19 Dekabr 2024

Cümə axşamı, 22:04

11 İLDƏN SONRA UĞUR

Əbu-Dabidə keçirilən dünya çempionatı Azərbaycan idmançılarını yeni rekordlar vurmağa ruhlandırıb

Müəllif:

01.06.2024

2013-cü ildə Elxan Məmmədov milli idman tarixində ilk dəfə cüdo üzrə dünya çempionatının qalibi olub. Bu sevincli hadisədən sonra növbəti uğur üçün uzun müddət gözləməli olduq. Və həmin an gəldi. Mayın 19-dan 24-dək Birləşmiş Ərəb Əmirliklərində keçirilən cüdo üzrə dünya çempionatı Azərbaycana yeni çempionlar qazandırıb.

 

Yeddinci çempionatın "qızıl"ı

Əbu-Dabidə Azərbaycan idmanı yeni zirvələr fəth edib. İlk dəfə hər iki finalçı qələbə qazanmaqla dünya çempionatının qalibi olub. Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) qızıl medalı sayəsində Azərbaycan komanda hesabında ilk dəfə dördüncü yeri tutub. Aktivində üç qızıl olan Yaponiya birinci pillədə qərarlaşıb. Gürcüstanla Koreya 2-3-cü yerləri bölüşdürüb.

Beləliklə, 11 ildən sonra Hidayət Heydərov dünya çempionatlarında qızıl medal həsrətinə son qoyub. Onun qələbəyə gedən yolu asan olmayıb. İlk görüşdə Akil Qyakovu (Kosova) məğlub edən cüdoçu ispan Salvador Kases Rokanı sıradan çıxarıb. Növbəti mərhələlərdə 27 yaşlı cüdoçu braziliyalı Daniel Karninu və Almaniyanı təmsil edən İqor Vandtkeni mübarizədən kənarlaşdırıb. Finalda yapon Tatsuki İşixarayla dramatik duel izlədik. Hesabda geri olan Hidayət son saniyələrdə “ippon” fəndi ilə dünya çempionatında qələbəni rəsmiləşdirib. Bununla karyerasında yeddinci dünya çempionatına yollanan cüdoçu ilk dəfə qızıl medala layiq görülüb.

Söyləmək lazımdır ki, ağır çəkidə yarışan Zelim Kotsoyevin qələbəsi bir qədər gözlənilməz olub. Daim ağır çəki problemini həll edə bilməyən Azərbaycan komandası ilk dəfə 100 kq-da dünya çempionluğu sevinci yaşayıb. Startda Cənubi Koreyadan Yonq Hun Vonu məğlub edən Z.Kotsoyev ardınca təcrübəli Peter Palçiki (İsrail) üstələyib. Onun növbəti rəqibləri də güclülərdən olub. İkiqat dünya çempionu Nikoloz Şerazadişvili (İspaniya), Tokio Olimpiadasının mükafatçısı Horxe Fonseka (Portuqaliya) Z.Kotsoyev qarşısında təslim olublar. Nəhayət, finalda cüdoçu Kanada idmançısı Şadi Əl-Naxasa qalib gələrək karyerasında ilk dəfə dünya çempionu olub. Qeyd etmək lazımdır ki, Kotsoyev 16 yaşından yeniyetmələrdən ibarət Azərbaycan komandasının üzvüdür. Rusiya əsilli cüdoçu yeniyetmə yaşından azərbaycanlı məşqçilərlə çalışır və bütün uğurlarını ölkəmizdə qazanıb.

Etiraf etmək lazımdır ki, iki qızıl medal milli komandanın digər üzvlərinin uğursuzluğunu unutdurub. Bəzi idmançılar yorğunluğa görə, bəziləri isə səhvlər ucbatından yarışda çıxışını medalsız başa vurublar.

 

Qələbə - böyük işin nəticəsi

Cüdo üzrə ilk azərbaycanlı dünya çempionu Elxan Məmmədov Əbu-Dabidəki qələbədən sonra təəssüratlarını “Region plus” jurnalı ilə bölüşüb: “Bütün cüdo ailəsi Hidayətin qələbəsinə sevinir. Onun 11 ildən sonra mundialda Azərbaycan himnini səsləndirməsi böyük bir uğurdur. İlk dünya çempionu mən idimsə, 11 ildən sonra bunu Hidayət bacarıbsa, bu, dünya çempionatlarının nə qədər dramatik və gərgin keçdiyinin göstəricisidir. Yəni dünya çempionatı sıradan bir yarış deyil. Olimpiya və dünya çempionatında nəticə vermək böyük uğurdur. Mundialda bir çəkidə aparıcı ölkələrin iki idmançısı iştirak edə bilər. Bu da rəqabətin artmasına səbəb olur. Qələbə böyük bir işin nümunəsidir. Təbii ki, Hidayətin çempionluğu təkcə onun yox, bütün komandanın əməyinin nəticəsidir”.

E.Məmmədov Kotsoyevin çıxışı barədə də xoş təəssüratlarını bölüşüb: “Bakıda “Böyük Dəbilqə”dən sonra Zelimdə çəki problemi var idi. Həm psixoloji yorulmuşdu, həm də fiziki yetərincə yorğun düşmüşdü. Bütün bunlar onun sağlamlıq testlərinin nəticəsində bəlli olmuşdu. Bu səbəbə görə məqsədimiz dünya çempionatına 1 ay qalmış onun çəkisinin azadılması, yorğunluğun aradan qaldırılması, eyni zamanda da psixoloji olaraq hazırlığının yüksəldilməsi idi. Avropa çempionatından sonra yığma komandanın məşqçisi onunla çalışırdı. Biz də bir peşəkar kimi tövsiyələrimizi bölüşürdük. Qarşıdakı hədəfə çatmaq çox önəmli idi. Çünki çəkiyə adaptasiya və digər problemlərin aradan qaldırılması asan məsələ deyil. Zelimin finalı çox gərgin alındı. Zelimin döyüşü zamanı yaşadığım stres hələ uzun müddət mənimlə qalacaq. Amma sevinirəm ki, bu qədər gərginlikdən sonra çempionluq sevincini yaşadıq”.

Dünya çempionatında əldə olunan uğur Azərbaycan Cüdo Federasiyasının son illər apardığı səmərəli və düzgün işin məntiqli nəticəsidir. Cüdoçular xüsusi psixoloqla çalışmaqla yanaşı, mütəmadi sağlamlıq testlərində iştirak edirlər. İdmançılara lazımsız çəki azaltmaq qadağan olunub, ən əsası isə bütün idmançılar hazırlığa məsuliyyətli yanaşmaları ilə seçilirlər. Hazırda reytinqə əsasən  Azərbaycandan 7 kişi və 1 qadın cüdoçu Paris Olimpiadasına lisenziya qazanmağa yaxındır. İyulun 1-də açıqlanacaq rəsmi siyahıda maksimum 9 lisenziyaya iddia edə bilərik. Bu isə Tokio-2020 Yay Olimpiya Oyunlarındakı cüdo üzrə lisenziya sayını əks etdirir.



MƏSLƏHƏT GÖR:

88