İDEAL RABAT
Mərakeşin paytaxtında gəzmək, dingəlmək və krallara layiq qastronomiya bayramı keçirmək olar
Müəllif: Sabira ƏLƏKBƏR, Emin ƏLƏKBƏROV, Bakı-Rabat-Bakı
Mədinə yaxınlığında Rabatın tarixi özəyi yerləşir – hələ Əlmürabi əmirləri sülaləsinin dövründə tikilmiş qədim Kəsbə Udaya qalası («Arret Bar El Had» dayanacağı). O, Rabatın ən önəmli tarixi yerlərindəndir və turistlərə qədim orta əsrlərə «yollanmaq» imkanı verir. Bu-Reqreq çayının mənsəbində XII əsrin ortalanıda inşa olunmuş qəsr qalalara aid bütün qurğularla təchiz edilib və şəhərin köçərilərin hücumundan qorunması funksiyasını həyata keçirib. Yeri gəlmişkən, qalanı bərbər tayfasından olan Udayın şərəfinə adlandırıblar. 1150-ci ildə onun mərkəzində Camaa əl Atik məscidi tikilib ki, o, qalanın ən önəmli hissəsi sayılır. Bu gün də fəaliyyətdə olan məscid ölkənin ən qədim məscididir.
Kəsbə Udayə qəsrini Bakının İçərişəhəri kimi, şəhər içərisində şəhər də adlandırırlar. Onun divarlarında çox sayda dəmir darvaza, bəzilərinin hara apardığı məlum olmayan qədim qapılar var. Mərakeş İncəsənət Muzeyi də burada yerləşir. Orada yerli soyuq silah nümunələri nümayiş olunur. İçəri nəhəng qədim darvazadan keçməklə daxil olmaq mümkündür. İçəridə isə ənənəvi baxımlı ağ-mavi evlər, dar küçələr, kiçik meydançalar bir-birini əvəzləyir. Burada 3000 insan yaşayır. Evlərin ətrafında portağal ağacları, hər yanda ekzotik çiçəklər göz oxşayır. Həyat qaynayır. Çoxsaylı piştaxtalar, sənətkaların əl işlərinin düzüldüyü qalereyalar. Küçələrdə uşaqlar futbol oynayır. Yerli sakinlər deyir ki, Mərakeşdə futbolu çox sevirlər. «Braziliyada olduğu kimi, bizdə də oğlan uşaqları gecələr də top qovurlar», - deyə onlar bildirirlər. Yeri gəlmişkən, 2030-cu ildə futbol üzrə dünya çempionatının təşkilatçıları kimi Mərakeş, Portuqaliya və İspaniya seçilib. FİFA konqresinin ərizəni 2024-cü ilin sonunda ratifikasiya edəcəyi gözlənilir. Uşaqlar bu hadisənin sevinci ilə yaşayır. Onlar üçün nağıl gerçəyə çevriləcək. Bunun üçün bir qədər gözləmək kifayətdir.
Qayıdaq Uday qalasına. Turistlər arasında ən populyar olan baxış meydançası onun şimal hissəsində yerləşir. Oradan Atlantik okeana möhtəşəm mənzərə açılır. Okeanın dalğaları qəsrin ətəyinə çırpılır.
O isə əzəmətlə və qürurla onların üzərində ucalır.
Kəsbə Udayın yaxınlığında ekzotik, gözəl, baxımlı Andaluziya bağı yerləşir. O, XX əsrdə salınıb. Sakitlik, gözəllik. Nəhəng divarlar kollarla örtülüb. Çox sayda sərv ağacı, limon ağacı, palma, çinar, jasmin, dəfnə ağacları, yalnız Maqribdə bitən müxtəlif gül-çiçək – əsl həyat dolu yaşıllıq oazisi. Bağda təxminən 650 flora növü var. Buna Aralıq dənizinin iqlimi də öz təsirini göstərir. Bağı əvvəlcə Aqrar Araşdırmalar Universiteti üçün eksperiment məkanı kimi salsalar da, bu gün o, turistlər və şəhər sakinləri üçün əsl istirahət məkanına çpevrilib. O, XX yüzilliksə salınsa da, qədimi təsir bağışlayır. Müxtflif növdə quşlar, leyləklər, pişiklər bu bağda məskən salıb. Hər yanda meditasiya üçün çox əlverişli sakit atmosfer hökm sürür.
Mərakeşin daha bir tarixi abidəsi Şella nekropoludur. Söhbət qədim və orta əsrlərə aid xarabalıqdan gedir. Bu, Bu-Reqrer çayının deltasında ən qədim yaşayış məskənidir. Guman ki, çayın sahillərində Mərakeşdə bir neçə müstəmləkə yaratmış finikiyalılarla karfagenlər məskunlaşıblarmış. Şellada Sala Colonia kimi məşhur olan qədim Roma şəhərinin qalıqları da var. Burada qədim Roma memarlığının elementləri olan forum, zəfər tağı hələ də qalmaqdadır. Sonuncu eramızın 1154-cü ilində qonşu Sale üçün boşaldılıb. Əlmüvəddihilər sülaləsi kabus şəhərdən nekropol kimi istifadə edib. XIV əsrin ortalarında Merinilərin idarəçiliyi dövründə burada bir neçə abidə, məscid və kral sərdabəsi tikilib. Şelladakı tikililərin çoxu 1755-ci ildə Lissabon zəlzələsi zamanı dağılıb. Bu gün minarələrdə leyləklər özlərinə yuva qurub, qala divarlarında isə qaranquşlar yaşayır. Buradan möhtəşəm mənzərə açılır və insanın portağal ağaclarının arasındakı yaşıllıqda istirahətinə heç nə mane olmur.
V Məhəmməd mavzoleyinə yollanırıq. V Məhəmməd Ələvilər sülaləsinin təmsil edən hazırkı kralın babası, mərakeşin müstəqilliyini qoruyub saxlamış ən sevimli və hörmətli krallardan olub. Mavzoley Rabatın görməli yerlərindən biridir. Burada kralın iki oğlu da uyuyur: kral Həsən (1929-1999) və şahzadə Abdullah (1935-1983). O, paytaxtın şərqində, Həsən minarəsi ilə yanaşı yerləşir. Onlar birlikdə ərazisində gözəl bir məscid və muzeyin də olduğu memorial kompleksə çevriliblər. Qeyd olunmalıdır ki, tikintisi yarımçıq qalmış məscidin qədim sütunları, mavzoley və müasir Rabata açılan gözəl mənzərə bir-birini əla tamamlayır. Mavzoley 1971-ci ildə vyetnamlı memar Vo Toanın layihəsi əsasında tikilib. Vyetnamlı memarın vəzifəsinin öhdəsindən əla gəldiyini söyləyə bilərik. O, memorialı ətraf təbiət landşaftı və arxitektura ilə əla uyğunlaşdırıb. Əzəmətli, zəngin tərtibatlı bina ağappaq İtaliya mərmərindən Mavritaniya üslubunda, islam memarlığı üslubuna riayət olunmaqla tikilib. Onun zümrüd rəngli günbəzi sultan hakimiyyətinin rəmzləri ilə bəzədilib. Mavzoleyə girişi heykəl soyuqqanlığı ilə dayanan kral qvardiyaçıları qoruyun – çoxsaylı tursitlər onlarla «selfi» çəkdirmək üçün növbə gözləyirlər.
Əsrlərlə tarixi olan Həsən minarəsi iki yüz sütunla bir meydanda yerləşir. Bu, görkəmli dövlət xadimi, Kordova xilafəti dövrünün sərkərdəsi Məhəmməd əl-Mənsurun reallaşdırılmamış qalan iddialı layihəsinin parçasıdır. Nəhəg minarənin inşası illərlə davam edib, lakin hökmdarın sağlığında onun tikintisini yalnız yarıya çatdırmaq mümkün olub – 44 metr. Onun ölümündən sonra isə tikinti işləri dayandırılıb. Lakin yarımçıq qalmış məscidin sütunları hələ də insanı valeh edir, minarə müəllifinin imperiyaya layiq memarlıq iddiasının necə böyük olduğunu indi də hər kəsə göstərir. Bu, o dövrdə islam dünyasının ən uca minarəsi və ən böyük məscidi olmalı imiş. Turistlər burada şəkil çəkdirməyi çox xoşlayır. Memorialı bacalarında göyərçinlərin yuva qurduğu divar qalıqları əhatəsinə alıb. Memorial kompleksin ərazisinə jirişi atlı qvardiyaçılar qoruyur. Maraqlıdır ki, qvardiyaçılar qədər onların atları da sanki «donub».
Rabatın müasir mədəniyyət obyektlərindən İSESKO-nun mənzil qərargahını və orada fəaliyyət göstərən Məhəmməd Peyğəmbərin tərcümeyi-halı və müsəlman sivilizasiyası Muzeyini göstərmək olar. Burada həqiqətən də sanki islam dininin yaranma tarixinə düşürsən. Yeri gəlmişkən, muzeyə baş çəkmək yalnız müsəlmanlar deyil, biliklərini artırmaq istəyən hər kəs üçün maraqlı olacaq. Burada savadlı ekskursiya rəhbərlərinin köməyi ilə insanla eksponatlarda təqdim olunan tarixi dövr arasında mediator rolunu oynayan tematik muzey ekspozisiyası pavilyonları ilə tanış olmaq mümkündür. Muzey interaktiv qurğular sayəsində ziyarətçiyə özünü bu tarixin bir parçası hiss etmək imkanı yaradır. Muzeyin ekspozisiyası davamlı dəyişən reallıq olduğundan, istər ideyanın müəllifləri, istərsə də ziyarətçilər onun yaranmasında iştirak edir. Məqsəd isə buraya üz tutan insanların Məhəmməd Peyğəmbərin həyatı ilə onu real olaraq görürmüş kimi tanış olmasıdır. 3D şəkillər və virtual reallığın olduğu otaqda Peyğəmbərin gündəlik həyatını izləmək, onun otağının interyeri ilə tanış olmaq, çarpayısına, evindəki avadanlıqlara baxmaq, mümkündür. Bütün bunlar VII əsri, müsəlmançılıqdan əvvəlki Ərəbistanı hiss etməyə imkan verir. Burada Kəəbə, Məkkə və Mədinənin Peyğəmbərin dövründəki şəklini əks etdirən nümunələr də var.
Burada Peyğəmbərin həyatından bəhs edən müqəddəs sünnəyə həsr olunmuş otaq da var.
Və əlbəttə ki, mərakeşlilərin Allahın elçisinə bağlılığını göstərən ekspozisiya. O, müxtəlif rəmzlərin, tikililərin və onların üzərində Peyğəmbərin adından yazılmış yazılarda əks olunur; tarixi əlyazmalar, nadir rəsmlər və sikkələr, Mərakeş memarlığının nümunələri, zinət əşyaları, həmçinin ənənəvi alətlər. Muzeydən İslam dininin müdrik Ruhuna hopmuş əzəmət və əmin-amanlıq, saflıq saçır.
Rabatın qeyd edilməsi vacib daha iki müasir memarlıq obyekti ərəb dünyası və Afrikanın ən böyük teatrı olan Böyük teatr («Rabat Grand Theatre») və yaxınlıqda yerləşən, səmaya doğru şığıyan raketi xatırladan VI Məhəmməd qülləsidir. Ölkənin hazırkı rəhbərininr şərəfinə adlandırılmış qüllə Afrikanın ən uca qülləsidir. Bu iki tikili qədim və müasir Rabatın kəsişməsində yerləşir. Dahi Zaha Hadid tərəfindən layihələndirilən Bolşoy Teatrının innovativ binası Bou Regreg çayının yaxınlığında yerləşir. Dalğa formasında inşa olunmuş tikili sanki ətrafa suyun enerjisini yayır. Bu yerdə yada dərhal futuristik, zərif, inanılmaz bina – Bakıdakı Heydər Əliyev Mərkəzi düşür.
Bütün Afrika bir zooparkda
Azərbaycanlılar kimi, mərakeşlilər də ailəyə və uşaqlara son dərəcə həssas yanaşırlar. Şəhərdəki böyük ticarət mərkəzlərində uşaqlar üçün çoxsaylı əyləncə, oyun mərkəzləri fəaliyyət göstərir. Odur ki, oraya azyaşlı uşaqlarınızla da yollana bilərsiniz – onlara hər addımda maraqlı məşğuliyyət tapacaqsınız. Bu mənada Rabat zooparkını («Parc Zoologique National de Rabat») xüsusi qeyd etmək lazımdır. Burada uşaqlar Afrikanın müxtəlif heyvanları ilə tanışlıqdan böyük zövq ala bilər.
Park bir neçə iqlim zonasına bölünüb. Onların hər birinin öz yaşam şəraiti var. Savanna, səhra, trapoik meşə, dağlıq və bataqlıq. Zonaların hər birində ziyarətçilərin rahatlığı üçün fransız və ərəb dilində qeydlər var. Savannada fillər, zürafələr, şirlər, kərkədanlar dolaşırsa, dağlıq ərazidə dağ keçiləri, marallar görmək olar. Tropik meşədə şimpanzelər, səhrada isə ağ antiloplar, dəvələr və s. yaşayır. Bataqlıq zonada suda üzən quşlar, qutanlar, flaminqolar var. Toyuqlar, ördəklər, qoyunlar kimi ev heyvanlarının saxlandığı zona isə ayrıdır.
Burada nəsli kəsilmək təhlükəsi olan çox sayda bitki və heyvan toplanıb. Zooloqlar və bağçılar buranın hər küncünü orada yaşayan heyvanlar üçün rahat, ziyarətçilər üçün isə maraqlı ediblər. Parkda 130 növdən artıq heyvan, 50 növ quş və yüzlərlə bitki növü var. Məzmununa görə o, Mərakeşin nadir məkanlarından biridir. Zooparkda maarifləndirmə məqsədi ilə yaradılmış kiçik ferma da var. Burada süd məhsulları və dəri məmulatlarının istehsalı prosesi nümayiş olunur. Buradakı açıq interaktiv meydançada ziyarətçilər fermadakı heyvanları izləyə bilər. Parkın azyaşlı ziyarətçilərinə burada heyvanlara qayğı ilə yanaşmaq, cinslərin xüsusiyyətləri, konkret heyvanların nə ilə qidalandığı və s. öyrədilir. Parkı bütünlükdə gəzmək üçün demək olar ki, bir gün vaxt lazımdır.
Ənənələr hər şeydən yüksəkdədir
Rabata səfər həm də mərakeşlilərin öz ənənələrinə, həyat tərzoərinə hörmətlə yanaşması ilə xoş təəssürat yaradır. Sanki bu insanları nə zaman, nə müasirlik dəyişir. Maraqlı xüsusiyyətdir. Ənənəvi ailələrdə – bu isə Mərakeşdə çoxluqdur – hələ də xörəyi əllə yeməyə üstünlük verilir, çünki bu, əl daha təmiz hesab olunur. Bundan başqa, yemək dolu böyük qab masanın mərkəzinə qoyulur və istər ev sahibləri, istərsə də qonaqlar həmin qabdan yeyir.
Mərakeş əhalisinin əsas xüsusiyyəti qonaqpərvərlikdir. Qonaq yerli etiketə əməl edir, yerli sakinlərə hörmətlə yanaşırsa, bu, onun isti qarşılanması üçün kifayət edir. Rabatda olduğumuz bir həftə müqəddəs Ramazan ayına təsadüf etdiyindən, mərakeşlilərin müsəlman olaraq daha bir etnik xüsusiyyəti ilə tanış olmaq imkanı qazandıq. Bu, inanca – islama son dərəcə həssas, həyəcanlı yanaşmadır. Həmin günlərdə Mərakeşdə cinsindən və sosial statusundan asılı olmayaraq, heç kim bu bayramın adət-ənənəsinə etinasız yanaşmır. Burada böyükdən kiçiyə hər kəs oruc tutur – onlar uzun parçalı milli paltar - sivri başlıqlı və uzunqollu djellaba geyinirlər. Onu ta qədimdən qum qasırğaları və günəş şüalarından qorunmaq üçün geyiblər. Geniş ətəyi sayəsində bu geyim güclü istilər zamanı bədəni sərin saxlayır. Bütün bunlar xüsusi yerli kaloriti və ayın müqəddəsliyini hiss etdirir.
Ramazan vaxtı ölkədə sanki həyat dayanır. Mağazaların, kafe və restoranların əksəriyyəti orucun başlaması ilə ya fəaliyyətini dayandırır, ya da məhdud qrafiklə işləyir. Mərakeşlilər iftarı evdə, işdən gəlmiş ailə üzvləri ilə birlikdə etməyə üstünlük verirlər. İftardan və namazdan sonra bəziləri yenidən işə qayıdır – ölkədə bəzi iş yerlərində iş gecə saat 12-dək davam edir.
Bir sözlə, mərakeşlilər üçün adət-ənənələr müqəddəsdir və onları pozmaq olmaz. Yerli sakinlərin Ramazanın müqəddəsliyi və vacibliyinə inanması da bununla bağlıdır.
Dadlı Mərakeş
Mərakeş paytaxtına tur zamanı yerli mətbəxlə tanışlıq, tipik Rabat restoranlarında qidalanmaq xüsusi məqamdır. Hər yanda məhz yerli insanların yaratdığı daimi bayram atmosferi hökm sürür. Bərbər musiqiləri, Maqrib derbokunun (kvadrat əl barabanı) ritmləri altında dinamik rəqslər, yerli təamların insanı bihuş edən ətri, kiçik stəkanlara nanəli çay süzülməsi ənənəsi, ətirli desertlər – ətrafda baş verən hər şey sanki yerli kaloritə, məişətə, ənənələrə aid sənədli filmidir. Qəflətən anlayırsan ki, sən özün də bu filmin bir parçasısan. Mərakeş mətbəxi bu nağıllar ölkəsinə getməyin vacibliyinə əmin olmaq üçün daha bir önəmli detaldır. Bu nadir təamlar qarışığı Afrika, Yaxın Şərq və Fransanın təsiri ilə yaranıb. Parlaq və bənzərsiz. Mərakeşdə milli yeməklərin hazırlanmasında meyvə, tərəvəz, ət və dəniz məhsullarından daha çox istifadə olunur. Salatlar və tərəvəz raqusu burada məşhurdur və onların çeşidi kifayət qədər çoxdur. Portağaldan isə demək olar ki, hər xörəkdə istifadə olunur.
Əsas orijinallıq isə ədviyyatlardır. Mərakeşlilər xörəklərə ən müxtəlif ədviyyatlar, ətirli otlar qatır, bununla da onlara bənzərsiz dad verirlər. Bir sözlə, yerli mətbəxin dadına baxsanız, dadı damağınızda qalacaq.
Azərbaycan mətbəxinin tacı plovdursa, Mərakeşdə bu, tajindir. Mal əti, hayva və digər inqrediyentlərdən hazırlanan bu yeməyi xüsusi üsulla bişirirlər. O, konusvari qapağı olan eyniadlı qabda hazırlayırlar. Bu qabları isə Rabatın istənilən supermarketində və ya dükanında tapmaq olar.
Mərakeşin daha bir ənənəvi xörəyi kuskusdur. O, toyuqdan hazırlanan yeməklər üçün ideal qarnirdir. Ənənəyə görə onu süfrəyə cümə günləri bütün ailə üzvlərinin cəmləşdiyi şam üçün verirlər. Bu xörəyin nə qədər dadlı olduğunu ona qatılan inqrediyentlərə nəzər salmaqla təsəvvür etmək mümkündür: ənənəvi kişmiş və ərik qurusu ilə yanaşı, kuskusa qox, yerkökü, soğan, pomidor və ədviyyat da vurulur.
Un məmulatlarına gəlincə, mütləq incə (doku kağızından da nazik) fillo xəmirdən hazırlanan briuatadanı dadmalısınız.
Onu ərinmiş yağda qızardır, daha sonra bala batırırlar. «Ceyran buynuzları”nın («kaab el ghazal») də dadına baxmaq lazımdır. Un və kərə yağından hazırlanan, içərisinə badam, darçın, şəkər və portağal şirkəsindən hazırlanmış pastanın doldurulduğu bu yumşaq məhsul çox dadlıdır. O, iti ucları olan əyri lülə formasında olur.
«Briwate bellouz» piroqu haqda ayrıca danışmaq lazımdır. Çox kiçik ölçüdə olan bu piroq bir neçə nazir xəmir qatından hazırlanır. Bəzilərinin içərisində üyüdülmüş badam, bəzilərində isə qoz, yerfındığı və kokos olur. Onu içərisində üyüdülmüş qoz olan xəmir kisə formasında da hazırlayırlar. Sanki bir sənət əsəridir. Dadını isə sözlə ifadə etmək çətindir.
Mərakeş desertləri arasında içərisində xurma olan xəmir çubuqlar, qoriba adlandırılan yulaf peçenyesi, xırtıldayan beşkito peçenyesi, badam içlikli serpantin – mxanşa, müxtəlif blinlər – bastiya, rqaif, berqir və s. də var.
Msemen də məşhurdur. O, qat-qat xəmirdən hazırlanmış blinə bənzəyir. Dadına və görünüşünə görə Azərbaycan fəsəlisini xatırladır. Msemeni dördkünc formada hazırlayırlar. Reseptinə un və çox kiçik kuskus, yağ və su daxildir. Msemen şirin olmur. Odur k ionu bal və ya mürəbbə ilə yeyirlər, adətən səhər yeməyində və ya şam zamanı çayla verirlər. Mərakeşlilər bəzər səhər yeməyini fransız baqetli çörəkxanalarda da yeyirlər.
Rabatdan hədiyyələr
Səfər təəssüratlarının uzun müddət davam etməsinə oradan alınmış orijinal suvenirlər, ənənəvi geyimlər və bu qəribə ölkənin xarakterini ifadə edən digər əşyalar da kömək olacaq. Rabatda alınacaq o qədər mal var ki, insanın başı gicəllənir. Odur ki, bu ölkədən standart açıqca, maqnit dəstləri gətirmək yanlış olardı.
Bəs ilk növbədə nəyə diqqət etmək lazımdır? Şübhəsiz ki, etnik bəzək əşyalarına, interyer elementlərinə, çıraqlara, xalçalara, güzgülərə, yerli metal çaydanlara, tajin qazanına, saxsı qab-qacağa, şiniyyat, çay və ədviyyatlara. Mərakeş mətbəxində geniş istifadə olunan ədviyyatların əksəriyyətini Azərbaycanda da tapmaq mümkündür. Lakin Mərakeşdən alınanlar inanılmaz ətri ilə fərqlənir ki, bu da onların təzə olması ilə bağlıdır.
Geyim istəyirsinizsə, cizgi filmi qəhrəmanı Ələddinin çıraqlarına bənzəyən, iti uclu dəri şap-şap ala bilərsiniz. Mərakeşlilər onu babuş deyir. Turistlər arasında populyar olan suvenirlər arasında babuş ilk yeri tutur. Onu hər kəs geyir: kişilər sarı və ya ağ rəngə, qadınlar və uşaqlar isə rəngarəng babuşlara üstünlük verirlər.
Cellabaya da nəzər salmaq olar.
Dəri qayışlar, çantalar, pul kisələri və ayaqqabılar da məsləhətdir. Mərakeş dərisi çox yumşaq, keyfiyyətli və gözəl teksturaya malik olur.
Arqan yağına ayrıca pul ayırmaq lazımdır. Arqan ağacı yalnız burada bitir və ondan yağı da yalnız yerli sakinlər hazırlayır. O, baha olsa da, bu yağı almaq sadəcə, mütləqdir. O, iki formada olur: qida üçün və kosmetik. Hər ikisi insan üçün çox faydalıdır və bu, elmin sübut etdiyi faktdır. Qida üçün olan arqan yağı qanda xolesterinin miqdarını azaldır, revmatizm və dəri xəstəliklərindən sağalmağa kömək edir. Kosmetik arqan yağı isə qırışları açır, saç diblərini möhkəmləndirir, sağlam saçların çıxmasına kömək edir. Amma bu yağı heç zaman bazardan, mağazadan, hətta supermarketlərdən almayın. Bunun üçün ixtisaslaşmış mağazalar var ki, orada arqan yağı əlavə olunmuş təmiz kosmetik məhsullar satılır.
Amma nə almanızdan asılı olmayaraq, mütləq alver edin. Hətta satıcının dərhal qiymətdə xeyli endirim etdiyini düşünsəniz belə, əmin olun ki, istədiyiniz məhsulu bir qədər də ucuz əldə edə bilərsiniz. Adətən satıcının ilk söylədiyi qiymət 4-5 dəfə şişirdilmiş qiymət olur.
Gözəl Kasablanka
Bizi Mərakeşin Kasablanka şəhərinə bir günlük səyahədə vadar edən əsas məkan şəhərin rəmzi sayılan qeyri-adi II Həsən məscidi oldu. Onun ağappaq incə minarəsinin hündürlüyü 200 metrdən artıqdır. Söhbət dünyanın ən uca minarəsindən gedir. Bu tikilinin əzəmətini onun neçə ilə inşa olunduğu da göstərir: tikinti işlərinə 12 iyul 1986-cı ildə başlanılıb və proses 1989-cu ildə – kralın 60 illiyində başa çatıb. Lakin bina 1993-cü il avqustun 30-dək açılmayıb.
Məscid açılıb-bağlanan tavan, isti döşəmə, şüası Məkkəyə istiqamətlənmiş lazer projektorla təchiz edilib. Sonuncu ibadət zamanı insanların qiblənin istiqamətini müəyyənləşdirməsinə kömək edir.
Məscidin yarısı Atlantik okeanın üzərində yerləşin və şüşə döşəmə buraya gəlmiş insanların ayaqlarının altında okeanı görməsinə imkan yaradır. Məscidə 105 min insan yerləşir və onların 25 mini okean sularının üzərində dayanmaq imkanı qazanır. Məscidin Atlantik okeanın üzərində tikilməsi ideyası Mərakeş kralı II Həsənin arzusu olub. Onu buna Quranda yazılmış «Allahın səltənəti suyun üzərindədir» cümləsi ilhamlandırıb.
Doğrudur, Kasablanka bizdə Rabat qədər dərin təəssürat oyatmadı, amma bəlkə də səbəb bu şəhəri yolüstü gəzməyimizdir. Lakin müqəddəs Ramazan ayında dünyanın ən böyük yeddinci məscidi olan II Həsən məscidini ziyarət bizdə inanılmaz gözəl təəssürat yaratı.
Təəssüf ki, vaxtın azlığı əfsanəvi «Rick's cafe»yə baş çəkməyimizə imkan vermədi. Xatırladaq ki, 1942-ci ilin romantik Hollivud dramı, baş rollarda Xamfri Boqar tilə İnqrid Berqmanın çəkildikləri, «Oskar»a layiq görülmüş «Kasablanka» filmində hadisələr məhz burada cərəyan edir.
Kasablanka… Palmalar, Atlantika, hər yanda biznes binaları, Mərakeşin iqtisadi ürəyi, səs-küylü meqapolis… Bu, artıq başqa məsələdir.
MƏSLƏHƏT GÖR:






























161

