Müəllif: Ağasəf NƏCƏFOV
Yağışlı və sərin may ayına baxmayaraq, böyük turizm mövsümünün başlanğıcı həddindən artıq isti iyun ayına təsadüf edib. Yayın sonuna kimi əlverişli proqnozlarla birlikdə bu, Azərbaycanın rekreasiya sektoruna mövcud potensialını reallaşdırmaq üçün yaxşı imkanlar vəd edir. Buna həm də gəlmə (incoming) turizminin davamlı artımı və ekoloji, idman və sağlamlıq istiqamətləri daxil olmaqla yeni turizm istiqamətlərinin inkişafı töhfə verir. Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı da turist axınının nəzərəçarpacaq dərəcədə artması gözlənilir. Odur ki, Dövlət Turizm Agentliyi 2024-cü ilin sonuna qədər uğurlu 2019-cu ilin göstəricilərinə nail olunacağını və rekreasiya sektorunun pandemiyadan sonrakı bərpası prosesinin nəhayət başa çatacağını gözləyir.
Məqsəd rekordu qırmaqdır
Dünya İqtisadi Forumunun Səyahət və Turizmin İnkişafı İndeksi üzrə Azərbaycan əvvəlki hesabatla müqayisədə 7 pillə yüksələrək 119 ölkə arasında 56-cı yerdə qərarlaşıb. MDB ölkələri arasında ikinci yeri tutan Azərbaycan bu indeksin 4 komponenti üzrə mövqeyini xeyli yaxşılaşdırıb. Söhbət “Uyğun mühitin mövcudluğu”, “Səyahət və turizm siyasəti və uyğunluq şərtləri”, “Səyahət və turizm tələbinə təsir edən amillər” və “Səyahət və turizmin dayanıqlılığı” komponentlərindən gedir. Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsi kimi də reytinqini yaxşılaşdırıb. Gəlmə turizm sahəsində irəliləyiş xüsusilə nikbinlik yaradır.
Beləliklə, sadalanan uğurlar ölkəmizin rekreasiya sektorunun inkişafının beynəlxalq səviyyədə tanınmasından, həmçinin bu sahənin COVID-19 pandemiyası kimi fors-major halları nisbətən qısa müddətdə aradan qaldırmaq qabiliyyətindən xəbər verir. Məlum olduğu kimi, turizm sektoru koronavirus pandemiyası zamanı xeyli zərər çəkib və yalnız 2022-ci ildə aşağı bazadan başlayaraq, gəlmə turizminin ikiqat artmasına nail olunub. Bu nailiyyətlər möhkəmləndirilərək 2023-cü ildə xarici turist axını əvvəlki dövrlə müqayisədə 65%-ə qədər bərpa olunub.
Artıq 187 ölkədən təxminən 2,086 milyon əcnəbi Azərbaycana səfər edib və bu da əvvəlki illə müqayisədə düz 30,2% çoxdur. Bu, ölkəyə 3,2 milyon xarici qonağın səfər etdiyi 2019-cu ilin göstəricisindən aşağı olsa da, əhəmiyyətli nailiyyətdir.
“Ümid edirik ki, bu ilin sonuna kimi 2019-cu ilin rekord göstəricilərinə nail ola biləcəyik və Azərbaycanın turizm sektorunun bərpası prosesi başa çatacaq”, - Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov bildirib.
Görünən odur ki, 5 il əvvəlki rekord rəqəmlərə çatmaq tamamilə mümkündür. Bunu 2024-cü ildə gəlmə turizmin müsbət dinamikası sübut edir.
Diqqət mərkəzində
Ümumiyyətlə, ölkədə gəlmə və daxili turizmi daha da genişləndirmək üçün bütün lazımi potensial var. Məşhur brendlərin çoxulduzlu hotellərin, yüksək səviyyəli istirahət zonalarının, restoranların, xizək və balneoloji kurortların sayı və keyfiyyətinə görə, həmçinin bölgələrdəki müasir hava limanlarının sayına görə Azərbaycan Xəzər regionunda liderlər sırasındadır.
Azərbaycanda yüksək dərəcədə inkişaf etmiş mehmanxana infrastrukturu formalaşıb. 2010-cu ildən hotel və mehmanxana tipli obyektlərin sayı düz 8 dəfə artıb. Hazırda ölkədə təxminən 757 hotel var. Üstəlik, bütün bu rekreasiya infrastrukturu çox səmərəli şəkildə istismar edilir və mehmanxana sənayesində nisbətən yüksək dövriyyə təmin edilir. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə yerli hotellərin gəlirləri ötən ilin yanvar-mart ayları ilə müqayisədə 31,1% artaraq 111,7 milyon manat təşkil edib.
Əslində, bu rəqəmlər turizm sektoruna yatırılan investisiyaların yüksək səmərəliliyindən xəbər verir. Hazırda turizm investisiya gəlirləri baxımından qeyri-neft sektorunda ən dinamik sahədir.
Bu məqamda qeyd edək ki, yerli hotellərin davamlı artım dinamikası son illərdə bu sahə istiqamətində yürüdülən düzgün siyasət, onun maksimum dərəcədə xarici turistlərin cəlb edilməsinə yönəldilməsi ilə bağlıdır. Mehmanxana sektorunda xidmət keyfiyyətinin yüksəldilməsi üçün sertifikatlaşdırma həyata keçirilir və hotellərə “ulduzlar”ın verilməsi prosesinin sürətləndirilməsi istiqamətində ciddi addımlar atılır. Üstəlik, hotel işçilərinin ixtisaslarının artırılması ilə bağlı da işlər gücləndirilib.
Xatırladaq ki, 2024-cü ilin sonuna kimi paytaxt Bakı iki böyük tədbirə ev sahibliyi edəcək: “Formula 1” və COP29. Turistlərin axını ilə əlaqədar olaraq, “Sea Breeze”də mənzillər və yeni yaşayış kompleksləri inşa edilir və bütün Abşeronda qonaqların yerləşdirilməsi üçün müxtəlif səviyyəli bazaların hazırlanması başa çatdırılır.
“Dövlət Turizm Agentliyi COP29 kimi tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün turizm sektorunu texniki və təşkilati baxımdan tam hazır vəziyyətə gətirmək üçün çalışır”, - Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.
Onun sözlərinə görə, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda 300-dən çox yerləşmə obyekti audit olunub: “200-ə yaxın hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə isə nöqsanları aradan qaldırılması üçün müddət verilib. Respublikanın regionlarında yerləşən hotellərdə də ulduz təsnifatı ilə bağlı işlər aparılacaq”.
Eyni zamanda Dövlət Turizm Agentliyi, Turizm Bürosu və digər aidiyyəti qurumların xətti ilə MDB ölkələrinə, o cümlədən Mərkəzi Asiya dövlətləri, Hind-Çin və Fars körfəzi regionlarına yeni aviareyslərin açılması istiqamətində tədbirlər həyata keçirilir. Bu regionlarda Azərbaycanın turizm məhsulları müvafiq sərgi və forumlarda fəal şəkildə təbliğ olunur.
“Xüsusilə, 2024-cü ilin sentyabrında Azərbaycan Moskvada, dekabrda isə İstanbulda analoji strukturun yeni turizm nümayəndəliyini açacaq”, - Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Cavanşir Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İsraildəki turizm ofisi uğurla fəaliyyət göstərir, Çin və Hindistandakı yerli nümayəndəlik şirkətləri ilə sıx əməkdaşlıq edilir. Daxili turizm məhsullarının təşviqi üçün prioritetlər arasında İslam dövlətləri var. Bu da təəccüblü deyil, çünki bu ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin 43 %-i İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları olub.
Təşviqedici tədbirlər
Gəlmə turizminin genişləndirilməsi hökumətin uzunmüddətli hədəfidir. Bu vektor qeyri-neft sektoru üçün mühüm ixrac istiqaməti olmaqla yanaşı, həm də ciddi valyuta gəlirləri mənbəyi hesab olunur. Bu mənada “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda turizmin qeyri-neft ÜDM-də payını 2019-cu illə müqayisədə 1,5 dəfə, növbəti illərdə sənaye gəlirlərinin xüsusi çəkisini əlavə olaraq 20% artırmaq vəzifəsi qoyulub.
“Dövlət Turizm Agentliyinin əsas məqsədi 2026-cı ilədək turizm sektorunun ÜDM-də xüsusi çəkisinin artırılması, o cümlədən xarici turistlərin sayının 4 milyon nəfərə, daxili turizm göstəricilərinin isə 6 milyon nəfərə çatdırılmasıdır”, - Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Bu məqsədlərə yeni beynəlxalq mehmanxana brendlərinin cəlb edilməsi, həmçinin ölkəmizin turizm potensialını araşdıran yerli və xarici investorlar üçün güzəştli fiskal rejimin yaradılması ilə nail olmaq planlaşdırılır. Azərbaycan Hotellər Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradovun fikrincə, bu il ölkədə bir neçə beynəlxalq hotel brendi fəaliyyətə başlayacaq. Regionlardakı hotel və sanatoriyaların əmlak vergisinin 3 il müddətinə 75% azaldılması qərarı da mehmanxana sənayesinə mühüm dəstək olub.
Bu, eləcə də ölkənin regionlarında turizmə dəstək məqsədilə həyata keçirilən digər stimullaşdırıcı tədbirlər Qarabağ regionuna beynəlxalq hotel brendlərinin daxil olmasına töhfə verir. Şuşa, Laçın, Kəlbəcər və Tərtər rayonlarında ixtisaslaşmış strukturların səyi ilə artıq ilk turizm və balneoloji obyektlərin inşası prosesinə başlanılıb. Bu iş ən intensiv şəkildə Şuşada aparılıb: artıq üç hotel bərpa olunub və onlar fəaliyyət göstərir: “Qarabağ Hotel”, “AvanShusha Plaza Hotel”, “Kharibulbul Hotel”. Şəhərdə və şəhərətrafı ərazilərdə kiçik butik hotellərin, qonaq evlərinin, hostellərin tikintisi də nəzərdə tutulub. Üstəlik, yaxın gələcəkdə yüksək səviyyəli beşulduzlu “QarabağZəfər” hotel kompleksinin tikintisinə başlanılacaq.
Bu sahənin imkanlarının genişləndirilməsi və turizmin ölkənin ÜDM-də xüsusi çəkisinin artırılması istiqamətində addımlar atılıb. Bu tədbirlər turizm sahəsinin inkişafında ən çətin ətalət məqamlarından biri olan mövsümilik amilinin aradan qaldırılmasına kömək edir. Bu baxımdan perspektivli istiqamətlər inkişaf etdirilir, çimərlik infrastrukturu müasirləşdirilir. Yay mövsümünün əvvəlində Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində dənizkənarı tərk edilmiş ərazilərin təmizlənməsi və abadlaşdırılması işləri başa çatdırılıb. Çimərlik ərazilərində Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, futbol və voleybol meydançaları əsaslı təmir edilərək istifadəyə hazırlanıb, lazımi sayda paltardəyişmə və duş kabinələri, sanitariya qovşaqları, şezlonqlar və söhbətgahlar, zibil konteynerləri quraşdırılıb. Bundan başqa, əlilliyi olan şəxslərin istirahəti üçün bütün lazımi şərait yaradılıb: xüsusi yollar və panduslar inşa edilib. Bütün çimərlik infrastrukturu ziyarətçilərin pulsuz istifadəsinə verilib.
Çoxistiqamətli inkişaf
Son zamanlar bəzi yeni istiqamətlərin inkişafında əhəmiyyətli irəliləyişlər var. Dövlət Turizm Agentliyinin mütəxəssisləri Azərbaycanda sağlamlıq turizmi strategiyasını işləyib hazırlamağa başlayıblar. Bu məqsədlə Türkiyə, Malayziya, Çexiya, Tayland və başqa ölkələrdə balneoloji rekreasiyanın ən optimal modelləri öyrənilir, daha sonra isə ölkəmiz üçün ən uyğun olan təcrübədən istifadə olunur. Eyni məqsədlərlə azad edilmiş ərazilərdə sağlamlıq turizminin inkişafı üçün təbii sərvətlərin diaqnostikasının aparılması nəzərdə tutulur.
Bu arada, Azərbaycanda idman turizmi məhsulları da aktiv şəkildə təbliğ olunur: haykinq, qlempinq, paraplanerizm, vindsörfinq, dayvinq, raftinq və s. Onların mövcud və yeni bazarlara uyğunlaşdırılması üçün aktiv marketinq və reklam kampaniyaları aparılır.
Ümumiyyətlə, 2024-2026-cı illər üçün turizm marketinqinin inkişafı strategiyası 4 istiqamətə yönəlib: müalicəvi turizmlə yanaşı, mədəni-etnoqrafik vektor, işgüzar turizm (beynəlxalq tədbirlərin və konqreslərin təşkili), həmçinin ekoloji istiqamət ən perspektivli istiqamətlər sırasındadır.
Azərbaycanda “yaşıl turizm”i inkişaf etdirmək üçün onlarla milli park yaradılıb, yenilərinin yaradılması planlaşdırılır. Böyük Qafqazın mənzərəli dağ meşələrində at sürmə, gəzinti və alpinizm marşrutları mövcuddur. Azərbaycanda 350 aktiv palçıq vulkanı var. Turistləri bu nadir təbiət hadisəsi ilə tanış etmək üçün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ixtisaslaşmış turizm kompleksi istifadəyə verilib. Xatırladaq ki, məlum olan 2000-ə yaxın palçıq vulkanından 700-ə yaxını Abşeron yarımadasında, Xəzər dənizindəki adalar qrupu, həmçinin Şamaxı, Qobustan və Cənub-Şərqi Şirvanda yerləşir. Bakıdan 59 km cənub-qərbdə yerləşən “Qılınc” palçıq vulkanı kompleksinin ərazisində inzibati bina, eləcə də sərgi salonu və emalatxanadan ibarət turizm məlumat mərkəzi tikilib. Mərkəzdə palçıq vulkanlarının xüsusiyyətləri, onların təbii və müalicəvi xüsusiyyətləri haqqında məlumat almaq, həmçinin palçıq vulkanının maketi ilə tanış olmaq olar. Burada həmçinin Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir minerallar təqdim olunur və emalatxanada dulusçuluq və yağlı boya ilə rəsm üzrə ustad dərslərinin təşkili planlaşdırılır. Azərbaycanın təbiət tarixinə həsr olunmuş sərgi salonunda maraqlı eksponatlar nümayiş etdirilir. Söhbət Azərbaycan və dünya faunasının nümayəndələri olan vəhşi və ev heyvanlarının, həmçinin həşəratlar, suda-quruda yaşayan heyvanlar və sürünənlərin skeletlərindən gedir.
Dövlət başçısının təşəbbüsü ilə 2019-cu ilin iyun ayında analoji təyinatlı turizm kompleksi - “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun açılışı olub. Bura Bakıdan 27 km məsafədə, Məhəmmədi kəndi yaxınlığında, əhəngdaşı süxurlarından ibarət təpənin üzərində yerləşir. “Yanardağ” təbii qazın heç vaxt sönməyən alovu ilə diqqət çəkir. Burada üç tematik zonadan ibarət muzey, açıq səma altında konsertlər üçün nəzərdə tutulmuş 500 nəfərlik amfiteatr, sənətkarlıq emalatxanaları və mağazaları, suvenir satışı məntəqəsi və s. yaradılıb.
Gözlənilir ki, Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizləmə işləri davam etdikcə Kiçik Qafqazın mənzərəli dağlarının təbii turizm potensialı inkişaf etdiriləcək. Artıq bu gün Kəlbəcərdə termal və mineral müalicəvi bulaqlarla zəngin rekreasiya-balneoloji zonanın yaradılması istiqamətində işlər aparılır, İstisu kəndində tibb-sağlamlıq məntəqəsi də bərpa olunacaq. Laçın rayonunda Həkəri çayının sahilində çimərlik və istirahət mərkəzi yaradılacaq. Burada, şəhərə yaxın ərazidə yerləşın Abdallarda qədim mağaraları bərpa edilib. Bu ərazi etnoqrafik və ekoloji turizmin inkişafına cəlb olunacaq. Dövlət Turizm Agentliyinin mütəxəssisləri Hadrut kəndində təbiət turizminin inkişafı üçün nəzərdə tutulan obyektlərin layihələndirilməsi ilə məşğuldurlar. Suqovuşan İstirahət Parkının yaradılması istiqamətində işlər aparılır. Ekoloji məkanın inkişafı üçün prioritet istiqamətlər sırasında Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisində “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması da var.
Beləliklə, görünən odur ki, turizmi Azərbaycanın qeyri-neft sektorunun aparıcı və gəlirli sahələrindən birinə çevirmək ümidlərini tədricən doğrultmağa başlayır. Bu, onu göstərir ki, həm hökumət, həm də bazar iştirakçıları tərəfindən turizm sahəsinin inkişafına və böyüməsinə diqqət artacaq.
MƏSLƏHƏT GÖR: