
YENİLİKLƏRİN ÖZƏYİNDƏ
Yeni birja strategiyası kapital bazarlarında canlanma vəd edir
Müəllif: Aygün MAHMUD
Azərbaycanın maliyyə sektoru getdikcə ölkə iqtisadiyyatının ən dinamik inkişaf edən və rəqabətqabiliyyətli seqmentlərindən birinə çevrilir. Qiymətli kağızlar bazarı bu seqmentin zəif bəndi olaraq qalsa da, o da tədricən sektordakı “qardaşları”na çatmağa çalışır.
Hədəfə nail olmaq üçün Bakı Fond Birjası (BFB) ölkədə kapital bazarının canlandırılmasına və yeni investisiyaların cəlb edilməsinə yönəlmiş 2024-2026-cı illər üçün inkişaf strategiyası hazırlayıb.
Belə ki, növbəti üç il ərzində BFB dövlət sektoru və özəl şirkətlərin istiqrazlarının həcminin 2,8 milyard manat artacağını proqnozlaşdırır. Üstəlik, institusional və fərdi investorlardan 2,945 milyard manat investisiya cəlb edilməsi nəzərdə tutulur. Bundan başqa, özəl müəssisələrin səhm bazarının kapitallaşmasının 0,5 milyard manat səviyyəsində olacağı gözlənilir.
Dövlət iştirakı
BFB inkişaf strategiyasını hazırlayarkən son 10-15 ildə 20-yə yaxın ölkədə bu istiqamətdə aparılan işlərlə tanış olub. Birjanın Müşahidə Şurasının sədri Fərid Axundovun qeyd etdiyi kimi, bütün bu bazarlarda inkişafda əsas rolu dövlət oynayıb, onun dəstəyi olmadan sıçrayış mümkün olmayacaq.
Doğrudur, Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Ölkədə ən populyar qiymətli kağızlardan biri banklar, müxtəlif dövlət qurumları və agentliklərdə yerləşdirilən Maliyyə Nazirliyinin dövlət istiqrazlarıdır. Digər ölkələrin də mənimsəməyə başladığı Yaponiya təcrübəsinə nəzər salsaq görərik ki, dövlət qurumları, əgər likvidliyi varsa, xarici alətlərə 50%-ə qədər investisiya yönəldə bilər. Qalan 50% yerli bazardadır: 25% istiqrazlarda, 25% isə səhmlərdə. Azərbaycanda dövlət qurumlarının kapital bazarında iştirakı qanunla məhdudlaşdırılıb. F.Axundovun sözlərinə görə, onlar yalnız Maliyyə Nazirliyinin dövlət istiqrazlarına investisiya qoya bilərlər, onların özəl şirkətlərin qiymətli kağızlarına çıxışı yoxdur: “Bu sektorun dövlətlə işləmə tərzi dəyişməlidir, ona görə də kapital bazarında illik gəlirlilik cəmi 20-25 milyon manatdır, bankların isə milyardlarla manat gəliri var. Peşəkar fond bazarı iştirakçılarının birliyi vasitəsilə dəstəyi artırmaq üçün dövlət və tənzimləyici orqan qarşısında məsələlər qaldırılmalıdır. Hazırda bəzi stimullar var - investisiya qiymətli kağızları ilə əməliyyatlardan əldə edilən gəlir vergidən azaddır, lakin bu kifayət deyil. Fond bazarını inkişaf etdirmək üçün stimullaşdırıcı tədbirləri genişləndirmək lazımdır”.
Dövlət istiqrazları bazarının inkişafı çərçivəsində BFB dövlət müəssisələri tərəfindən dövlət istiqrazlarının emissiyasını fəal şəkildə təşviq etmək, onlara məsləhət və informasiya dəstəyi göstərmək niyyətindədir. “Road show”un (emitent şirkətin öz qiymətli kağızlarının buraxılışına hazırlanması) planlaşdırılması, həyata keçirilməsi, həmçinin potensial investorların müəyyən edilməsində dövlət müəssisələri ilə qarşılıqlı əlaqə nəzərdə tutulur.
Qeyd edək ki, hazırda kapital bazarında yalnız üç dövlət şirkətinin istiqrazları dövriyyədədir: hər biri 100 milyon dollarlıq 2 emissiya həyata keçirən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), “AzerGold” QSC (hər biri 20 milyon dollarlıq 2 emissiya) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (100 milyon dollar).
Etibar uğurun açarıdır
BFB institusional investorların cəlb edilməsi çərçivəsində onların Azərbaycan kapital bazarının imkanları haqqında məlumatlılığının artırılması, həmçinin ona çıxışın sadələşdirilməsi üçün bir sıra tədbirlər planlaşdırır. İlk növbədə, bütün institusional investorların, o cümlədən bankların, sığorta şirkətlərinin, habelə aktivlərin idarə edilməsi şirkətlərinin, pensiya və trast fondlarının, iri biznes strukturlarının məlumat bazasının yaradılması nəzərdə tutulur. Bu məqsədlə hər bir investor qrupu ilə ayrıca işlər aparılacaq.
Onların fond bazarında iştirakını artırmaq məqsədilə banklar üçün istiqrazları bazara cəlb etmək üçün əsas stimullar müəyyən ediləcək və sığorta şirkətləri üçün istiqraz məhsullarına investisiyalar haqqında məlumatlılıq artırılacaq. Digər təşkilatlara gəlincə, böyük və müsbət pul axını olan şirkətlərin vəsaitlərinin idarə olunması ilə məşğul olan maliyyə qruplarına köməklik göstəriləcək. Bunun üçün istiqraz bazarından necə faydalanacaqlarına dair təlimlər keçiriləcək. Digər institusional investorlarla istiqraz bazarlarına sərmayə qoymağa sövq edən əsas amillərin başa düşülməsi istiqamətində işlər aparılır və məlumat mübadiləsi qurulub. BFB banklar və investisiya şirkətləri ilə birlikdə əhalinin, həmçinin tələbələrin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində tədbirlər keçirmək niyyətindədir.
F.Axundov investorlar tərəfindən bazara inamın artırılmasını əsas vəzifə hesab edir: “Əvvəllər bazara zəif şirkətlər də daxil olurdu, lakin indi məqsəd yalnız gələcək inkişaf strategiyaları, korporativ idarəetmə və müəyyən gəlirlilik səviyyəsinə malik “yetkin” iştirakçıları qəbul etməkdir. Əgər belə sərt şərtlər olmasa, yaxşı investor bazası formalaşdıra bilməyəcəyik”.
Eyni zamanda BFB-nin strategiyasında istiqrazların buraxılması üçün yüksək potensiala malik özəl müəssisələrin qarşılaşa biləcəyi normativ və prosedur maneələrin aradan qaldırılması zərurətinin qeyd edilməsi də unudulmayıb. Bu məqsədlə araşdırmaların aparılması nəzərdə tutulur.
Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov isə vurğulayıb ki, indiyə qədər şirkətlər üçün əsas problem emissiya prospektinə daxil edilmiş müəssisənin inkişafı üçün iki illik proqnozun auditor tərəfindən təsdiqlənməsi tələbi (auditor və ya Hesablama Palatası tərəfindən verilmiş) olaraq qalır: “Bu, sahibkarlıq subyektlərinin büdcələri üçün əlavə yükə çevrilərək çoxlarını öz niyyətlərindən əl çəkməyə vadar edir. Odur ki, planlarımıza emissiya prospektinin məzmununun genişləndirilməsi daxildir və hazırda BFB-nin daxili qaydalarında müəyyən yumşalmalar gözlənilir, bununla bağlı Mərkəzi Bankla məsləhətləşmələr aparılır”.
IPO (səhmlərin ilkin kütləvi təklifi) birjaya çıxmaq istəyən perspektivli şirkətlər üçün tramplindir. Məlum olduğu kimi, bu gün dövriyyəsi iri korporativ müəssisələrin dövriyyəsindən aşağı olan, lakin maliyyə cəhətdən kifayət qədər sabit olan və inkişaf üçün potensial imkanlara malik olan şirkətlərin müəyyən edilmiş məlumat bazası yoxdur. Birjanın vəzifəsi belə şirkətləri müəyyən etmək və onların kapital bazarlarına çıxış planını hazırlamaqdır.
F.Axundov başqa problemi də ön plana çıxarır: fond bazarı faktiki olaraq donmuş vəziyyətdədir. Buna səbəb vauçer özəlləşdirilməsinin nəticələridir. Belə ki, bu proses zamanı bir çox müəssisələrin səhmləri birja ticarətində iştirak etməyən minoritar investorların əlinə keçib. Bu gün fond bazarında 1200-1300 aktiv investor, 70 mindən çox minoritar səhmdar var. Onlar vauçer özəlləşdirilməsi sayəsində minoritar səhmdarlara çevriliblər. İndi onlar “havada qalıb”lar. Bu müəssisələrin bəzilərinin balansında heç bir aktiv qalmayıb, müəssisənin və səhmdarların adı olsa da, SC-nin özü yoxdur.
“Belə müəssisələrin ASC statusundan MMC-yə keçməsi və ya BFB-nin qaydalarına uyğun fəaliyyət göstərməsi üçün müəyyən şərtlərlə birjaya çıxarılması məqsədəuyğun olardı. Bu məsələ dövlətdən həllini tələb edir”, - F.Axundov qeyd edib.
O əlavə edib ki, ənənəvi olaraq maliyyə sektoru IPO bazarında pioner ola bilər.
Hər kəs üçün əlçatan
“Məqsədimiz kapital bazarını hər kəs üçün əlçatan etməkdir. İstəyirik ki, evdar xanımdan tutmuş iri investora qədər hər kəs onun inkişafında iştirak edə bilsin”, - F.Axundov vurğulayıb.
Onun fikrincə, bu, “ölü aktiv” kimi yatan vəsaitlərin maliyyə sisteminə qaytarılmasına imkan verəcək. Bu gün iri şirkətlərin bank hesablarında 2 milyard manatdan çox vəsait var, amma onlar iqtisadiyyat üçün işləmir və şirkətlər özləri də onlardan əlavə gəlir əldə edə bilmirlər. Daha 15 milyard manata yaxın pul nağd şəkildə dövriyyədədir.
F.Axundovun sözlərinə görə, sahibkarlıq subyektlərinin azı 10-15%-i bank kreditlərindən istifadə etmir, onların yalnız banklarda cari hesabları var. Özbəkistanda da vəziyyət eynidir: biznesin 35%-i kredit alətlərindən istifadə etmir. Əsas səbəb dini prinsiplərdir. Məlumdur ki, şəriət hökmləri hər hansı məqsədlə borc götürməyi qadağan edir. Ancaq birjanın inkişafı ilə əhalinin bu təbəqələrini də əhatə etmək mümkün olacaq, çünki payçılar (səhmdarlar) riskləri və gəlirləri bölüşür və şəriətlə buna icazə verilir.
F.Axundov hesab edir ki, bunun üçün ilkin bazarda səhmlərin emissiyasını təmin etmək və ən böyük likvidliyi təmin edən ikinci dərəcəli bazarı inkişaf etdirmək lazımdır.
Bundan başqa, bu gün gənclər arasında “Apple”, “Google” və “Amazon”dan qiymətli kağızları xarici broker platformaları vasitəsilə almaq populyardır, baxmayaraq ki, bununla bağlı ciddi risklər var. Bu bazarlara daxil olmağın müxtəlif yolları var: platformalar, depozitarlar və kastodian bank vasitəsilə (lakin bu, bir qədər bahadır).
“Bunu bizim ticarət platformamız vasitəsilə təmin edə bilsək, bu, hamı üçün rahat və faydalı olardı. Bununla bağlı heç bir məhdudiyyətimiz yoxdur. Biz hazırda bunun üzərində işləyirik və bu alətlərin yerli bazarda mövcud olmasını istəyirik”, - birjanın Müşahidə Şurasının rəhbəri öz planlarını bölüşüb.
Bu strategiya ilə, həmçinin fərdi investorlar üçün bazara çıxışın sadələşdirilməsi nəzərdə tutulur: BFB fiziki şəxslər üçün daha rahat və əlçatan investisiya məhsullarının yaradılması üzərində çalışacaq. Bununla əlaqədar olaraq, birja bankların mobil proqramlarına üstünlük verir və bu da investorlara qiymətli kağızlarla əməliyyatlar aparmağa, yəni bir neçə kliklə müxtəlif gəlirli istənilən alətləri almağa imkan verəcək.
Bir sözlə, BFB-nin yeni strategiyasının həyata keçirilməsi Azərbaycan iqtisadiyyatına bir sıra müsbət təsirlər göstərəcək. Buraya yeni investisiyaların cəlb edilməsi və şirkətlərin daha sərfəli şərtlərlə maliyyələşməyə çıxışının yaxşılaşdırılması daxildir.
BFB-nin üçillik inkişaf strategiyası çox iddialı olsa da, realdır. Bu, uğurla həyata keçirilərsə, Azərbaycanı investorlar üçün daha cəlbedici bazara çevirə və ölkə iqtisadiyyatının artımını stimullaşdıra bilər.
MƏSLƏHƏT GÖR: