12 Mart 2025

Çərşənbə, 11:44

ARAZI QOVUŞDURDULAR...

“Xudafərin” və “Qız гalası” hidroqovşaqlarının istifadəyə verilməsi Azərbaycan-İran əməkdaşlığında vacib dönüş nöqtəsidir

Müəllif:

01.06.2024

Təəssüf ki, həm içməli su, həm suvarma, həm də elektrik enerjisi istehsalı üçün su çatışmazlığı bir çox ölkələrində bir nömrəli problemə çevrilir. Azərbaycanda da ekoloqlar uzun illərdir ki, ölkənin su ehtiyatlarının tədricən tükənməsinə işarə edərək həyəcan təbili çalırlar.

2020-ci ildə Vətən müharibəsində qələbə bu aktual problemin həllində mühüm irəliləyişlərə yol açıb. Ən əsası isə Azərbaycanın cənub-qərb ərazilərindəki strateji əhəmiyyətli su ehtiyatlarına tam nəzarət təmin olunub. Son 3,5 ildə Kiçik Qafqaz dağlarının çaylarının zəngin potensialı istifadə edilməyə başlanılıb, su anbarları və su elektrik stansiyaları bərpa edilib. Üstəlik, sərhəddə yerləşən Araz çayı üzərində Xudafərin su anbarının infrastrukturunun, o cümlədən “Xudafərin” və “Qız гalası” hidroqovşaqlarının İranla birgə inşası həyata keçirilib.

Mayın 19-da prezidentlər İlham Əliyev və Seyid İbrahim Rəisinin görüşünə səbəb bu iki su elektrik stansiyasının istifadəyə verilməsi mərasimi olub. İran Prezidentinin helikopteri qəzaya uğramamışdan bir neçə saat əvvəl o, hər iki ölkənin infrastrukturu üçün çox vacib layihələri işə salmış olub.

 

İllərdir gözlənilən layihə

Azərbaycan və İran arasında elektrik enerjisi sahəsində əməkdaşlığın yarım əsrdən çox tarixi var. Bu əməkdaşlıq hələ 1971-ci ildə “Araz” su qovşağının və Naxçıvan Muxtar Respublikasında Araz çayının sərhədyanı hissəsində yerləşən 22 MVt gücündə su elektrik stansiyasının inşası ilə başlayıb. Bu çox uğurlu birgə müəssisə daha da iddialı layihənin - Azərbaycanın cənub-qərbində, Araz çayı üzярində böyük su anbarının tikintisinin həyata keçirilməsi üçün ilkin şərait yaradıb.

Qeyd edək ki, “Xudafərin” su anbarının tikintisi ideyası hələ ötən əsrin 60-cı illərində müzakirə olunub və 1977-ci ildə İran və SSRİ bu layihənin həyata keçirilməsinə dair dövlətlərarası saziş imzalayıb. Lakin İranda İslam İnqilabı və onun ardınca İraqla müharibə bu prosesin təxirə salınmasına səbəb olub. 1988-ci ildə SSRİ ilə İran arasında iqtisadi, ticarət, elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli saziş bağlanıb. Bu çərçivədə “Xudafərin” və “Qız qalası” hidroqovşaqların, su elektrik stansiyalarının tikintisi və istismarı haqqında ikitərəfli saziş imzalanıb. Lakin tikintiyə hazırlıq işlərinin başlanılması SSRİ-nin dağılmasına təsadüf edib və layihə yenidən dayandırılıb. 1992-ci ildə Azərbaycan Nazirlər Kabinetinin tapşırığı ilə müstəqil ekspert qrupu yaradılıb, su anbarı və su təsərrüfatı layihələri yenidən işlənib. Lakin 1993-cü ildə Azərbaycanın sərhədyanı cənub-qərb rayonlarını işğal edən Ermənistanın təcavüzü bu istiqamətdə işlərin bir daha təxirə salınmasına səbəb olub.

Daha sonra Araz çayının sahilinə nəzarət etmiş erməni işğalçı rejimi İranı hidrotexniki qurğuların tikintisini birgə başa çatdırmağa razı salmağa cəhdlər etmişdi. Lakin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin vaxtında həyata keçirdiyi diplomatik səylər bu məsələni gündəmdən çıxarmağa imkan verib. Sonradan İran tərəfi müstəqil şəkildə sərhəd çayının müvafiq hissəsində su anbarının və su qurğularının tikintisi üzrə işləri həyata keçirib.

Mövcud vəziyyətdə keyfiyyət dəyişiklikləri 2016-cı ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız гalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandıqdan sonra baş verib. Bu sənədlə Azərbaycan və İranın suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri, hidroqovşaqların su və enerji ehtiyatlarına bərabər hüquqlar bəyan edilir. Bundan başqa, bu sazişdə Azərbaycanın ərazi bütövlüyü bərpa olunana qədər hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması, həmçinin su və enerji ehtiyatlarının mühafizəsinin İran tərəfindən təmin olunacağı öz əksini tapıb.

Bu sənədlə həmçinin su qurğularının mühafizəsi və istismarının müvəqqəti və ya daimi əsaslarla üçüncü ölkənin fiziki və ya hüquqi şəxslərinə verilməsi qadağan edilir. Belə ki, bu iki su elektrik qurğusundan və su elektrik stansiyalarından yalnız Azərbaycan və İranın istifadə edə biləcəyi xüsusi olaraq şərtləndirilib. Bununla yanaşı, razılaşdırılıb ki, hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan sonra razılaşdırılmış metodlar əsasında suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaq.

 

Tarixi hadisə

Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının əraziləri Ermənistanın işğalından azad edildikdən, demək olar ki, dərhal sonra burada su ehtiyatları ilə zəngin olan Kiçik Qafqaz regionunun hidropotensialının məniмsənilməsi istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Belə ki, su anbarları bərpa olunub, onlarla kiçik su elektrik stansiyası inşa edilir. Analoji işlər “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının yerləşdiyi Araz çayında da aparılıb. Dövlət başçısının su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və bu qurğuların istismara qəbul edilməsi haqqında sərəncamına əsasən, 2021-ci ildə sifarişçi qismində “Azərenerji” ASC müəyyən edilib. Ötən müddət ərzində Bakı və Tehran arasında su ehtiyatlarının idarə edilməsi mexanizmlərini və istehsal edilən elektrik enerjisinin payını müəyyən edən bir sıra sənədlər imzalanıb. Üstəlik, Araz çayında su anbarının tikintisinin başa çatdırılması üçün birgə investisiyanın şərtləri müəyyən edilib.

Bu ilin birinci rübünün sonunadək su qurğularında tikinti işləri, o cümlədən avadanlıqların quraşdırılması başa çatdırılıb, su anbarlarının doldurulması tədbirlərinə başlanılıb. May ayının ikinci ongünlüyünə olan məlumata görə, “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız qalası” su anbarında isə 42 milyon kubmetr su toplanıb. Bu da onların ümumi həcminin müvafiq olaraq 40 və 85%-ni təşkil edib.

“Qız гalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir. İlk növbədə, bu nəhəng obyektin inşasında iştirak etmiş bütün İran mütəxəssislərinə, fəhlələrinə, dostlarımıza təşəkkürümü bildirmək istəyirəm”, - Azərbaycan Prezidenti İlham Əliyev “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız гalası” hidroqovşağının açılış mərasimində bildirib.

 “Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir”, - Azərbaycan dövlət başçısı vurğulayıb.

Azərbaycanın energetika sahəsində çox böyük planlarının olduğunu deyən Prezident İlham Əliyev azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də Naxçıvan bölgəsinin Azərbaycanda “yaşıl enerji” zonaları elan edildiyini xatırladıb və burada bərpa olunan enerji mənbələri istehsal müəssisələrinin tikintisinin bütün region üçün faydalı olacağını qeyd edib. Belə ki, son 3 ildə işğaldan azad edilmiş ərazilərdə 270 MVt gücündə su elektrik stansiyaları tikilib və qəbul edilmiş proqram çərçivəsində növbəti 2-3 il ərzində bu stansiyaların gücü 500 MVt-a çatdırılacaq.

İlham Əliyev vurğulayıb ki, nəzərə alınsa ki, İranla Azərbaycan arasında elektrik xətlərinin müasirləşdirilməsi, qarşılıqlı təchizat məsələləri artıq həll olunub, bu, iki ölkə və digər dövlətlər üçün də fayda gətirəcək layihələr olacaq.

“İran Qarabağın Azərbaycanın ərazisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olub. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm”, - İran Prezidenti Seyid İbrahim Rəisi “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız гalası” hidroqovşağının açılış mərasimində bildirib.

Onun sözlərinə görə, “Xudafərin” bəndinin və hidroqovşaqların tikintisi 40 mindən çox iş yerinin yaradılmasına kömək edib. Bu obyektlərin istifadəyə verilməsi ilə kənd təsərrüfatı torpaqlarının suvarılması, içməli su ilə təminatı yaxşılaşacaq. Bu, Şərqi Azərbaycan vilayəti, Ərdəbil, Təbriz və sərhədyanı bölgələrin sakinləri üçün son dərəcə vacibdir.

Yeni hidroenergetika obyektlərinin İran və Azərbaycanın enerji və irriqasiya sektorlarına verdiyi töhfəni qiymətləndirmək çətindir. Bu birgə layihələr ölkələrimiz arasında siyasi əməkdaşlığın və qarşılıqlı faydalı işgüzar əlaqələrin möhkəmləndirilməsinin рəmzi kimi heç də az əhəmiyyətə malik deyil. Mayın 19-da keçirilən tədbirdə bütün iştirakçıların çıxışlarında bu ismarış leytmotiv olub. Bu kursa sadiqlik İran hökumətinin sonrakı bəyanatlarında da ifadə olunub.

 

Hərtərəfli faydalar

“Xudafərin” su anbarı azad edilmiş ərazilərdə tikilmiş ən böyük obyektdir. Hidroqovşaqların istifadəyə verilməsi ilə Araz çayının su-enerji ehtiyatlarından İranla müştərək istifadə edilə biləcək.

“Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız гalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız гalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq”, - Azərbaycanın energetika naziri Pərviz Şahbazov söyləyib.

Azərbaycan-İran sərhədində yerləşən iki su elektrik stansiyasının ümumi gücü 280 MVt-dır. Bu su elektrik stansiyaları istismar gücünə çatdıqda ümumilikdə ildə 716 milyon kilovat/saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir. Bunun yarısı Azərbaycanın, digər yarısı isə İranın payına düşəcək. İstehsal olunan elektrik enerjisinin həcmi ildə 80 milyon kubmetr qaza qənaət etməyə imkan verəcək.

“Xudafərin”, “Qız qalası”, həmçinin “Günəş” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin respublikanın vahid enerji şəbəkəsinə ötürülməsi məqsədilə Qarabağ regionunda 330/110 kilovoltluq “Cəbrayıl”, yəni ən böyük qovşaq yarımstansiyası keçən ilin mayında istifadəyə verilib. Onun tikintisi işğaldan azad edilmiş ərazilərin enerji təchizatında xüsusi rol oynayır. Gələcəkdə BP-nin “Cəbraйыl” Günəş Elektrik Stansiyası bu yarımstansiyaya, sonra isə yaxınlıqdakı digər bərpa olunan enerji mənbələrinə qoşulacaq. Lazım gələrsə, planlaşdırılan birgə elektrik ötürücü xətti ilə İrana enerji axınlarının yaradılması mümkün olacaq. Yaxın perspektivdə bu yarımstansiyanın köməyi ilə Qarabağdakı su elektrik stansiyaları və digər bərpa olunan enerji generatorlarından alınan elektrik enerjisi Cəbrayıl-Naxçıvan-Ağrı tranzit marşrutuna ötürüləcək. Daha sonra Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına daha əlverişli çıxış təmin ediləcək.

Su tutumu 1,6 milyard kubmetrdən çox olan “Xudafərin” su anbarının İranla birgə istifadəsi vasitəsilə Azərbaycanın cənub-qərbində 260 min hektar əkin sahəsinin suvarılması digər mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Artıq bu istiqamətdə işlərə başlanılıb. Cəbrayıl rayonunda hidravlik mexanizmlər bərpa olunur, suvarma kollektorları və su kanalları lildən təmizlənir. Bundan başqa, 5 nasos stansiyası işə salınıb, bunun sayəsində 4810 hektara yaxın əkin sahəsinin suvarılması təmin edilib.

P.Şahbazovun sözlərinə görə, “Xudafərin” və “Qız гalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək.

Bir sözlə, Bakı və Tehran üçün ekoloji, enerji və iqtisadi baxımdan vacib əhəmiyyət kəsb edən bu infrastruktur layihələri regionda inkişafa, təhlükəsizliyə və dostluğa xidmət edəcək uzunmüddətli əməkdaşlıq körpüsü olacaq.



MƏSLƏHƏT GÖR:

99