19 Dekabr 2024

Cümə axşamı, 12:43

DUMANLI BÜRGENŞTOK

İlk «sülh sammiti» Rusiya-Ukrayna müharibəsinin nə vaxt bitəcəyi məsələsinə aydınlıq gətirmədi

Müəllif:

01.07.2024

2024-cü il iyunun 15-16-da dünyanın diqqəti İsveçrənin Bürgenştok kurort şəhərində idi. Burada Rusiya-Ukrayna münaqişəsinin həlli, müharibəyə son qoyulması məqsədilə ilk sammit keçirilirdi. Toplantıda konkret hədəf Kiyev ilə Moskva arasında yaxın gələcəkdə danışıqlara başlanılması üçün beynəlxalq platformanın təsdiqlənməsi idi. Lakin sammitin nəticələri buna nail olunacağını birmənalı şəkildə söyləməyə imkan vermir.

 

Kommunikedə nədən danışılır?

«Sülh sammiti» adlandırılan forumda 90-dan artıq dövlətin və 8 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Onların təxminən yarısı Ukraynanı dəstəkləyən Qərb dünyasının təmsilçiləri idi. Digər iştirakçılar «Qlobal cənub»dan idilər. Rusiyanın sammitə qatılmaması toplantıda daha çox dövlətin iştirakını mümkünsüz etmişdi. Məsələn, Rusiyanın sammitə dəvət olunmaması arqumenti ilə Çin də müzakirələrə qatılmaqdan imtina etmişdi.

Tədbirə qatılmış əsas iştirakçıların bəziləri hesab edirlər ki, Rusiyanın sammitdə olması onun nəticələrinə müsbət təsir göstərərdi. Məsələn, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, zalda münaqişənin digər tərəfi – Rusiya da olsaydı, sammit «nəticəyə daha ciddi köklənərdi».

Bununla yanaşı, nəzərə alsaq ki, Ukrayna İsveçrədə öz «sülh formulu»nu beynəlxalq müzakirəyə çıxarmağa çalışırdı, Moskvanın sammitə qatılmaması «qanunauyğunluq» sayıla bilər. Məsələ ondadır ki, forumun digər iştirakçıları, o cümlədən ev sahibi İsveçrə müzakirələrdə daha geniş təmsilçiliyi təmin etmək üçün gündəmə daha çox bu və ya digər dərəcədə beynəlxalq konsensusun olduğu 3 məsələni gətirməyə çalışırdı: nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və humanitar vəziyyət. Onlar yekun kommunikedə də öz əksini tapıb.

Sənəddə Moskva Zaporojye AES-ə nəzarəti Kiyevə verməyə, Ukraynadan çıxmaq məcburiyyətində qalmış minlərlə uşağın geri qayıtmasına şərait yaratmağa çağırılır. Eyni zamanda nüvə silahından istifadə və ya onunla hədələmənin yolverilməzliyi, sərbəst, təhlükəsiz ticarət gəmiçiliyinin, Qara dəniz və Azov dənizi limanlarına sərbəst çıxışın təmininin vacibliyi vurğulanır. Kommunikenin əsas maddəsində deyilir ki, Ukraynada hərtərəfli, ədalətli və dayanıqlı sülhə BMT Nizamnaməsi, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında nail oluna bilər.

78 ölkənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu belə bir sənəd qəbul etməsini müşahidəçilər Kiyevin diplomatik uğuru kimi qiymətləndirir. Bununla yanaşı, “Qlobal cənub”un Hindistan, Braziliya, Meksika, CAR, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya və s. kimi nüfuzlu ölkələri sənədi imzalamaqdan imtina ediblər. İraq, İordaniya və Ruanda isə əvvəlcə kommunikeni imzalasalar da, sonradan imzalarını geri çəkiblər.

Qlobal cənubun demarşının səbəbini Hindistan Xarici İşlər Nazirliyinin bəyanatından anlamaq mümkündür. Bəyanatda bildirilir ki, Rusiya-Ukrayna münaqişəsi yalnız bir halda çözülə bilər ki, münaqişə tərəfləri arasında «real və praktik əməkdaşlıq olsun». Göründüyü kimi, burada da istinad Rusiyanın sammitdə iştirak etməməsinədir.

Bürgenştoka dəvət olunmamasını mənfi qarşılayan Moskvanın isə sammitin nəticələrini «sıfra yaxın» kimi qiymətləndirməsi təəccüblü deyil. Bu, ilk «sülh sammiti»nin Ukrayna ilə Rusiya arasında atəşkəsə, sülhə nail olunmasına nə dərəcədə kömək edə biləcəyi məsələsini daha sərt şəkildə qoyur.

 

«Bitgi» «böyüyəcək»?

İsveçrə sammiti bir daha göstərib ki, Ukraynanın hədəfi onun ərazi bütövlüyünün bərpasına, ölkənin beynəlxalq birlik tərəfindən tanınan ərazilərindən Rusiya qoşunlarının çıxarılmasına əsaslanan sülhdür. Bu məsələdə əksər BMT üzvü Kiyevi dəstəkləyir. Bununla yanaşı, o da aydın olub ki, dünyanın bir çox ölkəsi, xüsusilə “Qlobal cənub”un təmsilçiləri üçün Rusiya-Ukrayna müharibəsi prioritet deyil. Üstəlik, Qərbdən fərqli olaraq, onlar Rusiyaya düşmən dövlət kimi yanaşmırlar. Onların Moskvanın sammitə dəvət edilməməsinə etirazı da bunun təsdiqidir. “Qlobal cənub”un bir sıra dövlətlərinin toplantıya qatılması isə onların Qərb ilə qarşıdurmaya getmək istəməməsinin nəticəsidir.

Bu arada, sammitin təşkilatçıları Bürgenştok toplantısı ilə kifayətlənmək fikrində deyillər. Hər halda, Ukrayna bu ilin sonunadək ikinci belə sammitin keçirilməsinə nail olmaq niyyətini gizlətmir. Üstəlik, onun “Qlobal cənub”u təmsil edən ölkələrdən birində, məsələn, Səudiyyə Ərəbistanında keçiriləcəyi istisna edilmir. Bu zaman isə toplantıya Rusiyanın da dəvət olunması mümkündür. Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev «ikinci sülh sammitinə yolun müharibənin başa çatmasına, ədalətli və uzunmüddətli sülhə nail olunmasına kömək edəcəyinə» ymidlidir. O hesab edir ki, bunun üçün Rusiyaya beynəlxalq təzyiqlər mümkün qədər artırılmalı, Moskva Ukraynanın ərazi bütövlüyünə əsaslanan həll variantına məcbur edilməlidir.

Bəs bu perspektiv nə qədər realdır? Rusiyanın qarşısına onun hərbi-siyasi hədəflərinə zidd tələb qoyulacağı təqdirdə Moskvanın sammitə qatılması mümkündürmü?

Hər halda, Bürgenştok sammiti ərəfəsində Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə savaşı dayandırmaq üçün öz şərtlərini irəli sürüb. Putin bildirib ki, bunun üçün Kiyev NATO-ya qoşulmaq ideyasından imtina etməli, Rusiya Silahlı Qüvvələrinin nəzarətə götürdüyü əraziləri Rusiya ərazisi kimi tanımalıdır. Kiyev bu şərtlərin qəbulunu kapitulyasiyaya bərabər sayaraq, onları rədd edib. Məsələyə ABŞ-nin yanaşması da eyni olub. Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib ki, Putin «danışıqlara başlanılması üçün növbəti maksimalist bəyanatla çıxış edib. O, Ukraynanın hazırda işğal altında olan torpaqlarından da çox ərazisindən imtina etməsini istəyir». Amerikalı diplomat bildirib ki, «bunun sülh üçün ağıllı təklif olduğunu heç bir məsuliyyətli ölkə söyləyə bilməz», çünki bu tələb «BMT Nizamnaməsinə, əsas dəyərlərə, elementar sağlam düşüncəyə ziddir».

Moskvanın məqsədi aydındır: Qərb onun fikrindən döndərilməsi cəhdlərinin əbəs olduğunu anlasın və Ukraynanı güzəştlərə məcbur etsin. Kremlin bu taktikası Çinin mövqeyi fonunda getdikcə daha aydın hiss olunur. Məsələ ondadır ki, Qərb Pekini Rusiyaya texnoloji, hərbi-texniki dəstəyi dayandırmağa çağırsa da, Çin Moskva ilə əməkdaşlığı getdikcə genişləndirir. Yeri gəlmişkən, Zelenski Çini İsveçrə sammitinə qatılmadığı üçün məzəmmət etsə də, onun Ukraynanın düşməni olmadığını bildirib. Dövlət başçısı Pekinlə Moskva arasında sıx əlaqələrə baxmayaraq, Çini «sülh təkliflərinin hazırlanmasında konstruktiv mövqe tutmağa» çağırıb.

Bəs Pekin Moskvaya Kiyevin gözlədiyi təzyiqləri göstərəcəkmi? Qərb paytaxtlarında buna çox da ümid etmirlər.

Ümumilikdə Bürgenştok sammitinin nəticələri ikili təəssürat yaradır. Bəli, bir yandan o, «sülh prosesində ilk addım» ola bilər və iştirakçıların bir çoxu bunu məhz belə qiymətləndirir. Almaniya kansleri Olaf Şolts da obrazlı olaraq, bu toplantını hazırda «böyüməsi üçün» suvarılmaqda olan «bitki» adlandırıb. Lakin digər tərəfdən insanların, həm də günahsız dinc əhalinin iztirabına, ölümünə səbəb olan müharibənin başa çatması üçün nə qədər gözləmək lazım gələcək?

Bürgenştok bu suala konkret cavab verə bilməyib. Bu isə öz-özlüyündə mənfi nəticədir. Çünki Ukraynanın Rusiya ilə Qərb arasındakı amansız savaşın meydanına çevrildiyi müharibənin uzanması ehtimalı qalmaqdadır.



MƏSLƏHƏT GÖR:

75