Müəllif: Leyla ZEYNAL
Beynəlxalq Enerji Agentliyinin (IEA) hesablamalarına görə, bu il “təmiz enerji” texnologiyaları və infrastrukturuna qlobal xərclərin 2 trilyon dollara çatacağı gözlənilir.
Agentliyin məlumatına görə, bu maliyyə vəsaiti bərpa olunan enerji mənbələri, elektromobillər, nüvə enerjisi, aşağı emissiyalı yanacaqlar, elektrik enerjisinin paylanılması və saxlanılması sistemləri kimi sahələrin inkişafına yönəldiləcək.
Bu il energetika sahəsinə ümumi investisiyaların 3 milyard dollardan çox olacağı gözlənilir. Bu da ilk dəfə olaraq “təmiz enerji” və enerji şəbəkələrinə qoyulacaq sərmayələrin qazıntı yanacağına xərclənən vəsaitdən çox olacağını göstərir.
Dünyanın bir çox ölkələri kimi Azərbaycan da iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmağı, enerji sektorunda aşağı karbonlu texnologiyaların tətbiqini, “yaşıl enerji”nin inkişafını və karbon neytrallığına nail olmağı hədəfləyir. Əlbəttə ki, bu istiqamətdə görüləsi işlər çoxdur. Amma əsas məsələ odur ki, bununla bağlı proseslərə start verilib. Belə ki, Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində ölkədə bərpa olunan enerji mənbələrinin inkişafı üzrə işlər intensivləşib. 230 MVt gücündə ilk günəş elektrik stansiyası (GES) ötən ilin oktyabrında istifadəyə verilib. Azərbaycanda ortamüddətli perspektivdə “yaşıl enerji” istehsalının 10 GVt-a, qısamüddətli perspektivdə, yəni 2030-cu ilə qədər 5 GVt-a çatdırılması planlaşdırılır. Təbii ki, bu, asan tapşırıq deyil, amma həm hidroresurslar, həm də günəş və külək enerjisi baxımından potensial var. Yüksək ambisiyalar və yaxşı investisiya mühiti ilə birlikdə “yaşıl enerji”nin istehsalçısı və ixracatçısı olmaq istəyini həyata keçirmək mümkündür. Üstəlik, bir məsələni nəzərə almaq lazımdır ki, Azərbaycan təkbaşına deyil, oxşar layihələrin həyata keçirilməsində iştirak edən etibarlı və təcrübəli tərəfdaşlarla birlikdə hərəkət edir.
Axı, Bakı əbəs yerə ilk iki layihənin tikintisinə Yaxın Şərqin “ACWA Power” (Səudiyyə Ərəbistanı) və “Masdar” (BƏƏ) şirkətlərini cəlb etməyib. Söhbət təkcə hər iki enerji nəhənginin malik olduğu maliyyə resurslarından deyil (bu, vacib olsa da), həm də təcrübədən gedir. Gələcək uğurun açarı məhz odur.
“Şərq tərəfdaşlığı”
Zəngin təbii sərvətlərinə baxmayaraq - söhbət bərpa olunan enerji mənbələrindən gedir - Azərbaycan “təmiz enerji”nin inkişafı istiqamətində yalnız ilk addımları atır. Buna görə də külək və ya günəş elektrik stansiyasının inşası üçün hər bir yeni sazişin imzalanması əhəmiyyətinə görə neft müqavilələrinin bağlanması ilə müqayisə olunan hadisəyə çevrilir. Məsələn, “Şahdəniz” qaz-kondensat yatağı layihəsi üzrə Hasilatın Pay Bölgüsü müqaviləsi kimi.
Bundan cəmi 20 ilə yaxın vaxt keçəcək və elə həmin gün Bakı Enerji Həftəsi çərçivəsində videokonfrans vasitəsilə ümumi gücü 1000 MVt olan 2 günəş və 1 külək elektrik stansiyasının təməlqoyma mərasimi keçiriləcək. Bu layihənin əhəmiyyətini onun dəyəri ilə qiymətləndirmək olar. Bu da təxminən 1 milyard dollardır.
Bu enerji obyektlərinin tikintisi ilə bağlı müqavilələr iyunun 3-də “Masdar” şirkəti ilə bağlanıb. Söhbət 445 MVt gücündə “Biləsuvar” günəş elektrik stansiyasının, “Neftçala” SES (315 MVt) və Abşeron külək elektrik stansiyasının (240 MVt) inşasından gedir. Ümumilikdə Azərbaycan “Masdar” ilə birgə 10 GVt gücündə bərpa olunan enerji layihələri həyata keçirməyi planlaşdırır.
“Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağından bərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir və qazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm də tərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir”, - Azərbaycan Prezidenti İlham Əliyev təməlqoyma mərasimində vurğulayıb.
“Bu, sadəcə, başlanğıcdır, çünki potensialımız nəhəngdir. Bizim tərəfdaşlarımız qlobal səviyyədə aparıcı şirkətlərdir və dediyim ki, “Masdar” yaşıl enerjiyə keçid sahəsində ən öndə gedən şirkətdir”, - Azərbaycan dövlət başçısı qeyd edib.
Yeri gəlmişkən, 2027-ci ilin sonunadək Azərbaycan xarici şirkətlərlə tərəfdaşlıqda 2 GVt bərpa olunan enerji istehsal edən obyektləri istismara verməyi planlaşdırır.
“Bununla bərpa olunan enerjinin payı 33%-ə yüksələcək. 2 milyard dollardan artıq investisiya, 5,3 milyard kilovat/saat elektrik enerjisinin istehsalı, 1,2 milyard kubmetr qazın sərbəstləşməsi, 2,5 milyon tona qədər emissiyaların azalması bu layihələrin gözlənilən faydalarıdır”, - energetika naziri Pərviz Şahbazov deyib.
2030-cu ilə qədər ölkədə 7 GVt gücündə 20-yə yaxın günəş və külək elektrik stansiyasının istismara verilməsi planlaşdırılır. Təbii ki, bunu enerji transformasiyası sahəsində lider olan “ACWA Power”ın iştirakı ilə həyata keçirmək mümkündür. Hazırda Azərbaycanda Səudiyyə Ərəbistanı şirkəti tərəfindən təməlqoyma mərasimi 2022-ci ilin yanvarında baş tutan “Xızı-Abşeron” külək stansiyasının (240 MVt) inşası həyata keçirilir. Layihənin dəyəri 348 milyon dollardır.
Bununla yanaşı, 2024-cü il mayın əvvəlində Azərbaycanın Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında 200 MVt gücündə akkumulyatorlu enerji saxlama sisteminin yaradılmasına dair İcra Sazişi və 200 meqavat gücündə yerüstü külək enerjisi layihəsi haqqında Çərçivə Sazişi imzalanıb. Hazırda bu şirkətlə quruda və dənizdə ümumi gücü 2,5 GVt olan birgə bərpa olunan enerji layihələrinin həyata keçirilməsi müzakirə olunur.
“Azərbaycanda bərpa olunan enerji baxımından böyük perspektivlər var. Azərbaycan siyasi cəhətdən sabit ölkə olması ilə yanaşı, tranzit marşrutları və dəhlizlərinin üstünlüklərini nəzərə alaraq çox əlverişli mövqedədir və bizim üçün hədəf ölkədir. Şirkətimiz bir müddətdir ki, bu ölkədə fəaliyyət göstərir. Biz Azərbaycana 5 milyard dollar həcmində sərmayənin qoyulacağını gözləyirik”, - şirkətin regional direktoru Abid Malik qeyd edib.
Onun sözlərinə görə, bu vəsait bərpa olunan enerji mənbələri sahəsində layihələrə sərf olunacaq: “Hazırda Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyasının (“Xızı-Abşeron”) tikintisi layihəsi həyata keçirilir. Bundan əlavə, dənizdə və quruda külək stansiyalarının inşası üzrə işlər aparılır, danışıqlar artıq yekun mərhələdədir”.
A.Malik vurğulayıb ki, şirkət neft-kimya istehsalının dekarbonlaşdırılması sahəsində də SOCAR ilə sıx əməkdaşlıq edir: “Ümid edirik ki, layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına yaxın vaxtlarda başlanılacaq”.
O qeyd edib ki, “ACWA Power” Azərbaycanla “yaşıl hidrogen” sahəsində əməkdaşlığa da böyük önəm verir.
Yaxın Şərq dövlətləri ilə yanaşı, Azərbaycan hakimiyyəti son vaxtlar Çin şirkətlərini ölkədə bərpa olunan enerji layihələrinə cəlb etmək istiqamətində işlərini fəallaşdırıb. İyunun 1-də “China Gezhouba Group Overseas Investment” şirkəti ilə 2 GVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsi üçün Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan və Çin enerji sahəsində əməkdaşlığı genişləndirmək üçün işçi qrupu yaratmaq niyyətindədir. Belə ki, çinli tərəfdaşlarla 60 və 100 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Tərəflər həmçinin “yaşıl enerji” dəhlizlərinin və interkonnektorlarının yaradılması, onun ixracı, “yaşıl hidrogen”, ammonyak istehsalı və nəqli, həmçinin enerji saxlama sistemləri üzrə əməkdaşlığı müzakirə edirlər.
Azərbaycan bərpa olunan enerji mənbələri sahəsində yeni generasiya gücləri yaratmaqla artan istehlak fonunda elektrik enerjisi istehsal gücünü artırmağı, elektrik enerjisi istehsalında qazdan istifadəyə qənaət etməyi və sərbəstləşdirilmiş həcmləri, ilk növbədə, Avropaya ixraca yönəltməyi planlaşdırır. Burada ən əsas məsələ isə Avropa və Türkiyəyə 5 GVt “yaşıl enerji” təchizatı imkanlarının yaradılmasıdır. Bu, bəlkə də düşünülən məsələlər arasında ən çətinidir, çünki nəzərdən keçirilən variantlarla enerjinin bir neçə ölkənin ərazilərindən tranziti nəzərdə tutulur. Bu o deməkdir ki, onların hər birində enerji ötürülməsi infrastrukturunu gücləndirmək və tam hazır vəziyyətə gətirmək lazım gələcək. Eyni zamanda, məsələn, elektrik enerjisinin dövlətlərarası ötürülməsi tarifləri ilə bağlı yeni sazişlər də tələb olunacaq.
“Yaşıl dəhliz”lər
Əlbəttə ki, Bakı Avropa və Türkiyəni “yaşıl enerji” bazarı hesab edir. Təbii ki, hər iki istiqamət üzrə layihələr hazırlanır.
Birinci marşrutla Xəzər dənizinin Azərbaycan sektorunda istehsal edilən “yaşıl enerji”nin Gürcüstana, daha sonra isə Qara dənizin dibi ilə çəkiləcək kabel xətti vasitəsilə (“Black Sea Energy”) nəqli nəzərdə tutulur. Texniki-iqtisadi əsaslandırmanın hazırlanması artıq başa çatmaq üzrədir. Avropaya 4 GVt enerji ixracı planlaşdırılır. İştirakçı ölkələr (Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan + Bolqarıstan) planı həyata keçirmək üçün Rumıniyada fəaliyyət göstərəcək birgə müəssisə yaratmaq barədə razılığa gəliblər. Üstəlik, yaxın vaxtlarda birgə müəssisənin iştirakçıları arasında Anlaşma Memorandumu imzalanacaq.
Eyni zamanda Azərbaycan Qara dəniz kabel xətti vasitəsilə Mərkəzi Asiya ölkələrindən, ilk növbədə, Qazaxıstan və Özbəkistandan Avropaya “yaşıl enerji” təchizatının yaradılmasını təklif edib. Yəni bu layihə faktiki olaraq üç regionu birləşdirəcək, Azərbaycanı isə regional enerji habına çevirəcək.
Yeri gəlmişkən, mayın 1-də Azərbaycan, Özbəkistan və Qazaxıstan üç ölkənin enerji sistemlərini birləşdirmək üçün Əməkdaşlıq Memorandumu imzalayıb. Tərəflər beynəlxalq ötürmə dəhlizlərinin inkişafı və “yaşıl enerji”nin Avropa İttifaqı ölkələrinə satışı üçün biznes modelinin hazırlanması barədə razılığa gəliblər. Bundan başqa, Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsinə dair Əməkdaşlıq Memorandumu üzrə hazırlıq işləri gedir. Enerji təchizatı üçün Xəzər hövzəsinin, həmçinin Aral dənizinin külək potensialından istifadə olunacaq.
İkinci marşrutla 1 GVt “yaşıl enerji”nin Naxçıvan vasitəsilə Türkiyə və Avropaya ixracı nəzərdə tutulur. Bu layihə çərçivəsində artıq “Azərenerji” ASC ilə Türkiyənin TEİAŞ şirkəti arasında “yol xəritəsi” imzalanıb. Şərqi Zəngəzur, Qarabağ və Naxçıvanda bərpa olunan enerji sahəsində yeni imkanların yaradılması istiqamətində işlər aparılır.
Bir sözlə, bütün bu layihələr qlobal iqlim məqsədlərinə və Azərbaycanın 2050-ci ilədək karbon qazı emissiyalarını 40% azaltmaq məqsədinə nail olmaq yolunda mühüm addımdır. Bununla bağlı ardıcıllıq və eyni tempin qorunub saxlanılması son məqsədin əldə oluna biləcəyini deməyə imkan verir. Qısa müddət ərzində “Masdar”, “ACWA Power”, BP, “Fortescue Future Industries”, “China Gezhouba Group Overseas Investment” və digər şirkətlərlə ümumi gücü 28 GVt-dan çox olan bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq müqavilələrinin imzalanması Azərbaycanın “yaşıl kursu”na beynəlxalq marağı təsdiqləyir və ölkənin energetika sahəsində gələcəyi ilə bağlı inam yaradır.
MƏSLƏHƏT GÖR: