Müəllif: İlqar VƏLİZADƏ
Belə təəssürat yaranır ki, Qərbin aparıcı dövlətləri tərəfindən Çinə ünvanlanan tənqidlərin artdığı bir vaxtda onunla əməkdaşlığa maraq da durmadan yüksəlir. Qərbdə Pekindən gələn təhlükənin getdikcə artdığı, Rusiya-İran-Çin «şər oxu» haqda danışılsa da, mayın əvvəlində Çin sədri Si Cinpin son 5 ildə ilk Avropa turnesini gerçəkləşdirib. Səfər çərçivəsində o, Paris, Belqrad və Budapeştdə olub. Almaniya kansleri Olaf Şolts isə aprelin ortalarında Çinə üç günlük səfər edib. Üstəlik, bu, kanslerin 2 ildən az müddətdə bu ölkəyə ikinci səfəri idi. Demək, Avropa paytaxtları Pekinlə əməkdaşlıqda real olaraq maraqlıdırlar.
Xatırladaq ki, düz bir il əvvəl Fransa prezidenti Emmanuel Makron, İspaniyanın baş naziri Pedro Sançes və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Çinə baş çəkmişdilər. Dekabrda isə U.Lyayen Pekinə təkrarən, bu dəfə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə səfər etmişdi. Bu ilin iyununda İtaliyanın baş naziri Corci Meloninin də Pekinə səfəri gözlənilir.
Qərb mediasının yazdıqlarından bəlli olur ki, bu səfərlər çərçivəsində baş tutmuş görüşlərin az qala əsas mövzusu Rusiya olub. Daha konkret desək, avropalılar Pekindən Moskvaya yardım etməməsini istəyir. Bununla yanaşı, səfərlərin nəticələri müzakirələr zamanı iqtisadi-ticari münasibətlərin inkişafı məsələsinin ön planda olduğunu göstərir.
Əsas məsələ iqtisadiyyatdır
Çin Avropa İttifaqı üçün ABŞ-dən sonra ikinci iqtisadi-ticari tərəfdaşdır. 2023-cü ildə tərəflər arasında ticarət dövriyyəsi 782,9 milyard dollar olub. Bu göstəricidə 8%-lik azalma müşahidə olunsa da, ümumilikdə o, əvvəlkitək yüksəkdir və bir çox digər ölkələrlə olan rəqəmi xeyli üstələyir.
Elə Fransanın özü üçün Çin ən vacib iqtisadi-ticari tərəfdaşlardan biridir. 2023-cü ildə onların arasında ticarət dövriyyəsinin həcmi 100 milyard dolları aşaraq, rekord həddə çatıb. Bundan başqa, aparılan danışıqların sonunda Çin sədri bildirib ki, Pekinlə Paris «ikitərəfli münasibətlərdə strateji sabitliyi gücləndirmək» haqda razılığa gəlib və bu, tərəflərin qarşılıqlı razılaşmalar əldə etmək əzmini göstərir. Səfər çərçivəsində tərəflər yüksək texnologiyalar və «yaşıl» enerji də daxil olmaqla, müxtəlif sahələrə dair 18 razılaşma imzalayıb. Sənədlərin imzalanmasına hazırlıq isə aylar idi davam edirdi.
İqtisadiyyatında Avropada 2022-2023-cü illərdə yaşanmış enerji böhranının mənfi nəticələri üzündən tənəzzülün davam etdiyi Almaniyaya gəlincə, Çin onun üçün ən perspektivli iqtisadi tərəfdaşlardandır. Üstəlik, bu son 8 ildir belədir. Yalnız onu vurğulamaq kifayətdir ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 254 milyard avroya çatıb (ABŞ ilə bu rəqəm 252,3 milyard avrodur). Almaniyanın Çin iqtisadiyyatına birbaşa investisiyası 2023-cü ildə rekord həddə – 12 milyard avroya çatıb. Bununla yanaşı, iki ölkə arasında xarici ticarətdə defisit 2018-ci ildən bu yana ilk dəfə azalıb ki, bu da Almaniyanın xarici ticarətində ümumi profisitin ikiqat artmasına kömək edib.
Çində səfərdə olan Almaniya kanslerinin oradan ölkə sənayesinin kapitanları ilə kifayət qədər məhsuldar müzakirələr aparması da təsadüf deyil.
Olaf Şolts 2021-ci ildə kansler vəzifəsinin icrasına başlayan zaman hökumətin Çindən asılılığının azaldılmasına çalışacağını bildirmişdi. Lakin üç il sonra asılılığın azaldılması haqda fikirləri xarici şirkətlər üçün Çin bazarının eyni dərəcədə əlçatan olmasının vacibliyi haqda çağırışlar əvəz edib.
Çinli ali qonaqla Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iştirakı ilə keçirilən görüşdə Fransa Prezidenti Emmanuel Makron da eyni sözləri deyib.
Amma danışıqlar öz yerində, təcrübədə hər şey o qədər də parlaq görünmür. Fransa Çin bazarının onun kənd təsərrüfatı ixracına daha açıq olmasına çalışırsa, Pekin «Airbus» sifarişlərinə eyham vurur.
Yeri gəlmişkən, Almaniya kanslerinin Çinə səfəri zamanı onu bir neçə aparıcı transmilli şirkətin rəhbəri də müşayiət edib. Onların arasında «BASF», «Siemens» şirkətlərinin, həmçinin «Mercedes-Benz» və «BMW» avtokonsernlərinin rəhbərlərini xüsusi vurğulamaq olar. Bu şirkətlər Çində nəhəng əməliyyatlara nəzarət edir, fəaliyyətlərini daha da genişləndirmək istəyirlər. Şolts Çinə səfərinə ölkədə maşınqayırma sənayesinin mərkəzi sayılan Çuntsindən başlayıb. Bundan bir qədər əvvəl isə məlum olub ki, Almaniyanın ən nəhəng avtokonserni olan «Mercedes-Benz» 80 avtosalonunun hamısını, o cümlədən Ştutqartdakı qərargahını sataraq, Çinə köçmək niyyətindədir. Burada «Geely» və «Foton» şirkətləri ilə birgə avtomobil yığılacaq. Qeyd olunmalıdır ki, Almaniyada avtomobil istehsalında yaşanan ləngimələr fonunda yerli avtomobil istehsalçıları Çin bazarına boylanmağa başlayıb. Onlar orada məhsul istehsalının və ixracının daha sərfəli olduğunu bilirlər.
Şanxayda Şolts Aİ-nin öz bazarını Çin avtomobillərinə açmalı olduğunu bəyan edib. Kansler hesab edir ki, avropalıların bir neçə il bazara Yaponiya və Koreya avtomobillərinin gəlişindən yaranmış narahatlığı əbəsdir. O, bildirib ki, həmin vaxt bazarın açılmasının yerli istehsalçıları sıxışdıracağına dair narahatlıqlar olsa da, sonradan bu narahatlığın əsassız olduğu aydınlaşıb.
«Əsas odur ki, rəqabət sağlam olsun – dempinq, həddindən artıq istehsal olmasın, müəllif hüquqları pozulmasın», - deyə Almaniya kansleri qeyd edib.
«İstəyirəm»lə «lazımdır» arasında balans axtarışı
Şolts Çində incə bir işin öhdəsindən gəlməli idi: öz iqtisadiyyatının ixrac tələbatı ilə Çinin avtomobil şirkətlərinə qarşı proteksionist tədbirləri gücləndirmək istəyən müttəfiqlərin təzyiqi arasında balansın tapılması. Avropa Komissiyası hələ sentyabrda Aİ-də Çin avtomobillərinin ucuzluğu ilə bağlı araşdırmalara başlamış, Ursula fon der Lyayen isə bildirmişdir ki, Çin avtomobil sənayesinin məhsulları yalnız böyük dövlət subsidiyaları hesabına ucuzdur. Onun sözlərinə görə, bu, Avropa bazarını korlayır. Fon der Lyayen daha əəvəl – apreldə Avropanın Çinin üzünə tam açıq olan son bazar olduğunu deyir, bundan narahatlığını ifadə edirdi.
İndi Aİ-nin ən böyük iqtisadiyyatının liderinin Çinə səfərinin nəticələrindən sonra Avropada Çin avtomobil sənayesinə qarşı hər hansı məhdudlaşdırıcı addım Aİ daxilində ciddi müqavimətlə üzləşə bilər. Bu gün Çində 5 minədək alman şirkəti fəaliyyət göstərir və onların istehsal etdikləri məhsullar yalnız yerli bazara deyil, Avropa bazarlarına da yönəlib. Avropa İttifaqının Çinə münasibətdə atdığı proteksionist addımlar, təbii ki, onların da ürəyincə deyil.
Avropa iqtisadiyyatının Çindən asılılığının azaldılması zərurəti haqda deyilənlərə gəlincə, onlar elə söz olaraq qalır. Mütəxəssislər bildirirlər ki, almaniyalı istehsalçıların perspektivli bazar olan Çindən asılılığı azaltmaları üçün onilliklər lazımdır. Onların fikrincə, qlobal qiymət müəyyənləşdirilməsi zənciri 50 il ərzində formalaşaraq inkişaf edib. Bu vəziyyəti 6 və ya 12 ayda dəyişməyin mümkünlüyünü düşünmək sadəlöhvlük olardı.
Doğrudur, son illər Çin iqtisadiyyatı əsasən daşınmaz əmlak bazarı və ipoteka krediti bazarındakı dərin böhran üzündən ciddi problemlərlə qarşı-qarşıyadır. Belə bir vəziyyətdə bəlkə də Qərbdə ümid edirlər ki, ciddi daxili iqtisadi çətinliklərlə üzləşmiş Pekin ABŞ və müttəfiqləri ilə qlobal rəqabət iştahasını itirəcək və geri çəkiləcək. Amma bunun əksi daha real görünür: Çinin geosiyasi inadkarlığının artması onun ABŞ və müttəfiqləri ilə münasibətlərini kritik həddə pisləşdirə bilər.
Amerika-Çin gərginliyinin iqtisadi əsasları
Son illər Çin geosiyasi və geoiqtisadi nüfuzunun artması üçün əhəmiyyətli vəsait xərcləyib, ayrı-ayrı dövlətlərlə iqtisadi əlaqələrini gücləndirib, hərbi potensialını artırıb. Əvəzində ABŞ xüsusilə Hind-Sakit okean regionunda hərbi ittifaqlarını gücləndirir: Cənubi Koreyada hərbi mövcudluq artırılır, Filippinlə yeni müqavilələr imzalayaraq, onun çoxsaylı hərbi bazalarına daxil olur. Eyni zamanda Qərb dövlətləri Pekini, məsələn, protekcionist addımlarla, Çin investisiyalarına məhdudiyyətlərin tətbiqi ilə gərginlikdə saxlamağa çalışır.
Amma Çinin Qərblə münasibətlərdə «stavka»nı yüksəldən öz iqtisadi rıçaqları var. Məsələn, o, kobalt, litium və maqnezium kimi vacib faydalı qazıntıların Qərbə, o cümlədən ABŞ-yə ixracını qadağan edə bilər. Bu elementlər innovasiyalar, yüksək texnologiyalar, bərpa olunan enerji sahələri, həmçinin müdafiə sənayesi üçün son dərəcə vacibdir. Belə qadağa, güman ki, qlobal defisitə yol açacaq, dünyanın ayrı-ayrı nöqtələrində yeni mənbələr axtarışında çətinliklər yaşayan ölkələrin iqtisadiyyatına zərbə olacaq. Mövcud iqtisadi çətinliklərə rəğmən, Çin bu üzdən çoxsaylı transmilli şirkətlər üçün nəhəng bazar olaraq qalır. Pekin onların işini istənilən an məhdudlaşdıra və ya çətinləşdirə bilər.
Bundan başqa, dünyanın ikinci iqtisadiyyatı tezliklə monetar müstəqilliyə keçəcək, bununla da hazırkı beynəlxalq valyuta sistemini dağıdacaq. Doğrudur, bu, bir anda baş verəcək hadisə deyil. Yuan son illərdə mövqeyini gücləndirsə də, onun beynəlxalq ticarətdəki payı hələ də Çinin çəkisinə uyğun deyil. Son illərdə yuan yalnız Yaponiya yenini üstələyə bilib. Amma tendensiya davam edir və ölkənin dünyanın aparıcı iqtisadiyyatları ilə əlaqələri gücləndirməsi Çin valyutasının çəkisini artırması üçün əlavə imkanlar açır.
Son zamanlar ikitərəfli münasibətlərin müzakirəsi zamanı Ukrayna, daha dəqiqi Çinin Rusiyaya dəstəyi məsələsinə ayrıca toxunulması ənənəvi hal alıb. Lakin tərəflərin qarşısında duran iqtisadi vəzifələrin həyata keçirilməsinin vacibliyini nəzərə alsaq, düşünmək olar ki, Çinin Qərb ölkələri ilə ikitərəfli münasibətlərində Ukrayna mövzusu heç də ilk yerdə durmayacaq.
MƏSLƏHƏT GÖR: