5 Fevral 2025

Çərşənbə, 23:58

HƏRBİ HÖKUMƏTİN SONU

Netanyahu Qəzzanın gələcəyi ilə bağlı məsələdə partiyadaşlarının ciddi müqavimətilə üzləşib

Müəllif:

01.07.2024

İsrailin baş naziri Binyamin Netanyahunun ölkənin hərbi hökumətini buraxmasından sonra o, nəzərəçarpacaq dərəcədə radikallaşıb. Baş nazirin bu qərarına səbəb isə İsrail müxalifətinin lideri Benni Hantsın Qəzzanın gələcəyi ilə bağlı məsələdə Netanyahu ilə razılaşmayaraq kabineti tərk etməsi olub. Bu isə öz növbəsində, HƏMAS ilə müharibənin daha da amansızlaşa biləcəyi anlamına gəlir.

Fikir ayrılıqlarının davam etdiyi bir vaxtda Netanyahu hökumətdəki tərəfdaşlarını koalisiyanın birliyini poza biləcək addımlardan çəkinməyə, hökumətin mövcudluğuna təhdid ola biləcək qanunları qəbul etməməyə çağırıb.

 

Hökumət böhranı ilə üz-üzə

Netanyahu üçün, yəqin ki, ən xoşagəlməz sürpriz koalisiya üzvlərinin, həmçinin öz partiyadaşlarının hökumətə bələdiyyə ravvinləri üzərində ciddi nəzarət verəcək qanun layihəsini dəstəkləməməsi olub. Söhbət nikahların, boşanmaların və digər daxili məsələlərin kurasiyasını həyata keçirən yerli məmurlardan gedir. Qanun layihəsini baş nazirin ultraortodoksal müttəfiqləri irəli sürmüş, Netanyahu isə həm də koalisiyanı qorumaq üçün ona dəstək vermişdi. Tənqidçilər bildirirdilər ki, bu qanunun qəbulu ölkədə hakimiyyətin ultraortodoksallar tərəfindən ələ keçirilməsi anlamına gələcək, çünki bu, onlara nisbətən dünyəvi sayılan şəhərlərdə də ciddi nəzarət imkanı yaradacaq.

Nəticədə, «Likud» partiyasından olan merlər və deputatlar təşəbbüsün əleyhinə çıxıb, bununla da Netanyahu qanun layihəsini geri çəkmək məcburiyyətində qalıb. Ekspertlərin fikrincə, bu, baş nazirin zəifləməyə başladığını göstərir. Netanyahuya ictimai dəstək də kəskin azalıb və belə bir vəziyyətdə partiyanın bəzi üzvləri, o cümlədən Yerusəlimin sabiq meri Nir Barkat partiyanın növbəti lideri olmağa həvəsli görünürlər.

«Likud»un tanınmış simalarından biri, müdafiə naziri Yoav Qallant da Netanyahuya qarşı çıxanlardandır. Sözügedən qanun layihəsini dəstəkləməkdən o da imtina edib. Qeyd edək ki, sənədin qəbulu ultraortodoqları hərbi xidmətdən azad edə bilərdi.

Bununla yanaşı, Netanyahu qanunun qəbul olunmayacağı təqdirdə hökuməti tərk edəcəklərini bildirən partiyaların dəstəyinə də ehtiyac duyur.

Məlum olduğu kimi, 7 oktyabr hadisələrindən dərhal sonra müxalifət lideri Beni Hants Qalant və Netanyahu ilə birlikdə fövqəladə hərbi kabinetə qoşulmuşdu. Baş nazirin siyasi rəqibləri müharibə ilə bağlı məsuliyyətli qərarların qəbulunda bərabər rol almağa və məsuliyyət daşımağa razılaşmışdılar. Məqsəd terrorla mübarizədə xalqın birliyini nümayiş etdirmək idi.

Siyasi rəqiblərin rol paylaşımı SAXAL-ın Qəzza sektorunda yerüstü əməliyyatlara başlamasından sonra da davam edib. Lakin atəşkəsin elan olunması şərtləri, həmçinin Netanyahunun müharibədən sonra Qəzzanın idarə olunması strategiyasının hazırlanmasından imtinası onlar arasında fikir ayrılıqlarını dərinləşdirib. Baş nazir hər iki məsələdə üzərinə konkret öhdəliklər götürməkdən imtina edib və görünür, koalisiyadakı qatı sağçılarla parçalanmadan qaçmaq üçün belə davranıb. Məsələ ondadır ki, qatı sağçılar hərbi əməliyyatları dayandıracaq, Fələstin Muxtariyyətinə Qəzzanın gələcəyində hər hansı formada rol oynamaq imkanı verəcək istənilən siyasətin əleyhinədirlər. Parlamentdə cəmi dörd yerə sahib Netanyahu koalisiyasının bir partiyanı belə, itirməsilə barışa bilməz.

 

Hantsın gedişi, Qalantın şərti

Hantsın gedişi baş nazirin Livanda «Hizbullah»la müharibə təhlükəsi qarşısında belə, daha radikal tərəfdaşlarına arxalanacağı ilə bağlı narahatlıq yaradıb. Hants istefa verdikdən sonra atəşkəsə nail olunması və girovların azad edilməsinin vacibliyini daha sıx-sıx dilə gətirməyə başlayıb. Onun mövqeyi ola bilsin ki, Netanyahu əleyhinə nümayişlərə də təsirini göstərib. Hər halda, indi etiraz aksiyaları daha miqyaslı xarakter alıb və nəticədə polis repressiyaları artırıb. Qəzzada savaşın davam etdirdiyi şəraitdə yüksək rütbəli zabitlər «sabahın planı»nın müəyyənləşdirilməsinin vacibliyi haqda daha çox danışırlar. Söhbət hərbi əməliyyatların başa çatmasından sonra Qəzzaya kimin nəzarət edəcəyindən gedir. Hər hansı hökumətin Qəzzanı nəzarətə götürmək planı olmadan ordu oradan çıxa bilməz – HƏMAS-ın yenidən qruplaşaraq, silahlanaraq 7 oktyabr hadisəsinə bənzər əməliyyat keçirməsi təhlükəsi var. Netanyahu üçün bu, minalı ərazidir. Onun daha ekstremist tərəfdaşları İsrailin Qəzza sektorunu əbədi işğal etməsinin, hətta orada yəhudi yaşayış məntəqələrinin bərpasının tərəfdarıdır. Hər iki tərəfdən zərbə altında qalmış baş nazir isə hər hansı plan üzərində işləməkdən boyun qaçırır. Təzyiqlər artan zaman isə hər dəfə İsrailin HƏMAS-ın «məhvinə qədər» döyüşəcəyini təkrarlayır.

Qəzzada əməliyyatların dayandırılmasına tərəfdar olan hərbi liderlər isə münaqişənin siyasi həlli planının hazırlanmasının vacibliyinə əmindirlər. SAXAL-ın əsas təmsilçisi, kontr-admiral Daniel Xaqar isə deyir ki, «HƏMAS-ı məhv etmək mümkün deyil. HƏMAS ideyadır. Kimsə onu yox etməyi mümkün sayırsa, yanılır».

Baş nazirin dəftərxanası bu fikrə dərhal reaksiya verərək bildirib ki, SAXAL bu qruplaşmanın darmadağın edilməsi işinə sadiqdir.

Müdafiə naziri Yoav Qalant da Netanyahunu Qəzzanın müharibədən sonrakı dövrdə necə idarə olunacağına dair plan hazırlamağa çağırıb. Onun fikrincə, plan savaşdan sonra sektorda İsrailin hərbi və mülki idarəçiliyini istisna etməlidir. Məsələ ondadır ki, baş nazirin koalisiyasının bəzi ultrasağçı üzvləri bunun əksini tələb edir.

 

Dalana dirənmiş danışıqlar

Baş verənlər fonunda münaqişənin həlli ilə bağlı Qahirədə aparılan danışıqlar hələ ki, nəticə vermir. HƏMAS-ın tələbləri sırasında «hücumların tam dayandırılması, İsrail ordusunun Qəzzadan çıxarılması və Qəzzanın bərpası, əvəzində isə əsirlərin azad olunması, Fələstin eksklavının sakinlərinə yardımın göstərilməsi» var. İsrail tərəfi bu tələbləri qəbul etmir.

Müzakirələrin gedişi ilə tanış olan amerikalı məmurların sözlərinə görə, Bayden administrasiyasının nümayəndələri hazırkı şəraitdə İsraillə HƏMAS-ın atəşkəs haqda razılığa gələ biləcəklərinə inanmırlar. Amerikanın planı (onun nə vaxtsa razılaşdırılıb-razılaşdırılmayacağını söyləmək çətindir) isə üç mərhələdən ibarətdir. Birinci mərhələdə hərbi əməliyyatlar 6 həftəliyinə dayandırılmalı, bu, İsrail qoşunlarının Qəzzanın əhali yaşayan rayonlarından çıxarılmasına imkan yaratmalı, girovlar və fələstinli məhbuslar sərbəst buraxılmalıdır. İkinci mərhələdə İsrail ilə HƏMAS bütün hərbi əməliyyatların dayandırılması və qalan girovların azad olunmasına dair razılığa gəlməli, son mərhələdə isə Qəzzanın yenidən qurulmasına başlanılmalıdır.

Əgər İsrail və HƏMAS ümumilikdə ilk mərhələdə nəzərdə tutulan məsələlərlə razıdırlarsa, onların müharibəyə rəsmən son qoyulmasına yanaşmaları fərqlidir. HƏMAS bildirir ki, İsrail onların tələblərini qəbul etməzsə, qruplaşma ilkin atəşkəs razılaşması daxil heç bir razılaşmanı imzalamayacaq. Bu, əslində HƏMAS-ın qarşı tərəfə ultimatum verməsi anlamına gəlir – «ya hər şey, ya heç nə». Yəhudi dövlətinin bu ultimatumu qəbul edəcəyi isə inandırıcı deyil. Beləliklə, tərəflər heç bir kompromisə hazır deyil. Odur ki, əməliyyatların hələ bir neçə ay davam etməsi ehtimalı yüksəkdir ki, bu da Vaşinqtonu narahat edir.

«Altı həftənin bitimindən sonra da danışıqların davam etdirilməsinə dair razılaşma var. Həmin dövrdə isə ən azı atəşkəs olardı», - deyə Dövlət Departamentinin rəsmisi Metyu Miller bildirib: «Lakin indi müzakirələr davam etsə də, atəşkəs olmayacaq. Bu, bizi məyus edir».

Baş verənlər humanitar böhranın daha da dərinləşəcəyini göstərir. Danışıqların gedişi haqda məlumatlı olan humanitar təşkilatların nümayəndələri bildirirlər ki, hərbi əməliyyatlar dayanmadan Qəzza sakinlərinə effektiv yardım göstərə bilmirlər. Onlar deyirlər ki, yerlərdə insanların ərzaqla, ən vacib tibbi yardımla davamlı təmini üçün barışıq yeganə yoldur.

«Administrasiya İsraillə HƏMAS-ın razılığa gəlməsi üçün israrla çalışmaqdadır», - deyə Qəzza sektorunda çalışan böyük qruplardan birinin nümayəndəsi bildirib: «Lakin görünən odur ki, hazırda hər şey donub».

 

ABŞ «əllərini yuyur»?

Birləşmiş Ştatlar ilin əvvəlindən müharibəyə tez bir zamanda son qoyulmasının mümkünlüyünə daha skeptik yanaşmağa başlayıb. Onun məqsədi tərəfləri ilkin mərhələdə 6 həftə müddətinə atəşkəsə razılaşdırmaq idi. Bu, onlarla girovun azad olunmasına, Qəzzada yardımların daha effektiv paylanmasına, bununla da potensial aclığın qarşısının alınmasına kömək edərdi. Ağ Evdə hesab edirlər ki, HƏMAS ilə İsrail atəşkəs haqda qısamüddətli razılığa gəlsələr belə, razılaşmanın tezliklə pozulma riski yüksəkdir. Yüksək rütbəli şəxslər vəziyyətdən çıxış yollarının tapılması üçün İsrailə və Dohaya səfərlər də ediblər. İndi onlar açıq şəkildə HƏMAS-ı sülhə mane olmaqda günahlandırırlar. Məsələ ondadır ki, HƏMAS Vaşinqtonun üç mərhələdən ibarət planına da öz düzəlişlərini etməyə çalışır. Vaşinqtonda bildirirlər ki, onların təkliflərinin bəziləri mümkün görünsə də, bəziləri mümkünsüzdür.

İsrailin hazırda müzakirədə olan planın hansı hissələri ilə razılaşdığı, HƏMAS-ın orada nələri dəyişmək istədiyini konkret açıqlanmır. Belə bir vəziyyətdə tərəflərin fikir ayrılıqlarını tezliklə aradan qaldıra biləcəklərinə böyük şübhələr var.

Görünən odur ki, hazırkı ABŞ administrasiyasının noyabrda keçiriləcək prezident seçkisinə konkret nəticə – HƏMAS ilə İsrail arasında sülhə nail olaraq getmək ümidləri doğrulmur. Əvəzində, Netanyahunun Qəzza sektoruna tam nəzarətin ələ alınmasınadək hökumətini qoruyub saxlamaq planı baş tuta bilər. Daha sonra necə davranılacağına gəlincə, Netanyahu problemləri ardıcıl şəkildə çözməyə öyrəşməyib.



MƏSLƏHƏT GÖR:

79