Müəllif: Natiq NAZİMOĞLU
Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada baş verənlər son həftələr dünya siyasətinin əsas mövzularından biridir. Bu kontekstdə nəzərə çarpan əsas məqamlar Fransanın bu Sakit okean arxipelağının köklü xalqı olan kanakların anti-müstəmləkə çıxışını yatırmaq üçün ən sərt tədbirlərə əl atması, eyni zamanda baş verənlərə görə məsuliyyəti həyasızcasına Azərbaycanın üzərinə atmaq cəhdidir.
Ayrı-seçkilik qanunu və riyakar Makron
Yeni Kaledoniya 1853-cü ildə Fransanın müstəmləkəsinə çevrilib. Yalnız 1957-ci ildə müstəmləkəçi Fransa imperiyasının süqutu prosesində kanaklara Fransa vətəndaşlığı verilib. Bölgədə hazırda yaşanmaqda olan təlatümə gəlincə, səbəb Fransa parlamentində qəbul olunmuş bir qanundur. Həmin sənədə görə Yeni Kaledoniya ərazisində 10 ildən artıq yaşamış fransızlara yerli hakimiyyət orqanlarına seçkilərdə iştirak hüququ verilib.
Yeni qanunun qəbulu ilə 1998-ci ilin Numea razılaşmasına son qoyulub. Həmin razılaşma Yeni Kaledoniyanın siyasi muxtariyyətinin genişləndirilməsini və yerli seçkilərdə yalnız həmin vaxtadək arxipelaqda yaşayan şəxslərin səs verməsini nəzərdə tuturdu. Lakin 1998-ci ildən Yeni Koledoniyaya təxminən 40 min Fransa vətəndaşı köçüb və bu gün yerli xalq olan kanaklar arxipelağın 250 minlik əhalisinin yalnız 40%-ni təşkil edir.
Adanın gələcəyi ilə bağlı 2018-2021-ci illərdə keçirilmiş üç referendumda kanaklar müstəqillik istəklərini tam açıq şəkildə ortaya qoyublar. Birinci və ikinci referendumlarda arxipelağın Fransanın tərkibində qalması tərəfdarlarının cüzi səs üstünlüyünə yalnız fransalı seçicilərin hesabına nail olunub. Üçüncü referendum isə ümumiyyətlə, kanakların siyasi təşkilatları tərəfindən boykot olunub. Amma bu, Fransa Prezidenti Emmanuel Makronun riyakarlıq dolu bəyanat verməsinə mane olmayıb: «Bu gün Fransa daha gözəl ölkədir, çünki Yeni Kaledoniya onun tərkibində qalmaq qərarı verib».
Fransanın Yeni Kaledoniya da daxil olmaqla, dənizaşırı ərazilərlə bağlı mövqeyi müstəmləkəçi imperiyanın süqutundan bu yana heç bir dəyişikliyə məruz qalmayıb. Onun əsas məğzi həmin ərazilərin neomüstəmləkəçi üsullarla istismar edilməsidir. Məsələn, Paris üçün Yeni Kaledoniyanın əhəmiyyəti ilk növbədə, arxipelaqda zəngin nikel, xrom, kobalt, manqan, qurğuşun, mis, hətta qızıl və gümüş yataqlarının mövcudluğu ilə bağlıdır. Odur ki, yerli əhali Fransanın kanak xalqının hərbi-siyasi, sosial-iqtisadi və demoqrafik anlamda əzilməsinə yönəlmiş strategiyasına qarşıdır.
Altı nəfərin öldüyü (onlardan ikisi jandarmdır), 300-dən çox insanın yaralandığı hazırkı etirazların boğulması işinə Fransa Silahlı Qüvvələri, polisi və Daxili Qoşunları cəlb olunub. Arxipelaqda fövqəladə vəziyyət və komendant saatı elan edilib. Makronun müdafiə, daxili işlər və dənizaşırı ərazilər nazirləri ilə birgə Yeni Kaledoniyaya gəlməsi isə cəza tədbirlərini daha da sərtləşdirib.
Yeri gəlmişkən, Makron ötən il Yeni Kaledoniyanın inzibati mərkəzi olan Numea şəhərinə səfəri zamanı seçki qanunvericiliyinə yenidən baxıla biləcəyini açıq şəkildə ifadə etmişdi. O zaman prezident arxipelağın müstəqilliyi uğrunda mübarizə aparanlara xəbərdarlıq edərək demişdi ki, «müstəqillik uğrunda hətta gizli aparılan mübarizə belə, pis qurtara bilər. Səssiz şəkildə gizlənmək, təcrid vəziyyətdə qalmaq, separatçılığın arxasında daldalanmaq faktiki olaraq, gec ya tez yenidən zorakılıq riski yaratmaqdır. Olmaz!»
Makronun budəfəki səfəri isə Fransanın kanakların müstəqillik hərəkatını boğmaq niyyətini açıq şəkildə ortaya qoyub. Dövlət başçısı bildirib ki, Yeni Kaledoniyaya göndərilmiş Fransanın təhlükəsizlik qüvvələri «burada sülh, sakitlik və təhlükəsizliyin təmini üçün nə qədər lazım olsa, o qədər qalacaqlar». Bununla yanaşı, prezident bildirib ki, fövqəladə vəziyyət yalnız nümayişçilərin blokpostlar və barrikadaları yığışdırmasından sonra ləğv edilə bilər.
Makron hesab edir ki, Yeni Kaledoniyanın böhrandan çıxması üçün razılaşmanın hazırlanmasına bir neçə həftə lazım gələ bilər. Bununla yanaşı, o, razılaşmanın Fransa Konstitusiyasına uyğun olmasının vacibliyini deyib, müstəqillik əleyhdarlarının qalib gəldiyini son referendumun nəticələrinə yenidən baxılmasının mümkünsüzlüyünü bildirib. Makron bununla faktiki olaraq, uzaq arxipelaqda separatçılığın kökünü kəsmək niyyətini ortaya qoyub.
Beləliklə, Fransa kanak xalqının milli-azadlıq hərəkatının boğulması üçün bütün vasitələrə əl atır ki, bu da zorakılıq və qətlin Fransa siyasətinin dəyişməz atributu olaraq qaldığını bir daha təsdiqləyir. Onun neomüstəmləkəçi mahiyyəti zahirən demokratik, lakin praktikada “xarici ərazilər” adlanan ərazilərdə köləliyi aşılayan idarəetmə üsulları ilə müşayiət olunur.
Neomüstəmləkəçiliyə son qoyulmalıdır
Yeni Kaledoniyada yaşananlar, şübhəsiz ki, Fransa neomüstəmləkəçiliyinin yaratdığı növbəti böhrandır. Vaxtilə Parisin əsarət altında saxladığı ölkələr və xalqlar itaət boyunduruğundan birdəfəlik qurtulmaq istəyirlər. Bu proses Afrikanın bir sıra ölkələrində yaşanmaqdadır. Bəli, onlar «Qara qitə»də Fransanın hökmranlığının qalıqlarından xilas olmağa çalışırlar. İndi bu, Yeni Kaledoniyanın köklü xalqı olan kanaklar üçün də aktualdır. Fransanın hökmranlığından xilas olmaq arzusu onları zorakılığa getmək məcburiyyətində qoyub və keçmişin qalıqlarından hələ də qurtulmaq istəməyən Parisin siyasətinin qaçılmaz süqutunun yaxın olduğunu göstərir. Xüsusilə də nəzərə alsaq ki, Okeaniyadakı arxipelaq olan Yeni Kaledoniya məsələsində söhbət heç neokolonializmdən də yox, bu siyasətin klassik müstəmləkəçiliyin təzahür olunduğu klassik kolonializmdən gedir.
Bu reallığı nəzərə alsaq, Parisin Bakının ünvanına səsləndirdiyi ittihamlar absurd görünür. Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib ki, Azərbaycan Yeni Kaledoniyada yaşananlara müdaxilə edir. Guya «bəzi separatçılar Azərbaycanla razılığa gedib». Nazir söhbətin Azərbaycanın konkret olaraq hansı müdaxiləsindən getdiyini açıqlamayıb. Çünki açıqlaya da bilməz. Fransanın baş verənlərin məsuliyyətini Bakının üzərinə atmaq cəhdi əsassız və sübutsuzdur.
Fransa parlamentarilərinin adada yaşayan gəlmə fransızların seçki hüquqlarını köklü xalqın maraqlarına zidd şəkildə artıran qanun qəbul etməsində doğrudanmı Azərbaycan günahkardır? Bu qanunun artıq ada sakinlərinin yarısından azını təşkil edən kanakları öz vətənlərində tam azlığa çevirməsinin günahı Bakıdadırmı?
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanı özünün diqqəti uzaq regionlardakı iflas siyasətinə yönəltməyə çağırıb, bununla yanaşı Parisin uzun illər müstəmləkə siyasəti çərçivəsində yerli xalqlara qarşı bəşəri cinayətlərə yol verdiyini, milyonlarla günahsız insanı məhz bu siyasət nəticəsində qətlə yetirdiyini xatırladıb.
Fransanın Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanı hədəf alması onun Bakıya qarşı qeyri-adekvat, düşmən münasibətinin növbəti göstəricisidir. Fransa anlamalıdır ki, Azərbaycan bütün dünyada, xüsusilə beynəlxalq münasibətlər sistemində ədalətin, bərabərhüquqluluğun təmini istiqamətində səylərini əsirgəməyəcək. Yeni Kaledoniyada baş verənlər fonunda Fransanın hələ də özünü beynəlxalq miqyasda «insan haqlarının müdafiəçisi» kimi təqdim etməsi, həqiqətən, heyrətləndiricidir. Artıq keçmiş müstəmləkəsi olan torpaqlarda azadlıq hərəkatlarını amansızlıqla boğan, bu təcrübəni dənizaşırı ərazilərində də davam etdirən Paris eyni zamanda, məsələn, Türkiyəni «erməni soyqırımı»nda günahlandırır. O, Yeni Kaledoniyada, Korsikada və digər ərazilərində separatçılıqla mübarizədə ən sərt tədbirlərə əl atır, amma eyni vaxtda Ermənistanın işğalçı ordusunu darmadağın edərək öz ərazisində separatçılığa son qoymuş Azərbaycana ittihamlar yağdırır.
Prezident, hökumət, hətta parlament səviyyəsində açıq anti-Azərbaycan qərarları qəbul edən, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə dil uzadan Fransa Bakının guya Yeni Kaledoniyada baş verən iğtişaşların təşkilatçılarından biri olduğunu iddia edəcək qədər utanmazdır. Halbuki Azərbaycanın Qarabağ regionunun Ermənistanın işğalı dövründə separatçılara açıq dəstək vermiş Parisin Azərbaycanı kanakların milli-azadlıq hərəkatını dəstəkləməkdə günahlandırmağa mənəvi haqqı da çatmır.
Fransanın qlobal miqyasdakı əməlləri Azərbaycanın, həmçinin daha ədalətli dünya düzəni, beynəlxalq münasibətlər sistemində islahatlar tələb edən digər dövlətlərin nə qədər haqlı olduqlarını ortaya qoyur. Azərbaycanın da daxil olduğu bu ölkələr, ilk növbədə, BMT səviyyəsində islahatları vacib sayır. Çünki bu qurumda effektiv alətdən yalnız o vaxt istifadə edilir ki, bu, bir neçə dövlətdən ibarət qrupun maraqlarına xidmət etsin. Onların sırasında isə uzaq keçmişdə qalmış İkinci Dünya müharibəsindən sonra anlaşılmaz şəkildə Fransa da yer alır (reallıqda nasist Almaniyası və müttəfiqləri üzərində qələbədə Fransanın rolunu SSRİ, ABŞ, Böyük Britaniya və Çinin oynadığı rolla müqayisə belə, etmək olmaz).
Bu gün Fransa əslində, dünyada şər püskürən dövlətlərdən biridir. Bunu onun Fransanın neomüstəmləkəçi hökmranlığından yaxa qurtarmaq istəyən xalqlara yaşatdıqlarını da ortaya qoyur. Ölkələrin, xalqların neomüstəmləkəçiliyin müxtəlif forma və təzahürlərindən azad olunmasını istəyən Azərbaycan da məhz bu siyasətə qarşıdır və qarşı olacaq.
Bakı Təşəbbüs Qrupu və Fransanın son müstəmləkələrinin (Yeni Kaledoniya, Maohi Nui (Fransa Polineziyası), Fransa Qvianası, Martinika, Qvadelupe və Korsika) azadlığı uğrunda mübarizə aparan 14 siyasi hərəkatın birgə bəyanatı da maraqlıdır. Sənəddə «özünü «insan hüquqlarının müdafiəsi» kimi təqdim edən, lakin eyni vaxtda kanak xalqının müqəddəratını təyin etmək hüququnu pozan, onları öz torpaqlarında azlığa çevirmək üçün elektoratını artırmağa çalışan Fransa dövlətinin məqsədyönlü səyləri» pislənir. Bundan başqa, Fransa müstəmləkəçilik siyasətinə son qoymağa, kanak xalqının öz taleyini özünün həll etməsinə imkan verməyə çağırılır.
Fransanın hazırda kanak torpağında törətməkdə olduğu yeni cinayətləri nəzərə alsaq, Yeni Kaledoniyanın köklü əhalisinin Fransanın güc strukturlarının zorakılığından qorunması üçün oraya BMT himayəsi altında beynəlxalq missiyanın göndərilməsi zərurəti ortadadır. Fransanın cəzasızlığına son qoyulmalıdır. Əvəzində, bu gün o, törətdiyi cinayət əməllərinin nəticələrinə görə məsuliyyəti müstəmləkəçiliyin istənilən formasına son qoyulmasını, bir ölkə və xalqın digər tərəfdən zülmə məruz qalmasının qarşısının alınmasını tələb edən Azərbaycanın üzərinə qoymaq istəyir.
Fransa anlamalıdır ki, ədəbsiz, ədalətsiz siyasət ona heç nə qazandırmayacaq və bu, heç də yalnız «dənizaşırı ərazilər»ə aid deyil. Parisin heç zaman ona qarşı çıxmayan, maraqlarına əl uzatmayan, əksinə hər zaman dostluq və əməkdaşlığı gücləndirməyə çalışan Azərbaycana qarşı rəftarı artıq Cənubi Qafqazda da Fransanın geosiyasi mövqelərini zəiflətməyə başlayıb. Getdikcə o, daha da zəifləyəcək. Parisin Cənubi Qafqaz siyasətinin iflasına Ermənistana verdiyi hərbi dəstək də mane olmayacaq.
Azərbaycan Prezidenti İlham Əliyev də «əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz» fikrini əbəs yerə deməyib.
MƏSLƏHƏT GÖR: