19 Dekabr 2024

Cümə axşamı, 10:50

BU GÜN VƏ SABAH ÜÇÜN

ARDNF 25 illik fəaliyyəti dövründə aktivlərini artıraraq, onları gələcək nəsillər üçün qorumaqla bərabər ölkə iqtisadiyyatının sabit inkişafını təmin edir

Müəllif:

15.07.2024

Deyirlər ki, “xoşbəxtlik pulda deyil, onun miqdarındadır”. Lakin bəzən böyük maliyyə axını nəinki müsbət amilə çevrilmir, əksinə, sahibi üçün əsl bəla olur. Və bu həm konkret bir şəxsə, həm də bütün dövlətə münasibətdə baş verə bilər.

“Azəri-Çıraq-Günəşli” yataqlarında hasil edilən neftin satışından əldə edilən ilk gəlirlərin ölkəyə daxil olmasından bəri Azərbaycan “böyük pullar”ın məsuliyyətinin ağır yükünü hiss etməyə başladı. İqtisadiyyat üçün kifayət qədər çətin dövrün olmasına və onun postsovet “külləri”ndən dirçəlməsi üçün ciddi sərmayələrin zəruriliyinə baxmayaraq, ölkənin o vaxtkı rəhbərliyi qısamüddətli rifaha deyil sabit inkişafın xeyrinə kifayət qədər müdrik qərar qəbul etdi. Enerji resurslarının satışından əldə edilən gəlirlərin toplanılması, idarə edilməsi və xərclənilməsi məqsədilə 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Məhz bu fond ölkədə makroiqtisadi tarazlığın əldə olunmasının əsas özəyinə çevrilib, eyni zamanda ən mühüm infrastruktur və sosial layihələrin həyata keçirilməsinə dəstək göstərərək yığılan gəlirlərin artırılması və gələcək nəsillər üçün qorunub saxlanılması istiqamətində kifayət qədər mürəkkəb fəaliyyətə başladı.

 

Missiya yerinə yetirilir

Əlbəttə ki, Azərbaycan ARDNF-i yaratmaqla yenidən “velosipedi icad etməyib”. Belə ki, müxtəlif təyinatlı suveren fondlar artıq ötən əsrin ortalarından mövcud idi və iqtisadiyyatda “Holland xəstəliyi” anlayışının meydana çıxmasından sonra onların mövcudluğu resurslarla zəngin ölkələr üçün xüsusilə aktuallaşdı. Bu sindromun yaratdığı vəziyyətdə iqtisadiyyatın bir sektordan böyük likvidlik axınını “həzm etməsi” demək olar ki, qeyri-mümkün olur. Nəticədə, bütün digər seqmentlər inkişafdan ciddi şəkildə geri qalır, o cümlədən hiperinflyasiya və “zəngin həyat”ın digər atributları meydana çıxır. Bunun qarşısını almaq üçün, həmçinin təbii nemətlərin - neft və qazın tükənməyə meyilli olduğunu və onların bazarda qiymətlərinin dalğavariliyini nəzərə alan bir çox resurs dövlətlərin hökumətləri neft dollarlarını iqtisadiyyata limitli şəkildə buraxılması, yerdə qalan vəsaitin isə ayrıca “cüzdan”da saxlanılmasının zəruriliyini dərk etdilər. Son məlumatlara görə, dünyada 150-dən çox belə fond var və onlar ümumilikdə 8,1 trilyon dollar məbləğində aktivləri idarə edir. Eyni zamanda, bu fondların gəlirləri sürətli artım templəri ilə xarakterizə olunur. Bu isə həmin qurumlara qlobal investisiya bazarında fəal oyunçulara çevrilməyə və ümumilikdə qlobal iqtisadi proseslərə təsir göstərməyə imkan verir.

Fondlar məqsədlərinə və vəsaitlərin xərclənmə istiqamətlərinə görə müxtəlif missiyalara malikdir. Məsələn, onlar yığım-sabitləşmə (ən məşhur nümunə Norveç), yığım-pensiya (Avstraliya) və eyni zamanda üç hədəfli - sabitləşdirmə, yığım, inkişaf (Qazaxıstan) yönümlü ola bilər.

Azərbaycan özü üçün birinci variantı seçdi: nəzərə alsaq ki, aktivləri 1,4 trilyon dollar olan Norveç fondu dünyanın ən böyük suveren fondudur, onun təcrübəsi də ən uğurlu model hesab olunur.

Beləliklə, 25 il ərzində ARDNF ona həvalə edilmiş hər iki missiyanı uğurla yerinə yetirib. O, ölkənin valyuta ehtiyatlarının artırılması üçün əhəmiyyətli mənbə olaraq (2024-cü il aprelin 1-nə Azərbaycanın 69 milyard 27,2 milyon ABŞ dollarlıq qızıl-valyuta ehtiyatının 83,1%-i ARDNF-nin payına düşür), həm də dövlət büdcəsinə transfertlər və ölkə üçün strateji əhəmiyyətli həm iqtisadi, həm də sosial layihələrin maliyyələşdirməsi sayəsində makroiqtisadi sabitliyin təminatının mühüm vasitəçisidir. Hazırda fondda neft müqavilələrinin icrasından əldə edilən gəlirlər toplanılır. Eyni zamanda, ARDNF yaxşı strukturlaşdırılmış idarəetmə siyasəti sayəsində hər il investisiya fəaliyyətindən əldə etdiyi mənfəət hesabına aktivlərini artırır.

 

Ən vacib layihələr

Ölkədə neft hasilatının səviyyəsi və onun satışından əldə olunan gəlirlərin pik həddində olan zaman bu pulların “burada və indi” prinsipi ilə bölüşdürülməsinin zəruriliyi haqqında çox sayda fikir səsləndirilirdi. Aktivlərin insanlara paylanılması kimi absurd ideyalardan tutmuş kiçik və orta biznes layihələrinin maliyyələşdirilməsi kimi ilk baxışdan məqbul görünən fikirlərədək rast gəlmək olardı. Lakin ölkədə neft hasilatının aşağı düşməsi, həmçinin bu enerji resursunun bir dövrdə kəskin ucuzlaşması, koronavirus pandemiyası vaxtı qlobal durğunluqdan sonra hökumətin seçiminin niyə azərbaycanlıların indiki və gələcək nəsilləri üçün yeganə doğru yol olduğu daha da aydınlaşdı.

Qeyd edək ki, fondun yaradılması zamanı onun aktivləri cəmi 271 milyon dollar təşkil edirdisə, 2024-cü il aprelin 1-nə bu rəqəm artıq 57 milyard 372,8 milyon dollara çatıb. Nəzərə almaq lazımdır ki, bu göstəriciyə fondun vəsaitlərindən istifadə edilməsinə baxmayaraq nail olunub. Belə ki, fondun vəsaitləri bu illər ərzində həm dövlət büdcəsinə transfertlərə, həm də iri layihələrin maliyyələşdirilməsi hesabına ölkə iqtisadiyyatına fəal şəkildə cəlb edilib. Buraya AÇG layihəsində SOCAR-ın payının maliyyələşdirilməsində iştirak, regional və qlobal miqyasda neft və qaz kəmərlərinin inşası, Azərbaycanda ilk 6-cı nəsil üzən yarımdalma qazma qurğusunun, Türkiyədə STAR neft emalı zavodunun, Bakı-Tbilisi-Qars dəmir yolunun, Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və s. daxildir. Mühüm sosial məqsədlər də maliyyələşdirilib. Söhbət qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və Azərbaycan gənclərinin xaricdə təhsili üzrə dövlət proqramlarının həyata keçirilməsindən gedir.

ARDNF-nin aktivlərinin artım dinamikasını izləsəniz, əmin ola bilərsiniz ki, bu xərclər nəinki fondun yığım funksiyasına xələl gətirməyib, həm də ölkəyə lazımsız borc yükü olmadan mühüm investisiyalar yatırmağa imkan verib. Bunlar ölkənin iqtisadi inkişafına uzunmüddətli təsir göstərir. İnvestisiya qoyulan layihələr tam rentabellidir, gəlir gətirir və artıq ölkənin dövlət büdcəsinə də töhfə verir. Sosial layihələrə investisiyalar dəyərli insan kapitalı yaratmağa imkan verir ki, bu da gələcəkdə iqtisadi proseslərin etibarlı idarə olunmasını təmin edəcək.

 

                                  ARDNF-nin aktivlərinin artım dinamikası, milyard ABŞ dolları

 

                                        *mənbə: 2023-cü il üçün fond hesabatı

 

Lazımi dəstək

Qeyd edək ki, fondun xərclərinin ən böyük hissəsi dövlət büdcəsinə transfertlərin payına düşür: onların ümumi həcmi ARDNF yaradılandan bəri və 2023-cü ilin sonuna 125,1 milyard dollar və ya bütün fond xərclərinin 91,1%-ni təşkil edib. Bəli, bu, çox böyük məbləğdir. Həm xarici, həm də yerli ekspertlər israr edirlər ki, bu həcm aşağı salınmalıdır. Lakin bu gün bunu etmək qeyri-mümkündür, çünki ölkənin qarşısında böyük hədəflər durur. Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpasına və iqtisadiyyata reinteqrasiyasına böyük maliyyə sərmayələri tələb olunur. Üstəlik, maliyyə naziri Samir Şərifovun qeyd etdiyi kimi, neft gəlirlərinin azalması prosesi artıq dövlət büdcəsinə mənfi təsir göstərir və qeyri-neft sektoru yaranan kəsiri hələ də tam kompensasiya edə bilmir. “Hesab edirəm ki, ARDNF-dən transfertin bir qədər artması makro-iqtisadi sabitliyə xələl gətirməyəcək dərəcədə, kifayət qədər əsaslıdır”, - nazir bildirmişdi.

Bu köçürmələr olmasa, Azərbaycan əhəmiyyətli dərəcədə xarici borclanmaya getməyə məcbur olacaq ki, bu da onun iqtisadiyyatının xarici amillərə qarşı həssaslığına ciddi mənfi təsir göstərəcək və onu kreditorlardan asılı vəziyyətə salacaq. Amma Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin təməl daşıdır: “Biz öz hesabımıza yaşayırıq. Heç kim bizə kömək etmir, heç vaxt da etməyib və etməyəcək. Ona görə də öz həyatımızı özümüz qururuq. Heç kimin işinə qarışmırıq, amma, eyni zamanda, qoymuruq kimsə gəlsin bizim işimizə qarışsın”.

Bu iqtisadi müstəqilliyin əldə olunmasında isə şübhəsiz ki, Dövlət Neft Fondunun yığımlarının rolu danılmazdır.

“Moody's” beynəlxalq reytinq agentliyinin iyul ayında dərc etdiyi hesabatda qeyd edilib ki, ARDNF-nin aktivləri Azərbaycanın birbaşa dövlət borcundan təxminən 5 dəfə çoxdur. Hesabat müəllifləri Azərbaycanın reytinqini “Ba1” səviyyəsində təsdiq edərkən məhz bu amili - aşağı borc yükü və xalis aktiv mövqeyinə malik güclü tədiyyə balansını əsas götürüblər.

“Fitch Ratings” də Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defoltu reytinqini (IDR) “BB+” səviyyəsində, müsbət proqnozla təsdiqləməsini analoji amillərlə əsaslandırılpıb. “Reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir”, - agentliyin məlumatında qeyd edilib.

 

İnvestisiya siyasəti

Artıq qeyd edildiyi kimi, ARDNF fəaliyyət göstərdiyi illər ərzində düşünülmüş idarəetmə siyasəti sayəsində öz aktivlərini artırmağa nail olub. Hazırda fond borc, səhm, daşınmaz əmlak və qızıl bazarlarında qlobal investor kimi çıxış edir. Yarandığı gündən 2023-cü ilin sonuna qədər bu fəaliyyət ARDNF-ə ümumilikdə 11,5 milyard ABŞ dolları qazandırıb ki, bu da illik ifadədə 2,5% gəlirliliyə bərabərdir. 2023-cü ildə isə fondun gəlirliliyi pik həddə - 7,1%-ə çatıb.

 

                                        ARDNF-nin yaradılmasından bəri gəlirlilik səviyyəsi

 

                                             *mənbə: 2023-cü il üçün fond hesabatı

 

Belə ki, 2023-cü ilin sonuna fondun investisiya portfelinin 57,7%-i sabit gəlirli və pul bazarı qiymətli kağızlarının, 24,3%-i səhmlərin (özəl səhm və kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları daxil olmaqla), 12%-i qızılın və 6%-i isə daşınmaz əmlakın payına düşüb.

ARDNF-nin sabit gəlirli qiymətli kağızlara investisiyaları ilk növbədə suveren, hökumət qurumlarına, beynəlxalq təşkilatlara və korporativ istiqrazlara investisiyalardan ibarətdir. Onlar ABŞ dolları, avro, Böyük Britaniya funt sterlinqi, Çin yuanı, Türkiyə lirəsi və Avstraliya dolları ilə ifadə olunan subportfellər arasında bölüşdürülür.

Görünən odur ki, fond investisiya siyasətində riskli alətlərə deyil, konservativ yanaşmaya üstünlük verir. Son illərdə təkrarlanan böhranlar göstərib ki, “keyfiyyət kəmiyyətdən üstündür” siyasəti özünü doğruldur. Xüsusən də ötən il bu kateqoriya üzrə gəlirlilik səviyyəsi 5,1% təşkil edib ki, bu da kifayət qədər yaxşı göstəricidir.

 

                 2023-cü ilin sonuna TOP 5 ən böyük sabit gəlirli investisiyalar, milyon ABŞ dolları

 

Son illər ARDNF özəl investisiyalar seqmentində nəzərəçarpacaq dərəcədə fəallaşıb, qərarlarını hər il üçün hazırkı vəziyyətə, maliyyə və digər bazarlar üzrə proqnozlara əsaslanaraq formalaşdırıb. Bu qərarların üzərində yüksək ixtisaslı analitiklərin böyük bir qrupu işləyir. Əlverişli dinamikanı nəzərə alaraq, MSCI (“Morgan Stanley Capital International” - müxtəlif qlobal bazarlar və sektorlar üzrə diversifikasiyanı təmin edir) dünya indeksinə investisiya qoymaqla fond portfelini tarazlaşdırmaq üçün 2022-ci ildən aksiya portfelini artırmağa başlayıb və ötən ilin sonuna onu 20,5%-ə və ya 11,5 milyard dollara çatdırıb. Nəticədə, məzənnənin (milli valyutada) təsiri nəzərə alınmadan bu seqmentin gəlirliliyi 23% (!) təşkil edib.

Fond səhm portfelini sektorlar üzrə şaxələndirməyə çalışır, amma əsas diqqət yenə də davamlı inkişafa malik iri şirkətlərə yönəldilib. Məsələn, bu il ARDNF texnoloji korporasiyalardakı səhm portfelini əhəmiyyətli dərəcədə artıraraq, təxminən yarım milyard dollara çatdırıb. Buraya “Microsoft”, “Apple”, NVIDIA, “Alphabet” (“Google”), META, “Amazon” kimi bazar nəhənglərinin qiymətli kağızları daxildir.

ARDNF-nin digər əsas gəlir mənbəyi daşınmaz əmlaka investisiyalardır - bu gün dünyanın 30-dan çox ölkəsində onların 54-ü regionlar, sektorlar və risk profilləri üzrə yüksək şaxələndirilmiş portfelə malikdir. London, Paris, Milan, Seul, Tokio və digər şəhərlərdə kommersiya daşınmaz əmlakının alınması artıq 1,1 milyard dollar gəlir gətirib.

Bəli, hərdən bəzi fərdi investisiya seqmentləri üçün gəlir proqnozlaşdırılandan aşağı olur. Bu, prinsipcə, maliyyə bazarı üçün normal təcrübədir - bütün mümkün dalğalanmaları yüz faiz dəqiqliklə proqnozlaşdırmaq qeyri-realdır. Bununla belə, bütövlükdə fondun aktivlərinin sabit artımı onu deməyə əsas verir ki, ümumi portfelin diversifikasiyasının seçilmiş nisbəti bir seqmentdəki itkiləri digərində gəlirliliyi artırmaqla kompensasiya etməyə imkan verir. Yəni itki riskləri ehtimalının minimuma çatdırılmasına nail olunur ki, bu da bu cür böyük maliyyə institutlarının idarə edilməsinin əsas prinsipidir.

Beləliklə, ARDNF-nin fəaliyyətinin ən mühüm məqsədi artan əmanətlər sayəsində iqtisadi müstəqilliyin maliyyə dayağı olaraq, Azərbaycan iqtisadiyyatının uzun illər davamlı inkişafınını təmin etməkdir. 

Məqalə ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.



MƏSLƏHƏT GÖR:

81