23 Noyabr 2024

Şənbə, 19:21

ƏKS XƏYALLAR

Gürcüstanda qəbul olunmuş «xarici agentlər haqqında» qanunun çətinlikləri

Müəllif:

15.06.2024

Gürcüstanda iyunun 3-də qəbul olunmuş «Xarici təsirin şəffaflığı haqqında» qanun ciddi daxili qəzəbə və Qərbin kəskin tənqidinə səbəb olub. Görəsən, növbəti parlament seçkisinə az qalmış (26 oktyabr), üstəlik, ölkənin Aİ üzvlüyünə namizəd statusu qazanmasından cəmi bir neçə ay sonra «Gürcü arzusu» hökumətinin bu qanunu demək olar ki, zorla keçirməsinə səbəb nədir? Bu, ilk növbədə Qərbdə çoxlarını təəccübləndirib. İndi bir çox Qərb paytaxtında Tbilisinin demokratik dəyərlərə, Avratlantik məkana inteqrasiya perspektivinə sadiqliyilə bağlı suallar yaranıb.

Halbuki, ölkənin Avropaya, Avratlantikaya inteqrasiyasına məhz «Gürcü arzusu» nail olub – məhz onun təşəbbüsü ilə Tbilisinin bu hədəfi Gürcüstan Konstitusiyasında əksini tapıb. Bu isə başadüşüləndir – ölkə əhalisinin 90%-i Aİ-yə üzvlüyü dəstəkləyir. Belə bir vəziyyətdə, ictimai rəy olduğu kimi qaldığı halda hakim partiya qəflətən qərbli tərəfdaşlarını ona qarşı qaldıran qanun qəbul edib, eyni zamanda, ölkəni faktiki olaraq, siyasi böhrana salıb. Məqsəd nədir?

 

Qərb nümunəsi

Hökumət «xarici agentlər haqqunda» qanun layihəsini ilk dəfə 2023-cü ilin martında ortaya çıxarmış, lakin kütləvi etirazlar qarşısında geri addım atmışdı. Lakin bu, onun ideyadan vaz keçdiyi anlamına gəlmirdi. Müzakirələr davam etdirilirdi. Qanun layihəsi növbəti dəfə bu ilin yaxında təqdim olunmuş və deputatlar Prezident Salome Zurabişvilinin vetosunu aşa bilmişdilər – 150 deputatdan 84-ü sənədin lehinə səs vermişdi.

Qanunun məğzi prinsipcə, kifayət qədər sadə və məntiqlidir. O, maliyyəsinin 20%-dən çoxunu xaricdən alan QHT və KİV-in üzərinə «xarici təşkilatların maraqlarını həyata keçirən» qurum kimi qeydiyyata düşmək, özü haqda informasiya təqdim etmək, Maliyyə Nazirliyinə hər il gəlirlər və xərcləri haqda bəyannamə vermək öhdəliyi qoyur.

Bənzər qanunlara bir çox ölkələrdə, ilk növbədə, elə Qərb dövlətlərində rast gəlinir. Çünki o, ölkədə xarici dövlətlərin xarici siyasi tapşırıqlarını həyata keçirməklə məşğul olan təşkilatların üzə çıxarılmasına imkan verir.

Yeri gəlmişkən, dünyada anoloji qanunu ilk qəbul etmiş ölkə ABŞ-dır. Amerika qanunvericiliyinə görə, xarici agentlərin qeydiyyatı haqqında qanunun (FARA) pozulmasına görə 250 min dollaradək cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Belə olan halda, Gürcüstandan nə istəyirlər? Qanunun qəbulu ölkədə niyə etirazlar yaradıb? Söhbət ölkənin 1991-ci ildə müstəqillik əldə etməsindən keçən dövrün ən miqyaslı etirazlarından gedir. Üstəlik, nümayişlərdə nəinki yerli vətəndaşlar, siyasətçilər və ictimai xadimlər, həm də Litva, Estoniya və İslandiyanın xarici işlər nazirləri də iştirak edib. Ölkənin bir sıra qeyri-hökumət təşkilatı qanuna əməl etməyəcəklərini, onunla bağlı Konstitusiya Məhkəməsinə şikayət edəcəklərini, hətta Avropa İnsan Haqları Məhkəməsinə üz tutacaqlarını bildiriblər.

İddia olunur ki, Gürcüstanda QHT və KİV-ə qarşı belə tələbin irəli sürülməsi Aİ dəyərləri və standartlarına uyğun deyil, bu, demokratiyanı pozacaq, vətəndaş cəmiyyətini boğacaq, fundamental insan haqları və müstəqil KİV-ə zərbə vuracaq, siyasi müxalifəti yox edəcək, oktyabrda keçiriləcək parlament seçkisi ərəfəsində debatları məhdudlaşdıracaq. ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Gürcüstan hökumətini qanunun qəbuluna görə sərt tənqid edib. Brüsseldə bəyan ediblər ki, bu qanunun qəbulu Gürcüstanın Aİ yolunu bağlayır. Artıq Gürcüstan vətəndaşlarına tətbiq olunan vizasız rejimin ləğvi çağırışları belə, eşidilməkdədir.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Mettyu Miller isə bildirib ki, Vaşinqton Gürcüstanın bu sənədin qəbulunda rolu olan qanunverici və icraedici hakimiyyət təmsilçilərinə viza sanksiyaları tətbiq edəcək. Üstəlik, Dövlət Departamenti bunun ilk sanksiyalar paketi olacağını, daha sonra maliyyə məhdudiyyətlərinə də əl atılacağını bildirir.

Maraqlıdır ki, bu aradan «Ailə dəyərlərinin və həddi-buluğa çatmayanların müdafiəsi haqqında» qanun layihəsinin müzakirəyə çıxarılması «alovun üzərinə yağ tökür». Bu sənəd ilk növbədə, eyniginsli nikahların qadağan edilməsini, həmçinin təhsil ocaqlarında, reklamlarda və KİV-də LGBT təbliğatının aparılmasını qadağan edir.

Gürcüstanın müxalif dairələri «xarici agentlər haqqında» qanunu «Rusiyapərəts qanun» adlandırırlar. Onların fikrincə, sənəd məhz Rusiyanın anoloji qanununun nümunəsində hazırlanıb ki, Moskva həmin qanundan «söz və fikir azadlığının boğulmasında uğurla istifadə edir».

Qərb mətbuatında isə Gürcüstan və Ermənistandakı vəziyyət davamlı olaraq müqayisə edilir. Bildirilir ki, Tbilisi ilə Yerevanın hazırda üzləşdikləri daxili siyasi problemlərin çoxu Rusiyanın onlara qarşı apardığı hibrid müharibənin nəticəsidir və burada məqsəd Qərblə, Avropa ilə yaxınlaşmağa çalışan bu iki ölkədə sabitliyi pozmaqdır. Qeyd olunur ki, istər Ermənistan, istərsə də Gürcüstanda Rusiya mətbuatı və ruspərəst KİV böyük populyarlığa malikdir və onlar Kremlin təbliğatı ilə yanaşı, geniş anti-Qərb propakandası da aparır. Xarici şərhçilər hər imkanda bu iki ölkənin Rusiya qazından asılılığını da qabardır. Gürcüstanla bağlı məsələdə əlavə arqument «Gürcü arzusu»nun qurucusu və faktiki lideri Bidzina İvanişvilinin varidatına 1990-cı illərdə məhz Rusiyada yiyələnməsi, Ukrayna savaşının başlamasından sonra guya onun adamlarının Moskvanın sanksiyalardan yayınmasına kömək etdikləri irəli sürülür.

 

Təhdidlərdən qorxmuruq

Gürcüstan hökuməti hələ ki, ünvanlarına səsləndirilən bütün ittihamları rədd edir, üstəlik, qərbli tərəfdaşlara qarşı əks-tənqid ünvanlayır. Məsələn, baş nazir İrakli Kobaxidze bildirib ki, Tbilisi «xarici agentlər haqqında» qanunun qəbulu ilə «bədxahlar üzərində qələbə qazanıb». Belə ki, Gürcüstan bununla, suverenliyini və təhlükəsizliyini qoruyub saxlayıb. Bundan başqa, Kobaxidze ölkə daxilində Qərb güclərinin agentura şəbəkəsinin olduğunu, onun «ikinci cəbhə açmağa, Gürcüstanı Ukraynalaşdırmağa çalışdığını» da bildirib. Tbilisinin Aİ yolunun bağlanacağına dair təhdidləri isə baş nazir məsuliyyətsizlik kimi qiymətləndirib. Kobaxidze onu da deyib ki, Aİ-nin genişlənmə üzrə ali komissarı Oliver Vargeli onunla söhbəti zamanı Slovakiyanın baş naziri Robert Fitsoya edilmiş sui-qəsdi xatırladıb və bunu təhdid formasında dilə gətirib. Avropalı siyasətçi isə Gürcüstanın baş naziri ilə telefon danışıqlarının olduğunu etiraf etsə də, Kobaxidzenin onun sözlərini «kontekstdən çıxardığını» söyləyib.

Aprelin sonunda Bidzina İvanişvili özü ABŞ və Avroap İttifaqını «qlobal müharibə partiyaları» adlandırıb, onların Gürcüstanı Rusiya ilə «qaynar münaiqişə»yə çəkmək istədiklərini bildirib. «Gürcü arzusu»nun baş katibi, Tbilisi meri Kaxa Kaladze isə deyib ki, qalmaqala səbəb olmuş qanunu «ölkə əhalisinin əksəriyyəti tərəfindən seçilmiş parlament» qəbul edib və o, «yalnız bir şey – şəffaflıq tələb edir». Kaladze hesab edir ki, belə bir vəziyyətdə sanksiyalardan danışmaq «qeyri-ciddilikdir» və «onlardan qorxan yoxdur».

Beləliklə, əksər müşahidəçilərin fikrincə, Gürcüstanda 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkisi ölkənin xarici siyasi gələcəyini müəyyənləşdirəcək həlledici hadisə olacaq. Gürcüstan müxalifəti öz arasındakı fikir ayrılığını kənara qoyaraq seçkidə qalib gələ biləcəksə, qalmaqallı qanun ləğv edilər, Gürcüstan Aİ yolunda irəliləməyə davam edə bilər. Qeyd edək ki, 17 müxalifət partiyasının lideri və 5 müstəqil deputat artıq «Gürcü xartiyası» imzalayıblar və o, hakimiyyət uğrunda birgə mübarizəni nəzərdə tutur.

Qarşıdan gələn seçkinin bir önəmli cəhəti isə onun ilk dəfə tam proporsional sistem üzrə keçiriləcəyidir. Məsələ ondadır ki, indiyədək hakim partiya əsas üstünlüyü məhz mojaritar dairələr üzrə qazanırdı. O da bildirilir ki, bu seçkidə müxalifət hədəfinə yeni «Maydan hərəkatı» ilə çatmağa çalışa bilər. Amma 2012-ci ildən hakimiyyətdə olan «Gürcü arzusu» bu statusunu itirmək fikrində deyil. Bəs seçki ərəfəsində «stavka»nı bu qədər yüksəltmək ona gərək idimi? Anlamaq çətindir…

 

Razılaşma var?

Baş verənlər fonunda geosiyasi versiyalar da səsləndirilir. Bəzilərinin fikrincə, indi Gürcüstan konkret Avropa-Avrasiya seçimi qarşısındadır. Ekspertlərin bir hissəsi düşünür ki, «Gürcü arzusu» Moskva ilə «Abxaziya və guman ki, Cənubi Osetiya ilə bağlı razılığa gəlib». Gürcüstanın bu iki əyaləti 2008-ci ildən de-fakto Rusiyanın nəzarətindədir. Nəticədə Rusiya qoşunları Gürcüstan sərhədinin cəmi bir neçə kilometrliyində qərarlaşıb. Guman olunur ki, razılaşmada söhbət «konfederativ Gürcüstan»dan gedər bilər ki, bu halda Abxaziya ilə Cənubi Osetiya formal olaraq, Tbilisinin yurisdiksiyasına qaytarılacaq. Əlbəttə ki, əvəzində, Gürcüstan Avratlantikaya inteqrasiya iddialarından əl çəkməlidir.

Bu razılaşmanın olması məntiqlidir, çünki Gürcüstan əhalisinin mütləq əksəriyyəti ərazilərin Gürcüstana qaytarılmasını tələb edir. Yəni onların sayı ölkənin Avropaya inteqrasiyasının tərəfdarlarının sayı ilə demək olar ki, eynidir. Bununla yanaşı, bildirilir ki, belə layihə həqiqətən də varsa, o, çətin ki Ukrayna savaşı bitənədək və onun nəticələri nəzərə alınmadan reallaşsın.

Bəs bu, Rusiyaya nə verə bilər? Bu halda Moskva nəikni həmin regionlara dotasiyanı dayandıra biləcək (müharibə xərcləri fonunda bu, kifayət qədər ağır yükdür), həm də Tbilisi ilə münasibətləri düzəldəcək. Amma Rusiya guman ki, Abxaziya və Cənubi Osetiyada hərbi mövcudluğunu istənilən halda davam etdirəcək – Oçamçirdə hərbi-dəniz bazası haqda söhbət çoxdan gedir. Və əlbəttə ki, Gürcüstana, oradan isə Cənubi Qafqazın digər ölkələrinə və İrana uzanan dəmir yolunun açılması məsələsi var.

Bu versiya ilə Qara dənizdə dərin sulu Anakliya limanının tikintisi layihəsi də çox uzlaşır. Onun inşası üçün tenderi bu yaxınlarda Çinin «China Communications Construction Company Limited» şirkəti udub. Gürcüstanla Çinin ötən il «stratejdi tərəfdaş» olduqlarını, iki ölkə arasında viza rejiminin ləğv olunduğunu bəyan etmələrindən sonra, bu, gözlənilən idi.

Yeri gəlmişkən, əvvəlcə bu layihə ilə ABŞ-ın rəhbərlik edəcəyi konkorsiumun məşğul olması nəzərdə tutulmuşdu. Lakin müqavilə 2020-ci ildə ləğv edilib. Bəzi məlumatlara görə, müqavilənin pozulması da Rusiyanın təzyiqi ilə baş verib. İndi bir çox Qərb KİV-i yazır ki, «Gürcü arzusu» limanını Çinə verməklə, Pekinin «Bir kəmər, bir yol» təşəbbüsünün vacib bəndinə çevriləcək. Yeri gəlmişkən, Oçamçirlə Anakliya arasında cəmi 36 km məsafə var və orada Rusiya bazasının yaradılması perspektivi qərbli müşahidəçiləri Qara dənizin şərq hissəsində Rusiya-Çin tandemindən danışmağa vadar edir. Bildirilir ki, liman regionda geosiyasi və geoiqtisadi vəziyyəti kökündən dəyişə bilər, Tbilisi isə bu yolla Qara dənizə əsas çıxış olmasından yararlanmağa çalışır.

Həqiqətən, Gürcüstanın ən vacib cəhəti boru xətlərinin də keçidiyi vacib tranzit olmasıdır. Lakin siyasi qütbləşbə ölkəni ciddi sınaq qarşısına qoyub. 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkisi guman ki, Gürcüstan üçün kritik hadisə olacaq.



MƏSLƏHƏT GÖR:

67