demisiniz. Pedaqoji fəaliyyət doğrudanmı yaradıcılığa mane olurdu? Müəllimlikdən buna görə ayrıldınız?

- Əslində, başqa səbəblər də var, lakin əsas səbəb yaradıcılığa vaxt tapa bilməməyim oldu. Rəssamlıq Akademiyasında hər il 6 saat dərs deyirdim. Ondan sonra emalatxanaya qayıdan zaman işləmək çətin olurdu. Bu qərarı – müəllimlikdən imtina qərarını asan verdiyimi söyləyə bilmərəm. Bu, qətiyyən asan olmadı. Çox düşündüm, götür-qoy etdim, iki işi bir arada görməyin yollarını axtardım. Sonda əsas işimi, yəni yaradıcılığı seçdim. Sərbəst sənətkar olmaq istədim.

 - Akademiyadakı işiniz üçün darıxmırsınız?

- Tələbələrim üçün darıxıram, çünki onlar mənim həm də yaxşı dostlarımdır. Hazırda müəllimlik fəaliyyətim olmasa da, keçmiş tələbələrim əvvəlkitək, emalatxanama gəlir, bəzi işlərimin hazırlanmasında iştirak edirlər. Onlar özləri də heykəllər yaradırlar. Ola bilsin ki, qarşıya qoyduğum hədəflərə çatdıqdan sonra nə vaxtsa Akademiyaya qayıdar, müəllimliyi davam etdirərəm.

- Tələbələrinizə nə öyrətmisiniz? Sizin digərlərindən fərqlənən öz tədris üsulunuz varmı?

- Tələbələrlə işdə ən əsas və vacib prinsip onlarla pedaqoq kimi davranmaq yox, dost olmaqdır. Mənimlə hələ də emalatxanama gəlib-gedən tələbələrim arasında müəyyən subordinasiya var, lakin buna baxmayaraq, biz zarafatlaşır, deyib-gülürük. Ünsiyyətimizdə, münasibətlərimizdə sıxılma, gərginlik yoxdur. Bu, işləməyi də asanlaşdırır. Yaradıcı insanlar azadlığı hiss etməyi sevirlər, əks halda yaratmaq olmur. Elə olur ki, emalatxanaya gəlmiş tələbənin təbi olmur. Bu halda onu işləməyə məcbur etmir, əyləşib digərlərinin necə işlədiyinə baxmasını istəyirəm. İnsan özünü təbə gətirməyi bacarmalıdır, lakin bunu öyrənmək lazımdır.

- Hazırda hansı iş üzərində çalışırsınız?

- Bir zədəli sənaye layihəsi, abidə üzərində çalışıram. Paralel olaraq, «Bayker» adlanacaq heykəllə də məşğulam. Motosikletlərə həvəsim böyükdür. Odur ki, bu işi görməyi çoxdan düşünürdüm. Misdən bir motosikl, demək olar ki, hazırdır. O, «Eniş» adlanacaq – motosiklin tormozlama anını yaratmağa çalışıram.

- Sizə təb lazımdır, yoxsa rejimə tabe olmağı bacarırsınız?

- Təb olmadan yarada bilmərəm. Rəssamlar iki yerə bölünür: yuxudan oyatdığın anda işə girişə bilənlər, daim təbə, ilhama ehtiyac duyanlar. Onlar işləməyə ehtiyac hiss etməlidirlər.

- Yəni ilhamlanmadan mümkün deyil…

- Bəli, mənim üçün daim ruhlanmaq vacibdir. Yaratmaq istəyi yoxdursa, bildiyim hər şeyi unuduram. Belə hallar olur. İş vaxtı prosesin necə getdiyini hiss etmirəm. Sanki şüuraltında işləyirəm. Sonda yalnız başladığım və bitirdiyim anı xatırlayıram. Odur ki, praktik olaraq, gecələr çalışır, gündüzlər yalnız yatmaq istəyirəm (gülümsəyir). Gecələr sanki beynim açılır, yaratmağa hazır vəziyyətə gəlir. Düzünü desəm, gecə işləməyə üstünlük verməyimin əsas səbəbi həmin vaxt məni heç kimin narahat etməməsi, zənglərlə diqqətimi yayındırmamasıdır. Yəni özümü tam olaraq işə verə bilirəm. Gecə əl işimlə təklikdə qalırıq. Bilirsiniz, yaradıcılıq son dərəcə qısqancdır. O, səndən onunla təklikdə qalmağı tələb edir. İş yalnız bu halda düşündüyün kimi alınır.

- Əsasən şəhidlərimizi, hərbçilərimizi, müharibə qəhrəmanlarımızı yaradırsınız… Yaradıcılığınızın əsasını bu obrazların təşkil etməsinin səbəbi nədir?

- Görünür, ölkəmizin uzun illər içərisində olduğu müharibə şəraiti. Açığı, işlərimdə bu mövzuya toxunmaq istəməzdim. Lakin Birinci və İkinci Qarabağ müharibələr qəlbimizdə öz izini qoyub. Təbii ki, bu izlər bir çox yaradıcı insanın da qəlbindədir. Bu halda soruşa bilərsiniz ki, şəhid, müharibə mövzularına niyə toxunmaq istəməzdim? Kim istəyər ki? Əlbəttə, ölkəmizdə bu qədər əsgər ölümünün, torpaqlarımız uğrunda bu qədər itkinin olmaması daha arzulanan idi. Mən gözümü açandan, torpaqlarımız Ermənistanın işğalı altında olub. Mən iki Qarabağ müharibəsinin şahidiyəm. Qəhrəmanlarımıza, Qələbəmizə, müharibəyə aid çox əsərim var. Məndə vətənpərvərlik hissi çox güclüdür. Bu, hərbi mövzuda əsərlər yaratmağıma da öz təsirini göstərir. Bəlkə də, bu haqda danışmağım doğru deyil. Hər birimiz vətənpərvərik. Demək istədiyim odur ki, yaradıcılıqda mənə məhz vətənpərvərlik hissi kömək edir. Uşaqlıqda müxtəlif müsabiqələrə qatılırdım. Xatırlayıram ki, ekologiya mövzusunda işlərim yüksək yerlər tutmurdusa, Qarabağa dair işlərlə birinci və ya ikinci olurdum.

- Birinci Qarabağ müharibəsi qəhrəmanı, tankçı Albert Aqarunovun heykəlinin hazırlanmasına görə qonorar götürməmisiniz.  Bu sizin prinsipial mövqeyinizdir? Ürəkdən gəlir?

- Bəli, elədir. Birinci Qarabağ müharibəsi qəhrəmanı Albert Aqarunovun abidəsini Raqib Qarayevlə birgə hazırlamışıq. Qonorara gəlincə… bu, o qədər də vacib deyildi. Bizə qəhrəmanın heykəlini hazırlamaq şərəfi qismət olmuşdu. Təklifi məmnuniyyətlə qəbul etdik və təmənnasız işə başladıq. Həyatda hər şey pulla ölçülmür ki. Albert Aqarunov həyatını verib, bizsə vaxtımızı. Bu, insan həyatı ilə müqayisədə heç nədir. Əksinə, bizim üçün böyük şərəfdir.

- Qarabağ müharibəsi qəhrəmanlarından danışmışkən, aprel döyüşlərində həlak olmuş heykəltaraş dostunuz Samir Kaçayevi yada salmaq istərdik. O, qısa, lakin parlaq həyatında çoxsaylı heykəllər yaradıb, müxtəlif sərgilərdə iştirak edib. O, necə heykəltaraş idi? Biz hansı səviyyədə olan istedadı itirmişik?

- Bu, mənim üçün ağrılı mövzudur. Amma insanların onu unutmaması, hər zaman xatırlaması üçün daim Samir haqda danışmaq istəyirəm. O, əla, çox istedadlı heykəltaraş idi. İki il ərzində 30-dək iş hazırlamışdı. Bu, hər kəsin bacaracağı iş deyil. Samir əsərlərini hələ ikinci kursda oxuyarkən yaradırdı. Dördüncü kursda artıq onlarla əsəri var idi. Mən iki ildə bu qədər əsər yaratmış başqa heykəltaraş tanımıram. Sanki bizi tezliklə tərk edəcəyini hiss edir və mümkün qədər çox iş görməyə çalışırdı…

Onu tez-tez əylənməyə, dincəlməyə çağırırdıq. Lakin imtina edir, hər dəfə hansısa əsər üzərində işlədiyini deyirdi. Bəlkə də nəsə hiss edir, vaxt itirmək istəmirdi. Samir şəhid olanadək «Vətən uğrunda canından keçən əsgər» anlayışını çox eşitmişdim. Lakin bu sözlərin dərin mənasını yalnız onun ölümündən sonra başla düşdüm. Çox ağrılı, çox kədərlidir.

- Dostunuzun dünyasını dəyişməsi yaradıcılığınıza təsir edibmi?

- Əlbəttə. Samirin cəmi 22 yaşı var idi. Mən onu tərbiyəli, ədalətli, mehriban və mədəni insan kimi xatırlayıram. İnsanda ola biləcək ən yaxşı xüsusiyyətlər Samirdə cəmlənmişdi. Onun haqqında usanmadan danışa bilərəm. İndiki dövr üçün həddindən artıq düzgün insan idi. Bunu Samirlə dost olduğum üçün demirəm. Bu, həqiqətdir. Onu xatırlayan zaman adamın ağlına bir sual gəlir: milçəyin də xətrinə dəyməyən insan insanların bir-birlərini öldürdükləri müharibədə necə iştirak edə bilər? Onun həyatının bir epizodunu danışmaq istərdim. Emalatxananın döşəməsində böyük dəlik yaranmışdı. Onu kiçik bir siçan etmişdi. Düşünürsünüz ki, Samir o gəmiricini zərərsizləşdirmək üçün yollar axtarırdı? Yox! Hər gün evə gedəndə siçan ac qalmasın deyə onu yeməyə nəsə saxlayırdı. Onun rəhimliliyinə heyran idik. Bu gün Samirin aramızda olmaması çox kədərlidir. O, bu dünyanı sadəcə mövcudluğu ilə daha yaxşı edə bilərdi. Real hadisələr əsasında çəkilmiş «Vicdan səbəbi ilə» filmini xatırlayırsınız? Filmin baş qəhrəmanı Samiri çox xatırladır. Eyni dərəcədə mehriban və cəsur. Allah ona rəhmət eləsin!

- Babalarımız, atalarımız İkinci Dünya müharibəsini, biz və övladlarımız Qarabağ müharibəsinin dəhşətlərini yaşamışıq. Bizim üçün döyüşçü, qəhrəman, naməlum əsgər abidələri sanki bir ənənədir – biz belə tərbiyə almışıq. Son hadisələrin hələ yaddaşlarda olduğu bir vaxtda ağrı-acını, göz yaşlarını daşlara, kətanlara köçürmək lazımdırmı?

- Kimin və ya nəyinsə yaddan çıxmasını istəmiriksə, keçmişi unutmamalıyıq. Canımızda hiss etdiyimiz o ağrılarla, o keçmişdə yaşamalıyıq. Bəli, biz qalibik, torpaqlarımızı geri qaytarmışıq, amma ərazi bütövlüyümüzü bərpa etmək üçün nələri qurban verdiyimizi hamı bilmir. Onları heç zaman unutmamalıyıq! Onu da unutmamalıyıq ki, indi XXI əsrdir, lakin əsgərlərimiz bəzi döyüşlərdə dağlarda, sıldırım qayalarda əlbəyaxa döyüşməli olublar. Razılaşın ki, bu əsrdə belə döyüş olmayıb. Bu məqam məndə o qədər dərin təəssürat yaradıb ki, bir əli dik qayadan tutmuş, digər əlində xarıbülbül saxlayan əsgər abidəsi yaratmışam. Bu heykəl Şuşa Şəhəri Gününə həsr olunmuş tədbirdə ikinci yerə layiq görülüb. İndi Qələbəmizi şöhrətləndirməliyik. Bu, bütün ölkəmiz üçün bayramdır.

- İşlərinizin dünyanın müxtəlif ölkələrində şəxsi kolleksiyaları bəzədiyi doğrudurmu? Bir də, şəxsi sərgi haqda nə deyə bilərsiniz?

- Etiraf edirəm ki, məndə belə məlumat yoxdur. Bizim işlərimiz qalereyalara gedir. Ola bilsin ki, hansısa heykəl həvəskarı onları qalereyadan alır. Bildiyimə görə, işlərimdən biri – Qara Qarayevin büstü Moskvadadır. Bəzi əsərlərim isə Azərbaycan Mədəniyyət Nazirliyində və bəzi muzeylərdə saxlanılır. Şəxsi kolleksiyalara gəlincə, işlərimizi Azərbaycandan kimlərin alıb apardığı ilə maraqlanmırıq.

Şəxsi sərgilərə gəlincə, düşünürəm ki, sərgi barmaq izi kimi şeydir. Onlar bir-birinə bənzəməməlidir. Sərgi ekspozisiyasına kəmiyyətinə görə yox, keyfiyyətinə görə qiymət verilməlidir. Bu, vacibdir. Planda şəxsi sərgimin təşkili var. Düşünürəm ki, yaxın gələcəkdə bunu edəcəyəm.

- Rəssam kimin üçün və ya kimin xətrinə işləyir: özü üçün, yoxsa insanlar üçün?

- Düşünürəm ki, rəssam insanlar üçün yaradır, amma özünü də həmin cəmiyyətin bir hissəsi sayır. Yəni insanlarla bir tamdır. Mən yeni işə başlamazdan əvvəl onun insanlarda hansı təəssüratı yarada biləcəyi haqda uzun-uzadı düşünürəm. Müsbət? Birdən əksinə, mənfi hisslər yaratdı? Bu sualı özümə hər zaman verirəm. Mən işlərimə silah kimi, atom bombası kimi baxıram. Hər ikisi insanı ya öldürür, ya inkişaf etdirir. Yaradıcılıq da belədir. Bu haqda düşünmək vacibdir, çünki yincəsənət təhlükəli hadisələrə də yol aça bilər. Bu gün Azərbaycanda bu qədər çox rəssamın, musiqiçinin olmasının səbəbləri haqda düşünmüsünüz? Uşaqlıqdan evlərimizdə xalçalar görür, onların üzərində əyləşir, oyun oynayır, gəzirik.  Baxışlarımız bizi çox vaxt xalça naxışlarının ritminə aparır, onlara nəzər salmağa çalışırdıq. Naxış və ornament isə bizi ananı bətnindəki körpənin ürək döyüntüsü ilə birləşdirən ritmdir. Bu ritm bizi sakitləşdirir, şüuraltı olaraq kollektiv rəqslərə, yallıya aparır. Nəsillər, musiqi, qayaüstü rəsmlər. Biz hamımızı birləşdirən "nəsil" genetik yaradıcılıq koduna sahibik – bu, bizi kainatın mənşəyinə aparan kollektiv ritmdir.

- Bu yaxşıdır, ya pis?

- Əlbəttə yaxşı. Biz özümüzdən sonra üçün informasiya qoyuruq. Düşünürəm ki, bütün yaradıcı insanlar özündən sonra az da olsa gözəllik qoymalıdır. Bu, bizdən sonrakıların bizim yaradıcılığımızı öyrənmələri və ondan ruhlanmaları üçün lazımdır.

- Heykəltaraş Zamiq Rzayev daha nə yaratmaq istəyir? Sizi daha hansı mövzular, obrazlar, hadisələr maraqlandırır?

- Artıq qeyd etdiyim kimi, beynimdə bir çox vətənpərvərlik mövzuları var. Hər insanın həyat fəlsəfəsi olmalıdır. Hər kəs dünyaya nə üçün gəldiyini bilməlidir. Bu gün qeyri-ciddi heykəltaraşlıq əsərləri çox olduğundan, insanlar bizim işlərimizi daha çox kolleksiya kimi deyil, evlərinin interyeri üçün alırlar. Məsələn, Salvador Dalinin şəxsi kolleksiyalarda saxlanılmalı olan əsərləri bu gün evləri bəzəmək məqsədilə alınır. Bir çox hallarda isə onu sadəcə, məşhur müəllifin əsəri olduğu üçün əldə edirlər. Məsələn, mənim «Evdə tək» heykəlim. Biz palto asılmış asılqan, şlyapa, çətir və tutuquşu görürük. Bu əsər tənha yaşlı insandan bəhs edir. Həyatdan bir epizod – mən məhz bunu yaratmaq istəmişəm. Mənim üçün əsas onun gözəlliyi deyil. Əsər həyatımızdan «danışmalıdır». Bu, rəssamın baxışının «dayandığı» andır – fotoqrafda olduğu kimi. Mən o işə baxarkən anlayıram ki, tənha qalmaq istəmirəm. Tənhalıq mənim üçün yad və qorxuludur. Onunla da insanlara demək istəyirəm ki, ömrü sonda tənha, atılmış qalmayacaq şəkildə yaşamaq lazımdır. Məhz bu səbəbdən gələcəkdə ailə quracağam və Allah qoysa, övladlarım olacaq. Sonra isə bu gün olduğu kimi, yaşadıqlarımı, hiss etdiklərimi yaratmağa davam edəcəyəm. Düşünürəm ki, düz yoldayam…



MƏSLƏHƏT GÖR:

196