Müəllif: Nadir SƏNANOĞLU
Azərbaycan Minifutbol Federasiyası ölkəmizdə idmanın bu növünü inkişaf etdirmək və daha da populyarlaşdırmaq məqsədilə geniş tədbirlər həyata keçirir. Belə tədbirlər arasında müxtəlif səviyyəli beynəlxalq yarışların Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Sevindirici haldır ki, federasiyanın 2025-ci il dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı müraciəti müsbət cavablanıb və gələn il mundial paytaxtımızda təşkil olunacaq. Bununla bağlı, Dünya Kuboku “Bakı-2025”in təqdimat mərasimi təşkil olunub.
Dünya üçün Bakı təcrübəsi
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov ölkəmizdə son illər minifutbolun inkişafı üçün böyük işlər görüldüyünü və bunun nəticəsi olaraq dünya çempionatının Azərbaycana həvalə edildiyini diqqətə çatdırıb: “Ölkəmizdə müxtəlif idman növləri üzrə dünya çempionatları keçirilib. Amma bizim kimi gənc federasiya üçün bu, böyük hadisədir. 16 il əvvəl ölkəmizdə minifutbol meydançaları yaratmağa başladıq. Bakıda 40-a yaxın belə stadion var. Həmin meydançalar minlərlə idmançılara xidmət edir. Minifutbol ölkəmizdə geniş kütlə tərəfindən tanınır və sevilir. Dünya çempionatının paytaxtımızda təşkili bu idman növünün təbliğinə təkan olacaq”.
Dünya Minifutbol Federasiyasının prezidenti Filip Juda Azərbaycanda minifutbolun inkişafı üçün çox müasir infrastruktur yaradıldığını söyləyib: “Azərbaycanda minifutbol federasiyasının yaradılmasından sonra böyük işlər görülüb. Dünya çempionatının Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldır. İnanırıq ki, gələcəkdə digər ölkələr də sizə baxıb gördüyünüz işlərdən bəhrələnəcək. Ölkənizdə minifutbolun inkişafı naminə görülən işlər dünyada bu növün inkişafına kömək edir”.
Ölkədə peşəkar standartlara uyğun idman infrstrukturunun mövcudluğunu xüsusi vurğulayan qurum rəhbəri dünya çempionatının Bakıya həvalə olunmasında bu amilin xüsusi rol oynadığını bildirib.
2025-ci il minifutbol üzrə dünya çempionatının Bakıda keçirilməsi ilə əlaqədar Orxan Məmmədov ilə Filip Juda arasında Anlaşma Memorandumu imzalanıb. Həmçinin dünya çempionatının təşkilatçılığı ilə bağlı Azərbaycan Minifutbol Federasiyası ilə Bakı Şəhər Halqası arasında da əməkdaşlıq rəsmiləşdirilib.
Avropa çempionatından gözləntilər
Minifutbol üzrə Azərbaycan millisini isə hazırda daha bir ciddi sınaq gözləyir. Komanda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatında iştirak edəcək. Azərbaycan millisi iyunun 1-dən 8-ə kimi keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq.
Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatında titulunu qoruyacaq millinin şanslarını dəyərləndirib: “Bütün diqqətlər bizim üzərimizdə olacaq. Hədəfimiz ən azı finala çıxmaqdır. Güclü komandalarla eyni qrupa düşmüşük. Xatırlatmaq istəyirəm ki, biz də dünya reytinqində ikinci sırada qərarlaşmışıq. Ən güclü komandalardan biri Azərbaycandır. İtkisiz qrupu uğurla başa vurmaq istəyirik. Qrupdakı çıxışlarımızdan sonra necə mübarizə aparacağımız görünəcək”.
Baş məşqçi millinin hazırlıq prosesindən də danışıb: “İki aydır Avropa çempionatına hazırlaşırıq. Bu müddət ərzində çempionat matçları olduğu üçün məşqləri fasilələrlə edirdik. Hər şey qaydasındadır. Komanda yaxşı formadadır. Qarşıda bizi çətin oyunlar gözləyir. Ümid edirəm ki, hazırlıqlarımızın bəhrəsini görəcəyik”.
E.Quliyev Avropa çempionatındakı rəqiblərinin oyunlarını təhlil etdiklərini bildirib: “Fransa və İtaliya yığmalarını təhlil etmişik, çox təcrübəli komandalardır. Amma zəif tərəfləri də var. Bizim millimiz daha sürətli və texnikalıdır”.
Xatırladaq ki, minifutbol üzrə Azərbaycan yığması 2022-ci ildə Slovakiyada keçirilən Avropa çempionatının finalında qızıl medal qazanıb. Maraqlıdır ki, milli komanda çempionatda tarixində ikinci dəfə iştirak edərək qalib gəlib.
MƏSLƏHƏT GÖR: