Müəllif: Natiq NAZİMOĞLU
Qəzzada səkkiz aydır ki, qanlı döyüşlər gedir. O, İsrail dövlətinin yaradılması kimi Yaxın Şərqin yeni tarixində dönüş anı olmuş hadisənin növbəti ildönümündə də davam edib.
İsrail dövlətinin yaradılması
Bu hadisədən əvvəl Avropa və Rusiyadakı qırğınların səbəb olduğu bir neçə onilliklər ərzində yəhudilərin repatriasiyası baş verib. Yəhudi hərəkatına siyasi təkan isə 1897-ci ildə, Ümumdünya Sionist Təşkilatının yaradılması ilə verilib. O zaman təşkilat hədəfinin «Fələstində yəhudi xalqı üçün sığınacaq yaratmaq» olduğunu bəyan etmişdi.
«Yəhudi məsələsi» beynəlxalq siyasətin amilinə Birinci Dünya müharibəsi zamanı çevrilməyə başlayıb. Bu, Britaniya və Osmanlı imperiyalarının Fələstində Sinay uğrunda döyüşə girməsilə baş verib. Britaniyanın xarici işlər naziri Artur Balfurun bəyanatında bildirirdi ki, onun ölkəsi «Fələstində yəhudi xalqı üçün milli ocağın bərpasına müsbət yanaşır».
1920-ci illərin əvvəllərində Fələstində ilk təlatümlər başlayıb. Çünki yerli ərəblər getdikcə artan yəhudi köçünə mənfi yanaşırdılar. 1922-ci ildə Millətlər Liqası Böyük Britaniyaya Fələstində «yəhudi milli evinin qurulması üçün siyasi, inzibati və iqtisadi şəraitin yaradılması» üçün mandat verib. Az sonra London ərəblərin etirazının səngidilməsi üçün yəhudi immiqrasiyasını məhdudlaşdırmaq məcburiyyətində qalıb. Lakin 1920-ci ilin sonunda Fələstinə yəhudi axını yenidən artmağa başlayıb. Əsas səbəb Almaniyada nasist rejiminin qurulması idi. Almaniyadan Fələstində 250 min yəhudinin gəlişindən sonra 1936-1939-cu illərdə ərəblər qiyam qaldırıb. İngilislər isə öz növbələrində, yəhudilərin Fələstinə immiqrasiyasına böyük məhdudiyyətlər qoyan «Ağ kitab» buraxıblar. Bu, «Yəhudi müqavimət hərəkatı»nın yaranmasına səbəb olub. Çünki Almaniyada nasistlərin hökmranlıq etdiyi bir vaxtda, İkinci Dünya müharibəsinə aparan hadisələr fonunda yəhudilərin bu torpaqlara qayıdışının qarşısının alınması onlar üçün ölüm hökmü demək idi. Yəhudilərin öz dövlətlərini yaratması prosesini dönməz prosesə məhz İkinci Dünya müharibəsi və 6 milyon yəhudinin öldüyü Holokost çevirib. Buna Fələstində yəhudi əhalinin sayının artması da təkan olub – 1922-ci ildə onlar əhalinin 11%-ni təşkil edirdilərsə, indi bu rəqəm 33%-ə çatmışdı.
1947-ci ildə Böyük Britaniya Fələstinlə bağlı mandatdan imtina edib və bunu eyni vaxtda həm ərəbləri, həm də yəhudiləri qane edəcək həll yolunu tapa bilməməsi ilə əsaslandırıb. Bundan sonra Fələstin probleminin həlli məsələsi BMT-nin müzakirəsinə çıxarılıb. 29 noyabr 1947-ci ildə BMT Fələstinin bölünməsi planını qəbul edib. O, Britaniyanın mandatına son qoyulmasını və Fələstin ərazisində iki dövlətin – yəhudi və ərəb dövlətinin yaradılmasını nəzərdə tuturdu. Bu zaman Yerusəlim ilə Beytləhm beynəlxalq nəzarətin olduğu şəhərlərə çevrilməli idi ki, onların statusu ilə bağlı münaqişə baş verməsin.
Yəhudi tərəfi BMT-nin planını qəbul etməyə razılıq versə də, Ərəb Dövlətləri Liqası ilə Ərəb Ali Şurası onu rədd edib. Onlar hesab ediblər ki, Fələstinin bölünməsi planı əhalinin 67%-ni təşkil edən qeyri-yəhudilərin hüquqlarını pozur. Buna baxmayaraq, yəhudilər açıq şəkildə öz dövlətlərinin yaradılmasına hazırlığa başlayıb. O vaxt münaqişənin qaçılmaz olduğunu anlayan ABŞ İsrailin elan olunmasının təxirə salınmasını istəsə də, 14 may 1948-ci ildə, Britaniyanın Fələstin mandatının bitiminə bir gün qalmış yəhudilər BMT-nin planında nəzərdə tutulmuş ərazidə David Ben-Qurionun başçılığı ilə yəhudi dövlətini elan edib. Yeni müstəqil dövlətin yaradıldığına dair bəyannamədə onun adı rəsmi olaraq Medinat İsrael (İsrail Dövləti) kimi qeyd olunub.
Qısa müddət sonra yeni postmüharibə dövrü – «soyuq müharibə» dönəminin iki nəhəng fövqəldövləti İsrailin müstəqilliyini tanıyıb. Yəhudi dövlətini de-yure tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlət SSRİ olub. İsraildə 1949-cu ilin yanvarında keçirilən, Xaim Veytsmanın prezident, David Ben-Qurionun isə baş nazir postunu tutması ilə nəticələnən seçkidən sonra isə yeni dövləti de-yure ABŞ da tanıyıb.
Birinci müharibə
İsrail dövlətinin elan olunması faktiki olaraq, Fələstinin yəhudi və ərəb icmaları arasında vətəndaş müharibəsi şəraitində baş verib. Dövlətin elan olunmasının səhəri – 15 may 1948-ci ildə 5 ərəb dövləti (Suriya, Misir, Livan, İraq və Transiordaniya) koalisiya yaradaraq, Fələstinə girib. 31 may 1948-ci ildə yəhudilərin pərakəndə silahlı döyüşçü qrupları İsrail Müdafiə Ordusu – SAXAL-a daxil edilib. Hər iki tərəf ciddi itkilər verib və 18 iyul 1948-ci ildə tərəflər arasında barışıq elan olunub. Ondan «nəfəs dərmək» və ağır silahlar, tanklar və aviasiya almaq üçün istifadə edən İsrail 1948-ci ilin oktyabrında ərəb koalisiyasının qoşunlarına miqyaslı hücuma başlayıb. SAXAL-ın əldə etdiyi hərbi uğurlar onun Sinay yarımadası və Qırmızı dənizə çıxışını təmin edib.
1949-cu ilin iyulunda atəşkəs haqda razılaşma əldə olunub. Bundan sonra Qərbi Qalileya, dənizkənarı düzənlikdən Yerusəlimədək olan dəhliz – əvvəl ərəb dövlətinə məxsus olmuş ərazi də İsrailin nəzarətinə keçib. BMT-nin himayəsi altında vahid şəhər kimi qalmalı olan Yerusəlim isə İsraillə Transiordaniya arasında müvafiq olaraq, qərb və şərq olmaqla, iki hissəyə bölünüb. Qəzza sektoru Misirin nəzarətində qalıb, Suriya isə Holan ərazilərini götürüb.
Müharibənin faciəvi nəticələrindən biri Fələstinin yüz minlərlə ərəb sakininin yalnız yəhudi deyil, həm də ərəb dövləti üçün nəzərdə tutulmuş ərazidəki evlərini tərk etməsi olub. Yüz minlərlə yəhudi isə ərəb ölkələrindən İsrailə qovulub və ya qaçıb.
11 may 1949-cu ildə İsrail BMT üzvlüyünə qəbul olunub. Fələstin ərazisində ərəb dövləti isə yaranmayıb. Bu gün də davam edən münaqişənin əsası məhz belə qoyulub.
Onilliklər ərzində kök atmış düşmənçilik
1956-cı ildə İsrail Misirin milliləşdirdiyi Süveyş kanalını öz nəzarətinə qaytarmağa çalışan Böyük Britaniya ilə Fransanın ittifaqına qoşulub. Elə həmin vaxt Suriya, İordaniya (keçmiş Transiordaniya) və Misir İsrailə qarşı ittifaq qurublar. Lakin 1956-cı il oktyabrın 29-da SAXAL özü hücuma keçərək, tezliklə demək olar ki, bütün Sinay yarımadasını nəzarətinə götürüb.
11 il sonra – 1967-ci ildə Misir, Suriya və İordaniya qoşunlarını İsraillə sərhədə yığaraq, İsrail gəmilərinin Qırmızı dənizə və Süveyş kanalına yolunu bağlayıblar. Bununla da, Altı günlük müharibə başlayıb. Bu müharibədə inamlı qələbə qazanan yəhudi dövləti nəinki Sinayı, həm də Qəzza sektoru, İordan çayının qərb sahili, Şərqi Yerusəlim və Holan yüksəkliklərini ələ keçirib. Beləliklə də, onun hakimiyyəti faktiki olaraq, həm yəhudi, həm də ərəb dövləti üçün nəzərdə tutulmuş bütün ərazilərdə qurulub. Ərəb dünyası bu reallığı qəbul etməyib. Belə bir vəziyyətdə onların yəhudi dövlətini tanımasından söhbət belə, gedə bilməzdi. Fələstinli ərəblər isə Fələstinin Azadlığı Təşkilatı (FAT) ətrafında birləşərək, «Vətənin azad olunmasının yeganə yolu silahlı mübarizədir» şüarını əsas götürüblər. Lakin sonrakı hadisələr göstərib ki, bu məsələdə fələstinli radikallar terrora da əl atmağa başlayıblar.
Artıq yeni müharibə uzaqda deyildi. 6 oktyabr 1973-cü ildə yəhudi təqvimində müqəddəs gün sayılan Yom Küpürdə Misir və Suriya eyni anda İsrailə hücuma keçib. O, bu hücum qarşısında ciddi itkilər verməsə də, həmlənin qarşısını ala və döyüşü düşmənin ərazisinə keçirə bilib. Bu savaş ərəblərin növbəti məğlubiyyəti ilə bitib.
Bu müharibədən sonra ərəb dünyasının total şəkildə İsraili tanımaması ənənəsi də sona çatıb. 1977-ci ildə Misir Prezidenti Ənvər Sadat İsrailə səfərə yollanan ilk ərəb dövlətinin başçısı olub. Yerusəlimdə Knesset qarşısında çıxış edən Sadat beləliklə, yəhudi dövlətinin mövcud olmaq hüququnu tanıyıb. 1978-ci ildə Kamp Daviddə ABŞ-nin vasitəçiliyi ilə «Misirlə İsrail arasında sülh müqaviləsinin imzalanması prinsipləri» və «Yaxın Şərqdə sülh prinsipləri» qəbul olunub. 1979-cu il martın 26-da Misirin prezidenti Sadat və baş nazir Menahem Begin Vaşinqtonda Misir-İsrail sülh müqaviləsinə imza atıb, iki dövlət arasında münasibətlərin əsasını qoyublar. Sənədə əsasən, yəhudi dövləti Sinay yarımadasını Misirə qaytarıb və Fələstin Muxtariyyətinin yaradılmasına dair danışıqlara başlanılması öhdəliyi götürüb.
Lakin İsraillə Misir arasındakı sülh Yaxın Şərqdə ehtirasların tam sönməsinə, İsrail-Fələstin münaqişəsinin həllinə kömək etməyib. 1982-ci ildə döyüşlərin episentri Livan olub. Bu ölkədəki vətəndaş müharibəsinə müdaxilə edən İsrail FAT-ın Livandakı bazasını məhv etmək məqsədilə «Qalileya üçün sülh» əməliyyatına başlayıb. Mütəmadi olaraq baş verən intifadalar – işğal altındakı Fələstin ərazisində yəhudilərin idarəçiliyinə etirazlar da bu münaqişənin ayrılmaz hissəsinə çevrilib.
Yaxın Şərqdə sülh üçün növbəti ciddi şans «Oslo razılaşması» (ona İsraillə FAT arasında Norveç paytaxtında əldə olunmuş gizli razılaşma ilə start verilib) olub. O, özündə Vaşinqtonda 1993 və 1995-ci illərdə imzalanmış iki sənədi də əks etdirirdi. Həmin sənədlərə əsasən, Fələstin Milli Administrasiyası İordan çayının qərb sahilinin bir hissəsi və Qəzza sektoruna nəzarəti ələ almalı, eyni zamanda İsraillə münasibətləri normallaşdırmaq istiqamətində fəaliyyətə başlamalı idi. Ümumi sülh fonunu 1994-cü ildə İsraillə İordaniya arasında imzalanmış sülh müqaviləsi də gücləndirirdi.
Lakin ərəblərin israillilərə və yəhudilərin müsəlmanlara qarşı törətdikləri silsilə terror aktları bu sülh prosesini də pozub. Həmin faciəvi hadisələrin sırasına İsrailin baş naziri İshak Rabinin ultrasağçı yəhudi ekstremistlər tərəfindən qətlə yetirilməsi də var.
Münaqişənin yeni fazası 2006-cı ildə radikal HƏMAS hərəkatının Fələstinin qanunverici orqanına seçkidə qələbə qazanması ilə başlayıb. Hakimiyyətə gələn hərəkat Fələstin Milli Administrasiyasının İsraillə əldə etdiyi razılaşmaları tanımaqdan imtina edib. 2007-ci ilin iyununda isə HƏMAS Qəzza sektorunda hakimiyyəti ələ keçirib. Cavabında Milli Administrasiyanın sədri, FƏTH (FAT daxilində ən iri təşkilat) lideri Mahmud Abbas hökumətin buraxıldığını, bütün səlahiyyətləri öz əlinə aldığını bəyan edib. Beləliklə, Fələstin daxilində parçalanma baş verib. İlkin dövrlərdə o, özünü vətəndaş müharibəsi şəklində belə, göstərib. Sonda HƏMAS yalnız Qəzzada nəzarətini qoruyub saxlaya bilib, İordan çayının qərb sahili isə FƏTH-in nəzarətinə keçib.
Sonrakı illər İsraillə HƏMAS arasında münaqişənin qızışması ilə yadda qalıb. 2007-ci ilin oktyabrında Təl-Əviv Qəzza sektorunu «düşmən dövlət törəməsi» elan edərək onu qismən iqtisadi blokadaya salıb. Bundan başqa, HƏMAS-a qarşı 3 hərbi əməliyyat da keçirilib – 2008-ci ilin sonları, 2009-cu ilin əvvəllərində «Əridilmiş qurğuşun», 2012-ci ildə «Bulud sütunu», 2014-cü ildə «Sarsılmaz qaya». Lakin radikal fələstinli qruplaşmasının hərbi və siyasi potensialının məhvinə bu da kifayət etməyib.
Müqəddəs torpaqda sülh mümkündürmü?
Tərəflər arasında növbəti müharibə 2023-cü il oktyabrın 7-də Fələstinin radikal qruplaşmalarının HƏMAS-ın başçılığı ilə İsrailə soxulmasından sonra başlayıb. Yəhudi dövlətinə hücum edən radikallar mülki şəxsləri və əsgərləri girov götürüb, kütləvi qırğınlar törədiblər. Cavabında israil Qəzza sektorunda genişmiqyaslı hərbi əməliyyata başlayıb. Yeddi aydır davam edən əməliyyatlarda 30 mindən artıq fələstinli ölüb, anklav əhalisinin böyük hissəsi ev-eşiyini tərk etməli olub.
Tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasına edilən cəhdlər nəticə vermir. HƏMAS-ın Qətərlə Misirin vasitəçi kimi irəli sürdüyü təklifləri qəbul etməsi də işə yaramayıb. Təkliflər özündə girov yəhudilərlə fələstinlilərin dəyişdirilməsini, İsrail ordusunun Qəzzadan çıxmasını, atəşin tam və birdəfəlik dayandırılmasını, sektorun cənubundan şimalına qaçmış fələstinlilərin geri qayıtmasını, Qəzzanın bərpası planının qəbulunu əks etdirirdi.
Güman ki, İsrailin əsas narazılığı Qəzzaya nəzarətin HƏMAS-da qala biləcəyidir. Hərəkatın bundan sonra yalnız siyasi partiya kimi fəaliyyət göstərməyə hazır olduğuna dair siqnallar gəlsə də, bu, yəhudi dövlətinin narahatlığını aradan qaldırmır. Hər halda, Türkiyənin xarici işlər naziri Hakan Fidanla HƏMAS lideri İsmayıl Haniyə arasında apreldə keçirilmiş görüşdə Haniyə hərəkatının hərbi qanadı olan «Əl-Kassam briqadası»nı buraxmağa hazır olduqlarını bildirib. Bundan başqa, HƏMAS ilk dəfə olaraq, «iki dövlət» formatını nəzərdən keçirməyə, demək, İsrailin mövcud olmaq haqqını tanımağa da hazırdır. Lakin təşkilatın 1967-ci il sərhədləri çərçivəsində Fələstin dövlətinin yaradılması tələbi İsraili qane etmir. Bu halda İordan çayının qərb sahili, Şərqi Yerusəlim və Qəzza sektoru Fələstin dövlətinin ərazisi olmalıdır. Yəhudilər Yerusəlimi özlərinin «vahid və bölünməz paytaxtı» sayır, həmçinin əvvəllər Fələstin dövləti üçün nəzərdə tutulmuş ərazilərdə yəhudi yaşayış məntəqələrinin inşasından imtina etmək istəmir.
Mövqelərdəki ciddi fərq hərbi münaqişənin sona çatmasına imkan vermir. SAXAL-ın Rəfahda yerüstü əməliyyatlara başlaması da bunun davamıdır. İsrailin baş naziri Binyamin Netanyahu deyir ki, HƏMAS üzərində qələbənin başqa yolu yoxdur. Bu isə öz növbəsində, dinc əhali arasında yeni qurbanları qaçılmaz edir.
Çoxillik qanlı münaqişənin həlli qarşılıqlı güzəştlərdən, dayanıqlı sülhə nail olunması ilə bağlı qəti iradədən keçir. Beynəlxalq birlik ümumilikdə İsraillə Fələstin arasında sülhün iki dövlət prinsipi əsasında həll oluna biləcəyinə əmindir. Münaqişənin tarixi də göstərir ki, üç din üçün Müqəddəs torpaqda sülhün bərqərar olmasının başqa yolu yoxdur.
MƏSLƏHƏT GÖR: