19 Dekabr 2024

Cümə axşamı, 21:07

HƏMAS MƏĞLUBEDİLMƏZDİR?

Fələstinin siyasi islamçı qruplaşmasının hərbi-ideoloji gücünün mənbəyi haqqında

Müəllif:

01.06.2024

İyunun 7-də HƏMAS-ın İsrailə hücumundan düz 8 ay keçir. Dünyanın ən təcrübəli və yüksək texniki imkanlara malik ordusu ilə Yaxın Şərqdə mövcud olan onlarla dini-ideoloji əsaslara sahib silahlı qruplaşmalardan biri olan HƏMAS arasında qanlı müharibə 8 aydır davam edir.

İsrail ordusu hazırda Qəzza zolağının cənub kənarında yerləşən Rəfah şəhərində quru əməliyyatı keçirir. Ordu bölmələri şəhərin Misirlə Qəzza zolağı arasında yerləşən hissəsini mühasirəyə alıb. İsrail ordusunun Rəfaha daxil olması formal olaraq sektor üzərində İsrail nəzarətinin yaradılması hesab olunur. Ancaq Qəzzanın daxili bölgələrində İsrail ordusunun hələ də nəzarət edə bilmədiyi ərazilər var.

Yəni ötən 8 ay ərzində dünyanın ən peşəkar ordularından biri olan İsrail ordusu 365 kv.km ərazidə HƏMAS-ı tam olaraq məğlub edərək zolaq üzərində tam nəzarəti təmin edə bilməyib. Bəli, İsrail qruplaşmanın 24 batalyonundan 19-nun məhv edildiyini açıqlayıb. Amma bu bəyanatdan sonra iki aya yaxındır ki, HƏMAS müqavimət göstərməkdə davam edir. Hətta vaxtaşırı İsrail ərazisinə raketlər də atır.

Bu arada, İsrail ordu komandanlığı 3 ay ərzində Qəzzada hərbi əməliyyatların başa çatacağını bəyan etmişdi. Yanvarın əvvəlində İsrailin müdafiə naziri Yoav Qalant ordu qüvvələrinin Qəzzanın şimalından geri çəkildiyini açıqlamışdı. Ancaq bir neçə həftə sonra ordu qüvvələri yenidən Cibaliyə, Beyt Hanun, Beyt Lahiya, Qəzza şəhərinə daxil olaraq buradakı HƏMAS və “İslami Cihad” silahlıları ilə döyüşlərə qatılıb.

Qeyd edək ki, İsrailin 180 minlik ordusu və HƏMAS hücumundan sonra səfərbərlik vasitəsilə orduya çağırılan 300 min nəfər ehtiyatda olan hərbçinin hesabına hazırda böyük bir hərbi gücə sahibdir. Ancaq Qəzzanın coğrafi şəraiti və ərazisinin kiçik olması bu qədər böyük qüvvənin zolağa cəlb edilməsini çətinləşdirir.

 

HƏMAS-ın gücü

Mətbuatda HƏMAS-ın hərbi gücü barədə ətraflı məlumat yoxdur. Bəzi mənbələrə əsasən, HƏMAS-ın 30 min, bəzilərinə görə isə 40 min silahlı əsgərdən ibarət 6 briqadası var. XX əsrin 30-cu illərində yəhudi silahlı qrupları və Britaniya müstəmləkə administrasiyasına qarşı silahlı üsyan başlatmış Suriya əsilli İzzəddin əl-Qəssamın xatirəsinə ehtiram olaraq “İzzəddin əl-Qəssam” briqadası adlanan HƏMAS-ın hərbi qanadı təşkilatın yaranmasından 5 il sonra, yəni 1992-ci ildə təşkil olunub.

HƏMAS-dan əvvəl Qəzzada “Müsəlman Qardaşları” hərəkatının himayəsi altında “Məcd” və “Fələstinli mücahidlər” kimi silahlı qruplar olub. Ancaq “Əl-Qəssam” həm kəmiyyət, həm də təşkilati baxımdan onlardan üstündür.

Daha əvvəl mövcud olmuş fələstinli silahlı qruplardan, o cümlədən marksist və solçu silahlı təşkilatlardan fərqli olaraq “Əl-Qəssam” briqadası yalnız Fələstin ərazisində silahlı fəaliyyət göstərir.

HƏMAS hərbi qanadının qurucuları Yəhya Ayyaş, Nizar Rayyan, Saleh Şəhadə, Əhməd Cabiri və daha bir neçə komandir İsrail ordusu tərəfindən öldürülüb. Hazırda qruplaşmanın Qəzzadakı komandirləri Məhəmməd Deyf və onun müavini Mərvan İsadır.

“Əl-Qəssam” ordusu 6 briqadadan və eyni zamanda bir neçə qoşun növündən ibarətdir. HƏMAS islamçı və ideoloji təşkilat olduğu üçün onun üzvləri ciddi dini və siyasi-ideoloji təlim alırlar. İlk vaxtlar qruplaşma yüngül silahlardan istifadə edib. Son illərdə o, həmçinin qısamənzilli raketlərin istehsalına və istifadəsinə başlayıb. Qruplaşmanın tərkibində mühəndis-istehkam (tunel inşası), hava hücumundan müdafiə, artilleriya, kamikadze və maddi-texniki təminat bölmələri mövcuddur. Bundan əlavə, HƏMAS-ın silahlı qanadında xüsusi təyinatlılar və kibertəhlükəsizlik bölmələri var.

HƏMAS ilk “Qəssam-1” raketini 2001-ci il oktyabrın 26-da İsrailin Sderot yaşayış məntəqəsinə atıb. Daha sonra “Qəssam-1” Fələstin silahlı qruplarının simvoluna çevrilib.

2002-ci ildə təşkilat İsrail ərazisinə nisbətən yenilənmiş “Qəssam-2” raketini buraxıb. Bunun ardınca “Qəssam-3” və “Qəssam-4” raketlərinin istehsalına başlanılıb. 2003-cü ildə HƏMAS 75 km mənzilli “M-75” raketini, ardınca “R-160” (160 km) və “J-180” (180 km) raketini buraxıb. Bundan əlavə, HƏMAS-ın sərəncamında İran istehsalı olan “Fəcr-5” və “Qrad” raketləri var.

Yeri gəlmişkən, İsrailin “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi məhz HƏMAS-ın artan raket potensialının hücumlarını dəf etmək üçün hazırlanıb. 2021-ci ildə isə HƏMAS “Əbabil” pilotsuz uçuş aparatını (PUA) yaratdığını elan edib.

 

2007-ci ildə Qəzza zolağına tam nəzarət “Fəth”dən HƏMAS-a keçəndən sonra təşkilatın hərbi gücü daha da artıb. Belə ki, əgər 2008-ci ildə HƏMAS raketlərinin orta məsafəsi 40 km idisə, 2021-ci ildə bu göstərici 230 km-ə yüksəlib.

Ehtimal olunur ki, HƏMAS region ölkələrindəki vasitəçilərlə aldığı hərbi texnika və texnologiyanı Rəfaha çatdırır. Oradan avadanlıq Misir ərazisi və Rəfahda qazılmış tunellər vasitəsilə Qəzzaya çatdırılır.

Qəzzada hakimiyyəti ələ keçirdikdən və hərbi gücünü artırdıqdan sonra HƏMAS bir neçə dəfə (2008, 2014, 2021 və 2023) İsrail ordusu ilə toqquşub və bu, təşkilat üçün yaxşı təcrübə olub.

 

HƏMAS-ın müqavimətinin səbəbləri

Ekspertlər HƏMAS-ın üstün İsrail ordusuna qarşı davamlı müqavimətini bir neçə amillə əlaqələndirirlər.

Onlardan ən əsası partizan müharibəsidir. Dünya təcrübəsində nizami orduların partizan dəstələrinə qarşı uğurlu olduğu çox nadir nümunələr var. HƏMAS nizami İsrail ordusuna qarşı kiçik qruplardan təşkil olunmuş partizan qrupları ilə müharibə aparır. “Vur-qaç” üsulu ilə işləyən HƏMAS silahlıları tikililərin 70 faizindən çoxunun dağıldığı Qəzza şəhərlərində uzun illərdir hazırladıqları tunel və sığınacaqlarda gizlənərək, qəfil hücumlar edir və gözlənilməz ağır zərbələr vururlar.

İkincisi, Qəzza zolağı cəmi 365 kvadratkilometr əraziyə malik kiçik, lakin kifayət qədər sıx məskunlaşılmış ərazidir. HƏMAS yaraqlıları uzun illər geniş tunellər və digər texniki vasitələrlə müdafiə xətləri qurması sayəsində əraziyə çox yaxşı bələddirlər. İsrail ordusu kəşfiyyatla bağlı qabaqcıl texnologiyaya malik olsa da, bölgə ilə yaxşı tanış deyil. Digər tərəfdən Qəzza zolağında əksər binaların bombardmanlar nəticəsində dağıdılması yaraqlıların gizlənməsi üçün əlverişli şərait yaradır. Bu, İsrail hərbçiləri üçün ciddi çətinliklərə səbəb olur.

Üçüncüsü, yeraltı sığınacaqlarda gizlənən HƏMAS üzvlərinin qaçmağa yerləri yoxdur. İsrail bombaları altında sağ qalmaq şansları az olan və güclü ideoloji təlim almış HƏMAS əsgərləri fədakarlıqla döyüşürlər. İsrail əsgərləri üçün isə bu müharibə yorucu və təhlükəlidir. Onlar uzun məcburi hərbi xidmətdən sonra rahat həyatlarına geri dönməyi arzulayırlar.

Nəhayət, HƏMAS-ın əsas “müəllim”i məhz İsraildir. HƏMAS döyüşçüləri, komandirləri son 17 ildə İsraillə 4 böyük müharibədə, onlarla kiçik toqquşma və əməliyyatlarda iştirak ediblər. Bu isə HƏMAS üçün həm də böyük təcrübə imkanı deməkdir. Başqa sözlə, fələstinli islamçılar İsrail ordusuna qarşı müharibəni 37 ildir elə onların özlərindən “öyrənirlər”. Beləliklə, HƏMAS-ın davam edən müqavimətinin və mövcudluğunu qoruyub saxlamasının arxasında bu amillər dayanır.

 

Bundan sonra nə olacaq?

Bu gün İsraili ən çox narahat edən məsələ HƏMAS-ın Qəzzada uzun illər ərzində davam edəcək partizan müharibəsi aparmasıdır. Beynəlxalq Böhran Qrupunun Yaxın Şərq və Şimali Afrika proqramı direktoru Yost Hilterman mediaya açıqlamasında bildirib ki, HƏMAS Qəzzanın hər yerindədir və məğlub olmaqdan çox uzaqdır. Bu isə bir daha təsdiq edir ki, qruplaşma uzun müddətdir bu müharibəyə hazırlaşır, onun uzun illər davam edə biləcəyini başa düşür.

İsrail hərbi kəşfiyyat qurumu “Aman”ın keçmiş direktoru Tamir Hayman isə vurğulayıb ki, hətta İsrail ordusuna qarşı terror və silahlı hücumların qarşısı alınsa belə, HƏMAS daxilində İslam qardaşlığının, ideoloji və dini ünsürlərin ictimai quruluşunu və möhkəm bağlarını məhv etmək mümkün olmayacaq.

“Əl-Qəssam” sadəcə silahlı müqavimət qrupu deyil. O, Fələstinə qonşu regionlarda dərin siyasi-ideoloji quruluşa və dayaqlara malik siyasi islamçı hərəkatın tərkib hissəsidir. Belə qrupları hərbi güc tətbiq etməklə məhv etmək çox çətindir.

İsrailin davam edən işğalçılıq siyasəti və həll olunmamış Fələstin münaqişəsi HƏMAS-ı “bəsləyən” və gücləndirən əsas amillərdir. Başqa sözlə, nə qədər ki, Fələstin münaqişəsi həllini tapmayıb, HƏMAS və onun kimi silahlı qrupların yaranması və böyüməsi üçün Fələstin münbit torpaq olaraq qalacaq. Buna görə də belə radikal qruplarla mübarizənin əsas yolu regionda davamlı sülhün bərqərar olmasıdır. Yalnız bundan sonra onlara olan ehtiyac əbədi olaraq yox olacaq. Əks halda, müharibələr və zorakılıq HƏMAS-dan da güclü yeni silahlı təşkilatların yaranmasına səbəb ola bilər.



MƏSLƏHƏT GÖR:

76