Müəllif: İrina XALTURİNA
Rusiya Prezidenti Vladimir Putinin KXDR və Vyetnama səfərləri bütün dünyanın diqqətini cəlb edib. Lakin bu turnenin nəticələri ilə bağlı şərhlər gözlənildiyi kimi, bir-birinə tam zidd olub. Rusiya politoloqları və mediası hesab edir ki, Moskva Avrasiyada yeni geosiyasi məkanın formalaşdırılması istiqamətində növbəti vacib addımını atıb. Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə böyük direktoru Maykl Karpenter isə bildirib ki, Putin Qərbə qarşı koalisiya yaradır. Rusiyanın bu əməlinin dünya düzəninə meydan oxumaq olduğu, ümumiyyətlə Kremlin Üçüncü Dünya müharibəsinə hazırlaşdığı haqda da fikirlər səsləndirilir. Rusiya tərəfi Pxenyanda xüsusi olaraq vurğulayıb ki, Moskva «Birləşmiş Ştatlar və müttəfiqlərinin hegemonluğu, imperialist siyasəti ilə mübarizə aparır».
Alyans, yoxsa pakt?
Vladimir Putinin turnesi çərçivəsində Vyetnam və Şimali Koreya, əlbəttə ki, çox maraqlı görünürdü. Bir yandan hər iki ölkə keçmişdə ABŞ ilə ciddi münaqişə yaşayıb, digər tərəfdən isə onların Rusiya ilə kökləri Sovet İttifaqı illərinə uzanan çoxşaxəli əlaqələri var. Bu gün Pxenyan Rusiyaya açıq dəstək verir, Hanoy isə Moskva-Qərb qarşıdurmasında neytrallıq nümayiş etdirir. Bununla yanaşı, KXDR “izqoy” ölkə kimi qəbul olunaraq çoxsaylı sanksiyalara məruz qalırsa, dünyanın ən qapalı, münasibətin birmənalı olmadığı ölkələrindəndirsə, dinamik inkişaf edən Vyetnam regionunun firavan dövlətlərindəndir. Onunla əməkdaşlıqda hər kəs maraqlıdır – istər qonşuları, istər ABŞ də daxil olmaqla, Qərb.
Vladimir Putin Şimali Koreyaya son 24 ildə ilk səfərini edib və Pxenyanda o, görünməmiş təntənə ilə qarşılanıb. Səfərin əsas nəticəsi iki ölkə arasında müddətsiz hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin imzalanması olub. Sənəddə ölkələrdən birinin təcavüzə məruz qalacağı təqdirdə birgə müdafiə olunmağa dair bənd də var. Söhbət «BMT Nizamnaməsinin 51-ci maddəsinə, həmçinin Koreya Xalq Demokratik Respublikası və Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq, bütün vasitələrlə hərbi və digər yardımların göstərilməsi»ndən gedir. Yəni Rusiya və KXDR faktiki olaraq, hərbi alyans yaradıblar. Şimali Koreya lideri Kim Çen In bu razılaşmanı pakt adlandıraraq bildirib ki, bununla iki ölkə müttəfiqlik münasibətlərində yeni səviyyəyə qalxıblar.
Qərbdə əmindirlər ki, Şimali Koreya artıq Rusiyaya böyük həcmdə sursat və hərbi avadanlıqlar verib (və bunu davam etdirir), eyni zamanda əvəzində Kremlin Pxenyana nə verəcəyi ilə maraqlanır. NATO ölkələrini ən çox narahat edən Rusiyanın KXDR-in nüvə, raket, həmçinin peyk proqramlarına dəstək verə bilmə ehtimalıdır. ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller bildirib ki, Rusiyanın Şimali Koreyaya silah tədarük etməsi «Koreya yarımadasında sabitliyi pozacaq». Qərb siyasətçiləri «Rusiyanın BMT Təhlükəsizlik Şurasının özünün də dəstəklədiyi qətnamələrini pozmasından» da narazıdırlar.
Həqiqətən, Şimali Koreyanın praktik olaraq bütün silah nümunələri «cins»inə görə SSRİ-dən gəlir. Odur ki, iki ölkənin silahlarının, hərbi qurğu və texnikasının uyğunluğu şübhə doğurmur. Üstəlik, iddialara görə Pxenyan öz imkanları daxilində kifayət qədər inkişaf etmiş hərbi-sənaye kompleksinə malikdir. İndi Moskvanı artıq istehsal olunmuş silah-sursatın sayı maraqlandırırsa, Pxenyan, yəqin ki, texniki yeniliklərdə maraqlıdır. KXDR-də son dövrlərdə bütün resurslar prioritet hədəflərə çatılmasına yönəldilib – kosmik-raket texnikası, nüvə silahı və quru qoşunları üçün texnika. Bu üzdən də digər istiqamətlərin müasirləşdirilməsi zərurəti var. Rusiya mətbuatının da qeyd etdiyi kimi, söhbət aviasiya texnikasından, HHM vasitələri və donanmadan gedir.
ABŞ üçün Rusiya-KXDR əməkdaşlığı bu regiona daha ciddi qüvvə cəlb etmək zərurəti deməkdir. O da bildirilir ki, Rusiya ilə Şimali Koreya Ukrayna cəbhəsinə Şimali Koreyadan könüllülərin göndərilməsi məsələsini də müzakirə edə bilərlər. Yaxşı təşkilatlanmış və motivasiya olunmuş belə dəstələr Amerika/NATO silahlarına qarşı real döyüş təcrübəsinin qazanılmasında da maraqlı ola bilər.
Bununla yanaşı, Pxenyan-Moskva əməkdaşlığı hərbi sahə ilə məhdudlaşmır. İmzalanmış müqavilə ərzaq, enerji və informasiya təhlükəsizliyi kimi sahələrdə də əməkdaşlığı nəzərdə tutur. Rusiyanın isə işçi qüvvəsinə ehtiyacı var. Rusiyalı ekspertlər güman edirlər ki, Şimali Koreyada aparılmış danışıqlarda oradan Rusiyaya bir neçə min mütəxəssisin gəlməsi məsələsi də gündəmdə olub. Unutmaq olmaz ki, Şimali Koreyada qiymətli, nadir metal, sink, mis, nikel, titan və s. faydalı qazıntı yataqları var.
KXDR ilə imzalanmış müqaviləni şərh edən Rusiya tərəfi xüsusi vurğulayır ki, bu əməkdaşlıqda söhbət birmənalı olaraq, müdafiə mövqeyindən gedir. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun sözlərinə görə, müqavilə Cənubi Koreya və ya hər hansı digər dövlətə qarşı deyil. Başqa sözlə, Seul KXDR-ə hücum etmək niyyətində deyilsə, onun üçün heç bir təhlükə yoxdur. Bununla yanaşı, diplomat regionda əsas gərginlik mənbəyinin məhz ABŞ olduğunu da vurğulayıb.
Qərb mətbuatı isə öz növbəsində yazır ki, Sovet İttifaqı liderləri və yüksək rütbəli məmurları heç zaman Pxenyana dövlət səfərləri etməyə çalışmayıblar, Putin özü isə əvvəllər Şimali Koreya ilə dostluğa xüsusi can atmayıb. Odur ki, Rusiya Prezidentinin bu səfəri sanki bir ümidsizlik jestidir və bu ümidsizlik «Rusiyanı Şimali Koreyanın hərbi, sərt repressiv diktatura modelinə yaxınlaşdırır». Rusiyalı politoloqlar isə bu fikri də rədd edərək bildirirlər ki, dövr dəyişib və indi Suriya, Kuba, İran, KXDR, Venesuela kimi ölkələrdən ibarət «Rusiya makroregionu»nu inkişaf edir. Bu isə Kremlin bəzi Afrika ölkələrinə tərəf də meyillənməsi fonunda baş verir. Konkret olaraq Şimali Koreyaya gəlincə, burada söhbət ABŞ-nin birbaşa maraq zonası olan Cənub-Şərqi Asiya bölgəsindən gedir.
Strateji tərəfdaşlar
Vyetnama səfərin xüsusi əhəmiyyəti var. Belə ki, Vladimir Putinin bu ölkəyə səfəri həm də Qərbin Rusiyanı təcrid vəziyyətə salmaq cəhdlərinin o qədər də uğurlu alınmadığının nümayişi imkanı idi. Vyetnam üçün isə Rusiya liderinin səfəri həm də xarici siyasətdə müstəqillik nümayişi sayıla bilər. Yəni ölkə çoxtərəfli diplomatiya yürütmək gücünə və imkanına malikdir.
Vladimir Putin ilə To Lamın danışıqlarının yekununda 11 sənəd imzalanıb, «Hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında» bəyanat qəbul edilib. Məlum olduğu kimi, Vyetnam dünyada Rusiya silahlarının əsas istehlakçılarından olub. Ölkənin müdafiə arsenalının 60-70%-ni bu gün də Rusiya texnikası təşkil edir və Kreml bu amili daha da gücləndirmək niyyətindədir. 2000-ci illərin ikinci yarısından Vyetnam Aİ və ABŞ-dən də ayrı-ayrı silah nümunələri almağa başlayıb və o vaxtdan o, Rusiyadan miqyaslı nəsə almır. Ekspertlərin fikrincə, Moskva Kamranda hərbi-dəniz bazasının bərpasında da maraqlı ola bilər.
Bundan başqa, Rusiya Vyetnamın neft-qaz sektorunda əhəmiyyətli paya sahibdir. Putinin Hanoya səfəri həm də Rusiyanın dollardan imtina səylərinin tərkib hissəsi, idxalı əvəz edəcək sxemlərində bu ölkədən istifadə cəhdidir. Vyetnam Rusiyanın «yumşaq güc»ünün real olaraq hiss edildiyi azsaylı ölkələrdəndir və bu vaxtilə Sovet İttifaqının apardığı işin nəticəsidir. Belə ki, «soyuq müharibə» dövründə SSRİ on minlərlə vyetnamlı tələbəni qəbul etmişdi.
İndi Vyetnam Rusiya Prezidentinin səfəri ilə regional və beynəlxalq mövqeyini ciddi şəkildə «şişirdib». Vaşinqtonun Hanoya ünvanladığı tənqid isə kifayət qədər yumşaq olub. Bununla yanaşı, Birləşmiş Ştatların dövlət katibinin köməkçisi Daniel Kritenbrink Putinin ardınca dərhal Vyetnama yollanıb, orada verdiyi bəyanatda bildirib ki, ABŞ-Vyetnam tərəfdaşlığı «heç zaman indiki qədər güclü olmayıb».
Vaşinqtonla münasibətlərini ötən il yaxşılaşdırmış Hanoy Pekinin artmaqda olan regional nüfuzuna «əks-ağırlıq» hesab olunur və bundan kifayət qədər uğurla istifadə edir – «bambuk diplomatiyası» öz bəhrəsini verir. «Apple» şirkəti də daxil olmaqla, amerikalılar istehsalı fəal şəkildə Vyetnama daşımaqdadırlar. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 140 milyard dollara çatır. Digər yandan Hanoy Çinlə də fəal əməkdaşlıq edir, onun da önəmli ticarət tərəfdaşlarından biridir. Yəni Vyetnam regionda nəhəng qonşuların və xarici oyunçuların maraqlarının toqquşmasından məharətlə istifadə edir.
Vyetnam zəngin faydalı qazıntı yataqlarına malikdir. Vacib dəniz ticarəti yolları da bu ölkədən keçir. Böyük insan resursları, ərazi mübahisələr, müxtəlif dövlət quruluşları bu mənzərəni tamamlayır. Bununla yanaşı, ciddi rəqabət, çətin əməkdaşlıq sistemləri sonda manevr üçün böyük imkanlar yaradır. Bu, yalnız Vyetnama deyil, həm də elə həmin KXDR-ə aiddir. ABŞ, Çin və Rusiya arasındakı maraq toqquşmalarından Pxenyan da kifayət qədər istifadə edir.
Düşündürücü informasiya
Rusiya Prezidentinin Vyetnam və KXDR-ə səfərləri hazırda dönüş anını yaşamaqda olan beynəlxalq münasibətlərdəki dinamikanı göstərir. Həqiqətənmi Rusiyanın hesab etdiyi kimi, Avrasiyada yeni təhlükəsizlik arxitekturası qurulur? Yoxsa bu, sadəcə mövcud, görünüşü dəyişsə də «yerində qalacaq» sistemdə «stavka»nı artırmaq cəhdidir? Yeni ittifaqlar və razılaşmalar səmimidir, yoxsa sadəcə, vəziyyətdən istifadə etmək cəhdidir?
Məsələn, bir düşündürücü informasiyaya diqqət yetirək. Putinin Şimali Koreya və Vyetnama səfərləri praktik olaraq, onun Çin turnesindən dərhal sonra baş tutub. Bir yandan Kremlin kürəyi arxasında Pekinin kölgəsi görünür və bu, Rusiyanın əməllərinə Qərb üçün təhlükəli çalar qatır. Digər tərəfdən isə Putin Hanoy və Pxenyana yollanmaqla bəlkə də dostu Si Cinpinə «tərəzinin digər gözü»nə də təklif edəcəyi nələrinsə olduğunu göstərməyə çalışır. Halbuki Qərbdə hesab edirlər ki, «Moskvanın Pekindən asılılığı getdikcə artır».
Bəs Rusiya, həqiqətən, «tərəzinin digər gözü»nə qoyacaq nələrə malikdirmi? Rusiya və Çin liderləri bir-birlərinə, həqiqətən, inanırlarmı? Bəs Rusiya KXDR liderləri necə? Putin Vyetnam kimi tərəfdaşının Qərbin təzyiqi qarşısında geri çəkilməyəcəyinə əmindirmi? Bəs Qərb hələ də dünyanın istənilən nöqtəsinə – istər Avropa, istər Asiya, istərsə də Yaxın Şərqə təzyiq göstərmək gücündədirmi?
Nəhayət, ən vacib sual – BMT TŞ-nin nüfuzundan əsər-əlamət qalıbmı? Ümumiyyətlə, BMT hələ yaşayır, yoxsa «güclünün haqqı» prinsipi tam təsdiqlənib?
MƏSLƏHƏT GÖR: