23 Noyabr 2024

Şənbə, 16:48

QƏNAƏTCİL REJİM

Azərbaycanda su itkisinin azaldılması və azad edilmiş ərazilərin su ehtiyatlarının mənimsənilməsi üçün yeni layihələrə start verilib

Müəllif:

01.05.2024

Su təchizatı və suvarma üçün şirin su çatışmazlığına səbəb olan qlobal səhralaşma tendensiyası son illər Azərbaycan üçün də aktuallaşıb. 2018-ci ildən müşahidə olunan bir sıra ciddi quraqlıqlar və əsas su arteriyalarının - Kür və Arazın dayazlaşması su anbarlarındakı ehtiyatların azalmasına səbəb olub. Ekspertlərin fikrincə, Azərbaycan bu gün dünyada kəskin su çatışmazlığı ilə üzləşən 20 ölkəsi sırasındadır. Qeyd edək ki, ölkədə şirin suyun təxminən 70%-i kənd təsərrüfatında istifadə olunur. Hazırda su kanallarında böyük itkilər müşahidə olunur. Bununla əlaqədar magistral suvarma kanallarının inşası layihələrinin icrasına başlanılıb, müasir, qənaətcil suvarma sistemləri tətbiq edilir, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hazırlanır.

 

Bədbin proqnozlar

UNESCO-nun 1 il əvvəl dərc etdiyi hesabata görə, hazırda dünya su ehtiyatlarının yalnız 3-4%-i şirin su mənbəyi kimi istifadə oluna bilər. Üstəlik, bu ehtiyatlar tükənmək üzrədir. Dünya əhalisinin təxminən 26%-nin təmiz içməli suya çıxışı yoxdur. Qlobal suvarma sistemi də su ehtiyatlarının çatışmazlığı ilə üzləşir. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrdə ərzaq təhlükəsizliyinə mənfi təsir göstərir.

Son onillikdə baş verən qlobal iqlim dəyişiklikləri Cənubi Qafqaz ölkələrində səhralaşma prosesini sürətləndirib. Hazırda regionun ümumi su ehtiyatlarının 62%-i Gürcüstanda, 28%-i Ermənistanda, cəmi 10%-i Azərbaycandadır. Azərbaycanda su balansının göstəriciləri son 20 ildə 15-20% azalıb. Suvarma və su təchizatı ilə bağlı ən böyük su çatışmazlığı 2018-2022-ci illərdə hiss olunub. Ard-arda bir neçə fəslin quraq keçməsi nəticəsində Böyük Qafqazın dağ çaylarının axınları nəzərəçarpacaq dərəcədə azalıb, həmçinin respublikanın iki əsas su mənbəyi olan Kür və qismən Araz çayı hövzələrində dayazlaşma müşahidə edilib. Üstəlik, son 5 ildə Mingəçevir su anbarına daxil olan suyun həcmi 50%-ə qədər azalıb. 2018-ci ildə bu anbara 823 milyon kubmetr Kür suyu daxil olurdusa, 2022-ci ildə bu rəqəm 455 milyon kubmetrə enib. Bu, yağıntıların azalması və transsərhəd çaylardan daha az suyun axması ilə bağlıdır. “Azərbaycanın su ehtiyatlarının təxminən 75%-i, yəni böyük hissəsi respublikanın hüdudlarından kənarda formalaşır”, - Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə “yaşıl gündəliyə” və təmiz içməli suya çıxış məsələlərinə dair dinləmələr zamanı qeyd edib.

Transsərhəd çaylarda suyun miqdarının azalması təkcə iqlimlə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar deyil. Eyni zamanda ölkə həm də texnogen və antropogen amillərə görə Türkiyə, İran, Rusiya və Gürcüstan kimi qonşu ölkələrdə suvarma ehtiyacları üçün həddindən artıq su qəbulu səbəbindən transsərhəd çaylarda su çatışmazlığının artması ilə üzləşir. Regionun əsas çaylarının aşağı axınında yerləşən Azərbaycan transsərhəd çaylarda suyun azalması problemi ilə üzləşir. Uzunmüddətli quraqlıq ilə birlikdə su anbarlarında saxlanılan su həcminin səviyyəsi azalaraq Kür-Araz hövzəsinin su istifadəçiləri üçün ciddi risklər yaradır. Bu mənfi amil daha çox Salyan və Neftçala rayonlarında hiss olunub. Ən pis dövrdə Kürün səviyyəsi dəniz səviyyəsindən təxminən iki metr aşağı düşüb. Bu, Aran rayonuna bitişik ərazilərin su təchizatında və kənd təsərrüfatı torpaqlarının suvarılmasında ciddi problemlər yaradıb, dəniz suyunun daxil olması səbəbindən Kür deltasının şoranlaşmasına səbəb olub. Mütəxəssislərin fikrincə, indiki mənfi tendensiyalar davam edərsə, 2070-ci ilə qədər Azərbaycanda çayların sululuq səviyyəsi 20-25% azala bilər.

 

Su sahəsində innovasiyalar

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, bu gün Azərbaycan su ehtiyatlarının çatışmazlığından ən çox əziyyət çəkən 20 ölkə sırasındadır. Respublikanın şəhərlərində içməli su ilə təminatı baxımından müqayisəli sabitliyi qorumaq mümkün olsa da, şirin suyun təxminən 70%-nin istifadə olunduğu kənd təsərrüfatında vəziyyət çox kritikdir. Xatırladaq ki, son illər Azərbaycanda əhalinin artımı və ərzaq təhlükəsizliyi problemlərinin həlli fonunda əkin dövriyyəsinə cəlb olunan torpaqların həcmi xeyli artıb. Əgər 2010-cu ildə ölkənin bitkiçilik sektorunda 1 milyon hektara yaxın sahədə müxtəlif bitkilər əkilirdisə, 2020-ci ildə bu rəqəm 1,7 milyon hektara çatıb. Yəni suvarılan torpaqların sahəsi 70%-dən çox artıb və bu tendensiya davam edir. Ölkədə suvarma infrastrukturuna dair resursun əhəmiyyətli dərəcədə tükənməsi, həmçinin köhnəlmiş magistral su kanallarında və torpaq arxlarında ciddi su itkilərin olması vəziyyəti daha da gərginləşdirir. Eyni zamanda irrasional suvarma nəticəsində əkin sahələrində böyük itkilər müşahidə olunur və bu da son nəticədə torpağın şoranlaşmasına səbəb olur. 3,61 milyon hektar torpaq güclü erroziyaya və bu və ya digər dərəcədə susuzlaşmaya məruz qalır. Bu isə respublikanın torpaq fondunun düz 41,8%-ni təşkil edir.

Sadalanan problemlərin həlli üçün su ehtiyatlarından istifadəyə dair elektron nəzarət sistemlərinin tətbiqi nəzərdə tutulur. Bundan başqa, suvarma kanallarının betonlanması və polimer materiallarla üzlənməsi ilə bağlı layihələr həyata keçiriləcək. Artıq 50 aqroparkda və bir sıra iri taxılçılıq təsərrüfatlarında suvarma sistemlərinin modernləşdirilməsi aparılır. Adıçəkilən ərazilərdə pivot, aerozol, kiçik dispers və digər qənaətcil suvarma sistemlərinin təxminən 80%-i cəmləşib.

Bundan sonra bu innovasiyalardan daha çox istifadə olunacaq. Dövlət başçısının sərəncamına əsasən, taxılçılıq təsərrüfatlarına müasir suvarma sistemlərindən istifadə olunmaqla 5 il müddətinə əlavə subsidiyalar verilir. Belə ki, alınan pivot və digər qənaətcil suvarma sistemlərinin təxminən 40%-nin dəyəri dövlət tərəfindən subsidiyalaşdırılır, qalan vəsait isə güzəştli kreditlər hesabına təmin olunacaq. FAO və bir sıra beynəlxalq donor strukturların mütəxəssisləri səmərəli suvarma həllərinin tətbiqi üzrə layihələrdə fəal iştirak edirlər. Üstəlik, Azərbaycanın Su Ehtiyatları üzrə Dövlət Agentliyi və “BP-Azerbaijan” şirkəti ümumi dəyəri 2,6 milyon ABŞ dolları olan 3 su layihəsinin birgə həyata keçirilməsi barədə razılığa gəliblər.

 

Köhnə kanalların yenidən qurulması

Hər zaman olduğu kimi, bu dəfə də ölkənin suvarma problemlərinin həllində əsas yük dövlətin üzərinə düşür. Bu, Yuxarı Şirvan kanalının yenidən qurulması kimi irimiqyaslı işlərə də aiddir. 1958-ci ildə istifadəyə verilmiş və respublikada ikinci ən böyük su təchizatı sistemi olan bu kanal Mingəçevir su anbarından başlayır. Onun müasir standartlara uyğun olaraq yenidən qurulması su ehtiyatlarından daha səmərəli istifadəyə imkan verəcək. Bununla yaşayış məntəqələrinin məişət suyu ilə, 230 min hektar ərazinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq. Modernləşdirmədən sonra kanalın uzunluğu 200 kilometrdən çox olacaq, 346 milyon kubmetrə yaxın su itkisinin qarşısı alınacaq və qurumuş Hacıqabul gölünün ekoloji vəziyyəti yaxşılaşdırılacaq.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin ortalarında Hacıqabul rayonunda quruculuq işlərinin başlanılması mərasimində iştirak edib.

“Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb olub, su itkiləri kifayət qədər çoxdur”, - dövlət başçısı bildirib.

O vurğulayıb ki, əgər əvvəllər bu kanal 8 rayonu əhatə edirdisə, yenidənqurmadan sonra onların sayına daha 2 rayon əlavə olunacaq. Suvarılan torpaqların sahəsi də artırılacaq, geniş ərazilərdə ekoloji vəziyyət yaxşılaşdırılacaq.

İlham Əliyev Qarabağ kanalının inşası ilə bağlı sərəncamı da xatırladıb. Onun sözlərinə görə, texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində yeni layihə işlənib hazırlanacaq: “Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir”.

Qəbul edilmiş proqrama əsasən, yaxın illərdə Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcək və bu da 500 min hektardan çox ərazini suvarmağa imkan verəcək. Artıq Qəbələ rayonunda Yengicə su anbarının tikintisinə başlanılıb. Onun ehtiyatları istismara verildikdən sonra 10 min hektar əkin sahəsini əhatə etməyə imkan verəcək.

 

Azad edilmiş infrastruktur

2020-ci il müharibəsində qələbə və daha sonra azad edilmiş ərazilərin bütün resurs bazasına nəzarətin yaradılması su probleminin miqyasını bir qədər azaldıb. Kiçik Qafqazın su ilə zəngin regionunun potensialından daha dolğun istifadə etmək üçün yeni su anbarları tikilir, su kəmərləri çəkilir, su infrastrukturu yaradılır. Qarabağın 10 əsas çayının dağ mənbəyinin yerləşdiyi Kəlbəcər və Laçın rayonları bu baxımdan çox perspektivli görünür. Su bazasını həm də tutumu 1,6 milyard kubmetrdən çox olan Xudafərin su anbarını qidalandıran tam axarlı Arazın potensialı təşkil edir. Gələcəkdə Qarabağda, Şərqi Zəngəzurda Həkəriçay və Bərgüşadçay su anbarlarının, o cümlədən kanalların tikintisi nəzərdə tutulur.

“Bir müddət bundan əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir”, - Prezident İlham Əliyev vurğulayıb.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi barədə yekdil qərar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, həmçinin ölkəmizin su probleminin həlli kimi vacib məsələ daxil olmaqla ətraf mühitin mühafizəsinə verdiyi töhfəsinin tanınmasının bariz nümunəsidir. Bu baxımdan, hazırda qarşıda duran əsas vəzifə su ehtiyatlarından maksimum səmərəli istifadə etməkdir. Bu problemin həlli üçün infrastruktur layihələrinin ardıcıl həyata keçirilməsi nəzərdə tutulub.



MƏSLƏHƏT GÖR:

69