18 Yanvar 2025

Şənbə, 23:23

CİDDİ SINAQ

“Baku Open 2024”də uğursuz çıxışından sonra Azərbaycan şahmatçılarını Budapeşt Olimpiadası gözləyir

Müəllif:

15.07.2024

Azərbaycan paytaxtı bu il ilk beynəlxalq şahmat turnirinə ev sahibliyi edib. Bakı İdman Sarayında təşkil edilən “Baku Open 2024” beynəlxalq şahmat festivalında 12 ölkədən 308 şahmatçı mübarizə aparıb.

 

Rəqəmlər və faktlar

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illik yubileyinə həsr olunan yarışın A turnirində Azərbaycan şahmatçıları uğurlu çıxış etməyib.

Kişilərin mübarizəsində 4 şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə Sina Movahed (İran) çempion tituluna yiyələnib. Hindistanlılar Abhimanyu Puranik 2-ci, Mittal Aditya 3-cü yeri tutub. Azərbaycanlı zəka sahibləri arasında ən yüksək nəticəyə Vüqar Əsədli imza atıb. O, 6,5 xalla 5-ci olub.

Qadınlar arasında isə FIDE adından çıxış edən Polina Şuvalova 6,5 xalla qalib adına yiyələnib. Növbəti yerlərdə qazaxıstanlı şahmatçılar Bibisara Assaubayeva (6,5 xal) və Meruert Kamalidenova (5,5 xal) qərarlaşıb. Hesabında 5,5 xal olan Gülnar Məmmədova yarışı 4-ci pillədə bitirib.

Festival çərçivəsində keçirilən veteranların Azərbaycan çempionatı maraqlı mübarizə ilə diqqəti cəlb edib. Təcrübəli İlqar Bacarani çempionluq sevinci yaşayıb. Fikrət Sideifzadə ikinci, Akif Vəlibəyov üçüncü yerə layiq görülüb.

B qrupunda müxtəlif kateqoriyalarda Nurlan Qənizadə, Mədinə Eyvazova (hər ikisi 8 yaşlıların turnirində), Eldar Ağacanov, Məryəm Məmmədova (10 yaşlılar), Əhməd Hüseynov və Zəhra Allahverdi (12 yaşlılar) birinci yeri tutmaqla Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

 

Bakı şahmat mərkəzlərindən biri kimi

Turnirin açılış mərasimində iştirak edən Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Azərbaycanda şahmata olan diqqətdən danışıb: “İlk növbədə, yarışın keçirilməsində əməyi olan bütün qurumlara təşəkkür edirəm. Bakı dünyanın şahmat mərkəzlərindən biridir. Azərbaycanda hər zaman şahmat sevilib, bu idman növünün inkişafına böyük diqqət göstərilib. Bakı iki dəfə Dünya Şahmat Olimpiadasına və Dünya Kubokuna ev sahibliyi edib. FİDE-nin 100 illiyinə həsr olunmuş belə bir mötəbər yarışın keçirilməsi şahmat ailəsini çox sevindirir”.

Qeyd edək ki, FIDE prezidenti gənclər və idman naziri Fərid Qayıbov, AŞF rəhbəri Mahir Məmmədovu qurumun100 illiyinə həsr olunan xüsusi xatirə medalı ilə təltif edib.

 

Budapeşt Olimpiadasından gözləntilər

Azərbaycan şahmatçılarının çıxışına gəlincə, AŞF rəhbəri Mahir Məmmədov yekun nəticə barədə bunları deyib: “Baku Open” bizim şahmatçılar üçün Ümumdünya Şahmat Olimpiadası ərəfəsində ciddi sınaq oldu. Şahmatçıların hazırlığını izlədik. Məşqçi heyəti çatışmazlıqları təhlil edəcək. Sentyabrda Budapeştdə Ümumdünya Şahmat Olimpiadası təşkil olunacaq. Həm kişi, həm də qadın şahmatçılardan ibarət komandalar mötəbər yarışa xüsusi proqram üzrə hazırlaşırlar. İndiyə qədər olimpiadada mükafatçılar sırasında yer almamışıq. İnanırıq ki, bu il mötəbər yarış komandamız üçün uğurlu olacaq”.

Artıq sentyabrın 10-23-də Budapeştdə keçiriləcək Olimpiadada iştirak edəcək ölkə yığmalarının tərkibi müəyyənləşib. Kişi şahmatçılardan ibarət milli komandaya Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlı dəvət olunub. Kapitan kimi Teymur Rəcəbov seçilib. Qadın şahmatçılardan ibarət milli komandada isə Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Kapitan Mixail Şerevski olacaq.

Heyətdən göründüyü kimi qadın şahmatçılardan ibarət Azərbaycan komandası daha iddialı olacaq. Artıq gənclərə ümid bəsləyən kişi şahmatçılardan ibarət komanda üçün medallar uğrunda mübarizə aparmaq çətin görünür. Təcrübəli Teymur Rəcəbov ilk dəfə milli komandada kapitan qismində çıxış edəcək. Dünya Kubokunun qalibi olan Rəcəbov liderlik bacarığını nümayiş etdirməklə komandanı uğura daşıya bilər. Azərbaycan çempionu Aydın Süleymanlı və perspektivli Məhəmməd Muradlı karyeralarında ilk dəfə milli komandanın şərəfini qoruyacaq. Olimpiada hər iki şahmatçı üçün ciddi çağırış sayılacaq.



MƏSLƏHƏT GÖR:

88