23 Noyabr 2024

Şənbə, 15:43

ƏSAS BİZNES PLAN

Özəl sektorun əsas inkişaf istiqaməti onun sabitliyinin təmini, «yaşıl keçid» və Qarabağın bərpasında iştirakdır

Müəllif:

01.05.2024

Azərbaycanda neft hasilatının qismən azalması və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aktiv mərhələsinin başlanılması fonunda Azərbaycan iqtisadiyyatının qeyri-neft-qaz potensialının inkişafında biznesin rolu getdikcə daha çox əhəmiyyət kəsb edir. Sahibkarlıq fəaliyyəti üçün geniş güzəşt və üstünlüklərinin olmasına baxmayaraq, hökumət ölkədə investisiya mühitinin yaxşılaşdırılması və işgüzar fəallığın artırılması üçün, demək olar ki, hər ay yeni təkliflər verir.

Bu sahədə ən son yeniliklər “Sahibkarlar günü” və Azərbaycan Sahibkarlar Konfederasiyasının yaranmasının 25 illiyi ilə bağlı konfransda açıqlanıb.

 

Müsbət dinamika

Son illər qlobal iqtisadiyyatda qeyri-müəyyənlik və ressesiya riskləri artıb. Təchizat zənciri ilə bağlı problemlər, həmçinin enerji resurslarının və ərzağın bahalaşması qlobal inflyasiyanın artmasına səbəb olub. Bütün bunlara rəğmən, Azərbaycan iqtisadiyyatında yüksək dinamikanı saxlamaq mümkün olub. Belə ki, bu ilin birinci rübündə ÜDM 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4% artıb. Bundan başqa, 2024-cü ilin yanvar-mart aylarında sənaye müəssisələri və fərdi sahibkarlar tərəfindən 15,7 milyard manatlıq məhsul istehsal edilib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə qeyri-neft-qaz sektorunda istehsal isə 7,8% artıb.

“Azərbaycan ÜDM-də özəl sektorunun payı 83%-ə çatıb, məşğulluqda payı isə 78%-i ötüb. Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin təqribən 99,6%-i kiçik və orta sahibkarlıq subyektləridir. Onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı artır. Bu il aprelin 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı da artaraq 768 mindən çox olub”, - Azərbaycanın iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda davamlı inkişaf tendensiyası nümayiş etdirən sahibkarlıq fəaliyyətinin genişlənməsi ölkənin iqtisadi artım göstəricilərinə mühüm təsir göstərir. Bunun nəticəsidir ki, Azərbaycanın iqtisadi inkişaf dinamikasında müsbət meyillərin davamlılığı qorunur.

Ölkəmizdə iqtisadi artımın strateji amili olan investisiya fəallığının stimullaşdırılması istiqamətində aparılan işlər də müsbət nəticələr verir. 2024-cü ilin birinci rübündə əsas kapitala yönəldilmiş vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4% artaraq 3,8 milyard manat təşkil edib. Qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların artımı 4,8%, əsas kapitala yönəldilmiş investisiyaların 80%-ni daxili investisiyalar təşkil edir və bu da ölkədə sahibkarlığın inkişafının real göstəricisidir.

 

Reytinqlərdə ən yüksək yerlərdə

Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2023-cü ildə Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların reytinqlərində iqtisadi göstəricilərə görə yüksək yerləri tutub.

Belə ki, “FDI Intelligence” nəşrinin “2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlər” reytinqində Azərbaycanın paytaxtı fəxri 3-cü yeri tutub. Belə yüksək göstərici, təbii ki, ölkədə əlverişli investisiya mühitindən xəbər verir.

“Financial Times” qəzetinin dərc etdiyi hesabatda ötən il Bakıda birbaşa xarici investisiyalar çərçivəsində reallaşdırılan layihələrinin rekord sayı göstərilib. Nəşrin məlumatına görə, birbaşa xarici investisiyalar üzrə əldə olunan razılaşmalar 2017-ci ildən sonra Azərbaycanda həyata keçirilən ən iri layihələrdir.

“Təsadüfi deyil ki, dövlət və özəl sektorlar arasında səmərəli tərəfdaşlığın keyfiyyətinin yüksəldilməsi, dövlət və özəl sektor arasında risklərin və öhdəliklərin optimal bölüşdürülməsi müasir dünyanın ən mühüm vəzifələrindən biridir. Tərəfdaşlıq davamlı inkişaf üçün mühüm vasitələrdən biri hesab olunur və onun əsas məqsədi müvafiq investisiya mühitini yaxşılaşdırmaqla beynəlxalq investisiya axınını stimullaşdırmaqdır”, - Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.

Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,6%-ni kiçik və orta sahibkarlıq (KOB) təşkil etdiyini nəzərə alsaq, ölkənin davamlı inkişafının onların inkişaf səviyyəsi ilə sıx bağlı olduğu göz qabağındadır. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da deyib.

O qeyd edib ki, son 5 ildə Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin sayı 54% artıb: “Bu müddətdə KOB-ların qeyri-neft-qaz sektoru üzrə əlavə dəyərdə payı 23,5%-dən 27,2%-ə yüksəlib. Onların yaratdığı əlavə dəyər 74%-dən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib. KOB-ların işçilərinin sayında da müsbət dinamika müşahidə olunur. Belə ki, hesabat dövründə bu göstərici 31 %-ə qədər artaraq 370 min nəfəri keçib”.

“Daxili bazar araşdırmalarının maliyyələşdirilməsi üçün qrant proqramı, vergi güzəştlərini özündə əks etdirən startap sertifikatının verilməsi, iri pərakəndə satış şəbəkələrinə çıxış, yerli və beynəlxalq sərgilərdə iştiraka dəstək tədbirləri biznesin inkişafı üçün effektiv mexanizmlərdir”, - O.Məmmədov deyib.

O bildirib ki, yaxın gələcəkdə ölkənin rayonlarında, o cümlədən işğaldan azad edilmiş ərazilərdə KOB evlərinin əhatə dairəsi genişləndiriləcək.

 

Reinteqrasiya və “yaşıl keçid”

Azad edilmiş ərazilərin bərpasında özəl sektorun iştirakının gücləndirilməsi yaxın gələcəkdə biznes investisiya fəallığında mühüm amillərdən biri olacaqdır.

“Qarşıdakı dövrdə əsas fəaliyyətimiz özəl sektorun sabitliyinin yaxşılaşdırılmasına, rəqəmsallaşmaya, insan kapitalının inkişafına, “yaşıl” və innovasiyaların transformasiyasına, həmçinin işğaldan azad edilmiş ərazilərimizin iqtisadi dəyər zəncirinə reinteqrasiyasına yönəldiləcək”, - nazir müavini E.Əliyev bildirib.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov konfransdakı videomüraciətində bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarların layihələrini dəstəkləmək məqsədilə Azərbaycan hökuməti xüsusi investisiya resursları və əlavə güzəştli kreditlər sistemini tətbiq etməyə hazırlaşır. Nazir sahibkarları işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında biznes qurmağa dəvət edib.

“Bu gün qarşımızda daha ümdə vəzifə durur. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə töhfə vermək hər birimizin mənəvi borcumuzdur. Biz bugünkü günlərin arzusu ilə yaşamışıq. Ona görə bu prosesdə sahibkarlarımızın aktiv iştirakı önəmlidir. Hər bir ölkənin sosial-iqtisadi inkişafı özəl sektorun inkişafı ilə birbaşa bağlıdır. Görülən işlərin nəticəsidir ki, iqtisadi sferanın müxtəlif sahələri, o cümlədən biznes fəaliyyəti üzrə göstəricilər ildən-ilə nəzərəçarpacaq qədər artır. Bu mənzərə doğru yolda olduğumuzu göstərir”, - o əlavə edib.

Digər mühüm sahə biznesin “yaşıl transformasiyası”dır ki, onun aktuallığı bu il COP29 tədbirləri və “Yaşıl dünya üçün həmrəylik ili” fonunda xüsusilə artıb. Bununla bağlı E.Əliyev bildirib ki, “yaşıl iqtisadiyyat”a keçid sahəsində təşəbbüslərin daha da artırılması üçün imkanlar yaradılacaq: “Bu, ölkəmizin imicinin daha da yüksəldilməsi, biznes fəaliyyətinin rəqabət qabiliyyətinin artırılması və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

O.Məmmədovun sözlərinə görə, resurs və qənaətcil texnologiyalardan istifadə, həmçinin “yaşıl innovasiyalar”ın biznes proseslərinə inteqrasiyası KOB-ların xərclərinin optimallaşdırılmasına, məhsuldarlığına və rəqabət qabiliyyətinə böyük təsir göstərir. Digər tərəfdən istehsal prosesinin ekoloji standartlara uyğunlaşdırılması və ekoloji təmiz məhsulların istehsalı müəssisələrin ixrac potensialının artırılmasına və maliyyə resurslarına çıxışına xidmət edir.

“Bu il “yaşıl iqtisadiyyat”da KOB-ların rolunun artırılması məqsədilə yeni institutun və təşviq mexanizmlərinin yaradılması ilə bağlı təkliflər hazırlanacaq”, - KOBİA rəhbəri bildirib.

M.Musayev isə “yaşıl keçid”in uğurla həyata keçirilməsi üçün Azərbaycan Sahibkarlar Konfederasiyası tərəfindən biznesə dəstək göstəriləcəyinə söz verib.

Bir sözlə, biznes səylərinin cəmləşdirilməsi üçün aktual istiqamətlər göstərilib, bununla bağlı kömək və yardım vəd edilib. Odur ki, sadəcə olaraq sahibkarların cavab reaksiyasını və bunun ölkənin iqtisadi inkişafının statistik göstəricilərində necə əks olunacağını gözləmək qalır.



MƏSLƏHƏT GÖR:

75