23 Noyabr 2024

Şənbə, 22:24

BƏRABƏRHÜQUQLU DİALOQ

İlham Əliyevin Moskva səfəri Azərbaycan-Rusiya münasibətləri və regional siyasətdə vacib hadisə oldu

Müəllif:

01.05.2024

Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfər edib. Səfər çərçivəsində aparılan danışıqlar, keçirilən tədbirlər iki ölkə arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib.

 

Müttəfiq əməkdaşlığı ruhunda

Bu, İlham Əliyev ilə Vladimir Putinin Azərbaycan və Rusiyada müvafiq olaraq fevral və martda keçirilmiş prezident seçkisində qazandıqları qələbələrdən sonra ilk görüşü idi. Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov səfər ərəfəsində bildirmişdi ki, Putinlə Əliyev «Moskva ilə Bakı arasında çoxdan mövcud olan konstruktiv müttəfiqlik münasibətlərindən çıxış edərək», regionla bağlı aktual məsələləri müzakirə edəcəklər.

Həqiqətən də, səfər çərçivəsində keçirilmiş bütün görüşlər, səsləndirilən bütün bəyanatlar iki ölkə prezidentlərinin 2022-ci il fevralın 22-də imzaladıqları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ruhuna uyğun olub.

Dövlət başçıları görüşünün mətbuata açıq hissəsində İlham Əliyev bildirib ki, «ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır». Bununla yanaşı, o, xüsusi vurğulayıb ki, Azərbaycan «qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışır», Rusiya isə «Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir».

Ümumiyyətlə, Bakı ilə Moskva arasında regional təhlükəsizlik sahəsində əməkdaşlıq, həmçinin ikitərəfli iqtisadi əməkdaşlıq əsas müzakirə mövzuları olub. Bu müzakirələr xüsusi maraq ilk növbədə, ikitərəfli münasibətlərdə səfərdən bir qədər əvvəl baş vermiş son dərəcə vacib hadisə ilə bağlı idi. Söhbət Azərbaycanın Qarabağ regionundakı Rusiya sülhməramlı qüvvələrinin oradan vaxtından əvvəl çıxarılmasından gedir.

 

Birgə qərar

Hələ 1992-ci ildə Azərbaycan müstəqillik yoluna qədəm qoyar-qoymaz, keçmiş Sovet İttifaqı məkanında Rusiya Federasiyası (SSRİ-nin hüquqi varisi) qoşunlarını öz ərazisindən çıxarmış ilk dövlət olub. 20 il sonra – 2012-ci ildə isə Azərbaycan ərazisində onun mülkiyyətində olan, lakin Rusiyaya icarəyə verilmiş Qəbələ radiolokasiya stansiyasının fəaliyyəti dayandırılıb. Bununla da, Azərbaycan ərazisində hər hansı xarici ölkənin hərbi mövcudluğunun olmadığı dövlət statusunu təsdiqləyib.

2020-ci ildə Azərbaycanın qələbəsi ilə bitən Vətən müharibəsindən sonra 10 noyabr tarixli üçtərəfli Bəyannaməyə uyğun olaraq, onun Qarabağ regionuna Rusiya sülhməramlı qüvvələri daxil olub. Elə həmin sənəddə onların bölgədə qalma müddəti 5 il göstərilmişdi. Bəyannamədə o da vurğulanırdı ki, tərəflərdən biri bu müddətin bitməsinə 6 ay qalanadək vəziyyəti dəyişmək istəyini bildirməzsə, sülhməramlılar Qarabağda daha 5 il qalacaq.

Lakin ondan sonrakı təxminən 3 ildə yaşananlar Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü tam təmin etməsilə nəticələnmiş və bununla da sülhməramlıların Qarabağdan ilk 5 ilin tamamında, yəni 2025-ci ildə çıxacağına şübhə yeri qoymamışdı. Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatı ilə erməni işğalçılarının və separatçı rejiminin Azərbaycan ərazisində mövcudluğuna son qoymuşdu ki, bu da qeyd edilən zərurəti daha da gücləndirmişdi.

Beləliklə, Azərbaycan işğaldan azad etdiyi Qarabağ üzərində suverenliyini tam təmin edib. Bununla yanaşı, Qarabağ regionunun erməni əhalisinin əksəriyyətinin Azərbaycan vətəndaşlığını qəbul etmək, onun Konstitusiyasına uyğun yaşamaq istəməyərək bölgəni tərk etməsilə, Xankəndi şəhəri və ətrafında Rusiya sülhməramlılarının qalmasına heç bir əsas qoymamışdı.

Beləliklə, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması onun xarici dövlətin hərbi mövcudluğundan birdəfəlik qurtulması anlamına gəlir. Azərbaycan sübut edir ki, o, həqiqətən də, əsl müstəqil, öz ayaqlarının üzərində dayanan dövlətdir. O, heç bir bloka qoşulmur, lakin ayrı-ayrı ölkələrlə normal tərəfdaş, dost münasibətləri qurur və bu zaman bərabərhüquqlu, qarşılıqlı səmərəli əməkdaşlığa üstünlük verir. Bu, Bakının Moskva ilə münasibətlərinə də aiddir. Onlar arasında münasibətlərin müttəfiqlik səviyyəsində olması isə 22 fevral 2022-ci il tarixli Bəyannamə ilə təsdiqini tapıb.

Bakı ilə Moskvanın bəyanatlarından məlum olur ki, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması haqda qərar iki ölkənin liderləri tərəfindən birgə qəbul olunub. İlham Əliyev Rusiyaya səfərindən bir gün sonra Bakıda «COP29 və Azərbaycan üçün Yaşıl Baxış» mövzusunda keçirilən beynəlxalq forumda bildirib ki, «qoşunların vaxtından əvvəl çıxarılması Azərbaycanla Rusiya arasında məsləhətləşmələrə əsasən qəbul olunmuş qərar idi. Azərbaycan hər zaman beynəlxalq öhdəliklərinə sadiqdir. Bizim mövqeyimiz ondan ibarət idi ki, əgər orada 2025-ci ilin noyabrı yazılıbsa, bu, elə 2025-ci ilin noyabrı da olmalıdır. Lakin, eyni zamanda, hər iki tərəf - Rusiya və Azərbaycan açıq-aydın başa düşürdü ki, əslində, onlar daha tez tərk edə bilərlər. Lakin yenə də bu, birgə verilmiş qərar idi».

Azərbaycan Prezidenti fikrini belə davam etdirib: «Əminəm ki, bu qərar bizim əlaqələrimizi, həmçinin ikitərəfli əlaqələrin ictimaiyyət tərəfindən qəbulunu və qiymətləndirilməsini gücləndirdi. Çünki bu onu göstərir ki, ölkələrin normal kommunikasiya kanalları olanda, onlar bir-birinə hörmət bəsləyəndə, əməkdaşlıq edəndə, bir-birinə qarşı heç nə etməyəndə ən həssas məsələlərlə bağlı razılığa gələ bilərlər və bu nümunə bunun bariz göstəricisidir. Dünən biz Rusiya ilə Azərbaycan arasında əlaqələrin strateji məzmununu bir daha təsdiqlədik və əminəm ki, bu, bizim ölkəmizin, Rusiyanın və regionun xeyrinədir».

Beləliklə, Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması ikitərəfli münasibətlərin gələcək inkişafına birmənalı olaraq, müsbət təsir göstərəcək.

 

BAM, iqtisadiyyat, dəhlizlər

Azərbaycanın strateji dialoqlarının aparıcı istiqamətlərindən biri iqtisadi əməkdaşlıqdır. Bu mənada, İlham Əliyevin Moskva səfərinin gedişində Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşü rəmzi məna da daşıyırdı. Xatırladaq ki, bu magistralın tikintisi ilə bağlı işlər vaxtilə İlham Əliyevin atası, Azərbaycan Prezidenti postundakı sələfi Heydər Əliyevin rəhbərliyi ilə olub. Heydər Əliyev 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub və müasir Rusiyada onun Sovet İttifaqının rəhbərlərindən biri kimi, ölkənin inkişafına töhfələrini yaxşı xatırlayırlar. Bunu BAM veteranları ilə görüşdə Prezident Vladimir Putin də xatırladıb.

İlham Əliyev isə rusiyalı həmkarına atasının xatirəsinə hörmətə görə minnətdarlıq edərək deyib ki, 2000-ci illərin əvvəllərində iki ölkə arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin ilə Heydər Əliyev qoyub.

Azərbaycan-Rusiya münasibətlərinin hazırkı səviyyəsini aydın şəkildə göstərən məqamlardan biri iqtisadi əməkdaşlıqla bağlı rəqəmlərdir. Məsələn, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dolları ötüb. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin yekununda Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyənin ardından üçüncü olub.

Əliyev ilə Putin birgə regional layihələri də müzakirə edib, bu zaman Şimal dəniz yolu və Rusiyanı Azərbaycan vasitəsilə İran və Hindistanla birləşdirəcək «Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinə xüsusi diqqət ayırıblar. Bununla yanaşı, Azərbaycanın dövlət başçısı  Bakı ilə Moskvanın «Şimal-Cənub» dəhlizi çərçivəsində reallaşdırmağı planlaşdırdıqları «daha bir nəhəng layihə»nin anonsunu verib. Azərbaycan ərazisində ölkənin Rusiya və İranla sərhədlərini birləşdirən dəmir yolunun olduğunu xatırladan İlham Əliyev bildirib ki, «yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yük daşımalarını artıra bilək və bununla Şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək».

Bununla yanaşı, daha bir dəhlizin yaradılması istər Azərbaycan, istərsə də Rusiya üçün prinsipial əhəmiyyət daşıyır. Söhbət Azərbaycanın qərb rayonlarını onun Naxçıvan muxtariyyəti ilə Ermənistan vasitəsilə birləşdirəcək Zəngəzur dəhlizindən gedir. İlham Əliyev «COP29 və Azərbaycan üçün Yaşıl Baxış» forumundakı çıxışında diqqəti bu məqama da çəkib. O, xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyannaməyə əsasən, bu nəqliyyat yoluna nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidir.

«Bu sənəd Prezident Putin, baş nazir Paşinyan və mənim tərəfimdən imzalanıb. İndi Ermənistan 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur. İndi onlar bu paraqrafdan, necə deyərlər, canlarını qurtarmaq istəyirlər. Lakin bu, mümkün deyil. Onlar Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayırlar. Bu davranış sözsüz ki, çox məyusedicidir», - deyə İlham Əliyev qeyd edib.

Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi və erməni işğalından azad etdiyi bütün əraziləri üzərində suverenliyini təmin etməsi regionda yeni geosiyasi reallıq yaradıb. Azərbaycanla Rusiya arasında əsl dostluq, mehriban qonşuluq münasibətləri, bərabərhüquqlu münasibətləri də bu reallığın tərkib hissəsidir. İlham Əliyev «COP29 və Azərbaycan üçün Yaşıl Baxış» forumundakı çıxışında deyib ki, «Cənubi Qafqazın bütün ölkələri Rusiya ilə qarşılıqlı hörmət, suverenlik, ərazi bütövlüyü və qarşılıqlı maraq əsasında yaxşı münasibətlərin qurulmasında maraqlı olmalıdırlar». O, bu fikrini belə tamamlayıb: «Azərbaycanın nümunəsi bunun mümkün olduğunu aydın şəkildə göstərir».

Dövlət başçısı deyib ki, «bu, rusiyalı həmkarımla dünən müzakirə etdiyimiz mövzulardan biri oldu. Biz elə bir format yaratmışıq ki, o, qarşılıqlı şəkildə faydalıdır. Müəyyən fobiya, bəzi stereotip və təşviqat var. Lakin düşünürəm ki, Azərbaycana gəldikdə, görə bilərsiniz, bunlar həddindən artıq şişirdilir. Siz öz suverenliyinizi, formal deyil, real müstəqilliyinizi, müstəqil siyasətinizi qoruyaraq, Rusiya ilə yaxşı münasibətdə ola bilərsiniz və bu, tamamilə mümkündür. Sadəcə, Rusiya-Azərbaycan münasibətlərinə baxmaq kifayətdir».

Beləliklə, Azərbaycan-Rusiya münasibətləri Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın fundamental dayaqlarından biri kimi xarakterizə oluna bilər. Son hadisələr isə bu münasibətlərin bundan sonra Azərbaycan, Rusiya və bütünlükdə regionun maraqlarına uyğun daha da möhkəmlənəcəyini təsdiqləyir.



MƏSLƏHƏT GÖR:

83