Müəllif: Nurlanə QULİYEVA
Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da yay tətili mövsümü və aktiv turizm dövrü başlayıb. Ekspertlər əmindirlər ki, bu il ölkənin turizm sektoru 2019-cu ildəki, yəni pandemiyadan əvvəlki səviyyəyə çata biləcək. Buna Azərbaycanda keçiriləcək böyük beynəlxalq tədbirlər də töhfə verəcək.
Məlum olduğu kimi, nəinki Azərbaycanda, hətta dünyanın bir çox məşhur istiqamətlərində turizm biznesinin əsas çatışmazlığı mövsümiliklə bağlıdır. Bu məsələ sektorun rentabelliyinə və ÜDM-in formalaşmasında iştirakına əhəmiyyətli dərəcədə təsir göstərir. Belə ki, bəzən mövsümlərarası dövrdə boş qalan hotellərə və hotel evlərə çəkilən xərc onların yayda əldə etdiyi bütün qazanca bərabər olur.
Buna görə də dünyada rekreasiya zonalarının - bütün il boyu qonaqları qəbul etməyə imkan verən sağlamlıq (tibb) turizminin yaradılmasına getdikcə daha çox diqqət yetirilir. Bu sahə Azərbaycan üçün yeni olmasa da, bazarda və bu sektorun əldə etdiyi gəlirlərdə hələ də öz layiqli yerini tutmayıb. Bu arada, qonşu Türkiyənin təcrübəsi turizm sənayesinin bu çox perspektivli seqmentinin potensialından istifadə etmək üçün faydalı ola bilər.
Tarixi vətən
Son illər Azərbaycanda müalicəvi turizmə maraq xeyli artıb. Artıq bir neçə klinika xarici pasiyentlərin qəbulunu təşkil etmək üçün real addımlar atır. Amma bu seqment hələ də Türkiyədə olduğu kimi sistemli xarakter almayıb. Türkiyənin turizm sənayesinin müalicəvi turizm sektoru böyük irəliləyişə nail olub. Odur ki, qardaş ölkənin təcrübəsi çox ibrətamizdir.
Qara dəniz sahilində yerləşən Samsun Türkiyə miqyasında kiçik şəhərdir. Burada xüsusi görməli yerləri və xarici səyahətçilərin kütləvi şəkildə buraya gəlməsi üçün heç bir səbəb yoxdur. Amma turizm Türkiyənin dövlət büdcəsinin ən mühüm gəlir mənbələrindən biridir və buna görə də onun müxtəlif istiqamətlərdə inkişafı üçün bütün imkanlardan istifadə etməyə çalışılır.
Hava limanına, mülayim iqlimə və başqa imkanlara malik Samsunda baş ofisləri İstanbul və Ankarada yerləşən məşhur brendlərin, böyük klinikaların filialları inşa edilib. Burada təxminən 56 multidissiplinar klinika fəaliyyət göstərir. Şəhərin Türkiyədə müalicəvi turizm mərkəzi kimi daha da məşhurlaşması üçün son illər burada tematik beynəlxalq tədbirlər təşkil olunur.
Belə ki, mayın ortalarında Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) təşkilatçılığı ilə II Beynəlxalq “Samsun İkiztepe Sağlamlıq Sammiti” keçirilib.
23 ölkədən 200-ə yaxın tibb sahəsində mütəxəssisin, turizm sektorunun nümayəndələrinin, eləcə də KİV nümayəndələrinin iştirak etdiyi tədbirin əsas məqsədi Türkiyənin sağlamlıq turizmi sahəsindəki yerini və rolunu daha da artırmaq olub.
Məlum olub ki, Samsun müalicəvi turizm üçün regional mərkəz kimi təsadüfi seçilməyib. ASKON-un rəhbəri Orxan Aydının sözlərinə görə, İkiztepe qəsəbəsində aparılan arxeoloji qazıntılar zamanı burada insanlığa məlum olan ən qədim cərrahi alətlər aşkar edilib. Xüsusilə, eramızdan əvvəl 3200-2100-cü illərə aid olan cərrahi bıçaqlar. Üstəlik, yaxınlıqdakı qəbiristanlıqda tapılan 700 kəllə sümüyünün 14-də cərrahi müdaxilənin izləri var.
ASKON-un Samsun filialının rəhbəri Əhməd Alp Doğru isə bildirib ki, Türkiyə bəzi xəstəliklərin müalicəsində, xüsusən də cərrahi müdaxilə baxımından dünyada ilk beşliyə daxildir. “Kənd təsərrüfatı sahəsində lider olan Samsun tibb sahəsində lider mövqe tutmağa çalışır. Təkcə Samsunda səhiyyə sektorunun illik gəliri 6,5 milyard ABŞ dollarıdır”.
Bu məqamda qeyd edək ki, Türkiyə uzun müddətdir ki, ən çox xarici pasiyent qəbul edən ilk 10 ölkədən biridir. Qlobal sağlamlıq turizminin gəlirinin 10 trilyon ABŞ dolları həcmində qiymətləndirilməsini nəzərə alsaq, Türkiyənin bu seqmentin gələcək inkişafında nə qədər maraqlı olduğunu təsəvvür etmək çətin deyil.
Viza və logistika
“19 Mayıs” Universitetinin rektoru Yavuz Ünal vurğulayıb ki, turistlərin yerli klinikalarda müalicə alması daxil olmaqla, ölkəyə gəlişini asanlaşdırmaq üçün Türkiyə hazırda dünyanın 70-dən çox ölkəsi ilə vizasız rejim tətbiq edir.
“Təkcə 2023-cü ildə sağlamlıq turizmi məqsədilə ölkəyə 404 şirkət investisiya yatırıb. Bu investisiyaların ümumi məbləği 62 milyard dollardır. Türkiyənin Ticarət və Səhiyyə Nazirliyi bu nəticənin əldə edilməsində özəl sektora kömək edir”, - o vurğulayıb. Qeyd edək ki, Türkiyə müalicə turizmi sektoru üçün 2024-cü ildə 2 milyon turistin gəlməsini və 20 milyon ABŞ dolları gəlir əldə etməyi qarşısına məqsəd qoyub.
Samsunda keçirilən sağlamlıq sammitində Azərbaycan böyük nümayəndə heyəti ilə təmsil olunub. Onlar Azərbaycanda analoji müalicəvi turizm mərkəzlərinin yaradılması imkanları ilə bağlı fikirlərini bölüşüblər. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyev bildirib ki, digər sahələrdə olduğu kimi müalicəvi turizm sahəsində də Azərbaycan və Türkiyə arasında çox yaxşı əlaqələr qurulub və qarşılıqlı əməkdaşlıq üçün böyük planlar var.
“Qardaş ölkənin səhiyyə və turizm nümayəndələri ilə keçirdiyimiz görüşlər nəticəsində klinikalarımızda tibbi yardım almaq istəyən pasiyentlərin mübadiləsi üçün də əlaqələrimizi inkişaf etdiririk. Samsun bu seqmentdə çox yaxşı inkişaf edən istiqamətlərdən biridir. Lakin təəssüf ki, bu region ilə turizm əlaqələrinin daha geniş inkişafına mane olan logistik problemlər var”, - o deyib.
Onun sözlərinə görə, işgüzar danışıqların gündəmindəki mövzulardan biri də Bakı ilə Samsun arasında birbaşa aviareysin açılması zərurəti olub: “Məsələn, artıq bir ildir ki, Trabzona birbaşa aviareys fəaliyyət göstərir və belə qısa müddət ərzində hər iki tərəfdən turist axınının və iş adamlarının səfərlərinin əhəmiyyətli dərəcədə artması qeydə alınıb”.
Bu ilin sonuna kimi Azərbaycanda Samsun Sağlamlıq Turizmi Günlərinin keçirilməsi planlaşdırılır.
Azərbaycan üçün potensial gəlir
Turizm eksperti, “SKAL Baku” klubunun prezidenti Ceyhun Aşurovun fikrincə, Azərbaycanda Samsunun müalicəvi turizm təcrübəsinin mənimsənilməsi və bu sahənin ölkədə inkişafı üçün böyük potensial var: “Ölkəmizdə müasir, bahalı avadanlıqlarla təchiz edilmiş çox sayda böyük klinikalar inşa edilib. Üstəlik, bizim çoxlu sayda yüksəkixtisaslı mütəxəssislərimiz var. Ən əsası bizdə tibbi xidmətlərlə bağlı qiymətlər, məsələn, Türkiyədən aşağıdır. Bu, xüsusilə stomatologiya, estetik cərrahiyyə, kardiologiya və digər sahələrdə nəzərə çarpır”.
O əlavə edib ki, son vaxtlar Bakıda fəaliyyət göstərən böyük tibb mərkəzləri arasında xarici pasiyentləri cəlb etmək üçün turizm sektoru ilə daha sıx əməkdaşlıq etmək istəyi var: “Bu istiqamətdə marağın olmasını təkcə klinikaların deyil, həm də ayrı-ayrı həkimlərin xidmətlərinin təklif olunduğu reklam lövhələrindən aktiv şəkildə istifadə edilməsi göstərir”.
Bəs müalicəvi turizmi inkişaf etdirmək niyə bu qədər vacibdir? Ekspert deyir ki, təkcə ona görə ki, adi səyahətçi ölkədə olduğu müddətdə təxminən 1000-1500 dollar xərcləyirsə, müalicə məqsədi ilə gələn şəxs üçün bu məbləğ təxminən 5 dəfə artır. Üstəlik, həmin şəxsi müşayiət edən şəxslərin xərcləri də nəzərə alınmalıdır. Yəni bu sahə digər turizm növləri ilə müqayisədə daha gəlirli hesab olunur.
“Məhz buna görədir ki, ənənəvi olaraq dünya üzrə turistlər arasında ilk onluğa daxil olan Türkiyə bu sahədə strategiyasını dəyişib. Məsələ burasındadır ki, çoxlu sayda səyahətçi bu ölkənin dövlət büdcəsini proporsional, ən əsası isə arzulanan gəlirlə təmin etməyib. Buna görə də qardaş ölkə turizmin gəlirli sahələrinin inkişafına diqqət ayırmaq qərarına gəlib”, - C.Aşurov qeyd edib.
Onun sözlərinə görə, hazırda 20 ölkədən vətəndaşlar tibbi xidmət almaq üçün Azərbaycana səfər edirlər. Onların ümumi sayı o qədər də böyük olmasa da, bu istiqamətdə böyük potensial var. Bundan istifadə etmək üçün isə Samsun şəhərinin böyük simpoziumlar, reklam və marketinq tədbirlərinin təşkili, turoperatorlarla dövlət səviyyəsində fəal əməkdaşlıq təcrübəsindən istifadə etmək məqsədəuyğun olardı.
Bir sözlə, müalicəvi turizm sahəsi üçün investisiyalar qoymağa, güc sərf etməyə və əlaqələrdən istifadə etməyə dəyər. Axı, başqa üstünlüklərlə yanaşı, bu seqment vasitəsilə təkcə mövsüm ərzində deyil, həm də bütün ilboyu gəlir əldə etmək mümkündür.
MƏSLƏHƏT GÖR: