Müəllif: İlqar VƏLİZADƏ
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya kansleri Olaf Şoltsun dəvəti ilə «15-ci Petersberq İqlim Dialoqu»nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-26-da Berlində səfərdə olub. Bu, Azərbaycan liderinin son 3 ayda Almaniyaya ikinci işgüzar səfəri və demək, Azərbaycan-Almaniya dialoqunun intensivliyinin aşkar göstəricisidir. Avropada və ondan kənarda Parislə nüfuz mübarizəsi aparan Berlin Azərbaycan-Fransa münasibətlərindəki dərin böhran fonunda Cənubi Qafqaz regionunda mövqelərini gücləndirmək istəyir və bunun üçün istənilən imkandan yararlanmağa çalışır.
Almaniya təşəbbüsü ələ alır
«Petersberq İqlim Dialoqu»na belə imkanlardan biri kimi baxmaq olar. O, 2010-cu ildən etibarən hər il təşkil olunur və ayrı-ayrı ölkələrin rəhbərləri, yüksək rütbəli nümayəndələri üçün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) hazırlıq meydançası sayılır. Məlum olduğu kimi, bu il qeyd olunan qlobal tədbirə Azərbaycanın paytaxtı ev sahibliyi edəcək. Bu mənada təşkilatçıların Azərbaycana marağı tamamilə anlaşılandır.
Səfərin fonunda daha bir maraqlı hadisə Avropa Parlamentinin Avropa İttifaqı ölkələrini Azərbaycanla guya insan haqlarının ciddi şəkildə pozulması səbəbi ilə bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığı dayandırmağa çağıran qətnamə qəbul etməsidir. Qeyd edək ki, bu, 2021-ci ildən bu tərəfə qurumun qəbul etdiyi 8-ci belə sənəddir. Bir çox avropalı siyasətçi COP-un boykot olunmasını belə, təklif edir.
Qeyd olunmalıdır ki, son qətnamənin qəbulu Fransa prezidentinin ölkəsinin Bakıdakı səfirini geri çağırmasından bir həftə sonraya təsadüf edib. Bu, iki hadisə arasında əlaqənin olduğunu göstərir. Parislə Bakı arasında davam edən gərginlikdən Berlində də yaxşı xəbərdardırlar. Lakin almanlar bu vəziyyətdə belə, öz ənənələrini pozmurlar – Almaniya üçün xüsusi maraq doğuran ölkələrlə dialoq davam etdirilməlidir.
Bunu Olaf Şolts ilə İlham Əliyev arasında Berlində dar və geniş çərçivədə keçirilən görüşlər və aparalın müzakirələr, səfər çərçivəsində əldə olunmuş razılaşmalar da təsdiqləyib. Azərbaycan Prezidenti Berlində Almaniya rəhbərliyində təmsil olunan başqa aparıcı şəxslər, o cümlədən prezident və xarici işlər naziri ilə də görüşüb, hər görüşdə ikitərəfli və regional məsələlər müzakirə olunub.
Azərbaycanın ekoloji tarazlıq formulu
İlham Əliyev «15-ci Petersberq İqlim Dialoqu»nun Yüksək Səviyyəli Seqmentinin plenar iclasındakı çıxışında iştirakçılara iqlim sammitinə hazırlıq işləri haqda məlumat verib, Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrdən danışıb. O, bildirib ki, Bakı üçün bu layihələr dəbə uycunlaşmaq yox, praqmatik yanaşmaya əsaslanan şüurlu seçimdir. Azərbaycan bərpaolunan enerji sahəsində layihələr həyata keçirməklə yalnız atmosferə çirkli qazların buraxılması həcmini azaltmağa çalışmır, həm də ölkənin enerji balansında qaz və digər mədən yanacaqlarını «yaşıl enerji» ilə əvəzləmək istəyir.
Bakı «yaşıl enerji»dən istifadə nəticəsində ən azı 5 milyard kubmetr qaza qənaət etməyi düşündüyünü gizlətmir. Bu, ona ən yaxın zamanlarda Avropaya qaz nəqlini ciddi şəkildə artırmaq imkanı yaradacaq ki, Aİ ilə enerji tərəfdaşlığına dair Memorandumda məhz bu nəzərdə tutulur. Avropada təbii qaza – yeni mənbələrə tələbat artır. 2021-ci ildə Azərbaycan Aİ ölkələrinə 8 milyard kubmetr qaz ixrac edirdisə, 2023-cü ildə bu rəqəm 12 milyarda çatıb. «Beləliklə, həm ənənəvi enerji növləri, eyni zamanda bərpaolunan enerji növləri ilə zəngin Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş olacaq», - deyə İlham Əliyev vurğulayıb.
Almaniyaya gəlincə, kansler qarşıdan gələn COP-da Bakının təşəbbüslərini dəstəkləməyə hazır olduğunu açıq şəkildə ifadə edib. O, Almaniya şirkətlərinin Azərbaycanda «yaşıl enerji» sahəsində layihələrin icrasında iştiraklı maraqlı olduğunu da bildirib. Berlin özünü çoxdan Aİ-də «yaşıl gündəm» yaradan ölkə kimi təsdiqləyib. Yalnız onu qeyd etmək kifayətdir ki, Almaniyanın hazırkı hakim koalisiyasında aparıcı postlardan birini – xarici işlər naziri vəzifəsini Yaşıllar Partiyanın təmsilçisi Annalena Berbok tutur. İlham Əliyev onunla da regional və beynəlxalq gündəmə dair detallı müzakirələr aparıb, Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüşlərin təşkilinə görə almaniyalı nazirə minnətdarlığını bildirib. Dövlət başçısının sözlərinə görə, həmin görüşlər məhsuldar keçib və İrəvanla Bakı arasında sülh müqaviləsi mətninin hazırlanması prosesinin daha intensiv xarakter almasına təkan olub. İlham Əliyev bu formatda növbəti görüşün Astanada keçiriləcəyini də deyib.
Almaniyada iqlim gündəmindən və neft-qaz ölkələrinin orada iştirakından danışan İlham Əliyev bildirib ki, dünya hələ uzun illər mədən enerjisinə ehtiyac duyacaq. Başqa sözlə, COP29-dan gözləntiləri əsassız şəkildə şişirtmək lazım deyil. Yəni tədbirin ənənəvi enerji daşıyıcıları istehsalı sahəsində həddindən artıq güclü olan ölkələr üçün «qılınc»a çevriləcəyini gözləməyə dəyməz. Yox, əgər söhbət yaşıl enerjiyə keçidlə bağlı optimal imkanların reallaşdırılmasından gedirsə, bu zaman da o, istər ayrı-ayrı ölkələr, istərsə də bütünlükdə dünya iqtisadiyyatı üçün mənfi nəticələr verəcək əsassız addımlarla müşayiət olunmamalıdır.
Azərbaycan-Almaniya əməkdaşlığında yeni üfüqlər
Məlum olduğu kimi, 2023-cü ildə COP28-ə Səudiyyə Ərəbistanının dəstəklədiyi Birləşmiş Ərəb Əmirlikləri ev sahibliyi edib. Onlar mədən yanacağından mərhələli imtinanın əleyhinə çıxıblar ki, bu da Qərb dövlətlərinin sərt tənqidinə yol açıb. Görünən odur ki, bu məsələdə Azərbaycan da radikal mövqedən çıxış etməyəcək, lakin bütün aparıcı oyunçular arasında yekun bəyanatla bağlı lazımi konsensusa nail olmaq üçün əlindən gələni əsirgəməyəcək. Belə oyunçulardan biri isə məhz Almaniyadır.
Bu məsələdə Bakı ilə Berlinin kompromisə gələ bilib-bilmədiyini söyləmək çətindir. Lakin onların Almaniya şirkətlərinin Azərbaycanda «yaşıl enerji» layihələrində iştirakı məsələsini məhsuldar şəkildə müzakirə etməsi faktı tərəflərin bir-birini anladığına ümid etməyə əsas verir.
Kansler Olaf Şolts bildirib ki, region «yaşıl» və hidrogen enerjisi sahəsində böyük potensiala malikdir, Almaniya şirkətləri isə bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Lakin onun fikrincə bunun üçün müvafiq çərçivə şərtləri olmalıdır. Söhbət iki ölkə arasında «yaşıl enerji» istehsalı sahəsində əməkdaşlığa dair müqavilənin hazırlanması imkanlarından gedə bilər.
2023-cü ilin iyununda Gürcüstanın Neft və Qaz Korporasiyasının rəhbəri Georgi Çikovani ilə Almaniya İnkişaf Bankının enerji üzrə direktoru Bodo Şmyullinq «yaşıl» hidrogen sahəsində proqramın hazırlanması və tətbiqinə 1,3 milyon avronun ayrılmasına dair razılaşma imzalayıblar. Bənzər sənəd Bakı ilə də imzalana bilər, üstəlik bu, Azərbaycanın artıq ən yaxın illərdə «yaşıl» hidrogen istehsalına başlamaq planları ilə üst-üstə düşür. Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyəsi ilə 2023-cü ildə aparılmış araşdırma göstərib ki, Azərbaycanda istehsal ediləcək «yaşıl» hidrogen Avropada rəqabət qabiliyyətinə malik ola bilər.
2030-cu ildə Azərbaycanda külək və günəş enerjisi hesabına «yaşıl» hidrogenin 1 kiloqramı 2,92 avroya istehsal oluna bilər. Aİ-də bu qiymət 3,67 avrodur. Odur ki, Almaniya ilə Azərbaycanın bu sahədə əməkdaşlığının yaxşı perspektivlərinin olduğuna şübhə yoxdur. Almaniya öz şirkətləri üçün sərfəli müqavilələr əldə edə, Azərbaycan isə yeni texnologiyalara çıxış imkanı qazana bilər. Bu halda Bakının dünyanın bu sahədəki öncül dövlətləri ilə əməkdaşlığını əngəlləməyə çalışanların təəssüflənməkdən başqa çarələri qalmayacaq.
Berlinin Cənubi Qafqazın siyasi gündəliyində iştirakı imkanına gəlincə, burada onun təsir alətləri dəyişməz qalır. Bu, ilk növbədə, iqtisadiyyat, daha sonra isə praqmatik iqtisadi maraqların təmini üçün bölgədə sülhün qorunub saxlanılması arzusudur. Berlində ənənəvi olaraq, insan haqları mövzusuna da toxunulub. Çoxları hesab edir ki, bu, daha çox Almaniyanın hazırkı rəhbərliyini Bakı ilə «həddindən artıq yaxınlaşmaqda» günahlandırılanlara ünvanlanmış məsələ idi.
MƏSLƏHƏT GÖR: