23 Noyabr 2024

Şənbə, 20:42

ÜÇ GÜNÜN ÜÇ HƏDƏFİ

İran Prezidentinin Pakistan səfərindən çıxan nəticələr

Müəllif:

01.05.2024

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin Pakistana səfəri bu ilin yanvarında baş tutmalı idi. İran və İsrail arasında davam edən gərginlik fonunda bu, xüsusi diqqəti cəlb edir. İslamabadda yüksək rütbəli iranlı qonağın şərəfinə təşkil olunan təntənəli qəbul regiondakı müsəlman ölkələrinin Tehrana dəstəyini nümayiş etdirib.

 

Səfərin tarixçəsi

Bu il yanvarın sonunda Pakistana səfər etmək zərurəti obyektiv səbəblərdən irəli gəlirdi. Belə ki, hər iki ölkə arasında münasibətlərdə gərginliyin pik nöqtəsi məhz bu məqamda baş verib. Yanvarın 17-də İran ordusu Pakistan ərazisində İranla sərhədə yaxın Bəlucistan bölgəsində “Ceyş əl-Ədl” (“Ədalət ordusu”) adlı bəluc separatçı silahlı qruplaşmasının düşərgəsini hədəfə alıb. Hadisə iki qonşu arasında münasibətləri o qədər gərginləşdirib ki, səfirlər məsləhətləşmələr üçün geri çağırılmalı olub.

Pakistan Silahlı Qüvvələri bu hadisəyə cavab olaraq bir neçə gündən sonra İran ərazisində yenə də bəluclardan ibarət olan, Pakistan ordusuna qarşı silahlı hücumlar həyata keçirdiyini iddia etdiyi qruplara zərbələr endirib. Hər halda, hər iki zərbənin hədəfi bəluc qrupları olub. Pakistan İran ordusunun addımları nəticəsində iki uşağın öldüyünü açıqlayıb. İranlılar isə iddia ediblər ki, Pakistanın hücumunda üç uşaq və dörd qadın olmaqla yeddi nəfər ölüb.

Amma tərəflər çox tezliklə münasibətləri qaydaya salıblar. İran və Pakistan xarici işlər nazirləri görüşüb və tezliklə gərginlik yatırılıb. Üstəlik, Pakistan rəhbərliyinin dəvəti əsasında İran Prezidentinin yaxın aylarda səfəri ilə bağlı razılıq əldə olunub.

 

Üç günlük səfər, üç ünvan, üç hədəf

Prezident Rəisi Pakistana üç günlük səfəri çərçivəsində bu ölkənin Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və ordu komandanı general Asim Münirlə görüşüb.

Xatırladaq ki, Pakistan İslam Respublikası parlament idarə üsuluna malikdir. Bu o deməkdir ki, ölkədə faktiki siyasi, iqtisadi və digər sahələrdə idarəçilik baş nazirin əlində cəmləşib. Bu mənada ölkələr arasında əlaqələrin inkişafı naminə İran Prezidentinin Pakistan Baş naziri ilə görüşü labüd idi.

İslamabadda İ.Rəisi və Ş.Şərifin keçirdiyi birgə mətbuat konfransında əsas vurğu ticari-iqtisadi əlaqələrin inkişafına edilib. Hər iki lider bildirib ki, qarşılıqlı ticarət əlaqələrini 10 milyard dollara çatdırmaqla bağlı hədəf var. Həqiqətən, onlar arasında ticarət əlaqələri ölkələrin imkanları və miqyasına görə çox kiçikdir.

Məsələn, ötən il Pakistanın İrandan idxalı 944 milyon dollar olub (2022-ci illə müqayisədə 13% çox). Ümumilikdə isə son 4 ildə Pakistanın İrandan idxalı 2,5 dəfə artıb (2020-ci ildə 372 milyon dollar). Güman ki, bu artım neft və qaz satışına görə baş verib.  

Ancaq İran Prezidentinin pakistanlı həmkarı Asif Əli Zərdari ilə görüşünün arxasında xüsusi səbəblər dayanırdı. Bu, formal xarakter daşısa da, İran üçün əhəmiyyətli məsələ idi. Hazırda Pakistan parlamentində 3-cü siyasi partiya olan Pakistan Xalq Partiyasının (PPP) sədri Asif Əli Zərdarinin oğlu Bilaval Buhutto Zərdaridir. Bu ailə Pakistan siyasi tarixində mühüm yer tutur. Partiyanın qurucusu Zülfüqar Əli Buhutto, onun qızı, Pakistanın ilk qadın Baş naziri Bənazir Buhutto olub. Bu ailənin İranla yaxın əlaqələri olub və hazırda da iki ölkə arasında əlaqələrin yaxşılaşmasında bu ailənin ciddi rolu var.

Yeri gəlmişkən, Zərdari 2013-cü ildə İran və Pakistan arasında IPI (İran-Pakistan-Hindistan) qaz kəmərinin inşası layihəsinin icrasına başlananda da ölkəyə rəhbərlik edib. Nə qədər təsadüfi görünsə də, bu ilin fevralında IPI layihəsinin inşasına yenidən start verilib. Ancaq Hindistan artıq layihədən imtina etdiyi üçün gələcəkdə Çinin bu layihəyə qoşulması ehtimalı var. 

İran-Pakistan iqtisadi-ticari əlaqələrinin daha bir mühüm perspektivli elementi Qvadar-Çabahar dəhlizinin birləşməsidir. Bu layihə ilə Çindən yüklərin Pakistandan keçməklə Hind okeanına, oradan isə İran vasitəsilə şimala – Rusiyaya qədər daşınması nəzərdə tutulur.

Daha bir perspektivli layihə İran və Pakistan yerüstü nəqliyyat və ITI dəmir yolu (İslamabad-Tehran-İstanbul) layihəsidir. İran üçün bu layihə xüsusi əhəmiyyət kəsb edir, Tehran bu nəqliyyat yolunu daha da şaxələndirmək, həmçinin İraq və daha sonra Səudiyyə Ərəbistanına qədər genişləndirməyi planlaşdırır. Çünki bu layihələrin işə salınması Tehranı faktiki olaraq regionun nəqliyyat habına çevirə bilər.

 

Təhlükəsizlik

İran və Pakistan arasında üçüncü ən vacib, təxirəsalınmaz mövzu terrorizm və təhlükəsizlik təhdidləridir. Pakistan və Hindistan arasında tarixi sərhəd anlaşılmazlıqları və ya İranın Yaxın Şərqdə təhdidlərini nəzərə almasaq, hər iki ölkənin təhlükəsizlik təhdidləri eynidir: “Taliban”, İŞİD və Bəluc separatizmi.

“Taliban”ın qonşu ölkələrlə münasibətləri o qədər də hamar olmasa da, ən ciddi problem Pakistan və İranladır. Son 3 il ərzində İran və Əfqanıstan arasında bir neçə dəfə sərhəd toqquşması baş verib, İran hərbçiləri qətlə yetirilib. Hər dəfə rəsmi Tehran Əfqanıstanla gərginliyi danışıqlar yolu ilə yumşaltmağa nail olub. Oxşar vəziyyət Pakistan və “Taliban” arasında mövcuddur. Baxmayaraq ki, Əfqanıstan “Taliban”ı əslində Pakistanda yaranıb və başlanğıc düşərgələri Pakistandakı əfqan qaçqın düşərgələri olub. Lakin bu gün Əfqanıstan “Taliban”ının Pakistanda ciddi dayaqları mövcuddur. Vaxtaşırı bu qruplar Pakistan ordusuna qarşı hücumlar təşkil edir. Pakistanda da anlayırlar ki, ölkədə hərbi-siyasi vəziyyət nəzarətdən çıxsa, o zaman ilk olaraq təhlükə “Taliban”dan gələcək. Bu səbəbdən də Pakistan üçün indi Əfqanıstan mövzusu və “Taliban”, eləcə də onun şəxsində nəzarətdən çıxmış silahlı radikal qruplar ciddi təhlükə mənbəyidir. Odur ki, bu məsələdə İranla əməkdaşlıq Pakistan üçün vacibdir.

Daha bir təhlükə İŞİD-dən gəlir. Xüsusən də 10 il əvvəl Əfqanıstanda yaradılmış “İŞİD-Xorasan” qruplaşmasının hədəf ölkələr siyahısında Pakistan və İran ön sırada gəlir. Son iki ildə bu terror təşkilatı həm İranda, həm də Pakistanda çoxlu sayda terror aktları həyata keçirib. Belə ki, Pakistanda bir neçə şiə məscidlərində bu terror təşkilatı tərəfindən həyata keçirilən hücumlar ölkədə onsuz da həssas olan dini şəraiti təhlükə altına alır. İranda Məşhəd, Şiraz və bu ilin əvvəlində Kirmanda törədilmiş terror hücumları “İŞİD-Xorasan”ı Tehran üçün ciddi təhlükə mənbəyinə çevirir.

Bəzi hissələri Pakistan, Əfqanıstan və İran torpaqlarını əhatə edən tarixi Bəlucistan ərazisində kök salmış bəluc separatizmi amilini istisna etmək olmaz. Bu ərazinin böyük hissəsi Pakistanın payına düşür (44%, 13 milyon nəfər). Əhatə sahəsinə görə ikinci yeri İranın Sistan-Bəlucistan əyaləti (181 min kv.km, 2,3 milyon nəfər) tutur. Bəlucistanın 3-cü nisbətən kiçik hissəsi isə Əfqanıstan ərazisinə düşür. Əfqanıstanın Nimruz, Helmand və Qəndəhar vilayətləri bəlucların məskunlaşdığı ərazilərdir.

Bəluc separatizmi xüsusilə son 20 ildə İran və Əfqanıstanda real siyasi təhlükəyə çevrilib. “Bəlucistan Azadlıq Ordusu” adlı təşkilat hər iki ölkə ərazisində fəaliyyət göstərərək vaxtaşırı İran və Pakistan hökumət qüvvələrinə hücumlar təşkil edərək ağır zərbələr vurur. İran Prezidentinin Pakistana səfəri zamanı iki ölkə arasında münasibətlərin inkişafına mane olan “xarici qüvvələr” barədə açıqlaması üçüncü dövlətlərin Bəluc separatizmini qızışdırdığına işarə edir. Təsadüfi deyil ki, yanvardakı gərginlik zamanı həm İran, həm də Pakistan ordusu digər ölkənin ərazisindəki bəluc separatçılarını hədəf alıb. Başqa sözlə, bəluc separatizmi yaxın illərdə də hər iki ölkə üçün ciddi başağrısı olmağa davam edəcək.

Qarşıdakı dövrdə İran-Pakistan əlaqələrinin daha da inkişaf etməsi ehtimal olunur. Lakin Pakistandakı qeyri-sabit vəziyyət, orduda yüksək olan Qərb təsiri və xarici amillər, o cümlədən sərhəddəki separatizm İran-Pakistan əlaqələri üçün ciddi təhdid olaraq qalacaq. Lakin iki ölkə liderləri anlayır ki, ortaq təhdidlər və iqtisadi maraqlar İran və Pakistanın yaxınlaşmasında həlledici amil olacaq.



MƏSLƏHƏT GÖR:

78