Müəllif: Nigar BAĞIROVA
Azərbaycanın əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev 15 ildən artıqdır ki, direktor kimi Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edir. Kimsə yaradıcı kollektivə rəhbərlik etməyin gündəlik bayrama bənzədiyini düşünürsə, o zaman yanılır. Bayram, tamaşa və sehr yalnız səhnədə olur. Pərdə arxasında tam fərqli həyat var: məşqlər, çəkilişlər, problemləri və nailiyyətləri olan aktyorlar, qastrol səfərləri, nizam-intizam... Yaradıcılıqdan kənara çıxan məsələlərə də nəzarət etmək lazımdır. Həm də Ədalət Hacıyevin iddia etdiyi kimi, onun məsuliyyətində marketinq, reklam qanunlarını bilmək, böyük komandanı idarə etmək bacarığı var.
- 2008-ci ildən Azərbaycanın simvolik teatrlarından birinin - Rus Akademik Dram Teatrının direktorusunuz... Bu, böyük zaman kəsiyidir və bu müddət ərzində yəqin ki, idarəçiliklə bağlı müəyyən nəticələr çıxarmaq mümkün olub. Bu gün 2008-ci ildəki Ədalət Hacıyevə nə məsləhət verərdiniz? Nəyə qarşı xəbərdarlıq edərdiniz və nədən qorxmamağı məsləhət görərdiniz?
- Həyatımız bir yerdə dayanmır, əksinə daim irəliyə doğru gedir. Buna görə də “dünən - bu gün - sabah” anlayışı sadəcə zaman kateqoriyası deyil, həm də sürətlə dəyişən həyatdır. Söhbət təkcə hər hansı insandan deyil, həm də bütövlükdə bir sənət növü kimi teatrdan gedir. Odur ki, 2008-ci ildəki Ədalət Hacıyevə eksperimentlərdən qorxmamaqla bağlı məsləhət verərdim! Həm yaradıcılıq, həm səhnə, həm də idarəçilik baxımından! Çünki “Əli və Nino” tamaşasındakı obrazlardan birinin dediyi kimi, həddindən artıq ehtiyatlılıq qorxaqlıq yaradır!
- İxtisasca iqtisadçısınız. Sizi teatr meneceri adlandıra bilərik, yoxsa klassik “direktor” sözünə üstünlük verirsiniz? Menecmentlə direktorluq arasında hansı fərqlər var?
- Qeyd etdiyim kimi, zaman həyatımıza daxil olaraq, öz korrektələtini edir. Məsələn, XXI əsrdə “direktor” anlayışının arxasında nə dayanır? Bəli, XX əsrdəki anlayışla heç bir fərqi yoxdur. Teatrın direktoru teatrda bütün prosesləri, o cümlədən tamaşaların nümayişinin həyata keçirilməsini, artistlərin, rejissorların və bir çox digər işçilərin mükafatlandırılmasını təmin edən, həmçinin bütün xidmətlərə və emalatxanalara rəhbərlik edən şəxsdir. Bəs menecer kimdir? Bu, yalnız müəyyən bir sahənin idarə edilməsi ilə məşğul olan mütəxəssisdir. Məsələn, bilet satışı. Teatrın nizamnaməsinə uyğun olaraq, direktor menecerlərinin işinə nəzarət etməyə, onların işinin strukturunu başa düşməyə borcludur. O, müasir reklamdan istifadə, tamaşaçı ilə qarşılıqlı əlaqə qanunları və digər məsələlərlə bağlı biliyə malik olmalıdır. Buna görə də sovet dövründə Azərbaycan Dövlət İqtisad Universitetində sənaye planlaşdırması (ixtisas: iqtisadçı - müəllif) ixtisası üzrə aldığım biliklərə bu gün də tələbat var. Əsas və sevdiyim mövzu “Əməyin elmi təşkili” idi, onun əsas prinsipi istənilən işin gəlir gətirməsi idi. Bu barədə həmkarlarımla - rusdilli teatrların direktorları ilə tez-tez “Zoom” platforması vasitəsilə idarəetmə üzrə ustad dərslərində müzakirələr aparırıq. Bu, ustad dərsləri “Baltik Evi” teatr-festivalının xaricdəki Rusiya Teatrları Assosiasiyasının üzvləri üçün mütəmadi olaraq keçirilir. Sonuncu dərsdən bir aydan az vaxt keçib, hər birimiz hazırlıq kursunu bitirdiyimiz barədə sertifikat aldıq.
- Zavodu, məktəbi, teatrı idarə etmək... Bunlar arasında fərq nədir? Hansı daha çətin və məsuliyyətlidir? Yaradıcı komandanın idarə olunmasında hansı nüanslar var?
- İcazənizlə, “idarə etmək” sözünü daha dəqiq, yəni “rəhbərlik etmək” anlayışı ilə əvəz edərdim. Zavod, məktəb, teatrı idarə etmək böyük məsuliyyətdir. Hər halda... Məncə, teatra rəhbərlik etmək daha çətindir, çünki teatrda çalışan insanlar emosional cəhətdən “hərəkətlidir”lər... Onlar xüsusidirlər, öz dünyaları var. Aktyorlarla işləmək üçün onların üzərində deyil, onlara yaxın olmaq lazımdır.
- Teatr bir tərəfdən yaradıcı orqanizmdir, digər tərəfdən də bu mədəniyyət ocağının ciddi və aydın iş planına ehtiyacı var. Rus Dram Teatrının direktoru Ədalət Hacıyev hansı məsələlərə təsir edir? Sizin sayənizdə teatrı saat mexanizminə çevirən nədir və hansı məsələləri sizdən başqa heç kim həll edə bilməz?
- Bilirsiniz, teatr təkcə sintetik deyil, həm də kollektiv sənətdir. İndi desəm ki, mən təkcə istehsal problemlərini həll etmirəm, o zaman bu, komandamızın qalan üzvləri üçün ədalətsizlik olar. Axı, hər birimiz teatr yaradıcılığının ümumi prosesinə töhfə veririk.
- Uzun müddətdir ki, teatrdasınız. Məşqlər və premyeralar, aktyor və qonaq rejissorların təqdimatları, qastrol səfərləri və yaradıcılıq gecələri ilə bağlı prosesləri dərindən bilirsiniz. Direktorla baş rejissor, inzibati idarəçiliklə bədii hissə arasında müəyyən antaqonizm varmı? Yoxsa son on il yarım ərzində sizin işinizdə həmfikirlik və həmrəylik mövcuddur? Bəs “həqiqət mübahisə zamanı yaranır” fikri haqqında nə deyə bilərsiniz?
- Hər birimiz həyat, yaradıcılıq, musiqi, ədəbiyyatla bağlı düşüncələri və fikirləri olan insanlarıq. Əlbəttə ki, fikir ayrılıqlarımız olur və bu, normal haldır. İstehsalata, kollektiv yaradıcılığa gəlincə, bizim aramızda ciddi fikir ayrılıqları yoxdur. Biz kompromislər tapmağı öyrənmişik. Dram teatrını nəyin birləşdirdiyini bilirsinizmi? Rus dili! Bəli, tam olaraq rus dili. İtalyan dilinin operaya uyğun gəldiyi, fransız dilinin sevgi dili olduğu kimi, rus dili də dramatik səhnəyə tam uyğundur!
- Yeri gəlmişkən, teatrı sevmədən idarə etmək olarmı? Teatrı, xüsusilə Rus Dram Teatrını bir sənət növü kimi nəyə görə sevirsiniz?
- Peşəkar olaraq gördüyünüz işi sevmirsinizsə, başqa nə işlə məşğul ola bilərsiniz? Rus Dram Teatrı çoxdandır ki, mənim üçün sevimli yerə çevrilib, onu “ikinci evim” adlandırıram”.Teatrımızı ona görə sevirəm ki, o, mənə sevinc və xoşbəxtlik anları bəxş edir. Xüsusən də premyera günlərində bayram ab-havası təkcə komandamızı deyil, tamaşaçıları da əhatə edir.
- Ciddi və məsuliyyətli mövqeyinizdən danışan zaman çox gözəl imicinizi qeyd etməyə bilmərəm. Mən sizin düşünülmüş obrazınıza, geyim və aksessuarlar seçimində gözəl zövqünüzə heyran olduğumu bildirmək istəyirəm... Bu estetikada teatrın rolu olubmu, yoxsa necə görünməyinizlə bağlı hər zaman məsuliyyətli olmusunuz?
- Mənə uşaq olarkən, nənə və babalarımızın olduğu XIX əsrin fotolarını göstərirdilər. Dövrün ruhuna uyğun geyimlərin özünəməxsus dəbdəbəsi, gözəlliyi var idi. Həmin vaxt onların necə gözəl geyindiklərini başa düşdüm. Məktəbdə riyaziyyat müəllimimiz var idi, adı Zeynəb xanım idi. Həyatda çox şeylərdən danışırdı, o cümlədən özünə və başqalarına hörmət edən insan necə olmalıdır... Teatr mövsümündə 5-6 premyera hazırlayırıq. Mən direktoram, ictimai xadiməm, həmişə tamaşa zalındayam, teatrımızın pərəstişkarları arasındayam. Buna görə də görünüşüm təkcə statusuma deyil, həm də tamaşaçımıza münasibətimə uyğun olmalıdır.
- Teatra rəhbərlik etdiyiniz müddətdə Rus Dram Teatrının kollektivi sizin ailəniz olub, yoxsa iş və ailəni açıq-aşkar ayıraraq bu anlayışları qarışdırmırsınız?
- Təbii ki, teatr çox vaxt aparır. İstəsək də, istəməsək də teatr həyatımıza daxil olur. Ailəm hər zaman bilir ki, teatrda tamaşa olsa, mən evdə deyiləm. Həyat yoldaşım da yaradıcı insandır, teatr mühitində böyüdüyündən, həm də peşəkar taleyini səhnə ilə bağladığından teatrda işləməyin necə olduğunu çox gözəl anlayır. Bu mənada şanslı olduğumu söyləmək olar.
- Bəs siz necə teatr tamaşaçısısınız: minnətdar, yoxsa sinik, “hər şeyi qəbul edən”, sadəlövh, yoxsa tənqidi? Sevdiyiniz teatr tamaşası hansılardır? Bunlardan üçünün adını çəkə bilərsiniz?
- Bu, mənim üçün asan sual deyil. Çünki mənim sevdiyim tamaşaların sayı çoxdur. Məsələn, “Kin IV”, “Qürur və qərəz”, “Səkkiz sevən qadın”, “İkinci atəş”, “Əziz Pamela”, “Sevgi ilə zarafat etmək olmaz”, “Yeddi gözəl”, “Müsyö Jordan”, “Artistin taleyi”... Başa düşdüyünüz kimi, bu siyahını davam edə bilərəm. Bəs mən necə tamaşaçıyam? Ola bilsin ki, zalda olarkən aktyorlarımızla birlikdə yaşadığım hisslərin qammasını siz və mən bir araya sığışdıra bilmərik.
- Əgər sizə fəaliyyət sahəsini dəyişmək və ya başqa teatra rəhbərlik etmək təklifi gəlsəydi, bu təklifi nə vaxta kimi nəzərdən keçirərdiniz? Bəlkə də tərəddüd etmədən cavab verərdiniz... Beləliklə, sizin cavabınız necə olardı?!
- Bu suala “Afina axşamları” tamaşasının qəhrəmanı, oxşar suala cavab verən Yevgeniya Nevmerjitskayanın replikası ilə cavab vermək istərdim. O deyirdi ki, yenidən doğulmalı olsaydı, bu ailədə və bu ölkədə dünyaya gəlmək istərdi. Və yalnız bu yerdə!
MƏSLƏHƏT GÖR: