Müəllif: Nadir SƏNANOĞLU
Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri keçirilib (24 may-2 iyun). 10 gün davam edən yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunub. Əsas hədəf planetin ən mötəbər idman yarışı sayılan Paris Olimpiya Oyunlarına daha çox lisenziya qazanmaqdan ibarət idi.
Banqkokda iki lisenziya
Yığmamızın heyətində olimpiya lisenziyası uğrunda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparıblar. Yekunda 2 dəri əlcək sahibi əsas hədəfə nail olub.
133 ölkədən 600-dən çox boksçunun iştirak etdiyi yarış olimpiadaya son lisenziya turniri olduğundan gərgin mübarizənin olacağı aydın idi. Boksçulardan bizi ilk sevindirən Malik Həsənov olub. 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü olimpiadaya vəsiqəni təmin edib. Boksçu 1/4 finalda Xose Manuel Viafaranı (Kolumbiya) 3:2 hesabı ilə məğlub etməklə yarımfinala yüksəlməklə yanaşı, olimpiadaya lisenziyanı da rəsmiləşdirib. Daha bir lisenziyanı 92 kq çəkidə mübarizə aparan dünya çempionu Alfonso Dominqes qazanıb. O, 1/4 finalda Elkin Adilbek Uuludan (Qırğızıstan) güclü olub. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris-2024-də iştirak hüququ verib.
Parisə beş boksçu ilə
Dördilliyin ən mötəbər multiidman tədbiri Paris Olimpiadasında 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Parisdə ümumilikdə 121 kişi boksçu mübarizə aparacaq. 51 kq, 57 kq və 80 kq çəkilərdə 17, 63,5 kq və 71 kq çəkilərdə 19, 92 kq və +92 kq çəkilərdə isə 16 dəri əlcək sahibi rinqə çıxacaq.
Fransa paytaxtında ümumilikdə 49 komandanın üzvləri mübarizə aparacaq. Onlardan biri Qaçqınların Olimpiya Komandasıdır. Digər 48 yığma isə fərqli ölkələri təmsil edir. Yalnız iki ölkə bütün çəkilərdə boksçu göndərəcək. Bunlar Özbəkistan və Qazaxıstan milliləridir.
Azərbaycan yığması olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) Fransa paytaxtında rinqə çıxacaqlar. Yığmamız yalnız iki çəki dərəcəsində olimpiadadan kənar qalıb. Bunlar 57 kq və 71 kq kateqoriyalarıdır. Azərbaycan millisi lisenziya sayında dünyanın yalnız üç ölkəsindən geri qalır. Maksimal göstəriciyə malik Özbəkistan və Qazaxıstan, həmçinin 6 vəsiqəsi olan Avstraliya daha öndədir. Dünya dördüncüsü adına şərik olan yığmamız Kuba kimi boks lideri ilə eyni göstəriciyə malikdir. Paris-2024-də iştirak edəcək 121 boksçudan yalnız 48-si Avropanı təmsil edir. “Köhnə qitə”nin cəmi 20 ölkəsi olimpiya lisenziyasına sevinib. Avropa rinqinin ağası olduğunu sübut edən milli qitədə 1-ci yerə şərikdir. Yalnız İspaniya Azərbaycan qədər, yəni 5 vəsiqə əldə edib.
Olimpiya tarixinə düşmək
Paris-2024 Olimpiadasına lisenziya qazanan Azərbaycan boksçusu Malik Həsənov Dünya Olimpiya Təsnifat Turnirində 63,5 kq çəkidə gərgin mübarizə getdiyini bildirib.
M.Həsənov Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal arzusunda olduğunu qeyd edib: “Lisenziya qazanmaq üçün son təsnifat turniri idi. Mənim çəkimdə 80-ə yaxın ölkənin boksçu yarışırdı. Dörd döyüşdə qələbə qazanıb, lisenziya əldə etdim. Turnirə gedərkən qarşıma qoyduğum məqsədə nail oldum. İndi qarşıda növbəti hədəflər durur. Olimpiadada tarix yazmaq, qızıl medal qazanmaq arzusundayam. Məni dəstəkləyən hər kəsə minnətdaram. Xüsusilə federasiya rəhbərliyinə və məşqçilərə təşəkkür edirəm”.
Azərbaycan yığmasının baş məşqçisi Pedro Roke boksçuların lisenziya sayından razı qaldığını söyləyib: “Olimpiya Təsnifat Turniri son yarış olduğu üçün bütün güclü komandalar mübarizə aparırdılar. Rəqiblər yarışa çox yaxşı hazırlaşmışdılar. Dünya çempionatında səviyyəli mübarizə getdi. Sonda biz 2 lisenziya qazandıq. Əvvəl 3 vəsiqə qazandığımız üçün Avropada 5 lisenziya ilə lider mövqeyindəyik. Dünyada isə ilk beşlikdə yer almışıq. Boksçumuz Alfonso Dominqes Tokioda qazanılan bürüncü Parisdə qızıla çevirmək istədiyini dedi. Mən ikinci dəfə Azərbaycana gəlirəm. 2016-cı ildə Lorenzo Sotomayor mənim rəhbərliyim ilə Olimpiadada Azərbaycan yığmasında gümüş medal qazanmışdı. Mənim ən böyük arzum həmin medalın əyarını qızıla çevirməkdir. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq”.
Xatırladaq ki, olimpiya oyunlarında boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.
MƏSLƏHƏT GÖR: