12 Mart 2025

Çərşənbə, 17:27

DÜNYANIN PAYTAXTI

COP29 vacib qərarları ilə yanaşı, enerji resursları ilə zəngin Azərbaycan üçün rəmzi xarakterli hadisə olacaq

Müəllif:

15.05.2024

İqlim dəyişikliyi ildən-ilə daha nəzərəçarpan xarakter alır, planetimiz üçün onun mənfi nəticələri get-gedə daha da artır. Qlobal istiləşmənin sürətlənməsi fonunda iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi zərurəti durmadan artır. Bu il keçiriləcək iqlim sammiti – COP29 atmosferin çirkləndirilməsinin qarşısının alınması ilə bağlı müzakirələrin aparılacağı, konkret qərarların qəbul ediləcəyi əsas tədbirlərdən biri olacaq.

 

Bakı dünyanın paytaxtı kimi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un 2024-cü il noyabrın 11-22-də Bakıda keçiriləcək olması Azərbaycanın nəhəng diplomatik qələbəsidir. İqlim problemlərinin bəşəriyyət üçün aktuallığını nəzərə alaraq, BMT-nin təxminən 2 həftə davam edəcək iqlim müzakirələrinə on minlərlə qonaq qatılacaq və bu, Bakını faktiki olaraq, «dünyanın paytaxtı»na çevirəcək.

COP29-un təşkilinin Bakıya etibar olunması beynəlxalq birlik üçün çoxmənalı qərar idi. Çünki Azərbaycan dünyanın neft mərkəzlərindən biridir – Xəzər dənizi sahillərinin zəngin neft ehtiyatlarına malik olduğu qədim zamanlardan məlumdur. «Qara qızıl»ın sənaye üsulu ilə hasilatının, emalının və nəqlinin başladığı yer məhz Abşeron yarımadasıdır. Qlobal istiləşmənin əsas səbəblərindən biri kimi məhz neft hasilatı və ondan istifadə göstərilirsə, beynəlxalq birliyin bəşəriyyətin təmiz ekoloji gələcəyi istiqamətində addımı məhz Bakıda atması, həqiqətən də, rəmzi məna da daşıyacaq.

Belə bir vəziyyətdə Azərbaycanın özünün son illər «yaşıl gündəm»ə getdikcə daha fəal qoşulması da nümunəvidir. Bu, ölkə rəhbərliyinin atdığı çox məntiqli və ağıllı addımdır. Çünki Azərbaycan yalnız karbohidrogen ehtiyatları ilə deyil, həm də alternativ enerji potensialı, onun başqa ölkələrə tranzit imkanları ilə tanınır. Məsələn, bu yaxınlarda məlum olub ki, Qazaxıstanla Özbəkistan Avropaya «yaşıl» enerjini məhz Azərbaycan vasitəsilə nəql etməyi planlaşdırırlar.

 

Tarix Riodan başlayır

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilmiş sammitdə imzalanıb. Məqsəd insanların iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısının alınması olub. Konvensiyaya 198 ölkə qoşulub.

Bunadək isə 1979-cu ildə Cenevrədə Ümumdünya Meteorologiya Təşkilatının təşkilatçılığı ilə Birinci İqlim Dəyişikliyi Konfransı keçirilib. İlk COP-a gəlincə, o, 1995-ci ilin martında Berlində baş tutub. Konfransın katibliyi Bonnda yerləşir.

Bəlkə də tezliklə o, dünyanın ən vacib qurumlarından birinə çevriləcək. Çünki ən azı 2,5 dərəcəlik istiləşmə faciəvi nəticələrə doğru sürətlə irəliləməkdədir. Bəzi hesablamalar göstərir ki, XXI əsrin sonlarına havanın hərarəti ən pis halda 5 dərəcə arta bilər. Nəticədə, Dünya okeanının səviyyəsinin yüksəlməsi bir sıra şəhərləri ciddi təhlükə qarşısında qoyacaq. Zaman keçdikcə ekstremal təbiət anomaliyalarının (quraqlıq, hədsiz isti, həddindən artıq yağıntı nəticəsində əmələ gələn daşqınlar) sayı da sürətlə artır, hətta onlar artıq ənənəvi hala çevrilir. Bu isə bəşəriyyətin qida təhlükəsizliyinə ciddi zərbə vurur. Odur ki, söhbət son dərəcə vacib məsələlərdən gedir. «Yaşıl» enerji artıq çoxlarının düşündüyünün əksinə olaraq dəbdə olan trend yox, Yer kürəsində yaşayan insanların layiqli gələcəyi üçün şansdır.

 

Vacib təşəbbüslər

Bakıda noyabrda keçiriləcək konfransda həllini tapmalı olan ən vacib məsələlərdən biri daha yoxsul ölkələrin atmosferə çirkli qazların buraxılmasını azalmatsı, ekstremal təbiət hadisələrinə hazırlıqlı olması üçün onlara iqlim maliyyəsinin göstərilməsi kimi qlobal hədəfin müəyyənləşdirilməsi olacaq. Aydındır ki, bu, qızğın müzakirə və mübahisələrə yol açacaq, çünki bir çox ölkələrdəki daxili siyasi vəziyyətlə birbaşa bağlıdır.

Misal üçün uzağa getməyə ehtiyac yoxdur – Aİ-nin ən nəhəng dövlətlərində fermerlərin etirazları davamlı olaraq sakitləşir və yenidən qızışır. Halbuki söhbət dünyanın iqtisadi cəhətdən ən çox inkişaf etmiş sabit dövlətlərindən gedir. Belə vəziyyətdə yoxsul ölkələr haqda nə deyəsən?! Odur ki, Qlobal Cənubun bəzi dövlətlərinin (əksər Afrika, Asiya və Latın Amerikası ölkələri) hökumətləri tərəfindən tələb olunan vəsaitin həcminin ildə  trilyon dollara qaldırılması çağırışı təsadüf deyil.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev bildirib ki, «yoxsul ölkələrə temperatur artımını sənayedən əvvəlki səviyyədən 1,5 °C-yə qədər məhdudlaşdırmaq, emissiyaların azaldılması planlarını yeniləmək üçün böyük məbləğlərə ehtiyac olacaq".

«Bu, üçbucağa bənzəyir – bir tərəfi şəffaflıq, yəni tərəflər arasında inam, digər tərəfi maliyyə, üçüncü tərəfi isə milli ianələr. Bu tərəflərin hər biri uğurlu olarsa, ölkələr fəaliyyətlərində şəffaflığı təmin edərlərsə, bu, inkişaf etmiş dünyanın inkişaf etməkdə olan dünyanın prioritetlərini reallaşdırması üçün yaxşı arqument olacaq. Biz birləşdirici bənd olmaq istərdik», - deyə Muxtar Babayev qeyd edib.

Bakı artıq ölkələrə öz hesabatlarını COP29-dək hazırlamaları üçün çağırış edib – sənədlər atmosferə istixana qazlarının buraxılmasındakı azalmanı və iqlim böhranı ilə mübarizəyə yönəldilən xərcləri göstərməlidir. Beləliklə, daha dəqiq hesabatlılıq və şəffaflıq iqlimin maliyyələşdirilməsi üçün möhkəm və ədalətli əsasa çevrilməlidir. Amma bu sahədə problemlər hələ də çoxdur. İqlim maliyyələşməsinə hansı işlərin aid olub-olmadığının dəqiq meyarları müəyyənləşdirilməyib. Dəqiq monitorinq mexanizmləri də yoxdur. Belə monitorinqlərin suverenlik nöqteyi-nəzərindən həssas məsələyə çevrilməsi halları da var ki, bu da problem yaradan məqamlardandır. Lakin tullantılar və zərərlə bağlı dəqiq məlumat yoxdursa, vəsait necə bölüşdürülsün?

Əlbəttə ki, nəhəng fövqəldövlətlərin yardımından, bu işə nə qədər hazır olduğundan çox şey asılıdır. Maraqlıdır ki, ABŞ-də prezident seçkisi COP29-dan cəmi bir neçə gün əvvəl keçiriləcək. Müşahidəçilər bildirirlər ki, iqlim məsələlərində skeptik olan Donald Trampın Ağ Evə qayıdacağı təqdirdə konfrans iştirakçılarında Vaşinqtonun iqlim dəyişiklikləri ilə mübarizə sahəsindəki öhdəliklərinə necə yanaşacağına dair narahatlıq yarana bilər.

Azərbaycan tərəfindən irəli sürülmüş daha bir vacib təşəbbüs COP29 vaxtı barışıq elan olunması təklifidir. Bunu Britaniyanın «The Observer» nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Azərbaycan COP29-u «sülh sahəsində daha bir uğur tarixçəsinə, iqlim dəyişikliyi ildə mübarizə ilə yanaşı, sülhə nail olunması konfransına çevirmək üçün» böyük səylər göstərir.

Həqiqətən, iqlim böhranı həm də sülh və müharibə məsələlsi ilə sıx bağlıdır. Bir yandan, o özü münaqişələrə yol aça (ərzaq, su çatışmazlığı və s. səbəbilə), digər tərəfdən aralarında miqrasiya, sərhəd məsələləri, mina partlayışları, ətraf mühitin korlanması kimi mövcud problemləri daha da dərinləşdirə bilər. Bütün bunlar isə bütün dünya üzrə milyonlarla insana təsir edir. «Təhlükəsizliyin çoxsaylı elementləri var və iqlim dəyişikliyinin, ətraf mühitdəki dəyişikliklərin, ekoloji problemlərin dünyada milli təhlükəsizliyə təsir göstərdiyini inkar etmək olmaz. İqlim dəyişikliyi milli və qlobal təhlükəsizliyin bir hissəsidir», - deyə Hikmət Hacıyev bildirib.

Beləliklə, Bakının üzərinə böyük məsuliyyət düşür, eyni zamanda, bu sahədə Azərbaycanın qarşısında açılan imkanlar daha aydın ortaya çıxır. «Yaşıl» enerji yalnız sosial-iqtisadi çiçəklənmənin rəhni deyil, həm də regiona təhlükəsizliyin, sabitliyin əsasına çevrilə bilər. Buna ən parlaq nümunə Qazaxıstan, Azərbaycan və Özbəkistan arasında ekoloji təmiz enerji istehsalı, onun Xəzər dənizinin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya nəqli haqda əldə olunmuş razılaşmadır. Təmiz enerji almaqda maraqlı olan əsas ölkələr – Aİ üzvləri qarşıdakı illərdə mədən yanacağından mərhələli şəkildə imtina etməyi planlaşdırır. Bu mənada, Mərkəzi Asiya ölkələrinin günəş panelləri və külək turbinləri istehsalı üçün zəngin xammal ehtiyatına malik olmaları da vacib amildir. Söhbət litium, kobalt, mis, nikel, gümüş və s. kimi elementlərdən gedir. Odur ki, regionun dünya birliyinə təqdim edəcəyi çox şey var. Bununla yanaşı, COP29 Azərbaycanın və qonşularının investisiya iqlimini yaxşılaşdırmasına da kömək edəcək. Çünki konfransa müxtəlif sahələrdə çalışan böyük iş adamları və alimlər də qatılacaq.

Son illər Azərbaycan ən müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. COP29-un təşkilinə gəlincə, o, sırf iqlim məsələsi olmaqla yanaşı, həm də Azərbaycanın dünyaya daha geniş açılması, qədim tarixini, zəngin mədəni irsini nümayiş etdirməsi, dinc və dayanıqlı inkişafa çalışdığını göstərməsi üçün imkanıdır. Burada alternativ enerji potensialının kifayət qədər olduğu Qarabağ regionunu – işğaldan azad olunmuş torpaqları da unutmaq olmaz. Bunun fonunda Bakının COP29-u həm də «sülh COPu»na çevirmək, iqlim böhranı və milli təhlükəsizlik məsələlərini əlaqələndirmək çağırışı xüsusi önəm qazanır, eyni zamanda gələcək münaqişələrin qarşısının alınmasının vacibliyini vurğulayır.



MƏSLƏHƏT GÖR:

110