Müəllif: Valentina REZNİKOVA
Qızlar necə və niyə aktrisa olurlar? Asılılıq yaradan peşələrdən biri niyə bu qədər cəlbedicidir? Deyəsən, sual ritorikdir. Amma Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktrisalarından biri Gültac Əlilinin bu suala cavabını eşitməyi çox istərdim. Tamaşaçılarımız onu bir sıra səhnə əsərlərində yaratdığı obrazlarla tanıyır. Buraya Reyhan (“Amerikalı kürəkən”, R.Mirişli və M.Haqverdiyev), Gülnaz (“O olmasın, bu olsun”, Üzeyir Hacıbəyli), Xəyalə (“Şeytanın yubileyi”, O.Rəcəbov, A.Babayev), Leyla (“Qısqanc ürəklər”, R.Mirişli, M.Haqverdiyev) və bir çox başqaları daxildir.
Aktrisanın İradə Gözəlovanın türkiyəli dramaturq Tuncər Cücənoğlunun pyesi əsasında ərsəyə gətirdiyi “Qadınım” tamaşasında qadın obrazı diqqətimi çəkib. Niyə? Çünki bu əsərdə vokal partiyaları dramatik aktyorluqla üzvi şəkildə birləşib.
Tamaşada təklif olunan şəraitə qərq olan aktrisa taleyin ona sevgi sınağı kimi verdiyi qəhrəmanın həyat şəraitinin hər anını yaşayıb. O, bunu o qədər səmimi, o qədər inandırıcı və o qədər qeyzlə yaşayıb ki, zalda əyləşən tamaşaçılar burada və indi baş verənlərin real olduğuna inandılar. Səhnə hərəkətinin müəyyən bir anında onlar kənar müşahidəçidən qəhrəmana empatiya bəsləyən iştirakçıya çevrildilər. Tamaşaçılar Qadını dəstəkləyərək, ona daima yalan danışan, arvadından boşanacağını söz verən Kişiyə necə və nə deyəcəyi ilə bağlı məsləhətlər veriblər. Nə vaxtsa. İndi yox. Yəni heç vaxt!
Gültac Əlilinin partnyoru, yalançı, cazibədar əclafı mükəmməl ifa edən Əmrah Dadaşovun əməyini də qiymətləndirmək lazımdır. O, müasir həyatımızdan tanınan personajın xarakterinin bütün nüanslarını dəqiq və inandırıcı şəkildə çatdırır. Əlbəttə ki, səhnədə aktyorların peşəkar uyğunluğu uğurun açarıdır. Bu, hər zaman belədir. Çünki peşəkar qarşılıqlı anlaşma mütləq səhnə tərəfdaşlığına çevrilir! Bu da öz növbəsində teatra “Qadınım” kimi uğurlu tamaşa bəxş edir...
- Sizcə, XXI əsr teatrı üçün nə vacibdir?
- Müasir teatra ХХ, XIX, XVIII, hətta II əsrdəki teatr üçün vacib olan məsələ - əsl aktyor mühüm əhəmiyyət kəsb edir. XXI əsr teatrına özünü aktyor hesab edən, lakin bu istedada malik olmayan saxta aktyorlar lazım deyil. Çünki onlar hesab edirlər ki, yalnız mətni əzbərləmək, mizansenanı yadda saxlamaq kifayət edir!
- Təəssüf ki, bizim teatrlarda belə “aktyor”lar çoxdur...
- Aktyorluq sintez nəticəsində yaranan peşədir. Bu, səhnədə bədənə, səsə və duyğulara nəzarəti tələb edir. Söhbət canlı, insani, həqiqi duyğulardan gedir. Buraya həm də partnyorla peşəkar uyğunlaşma bacarığı da daxildir. Mən həm qadınlardan, həm də kişilərdən danışıram. Uyğunlaşmaq, görmək, eşitmək və hiss etmək əslində, qəhrəman partnyor və ya qəhrəman tərəfdaşla “burada və indi” fikir və emosiya mübadiləsi aparmaq deməkdir. Yəni real vaxtda.
- Bu, çox çətindir? Axı, hər kəs teatr universitetlərini bitirib?
- Buna baxmayaraq, bəziləri gözlərə baxmağı belə bacarmır. Ən yaxşı halda burnun üst hissəsinə, ən pis halda isə başın üstündən baxırlar. Bu, nəinki üzvi şəkildə qarşılıqlı əlaqəyə mane olur, həm də baş verənlərin doğru olmadığı hissini yaradır. Belə aktyorlar partnyor olmurlar. Çünki onlar qarşılıqlı əlaqəyə əhəmiyyət vermirlər. Onlar üçün sadəcə olaraq bütün mətni söyləmək və mizansenanı qarışdırmamaq vacibdir.
- Bəs Əmrah Dadaşov?
- Çox gözəl partnyordur! Onunla səhnədə oynamaq peşəkarlıq baxımından zövqdür. Çünki biz dramaturqun qoyduğu situasiya çərçivəsində - Gültac və Əmrah kimi yox, Kişi və Qadın adlı obrazlar kimi ünsiyyət qururuq...
- Demək, bu peşənin bütün gözəlliyi “təklif olunan şərtlərə” və “burada və indi” kimi məsələlərə inam anlarındadır?
- Təkcə bunlarla bağlı deyil! Hər şey daha geniş və mürəkkəbdir. Buna görə də nəzəriyyə ilə praktikanı birləşdirə bilmək bizim peşəmizdə çox vacibdir.
- Məhz bu anlara görə uşaqlıqda aktrisa olmaq arzusunda idiniz?
- Əslində, heç vaxt aktyorluq peşəsinin xəyalını qurmamışam və teatr universitetinə daxil olmağı düşünmürdüm.
- ?
- İngilis dili üzrə sinxron tərcümə fakültəsinə daxil olmaq üçün sadəcə bir balım çatmadı...
- Peşman deyilsiniz?
- Xeyr!
- Bəs artıq özünü təsdiqləyən aktrisa kimi sizi bu sahədə nə cəlb edir?
- Məni bir çox qadın taleyini yaşamaq və müxtəlif səhnə janrlarında fərqli qadın obrazları yaratmaq imkanı cəlb edir.
- Oynadığınız rolların repertuar siyahısından aydın olur ki, səhnə həyatı ilə nəfəs aldığınız qəhrəmanlar özlərini komediya və ya dramatik şəraitdə tapan insanlardır. Onlar arasında ən çox sevdiyiniz varmı?
- Xeyr. Onların hamısı tamamilə fərqlidirlər. Onların hər birində başa düşməli, qəbul etməli və oynamalı olduğum məqamlar var idi. Bu mənim üçün çox maraqlı peşəkar təcrübədir. Bəs onlardan hansını seçməliyəm? Bilmirəm. Onların hamısı mənim üçün önəmli və əzizdir. Onlar mənim bir parçamdır.
- O zaman bəlkə hələ oynanılmamış bir rolla bağlı arzunuz var? Bəlkə bu, müəyyən bir musiqili xüsusi bir qəhrəmandır?
- Belə deyək: bu gün mən rejissorlar tərəfindən tələbatın olduğu aktrisayam. Bu xoşbəxtlikdir. Mən işləmək, məşq etmək, məşq və obrazın xarakterini, xüsusiyyətlərini axtarmaq kimi sehrli prosesə qərq olmaq istəyirəm. Qəhrəmanla özümü eyniləşdirməmək mənim üçün vacibdir, lakin heç vaxt qarşılaşmadığım personajın psixostrukturunu “sınamaq” maraqlıdır.
- Məsələn?
- Qeyri-adi xarakterə malik qəhrəman qadın. Söhbət ekspressiv, öz mühitinə yad olan, həyata, cəmiyyətə, özünə orijinal, qeyri-adi baxışlara malik qadından gedir. Bir sözlə, ətraf mühitin “anormal” kimi qəbul etdiyi möhtəşəm bir orijinalı oynamaq istəyirəm.
- Həyat sizə sıxıcı gəlir, ekstrim istəyirsiniz, yoxsa xoşbəxt deyilsiniz?
- Nə danışırsınız?! Əksinə. Mən ən xoşbəxt insanam. Evim, ailəm, teatrım var. Mən həyat yoldaşıyam, iki oğul anasıyam, tələb olunan aktrisayam, valideynlərimin qızıyam, öz dostlarımın, həmçinin həyat yoldaşımla olan ümumi dostlarımızın dostuyam. Bu, sadəcə peşəkar maraqdır: bunu edə bilərəm, ya yox?
- Sevgi səhnələrində oynamalı olduğunuza həyat yoldaşınız necə baxır?
- O, yaradıcılıq prosesini tamamilə başa düşür! O da aktyordur. Bu çox yaxşıdır, çünki bizim ortaq peşəkar inkişaf imkanımız var. Həyat yoldaşımla tamamilə xoşbəxt və harmonik evliliyimiz var.
- Bəlkə qəribə xarakterli qəhrəman obrazını canlandırmaq xəyalının arxasında istedadınızın yeni siması ilə tamaşaçıları təəccübləndirmək istəyi dayanır?
- Həm də bunun arxasında hər zaman yaradıcılıq qabiliyyətimə inanan, çətin anlarımda mənə dəstək olan teatrın direktoru dayanır.
- Hansı çətin anlar?
- Bir neçə il əvvəl birdən birə səsim itdi. Bunun musiqili teatr vokalisti üçün nə demək olduğunu təsəvvür edə bilərsinizmi? Amma direktor Əliqismət Lalayev (ona sonsuz təşəkkür edirəm) məni işdən çıxarmadı. Əksinə. Mənə dedi ki, yaxşı həkimdə müalicə olun, səhnəyə qayıt. O, məni həm aktrisa, həm də insan kimi xilas etdi. Bunu necə unuda bilərəm?
- Necə deyərlər, direktorla bəxtiniz gətirib?
- Təkcə mənim yox! Bütün teatrın bəxti gətirib. O, təkcə teatr işini çox gözəl bilən, bacarıqlı idarəçi deyil, həm də böyük ürəyə malik olan əla psixoloq, hamımız üçün ata kimi olan peşəkarlardandır. O, mehriban, ədalətli, diqqətli və qayğıkeşdir. O, hamımız üçün danılmaz avtoritetdir: həm həyatda, həm də peşədə...Gültacla xeyli söhbətləşdik! Bu, həmsöhbətlərin dünyagörüşləri üst-üstə düşəndə baş verir. Mən bu gənc, müasir, baxımlı və gözəl qadında bütöv bir maraq dünyası kəşf etdim: ölkəsinin mədəniyyətinin tarixi, gəldiyi Gəncədə milli mətbəx və qonaqpərvərlik ənənələrinin tarixi.Mən ona baxdım, dinlədim və anladım ki, qarşımda xalqının adət-ənənələrinin əsl qoruyucusu, əcdadlarının əxlaq dəyərlərinə hörmətlə yanaşmağı və onu qoruyub saxlamağı, onu oğullarına ötürməyi bacaran bir insan dayanır. Bu, çox vacibdir. Çünki bu, bizim özümüzü etnik növ kimi qorumağımızın və bədnam “Avropa dəyərləri”nin bütün dünyaya tətbiq etdiyi əxlaqi-mənəvi “bezpredel”in xeyrinə mənəvi dəyərlərimizin aşınmasının qarşısını ala bilməyimizin yeganə yoludur.
MƏSLƏHƏT GÖR: