4 Dekabr 2024

Çərşənbə, 23:15

ARTIM PARAMETRLƏRİ

Azərbaycan yenidən dövlət büdcəsini artırmağa hazırlaşır

Müəllif:

15.06.2024

2004-2014-cü illərdə enerji resurslarının qiymətlərinin nisbətən yüksək olması və qeyri-neft sektorunun sabit inkişaf dinamikası dövlət xəzinəsinə daxilolmaların artmasına səbəb olub. Nəticədə, demək olar ki, hər il Azərbaycanın dövlət büdcəsinə yenidən baxılır, gəlir və xərclər artırılırdı. Son 10 ildə bir sıra böhranlardan sonra bu ənənə yenidən reallığa çevrilir. Əlverişli xarici şərait, yanvar-may aylarında fiskal gəlirlərin artması və ÜDM üzrə yaxşı proqnozlar bu ilin iyulunda dövlət büdcəsinin parametrlərinin yenilənməsi üçün zəmin yaradıb.

 

ÜDM proqnozdan yüksəkdir

2024-cü ilin əvvəli Azərbaycanda iqtisadi göstəricilərin yaxşılaşması ilə yadda qalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında ÜDM-in nominal həcmi təqribən 38 milyard 182 milyon manat təşkil edərək real iqtisadi artımı 4,3% təmin edib. Bütövlükdə bu, pis göstərici deyil. Xüsusən də ötən ilin sonunda iqtisadi inkişafın son dərəcə aşağı dinamikası (1,1%) ilə müqayisədə. Bunun hərəkətverici qüvvəsi, əvvəlki kimi, ilin ilk üçdə birində 7,7% artımı təmin edən qeyri-neft-qaz sektoru olub.

Xüsusilə də may ayından müşahidə olunan neft qiymətlərindəki dəyişkənliyin yeni dalğasını nəzərə alaraq, 2024-cü ilin sonunda dünya enerji bazarında vəziyyətin necə olacağını təxmin etmək düzgün olmazdı. Lakin xarici ekspertlərin hesablamalarına əsasən, “Brent” markalı neftin orta illik qiyməti 1 barel üçün 80 dollar civarında qalacaq. İxrac gəlirlərinin həcmini nəzərə alsaq, neft-qaz sektoru hələ də iqtisadiyyatımızın inkişafında çox böyük rol oynayır. Amma yenə də bu gün qeyri-neft-qaz sektoru lokomotiv rolunu oynayır və bu da istehsal və xidmətlərin həcminin davamlı artımını təmin etməklə yanaşı, həm də yüksək ixrac templərini qoruyub saxlayır.

Qeyd edilən məsələləri nəzərə alsaq, hökumətin ilin iqtisadi nəticələri ilə bağlı gözləntiləri ümumilikdə müsbətdir. Belə ki, Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə iqtisadi artım tempini 3-3,5%, İqtisadiyyat Nazirliyi 2,4% səviyyəsində proqnozlaşdırır. BMT, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı və “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin ekspertləri ölkəmizin ÜDM-in artımını təxminən eyni həddə (2,4%-dən 2,8%-ə qədər) qiymətləndirib.

“S&P Global Ratings” Azərbaycanın xarici və milli valyutalarda uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini stabil proqnozla “BB+/B” səviyyəsində təsdiqləyib. Bu, onu deməyə əsas verir ki, neft hasilatının mümkün ortamüddətli azalmasına baxmayaraq, Azərbaycanın əhəmiyyətli büdcə və xarici buferləri iqtisadiyyatı xarici ticarət mühitində hər hansı yeni sarsıntılardan qorumağa kömək edəcək. “S&P” ekspertləri hesab edirlər ki, hökumət 2027-ci ilə qədər ÜDM-in təxminən 70%-ni təşkil edən likvid aktivlərə çıxış əldə edəcək. Həmçinin 2024-2027-ci illər ərzində dövlət büdcəsinin və cari hesabın (ÜDM-in müvafiq olaraq 1,7% və 7%-i) ikiqat profisiti yaranacaq. “S&P”nin belə təxminləri neftin qiymətinin 2024-cü ilin sonuna qədər orta hesabla 1 barel üçün 85 dollar və növbəti bir neçə il ərzində isə 1 barel üçün 80 dollar olacağı proqnozlarına əsaslanır.

 

Gəlir və xərclər

Hökumətin proqnozlarına və beynəlxalq ekspertlərin hesablamalarına əsasən, əlverişli xarici mühit və qeyri-resurs sektorunun yüksək inkişaf dinamikası daxili iqtisadiyyatın inkişafı üçün yaxşı göstəricilərin təmin edilməsinə səbəb olacaq. Qeyd edək ki, yanvar-may aylarında təkcə Dövlət Vergi Xidmətinin xətti ilə 7,5 milyard manatdan artıq vəsait daxil olub - plandan əlavə 1 milyard manatdan çox vergi ödənilib. Büdcə gəlirlərinin 5,2 milyard manatdan çoxu və ya təxminən 70%-i qeyri-neft sektorunun payına düşüb. Müvafiq olaraq, əlavə fiskal gəlirlər 2024-cü il dövlət büdcəsinin təxmin edilən gəlirlərinə yenidən baxılmasına şərait yaradıb.

“2024-cü ilin ötən dövrü üzrə faktiki daxilolmalar, il üçün gözlənilən makroiqtisadi göstəricilər, o cümlədən vergitutma bazasının genişləndirilməsi və inzibatçılığın gücləndirilməsi həm vergi, həm də gömrük orqanlarından büdcə daxilolmaları üzrə proqnoz göstəricilərinin artırılmasına əlverişli şərait yaradıb”, - Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Maliyyə naziri Samir Şərifov isə qeyd edib ki, 2024-cü ildə dünya bazarında neftin 1 barelinin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan orta hesabla 27,3 dollar yüksəkdir. O vurğulayıb ki, yanvar-aprel aylarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 51,8% artıb ki, bu da gözləniləndən 1,5 faiz bəndi çoxdur. Bu, tamamilə təbiidir, çünki qeyri-neft gəlirləri 6,9 milyard manata çatıb və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% çoxdur. Hesabat dövründə ölkənin dövlət büdcəsinin məcmu gəlirləri 13,3 milyard manat, xərcləri isə 10,75 milyard manat təşkil edib. Bu isə 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 9 və 20,4% çoxdur. Nəticədə 4 ayda büdcədə 2 milyard 509 milyon manat profisit yaranıb.

Belə ki, bu ilin əvvəlindən yenilənmiş makroiqtisadi proqnoz və neftin qiymətlərinin əlverişli dinamikası dövlət büdcəsində əlavə fiskal məkandan istifadə etməyə imkan verir. Sadalanan məsələlər qeyri-neft sektorunda vergi daxilolmalarının daha da artması üçün yaxşı əsas kimi qəbul edilir. Nəticədə, yenilənmiş ÜDM rəqəmlərinin 121,3 milyard manat olacağı gözlənilir və bu da ötən illə müqayisədə 3 milyard manat çoxdur. Bu baxımdan, baza ssenarisində neftin 1 barelinin orta illik büdcə qiyməti 60 dollardan 75 dollara yüksəldilir. “Azərbaycanın dövlət büdcəsində son 10 ildə ikinci dəfədir ki, neftin minimum qiyməti 1 barel üçün 75 dollar səviyyəsində müəyyən edilib”, - V.Gülməmmədov vurğulayıb.

Nəticədə, bu amillərə əsasən, 2024-cü ilin dəqiqləşdirilmiş dövlət büdcəsi üzrə gəlirlər proqnozu 34,173 milyard manatdan 36 milyard 353 milyon manata, xərc maddələri üzrə isə 36 milyard 763 milyon manatdan 39 milyard 707 milyon manata yüksəlib. Maliyyə Nazirliyinin məlumatına görə, bu il xərclər 2023-cü ilə nisbətən 8% çox olacaq. Eyni zamanda dövlət büdcəsinin yenidən işlənmiş variantında kəsir 764,3 milyon manat artaraq 3,4 milyard manatdan çox olub. V.Gülməmmədovun sözlərinə görə, lakin büdcə kəsirinin artacağından narahat olmağa dəyməz: “Büdcənin həm neft, həm də qeyri-neft sektorları üzrə potensialının reallaşdırılmasının mümkünlüyü, proqnozlaşdırılan xərclərin tam həcmdə həyata keçirilməsi ehtimalının aşağı olması büdcə kəsirinin gözləniləndən az olacağını deməyə əsas verir”.

 

Əlavə maliyyələşdirmə

Bəs əlavə gəlirlərin dövlət xəzinəsinə hansı məqsədlər üçün yönəldilməsi nəzərdə tutulur? Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda işlərin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin artırılması, infrastruktur layihələrinin həyata keçirilməsi, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, o cümlədən bəzi xidmətlər üzrə subsidiyaların verilməsi və sosial sahələr üzrə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün 3 milyard 796 milyon manat məbləğində əlavə vəsaitə ehtiyac yaranıb. Belə ki, büdcə xərclərinə yenidən baxıldıqdan sonra işğaldan azad edilmiş ərazilərdəki layihələrə, o cümlədən “Böyük Qayıdış” dövlət proqramında nəzərdə tutulmuş layihələrə 1 milyard 160 milyon manat əlavə maliyyə dəstəyinin verilməsi nəzərdə tutulur. Ən mühüm istiqamət dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi üzrə tədbirlərin davam etdirilməsidir (807 milyon manat). Yolların tikintisi, suvarma sistemlərinin modernləşdirilməsi və s. üçün 1,184 milyard manat vəsait ayrılıb.

Müsbət iqtisadi dinamika və dövlət büdcəsinin xərc hissəsinin genişlənməsi sosial sahənin maliyyələşdirilməsinə müsbət təsir göstərib. İcmal büdcənin mühüm tərkib hissəsi kimi “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklər ediləcək. O cümlədən bu il orta aylıq əməkhaqqının yenilənmiş makroiqtisadi göstəricilərə əsasən 990 manata çatdırılması gözlənilir. Bütövlükdə, özəl sektorda əməkhaqlarının artımı, həmçinin həyata keçirilən şəffaflıq tədbirləri, sonrakı gözləntilər və mümkün risklər nəzərə alınmaqla, dəyişikliklər layihəsində qeyri-büdcə sektorunda məcburi dövlət sosial sığortasına ayırmalar üzrə daxilolmaların həcmi artırılıb. Nəticədə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2024-cü il büdcəsində bu maddə üzrə daxilolmaların həcmi əlavə olaraq 190 milyon manat artırılıb. Bütün bunlar xərclərin yenidən nəzərdən keçirilməsinə və Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının ödənilməsinin 25 milyon manat artırılaraq 6,5 milyard manatadək çatıdırılmasına şərait yaradır.

İşsizlikdən Sığorta Fondunun büdcəsinin doldurulması istiqamətində də müsbət irəliləyişlər əldə edilib. Göstəricilərin təhlili bu ilin sonuna 4,7 milyon manat əlavə vəsaitin daxil olunacağını gözləməyə əsas verir. Bu da ilin sonunda gəlirlərin 184,6 milyon manatdan çox artmasına imkan verəcək. Dövlətin sosial funksiyalarının genişləndirilməsində daha bir addım İcbari Tibbi Sığorta Fondunun büdcəsinin artırılması olmalıdır: 38,9 milyon manat (artım 1,4%) gəlirlər hesabına fondun büdcəsi 2 milyard 850 milyon manatı ötəcək.

Xarici və daxili maliyyə sahəsində mövcud vəziyyət hökumətə strateji əhəmiyyətli vəzifələri yerinə yetirmək imkanlarını təkmilləşdirməyə imkan verib. Bu da, şübhəsiz ki, uzunmüddətli perspektivdə ölkənin iqtisadi dayanıqlılığına və sabitliyinə töhfəsini verir.



MƏSLƏHƏT GÖR:

78