Müəllif: Leyla ZEYNAL
Bu il Türkmənistan qazının Azərbaycan və Türkiyə vasitəsilə Avropaya nəqlinin həyata keçirilməsi məsələsində dönüş nöqtəsi ola bilər. Belə bir iddia irəli sürməyə Türkiyə hakimiyyətinin martda Türkmənistanla, mayda isə Azərbaycanla imzaladığı müvafiq sazişlər əsas verir. Bununla Aşqabad təbii qazın Türkiyəyə, buradan isə Avropa bazarlarına tədarükünə hazır olduğunu bəyan edib. Rəsmi Bakı da Ankara ilə qaz əməkdaşlığına dair yeni saziş bağlayaraq, türkmən qazının beynəlxalq bazarlara tranziti üçün öz infrastrukturunu və ərazisini təmin etmək əzmində olduğunu təsdiqləyib.
Digər tərəfdən bu saziş Cənubi Qafqaz Boru Kəməri (CQBK, Bakı-Gürcüstan-Türkiyə sərhədi) və Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə əlavə Azərbaycan qazının Türkiyəyə, buradan isə Avropaya nəqli üçün imkanların genişləndirilməsi üzrə işlərin başlanılması üçün hüquqi əsas yaradır.
Ümumiyyətlə, Türkiyə üçün Azərbaycan və Türkmənistanla yeni sazişlərin imzalanması bu tranzit ölkəni Qara dəniz regionunda ən böyük qaz habına çevirmək yolunda böyük addım olacaq.
Şərq “ekspressi”
Anadolu Diplomatik Forumu çərçivəsində bu il martın 1-də “Türkmənqaz” Dövlət Konserni ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qaz sahəsində tərəfdaşlığın inkişafı üzrə Qarşılıqlı Əməkdaşlıq Memorandumu imzalanıb.
Bu istiqamətdə razılaşmalar Türkmənistan Xalq Məsləhətinin (Xalq Şurasının) sədri Qurbanqulu Berdiməhəmmədovun Türkiyəyə işgüzar səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı əldə olunub. Bundan başqa, karbohidrogen ehtiyatları sahəsində əməkdaşlığa dair Dövlətlərarası Niyyət Bəyannaməsi də imzalanıb.
Beləliklə, bu sazişlər Türkmənistan və Türkiyə arasında enerji tərəfdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımdır. Üstəlik, bu razılaşmalar Türkiyəni potensial olaraq əhəmiyyətli regional enerji mərkəzinə çevirir.
Türkiyənin energetika naziri Alparslan Bayraktar bu razılaşmaların əhəmiyyətini vurğulayaraq, Ankaranın türkmən qazının dünya bazarlarına tranzitini asanlaşdırmağa hazır olduğunu açıqlayıb. Düzdür, o, buna necə nail olunacağı barədə aydın məlumat verməyib.
Xatırladaq ki, Türkmənistan dünyada dördüncü ən böyük təbii qaz ehtiyatına malikdir, onun ərazisində dünyanın ən böyük yatağı olan “Qalkınış” qaz yatağı yerləşir. Hazırda türkmən qazını Çin (əsas idxalçı), Rusiya və Özbəkistan alır.
Eyni zamanda Aşqabad tədarük istiqamətlərinin şaxələndirilməsi çərçivəsində “mavi yanacağın” Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılması variantını araşdırır, trans-Xəzər qaz kəmərinin inşası layihəsinin həyata keçirilməsində maraqlı olduğunu (dəfələrlə, üstəlik, rəsmi səviyyədə) təsdiqləyir. İran vasitəsilə Türkiyəyə tədarük imkanları və Cənubi Asiyaya qaz kəməri layihəsinin həyata keçirilməsi də nəzərdən keçirilir.
Azərbaycandan keçən marşrut
Əslində, Türkmənistan qazının Xəzər dənizinin dibi ilə çəkilməli və Cənub Qaz Dəhlizinə (SGC) qoşulmalı olan qaz kəməri ilə Türkiyəyə nəqli ideyası yeni deyil. Bu ideyanın yaranmasından bir neçə onillikdən çox vaxtın keçməsinə baxmyaraq, Türkmənistanla fəal danışıqlar aparan avropalılar bu layihənin həyata keçirilməsində irəli gedə bilməyiblər. Bunun səbəbləri çoxdur. Amma güman ki, əsas səbəb maliyyə məsələləri ilə bağlıdır. Aşqabad hesab edir, maliyyə məsələlərini istehlakçı ölkələr düşünməlidir. Yəni Türkmənistan belə bir yükü öz üzərinə götürməyə hazır deyil.
Avropa isə enerji keçidini aktivləşdirdiyinə və gələcəkdə yanacaq istehlakını azaltmağı hədəflədiyinə görə, karbohidrogen layihələrini maliyyələşdirməyə getdikcə daha az həvəsli olur. Bundan başqa, Avropa İttifaqı (Aİ) uzunmüddətli müqavilələr bağlamağa deyil, spot qaz tədarükünə üstünlük verir və əsas kimi bu enerji resursuna yalnız 5-10 il ərzində ehtiyac duyacağını göstərir. Belə bir vəziyyətdə ixrac infrastrukturunun yaradılması üçün milyardlarla dollar investisiya qoymağa və xərcləri geri qaytarmamaq riski ilə üzləşməyə kim razılaşar?
Lakin Aşqabadla Ankara arasında yeni saziş bu istiqamətdə bir qədər ümid yaradır, çünki belə bir sənədin imzalanması Türkiyə tərəfinin mürəkkəb məsələlərdə razılığa nail olmaq qabiliyyətinin mövcudluğunu göstərir. Amma bu da Türkiyənin türkmən qazının Azərbaycan vasitəsilə tranzitini necə təşkil etməyi planlaşdıracağı ilə bağlı sualları aradan qaldırmır. Söhbət Avropaya qaz tədarükü üçün habın yaradılmasından getdiyinə görə Ankaranın bu məsələ ilə bağlı planlarının olduğunu güman etmək olar.
Türkmənistan üçün bu layihənin həyata keçirilməsinin öz üstünlükləri var. Bunlardan da başlıcası yeni bazarlara çıxış, yəni ixracın şaxələndirilməsi və onun qlobal qaz bazarında rolunun gücləndirilməsidir. Çinin əsas alıcı kimi olması sabitlik mühiti yaradır, üstəlik, Rusiya və Özbəkistan da Türkmənistan qazının alıcıları sırasındadır. Eyni zamanda bu enerji resursunun alıcılarının sayının genişlənməsi ölkəyə öz şərtlərini diktə etməyə imkan verir.
Bu layihə həyata keçirilərsə, SGC-nin rəqabət qabiliyyəti və Türkiyənin qaz habı yaratmaq şansı da əhəmiyyətli dərəcədə artacaq. Söhbət Ankara tərəfindən “mavi yanacağ”ın Avropaya təkrar ixracından gedir. Bundan əlavə, Ankara digər təchizatçılara qiymət təzyiqi yaratmağa imkan verən təbii qazın nəqli üçün daha bir mənbə əldə edəcək. Türkmənistan və Türkiyə arasında təbii qaz sahəsində əməkdaşlıq Avropanın enerji xəritəsini tamamilə dəyişə, “qoca qitə”ni Rusiyanın qaz asılılığından azad edə bilər. Aİ enerjiyə keçid yolunda məhz buna səy göstərir.
Yeni təbii qaz ittifaqı
Məlum olduğu kimi, Aİ təbii qaz sahəsində Azərbaycanla Anlaşma Memorandumu imzalayıb. Onun məqsədi Xəzər qazının tədarükünü ildə 20 milyard kubmetrə çatdırmaqdır. Lakin Türkiyə olmadan bu vəzifəni yerinə yetirmək, demək olar ki, mümkün deyil. Məhz buna görə də Türkiyə təbii qaz sahəsində əvvəlcə Türkmənistanla, sonra isə Azərbaycanla yeni sazişlər imzalayıb.
Sənədi mayın 14-də Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov imzalayıblar.
“Bugünkü saziş iki ölkə tərəfindən hazırlanmış uzunmüddətli, böyük və siyasi baxımdan uzaqgörən layihələrin həyata keçirilməsi siyasətini əks etdirir. Türkiyə-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verir”, - M.Cabbarov vurğulayıb.
Bu məqsədə nail olmaq üçün lazımi şəraitin yaradılması məqsədilə bu sazişlə TANAP və CQBK-nin imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
“Bugünkü razılaşma təbii qaz sahəsində əməkdaşlığımızda yeni mərhələni qeyd edəcək. Bu, 2030-cu ilə qədər Azərbaycan qazının, eləcə də Xəzər dənizinin qaz ehtiyatlarının Türkiyəyə əlavə həcmdə nəqlini təmin edəcək. Bundan əlavə, qazın bir hissəsi Türkiyədən keçməklə Avropaya daşınacaq. Əhəmiyyətli bir məqam da ondan ibarətdir ki, saziş çərçivəsində biz Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan vasitəsilə Türkiyəyə nəqli ilə bağlı razılığa gəldik”, - A.Bayraktar bildirib.
Yəni bu, həm də türkmən qazının Azərbaycan və Gürcüstan vasitəsilə Avropa bazarına çıxışını təmin edən tranzit müqaviləsidir.
Xəzər dənizindən hasil olunan qazın əvvəlcə Türkiyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə nəqlini təmin etmək üçün Bakı və Ankara Avropadakı birləşmə nöqtələrində, həmçinin Bolqarıstan və Yunanıstanda qaz birləşmələrinin genişləndirilməsi üçün birgə tədqiqatlar aparacaq.
“Buna görə də biz bu hərtərəfli sazişi bu gün imzaladıq”, - A.Bayraktar qeyd edib.
Əlbəttə ki, bu razılaşmaların bütün tərəflər üçün faydalı olduğu göz qabağındadır və əlavə qaz kompressor stansiyalarının quraşdırılmasından başqa heç bir xərcə ehtiyac olmayacaq. Digər tərəfdən beynəlxalq maliyyə institutları ilə layihənin maliyyələşdirilməsinə dair danışıqlar aparmalıdır və ümid edək ki, bu proses bankların karbohidrogen layihələrinə kredit vermək istəməməsi ilə üzləşməyəcək.
Maraq artır
Avropada, xüsusilə onun şərq hissəsində və Balkan ölkələrində Azərbaycan qazına sabit və yüksək tələbat var. Bunu may ayında Slovakiyanın Baş naziri Robert Fitso və Bolqarıstan Prezidenti Rumen Radevin Bakıya səfərləri təsdiqləyir. Aprelin sonunda isə Macarıstanın xarici işlər naziri Peter Siyarto Azərbaycanda səfərdə olub. O bildirib ki, ölkəsi aprel ayından Azərbaycan qazını almağa başlayıb.
Bu məqamda qeyd edək ki, Bolqarıstan bu gün tələbatının 55%-ni Azərbaycan qazı hesabına ödəyir. Eyni zamanda tədarükün təkcə Yunanıstan vasitəsilə deyil, həm də Türkiyə üzərindən artırılması ilə bağlı danışıqlar aparılır. 2022-ci ildə bu ölkə Azərbaycandan 600 milyon, 2023-cü ildə isə 1 milyard 250 milyon kubmetr “mavi yanacaq” alıb. 2024-cü ildə onun həcminin azı 1,5 milyard kubmetrə çatdırılacağı gözlənilir.
Rəsmi Sofiya ümid edir ki, SOCAR və Türkiyə uzunmüddətli müqavilə əsasında Xəzər regionundan əlavə qaz həcmləri nəqli imkanı əldə edəcək və bu həcmlər Bolqarıstan vasitəsilə Mərkəzi və Şərqi Avropa bazarlarına çıxarılacaq. Bu, SOCAR-ın Bolqarıstan bazarında qaz satışını artıracaq və Bolqarıstanın isə Azərbaycanın “mavi yanacağı” üçün tranzit ölkə kimi mövqeyini gücləndirəcək.
Slovakiya da Azərbaycandan qaz almağı planlaşdırır. Bununla o, Azərbaycandan “mavi yanacaq” əldə edəcək Avropanın yeddinci və ümumilikdə dünyanın doqquzuncu ölkəsi olmağı planlaşdırır. Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova daxili ehtiyacları ödəmək üçün idxalı təşkil etməyə və qonşu Avropa ölkələrinə qaz təchizatını şaxələndirməyə hazır olduğunu açıqlayıb. Onun sözlərinə görə, əməkdaşlıq Şərqi və Mərkəzi Avropaya - Avstriya, Çexiya və Macarıstana bu enerji resursunun nəqlinin həyata keçirilməsinə kömək edəcək. Bu, ötən ilin aprelində Azərbaycan, Slovakiya, Bolqarıstan, Rumıniya və Macarıstanın imzaladığı “Həmrəylik Halqası” (STRING) təşəbbüsünün həyata keçirilməsi ilə mümkün olacaq.
Qeyd edək ki, STRING layihəsi ilə Cənub Qaz Dəhlizi vasitəsilə Xəzər dənizindən əlavə təbii qaz həcmlərinin (ildə 5 milyard kubmetrə qədər) Aİ-yə çatdırılması və bu təşəbbüsün avropalı iştirakçılarının qaz nəqli infrastrukturundan istifadəsi nəzərdə tutulur.
Slovakiya bu yay Azərbaycandan qaz ala bilər. Lakin nəqliyyat gücləri tam yükləndiyi üçün hazırda Rumıniya və Macarıstan sərhədində problemli sahə mövcuddur. Buna görə də Avropa ölkələri qazın qəbulu və qonşu ölkələrə tranziti üçün yeni interkonnektorların yaradılması üçün fəal lobbiçilik etməlidir.
Alternativ olaraq, Bratislava Azərbaycan qazının Slovakiyaya “Şaquli Dəhliz” vasitəsilə Ukrayna ərazisindən idxalını təşkil etməyi təklif edir. Slovakiya rəsmilərinin fikrincə, bu layihə vasitəsilə ildə 20 milyard kubmetr qazın tədarükü həyata keçirilə bilər. Onun əsas ideyası ondan ibarətdir ki, əlavə həcmlər əldə etmək üçün hər bir qaz nəqli sisteminin operatoru - istər Bolqarıstan, istər Macarıstan, istər Rumıniya, istərsə də “Şaquli Dəhliz”in digər iştirakçısı - yeni qaz kəmərləri çəkməyin əvəzinə, öz sisteminin ötürücülük qabiliyyətini artırmalı olacaq. Bu, daha səmərəli olacaq və ucuz başa gələcək. Hər halda, son nəticədə hansı variantın seçilməsindən asılı olmayaraq, bu tədarüklər üçün yanacaq mənbəyi kimi Azərbaycanın iştirakı çox vacibdir.
MƏSLƏHƏT GÖR: