Müəllif: İrina XALTURİNA
Böyük Britaniyada leyboristlər tarixi zəfər qazanıblar. Mühafizəkarlar ölkəyə 14 il rəhbərlik etdikdən sonra növbədənkənar parlament seçkisində tarixlərinin ən pis nəticəsini göstəriblər. Beləliklə, Kir Starmerin başçılıq etdiyi Leyboristlər Partiyası 1930-cu ildən bu yana aldığı ən ciddi məğlubiyyətdən 5 il sonra yenidən hakimiyyətə qayıdıb.
Darıxdırıcı tarixlər
Lakin birincilərdə xüsusi fiasko, ikincilərdə isə zəfər hissi yoxdur. Müşahidəçilər hesab edirlər ki, leyboristlər yalnız mühafizəkarların şansı olmadığı üçün qalib gəlib. Başqa sözlə, torilər hər kəsi bezdirib və Britaniya ictimaiyyəti dəyişiklik qərarı verib. Qalibin əsas şüarı əbəs yerə «Change» (dəyişiklik) deyildi. Bəs Starmer bu dəyişikliyi təmin etməyə nə dərəcədə qadirdir? Mötədil sol-mərkəzçi lider olan Starmer vicdanlı, yaxşı idarəçi kimi tanınır, sabitlik və problemlərin həllini vəd edir. Amma reytinqi o qədər də yüksək olmayan bu siyasətçi heç kimdə ciddi nikbinlik yaratmır. Əslində, o, öz sələfi Rişi Sunakdan heç nəyi ilə fərqlənmir.
Baş nazir postunda iki ildən də az müddətdə qalmış Sunak tarixdə yalnız ölkənin «ağdərili olmayan» və hinduizm dininə mənsub ilk baş naziri, eyni zamanda son 200 ilin ən gənc hökumət başçısı kimi qalıb. O, kifayət qədər səriştəli və təcrübəli olsa da, baş nazir postu üçün zəif idi. Deyirlər ki, Sunakda klassik texnokrata məxsus siyasi duyum bacarığı yox idi. Amma torilərin məğlubiyyətinə görə, əlbəttə ki, onu günahlandırmaq olmaz. Səbəb, güman ki, son illər yığılıb qalmış problemlərdir – koronavirusdan tutmuş, «Brexit»ədək.
Çoxları düşünür ki, bu seçki nəticəsində darıxdırıcı texnokrat Rişi Sunakın Britaniyası, sadəcə, darıxdırıcı administrator Kir Starmerin Britaniyasına çevriləcək. Seçkidə seçici fəallığının rekord həddə aşağı olması da bunu təsdiqləyir – cəmiyyət mühafizəkarların davamlı dəyişən, siyasi baxımdan parçalanmış rəhbərliyinin səriştəsizliyindən bezib.
Mühafizəkarlarla yanaşı, Şotland Milli Partiyası da «darmadağın»a uğrayıb. Bu, ictimaiyyətdə müstəqillik uğrunda mübarizə əhvalının azaldığını göstərir. Seçkinin ən parlaq məqamı isə yəqin ki, «Reform UK» partiyasının («Brexit» partiyası) 60 yaşlı lideri, İctimai Palataya düşmək uğrunda 7 uğursuz cəhd etmiş Naycel Faracın, nəhayət, parlamentə seçilə bilməsidir. Faracla bağlı diqqətçəkən məqam opponentlərinin onu Kreml ilə əlaqələrdə suçlaması və «Rusiyanın agenti» (bu, ən yumşaq ifadədir) adlandırmasıdır.
Leyboristlərin keçmiş lideri, partiyanın hazırkı rəhbərliyi ilə müqayisədə daha radikal solçu olan Ceremi Korbin də öz dairəsi olan Şimali İzlinqton (Londonun şimalı) parlamentə seçilib. Lakin bir müddət əvvəl partiya sıralarından xaric edilmiş Korbin bu dəfə müstəqil deputat olacaq. Yeri gəlmişkən, Kir Starmer populyarlıqda Ceremi Korbinə uduzur. Yəni bu gün Leyboristlər Partiyası 2019-cu ildə Ceremi Korbinin rəhbərliyi altında məğlub olan zaman yığdığı səsdən daha az səs toplayıb. Maraqlı rəqəmlər var. Məsələn, Leyboristlər Partiyası 33,8% səs yığsa da, parlamentdəki yerlərin 63%-nə sahib çıxıbsa, Faracın partiyası 14,2% səslə yerlərin 1%-dən də azına yiyələnib. Britaniyanın siyasi reallığında bu gün qüvvələr nisbəti belədir…
Xarizma olmadıqda
Starmerin proqramını o qədər də inamlı saymırlar. Lakin çoxları mühafizəkarların indiyədək gördüyü işləri daha pis hesab edir. Odur ki, Dumanlı Albionun siyasətində xüsusi dəyişiklik gözləməyə dəyməz. Starmerin nə novatorluğu, nə də lazımi siyasi xarizması var. Artıq qeyd edildiyi kimi, bunu seçicilər də hiss edir və göstərirlər. Belə bir vəziyyətdə istər qalibin, istərsə də məğlubun reytinqinin çox aşağı olması göstərir ki, hökumətdə kimin olması artıq seçicinin o qədər də vecinə deyil. Sosioloji araşdırmalar göstərir ki, britaniyalıların 40%-i iki aparıcı partiya – mühafizəkarlarla (tori) leyboristlər arasında heç bir fərq görmürlər. Leyboristlər ölkə qarşısında duran problemlərin həllini tapa bilməyəcəksə, güman ki, o da ciddi məğlubiyyətlə üzləşəcək. Bəlkə də, yenə də növbədənkənar seçkidə. Torilər isə qarşıdakı dövrdə toparlana, siyasi rəqiblərinin yol verəcəyi yanlışlıqlardan istifadə edərək, yenidən hücuma keçə bilər.
Yanlışlıqlara yol verilməsi üçün meydan isə çox genişdir – Britaniya bu gün tarixinin heç də ən yaxşı dönəmini yaşamır. İqtisadi artım tempinin aşağı olması, dövlət borcunun çoxluğu, dövlət qulluqçularının mütəmadi tətilləri, sosial sahədəki problemlər, miqrantlarla bitmək bilməyən böhran və s. Britaniya büdcəsində maliyyə çatışmazlığı belə, yaşanmaqdadır – büdcə defisiti 120 milyard funta çatır. Britaniyanın yeni parlamentinin ilk iclası payızda keçiriləcək, büdcə ilə bağlı həlledici müzakirələr də onda aparılacaq.
Gözlənilməzlik effekti?
Bütün bunların fonunda belə, Sunakın növbədənkənar seçkini niyə məhz indi elan etdiyi sualının cavabı yoxdur. Sanki bu, baş nazir və ətrafının bir anda qəbul etdikləri qərardır.
Maraqlıdır ki, eyni vaxtda Fransa da növbədəkənar seçki qərarı verib. Bu qərarın da səbəbi tam aydın deyil. Bəlkə Prezident Emmanuel Makron və baş nazir Rişi Sunak gözlənilməzlik effektinə ümid edirlərmiş? Belədirsə, onlar istədiklərinə nail olublar, lakin nəticə onların əleyhinə olub.
Amma Britaniyada hakimiyyətə faktiki olaraq solçular (sol-mərkəzçilər) gəlibsə, Fransada vəziyyət daha qarışıqdır. Orada sağçıların qələbəsi gözlənilsə də, solçular zəfər çalıb… Elə alınıb ki, fransızlar seçkinin ilk turundan bir həftə sonra tarixin ilk ultrasağçı hökuməti ilə hər hansı partiyanın kabineti təkbaşına formalaşdıra bilməməsi halı arasında seçim etməli olublar. Belə ki, Marin Le Pen və Jordan Bardellin qatı sağçı «Milli Birlik» partiyası parlament seçkisinin ilk turunda hər üçüncü seçicinin dəstəyini qazansa da, sosialistləri, «yaşıllar»ı, kommunistləri, «İtaətsiz Fransa» partiyasını özündə birləşdirən, qatı solçu baxışları ilə tanınan Jan-Lyuk Melanşonun başçılıq etdiyi «Yeni Milli Cəbhə» ona qarşı idi. Nəticədə, ikinci turda ilk yeri «Yeni Milli Cəbhə» tutub, Emmanuel Makronun alyansı ikinci olub, Marin Le Penin «Milli Birlik» partiyası isə üçüncülüklə kifayətlənməli olub. Ölkənin daxili işlər naziri Jerald Darmanen «qatı sağçılara qatı solçuların köməy ilə qalib gəlməyin mümkün olmadığını» desə də, görünən odur ki, bu gün Avropa siyasətində hər şey mümkündür.
Qeyd olunmalıdır ki, qalib alyansa daxil olan partiyaların məsələlərə yanaşmaları çox fərqlidir və onları yalnız sağçılarla mübarizə birləşdirir. Amma onlar özləri də mütləq çoxluq deyillər. Belə vəziyyətdə onlardan hansınınsa Makrona tərəf meyillənəcəyi istisna deyil. Bu halda yeni hökumət də Fransa kimi böyük, problemli və iddialı dövləti idarə etmək üçün kifayət qədər dayanıqlı olmayacaq. Yeni parlament seçkisi isə yalnız 1 il sonra keçirilə bilər. Ən pis ssenari də mümkündür – üç partiya bir-birinin fəaliyyətinə mane olmağa başlayarsa, bu faktiki olaraq, ölkədə uzunmüddətli siyasi böhrana yol açacaq. Nəhayət, bütün bunlar Parisdə keçiriləcək Olimpiya oyunları ərəfəsində baş verir.
Hər bir halda, Böyük Britaniyada olduğu kimi, Fransada da müşahidəçilərin əksəriyyəti seçkinin nəticəsinin ciddi dəyişikliklərə səbəb olmayacağı qənaətindədir.
Avropa ölkələrində və ABŞ-də elektoral prosesləri müşahidə edərkən belə bir təəssürat yaranır ki, Qərbin hakim elitası qarşıda duran problemlərə – geosiyasi, iqtisadi, sosial – getdikcə daha pis reaksiya verir. Siyasi qüvvələr bir-birini əvəzləsə də, ümumilikdə heç nə dəyişmir. Çünki belə hakimiyyət dəyişiklikləri müxtəlif səbəblərdən, əsasən isə mojaritar seçki sistemi üzündən seçicilərin real seçimini əks etdirmir. Bu isə populistlərin reytinqinin artmasına imkan verir. İnsanlar daha çox kiməsə deyil, kimlərinsə əleyhinə səs verirlər.
Ən əsası, Aİ-nin aparıcı ölkələrindəki bu vəziyyət, həmçinin ABŞ-də prezident seçkisi ərəfəsində yaşananlar beynəlxalq siyasətə, Qərbin beynəlxalq sistemdəki roluna öz təsirini göstərir.
MƏSLƏHƏT GÖR: