Müəllif: NURANİ
«Diplomatik nikbinlik» «diplomatik bədbinliyə» nə qədər tez çevrilə bilər? Əlbəttə ki, bu, konkret situasiyaya bağlıdır. Bununla yanaşı, diplomatiyada ən ümidsiz vəziyyətdə belə, «nikbinlik ifadə edilməsi» çoxdan qəbul olunmuş normadır. Amma Ermənistan-Türkiyə trektində yaşananlar klassik «şişirdilmiş nikbinlik» nümunəsinə daha uyğundur. Gözlənti tezliklə sərhədlərin açılması, səfirliyin fəaliyyətə başlaması, «sülh, dostluq və s.» idisə, reallıqda proses, demək olar ki, «donub».
«Sən saydığını say…»
Türkiyə SSRİ-nin dağılmasından sonra yaranan 15 yeni müstəqil dövləti ilk tanıyan ölkədir. Bununla yanaşı, rəsmi Ankara Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla diplomatik əlaqələr qurmaqdan elə o vaxtdan imtina edib, üstəlik, onunla quru sərhədlərini bağlayıb. Ermənistan bunu «blokada» kimi qiymətləndirərək bu mifik «blokada»nı az qala «erməni soyqırımının davamı» adlandırır, «sivil dünya»nı Türkiyəni sərhədləri açmağa məcbur etməyə çağırırdı. Halbuki blokada başqasına aid sərhədləri və ya dəniz limanlarını qapatmaqdır. Hər bir ölkə öz sərhədlərini istədiyi vaxt bağlaya, istədiyi zaman aça bilər.
«İlkin şərt irəli sürmədən danışıqlar» termini də məhz həmin dövrdə meydana çıxıb. Ermənistan Türkiyədən sərhədlərin Azərbaycan ərazilərinin işğalına son qoyulması şərti irəli sürmədən açılmasını tələb edirdi. Amma İrəvan-Ankara münasibətlərinin normallaşmasına əsas maneə məhz Qarabağ problemi idi.
İndi bu problem aradan qalxıb. Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarını işğaldan azad etməsindən sonra qəbul olunmuş Üçtərəfli Bəyannamədə regiondakı bütün kommunikasiyaların açılması haqda da bənd var. Artıq Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsini az qala «de-fakto həll olunmuş məsələ» sayanlar da az deyildi. İstər Ermənistan, istərsə də Türkiyə mütəmadi olaraq münasibətlərin normallaşdırılmasına hazır olduqlarını bildirirdi. Türkiyədə 2023-cü il fevralın 6-da baş vermiş dəhşətli zəlzələ zamanı Ermənistan fəlakət qurbanlarına humanitar yardım da göndərmişdi və bununla da, dünyada artıq «seysmik diplomatiya»dan belə, danışılmağa başlanılmışdı. Ani şəhərinin xarabalıqları yaxınlığındakı qədim körpünün bərpası da müzakirə olunurdu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2024-cü il iyunun 19-da baş tutan telefon danışığı isə əsl siyasi sensasiya idi. Bununla bağlı yayılmış rəsmi məlumatda bildirilirdi ki, liderlər münasibətlərin ilkin şərt irəli sürmədən normallaşdırılmasına tərəfdardırlar. Artıq düşünülürdü ki, hər şey yoluna düşəcək. İyulun əvvəlində Ermənistan və Türkiyə təmsilçilərinin iki ölkənin sərhədində görüşəcəklərinin anonsu da verilmişdi. Bu məlumat Azərbaycan auditoriyasının yadına Qazax rayonunun 4 kəndinin işğaldan dinc yolla azad olunmasına dair razılaşmanın məhz sərhəddə əldə edildiyini salırdı. Məlumatı təkzib etməyən Ermənistan XİN-i «vaxtı çatanda ictimaiyyətə ətraflı informasiyanın veriləcəyini» bildirmişdi.
Baş verənlərə azərbaycanlı siyasətçi və ekspertlər təmkinli münasibət bildirirdilər. Hər halda, Ərdoğan Ankaranın Ermənistan istiqamətindəki fəaliyyətini Bakı ilə koordinasiyalı şəkildə həyata keçirdiyini dəfələrlə dilə gətirib. Üstəlik, artıq müharibə başa çatıb, bu isə Azərbaycan ictimaiyyətinin İrəvan-Ankara münasibətlərinə yanaşmasındakı kəskinliyi xeyli azaldıb.
Lakin gözlənilən irəliləyiş baş vermədi. İrəvan Türkiyə tərəfinin görüşdən imtina etdiyini bildirir. Bu qədər gözlənilən dialoqun ləngiməsi çoxları üçün gözlənilməz olub.
Unudulmuş məsələlər
Bu gün Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi belə demək mümkünsə, kritik nöqtəyə çatıb. Son dövrlərədək beynəlxalq ekspertlərin diqqəti Qarabağa, daha dəqiq desək, Qarabağ və ətraf rayonların işğal altında qaldığı şəraitdə sərhədləri açmaq istəməməsinə yönəlmişdi. Belə vəziyyətdə bəziləri Ankaranı İrəvanla barışmaq üçün onun Bakı ilə barışmasını gözləməməyə də çağırırdı. Lakin indi, Azərbaycanla Ermənistanın sülh müqaviləsinin imzalanmasını müzakirə etdiyi vaxtda artıq ortaya bilavasitə İrəvanla Ankara arasındakı ziddiyyətlər çıxıb. Belə ziddiyyətlər isə heç də az deyil.
Türkiyə-Ermənistan sərhədi SSRİ dövründən qalıb. Orada isə hər şey dəqiqləşdirilmiş və razılaşdırılmışdı. Bundan başqa, bu sərhədləri hələ də Rusiya hərbçiləri qoruyur. Bununla yanaşı, Ermənistan hələ SSRİ illərində Şərqi Anadolunun 6 vilayətinə iddialı idi. Söhbət Sevr müqaviləsinə əsasən «Qərbi Ermənistan»ı təşkil etməli olan ərazilərdən gedir. Hər halda, Sovet Ermənistanının gerbində ermənilərin «Ararat» adlandırdıqları Ağrı dağının əksi də var idi. SSRİ-nin süqutundan sonra məsələ gündəmdən çıxmışdı və Levon Ter-Petrosyanın dövründə ermənilər mövzunu gündəmə gətirməməyə çalışırdılar. Amma altı vilayət məsələsini Ermənistan Konstitusiyasına belə, «həkk ediblər».
İrəvan bu istiqamətdə «qırmızı xətt»i Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra keçməyə başlayıb. Halbuki ilkin dövrlərdə hər kəs onu tələm-tələsik «sülh göyərçini» adlandırırdı. Erməni əsilli amerikalı tarixçi və diplomat Jirayr Libaridyan BBC-yə verdiyi səs-küylü müsahibədə bildirirdi ki, «Ermənistan prezidenti və baş naziri yayda (2020) Sevr sülh müqaviləsinin ildönümü ilə bağlı səsləndirdikləri bəyanatlarda faktiki olaraq, Türkiyəyə ərazi iddiaları irəli sürüblər».
NATO-da ordusunun gücünə görə ikinci dövlət olan Türkiyəni ermənilərin bu iddiaları, təbii ki, qorxutmur. Lakin sərhəddə müharibə ocağının qalması, çətin ki, hansısa dövlətin ürəyincə olsun. Üstəlik, bu iddialara malik Ermənistan maraqlı dövlətlərin anti-Türkiyə siyasəti üçün ideal alətdir.
Türkiyə Ermənistandan qondarma «1915-ci il erməni soyqırımı» mövzusu ətrafında isteriyaya son qoymasını tələb edir. Bununla yanaşı, Ankara öz tərəfindən «sülhə tərəf addım» da atıb. O, öz arxivlərini açdığını bəyan edib, erməni alimlərini orada işləməyə çağırıb. Türkiyə tərəfi Ermənistana bununla əlaqədar dəfələrlə birgə komissiya yaradılması təklifini də verib. Lakin İrəvan bütün bu təklifləri rədd edir. Erməni alimlərin Türkiyə arxivlərində işləməsini ölkənin artıq sabiq prezident Serj Sarqsyan qadağan etmişdi. Nikol Paşinyan isə bu qadağanı qüvvədə saxlayıb. Ermənistan bu gün də birgə komissiya və ya hər hansı sübutlar haqda heç nə eşitmək istəmir. Üstəlik, söhbət heç də yalnız tarixi hadisələrin şərhindən getmir. Ermənistanda Türkiyənin «soyqırıma görə məsuliyyət daşımasını və onun nəticələrinin aradan qaldırılmasını» tələb edir. Yəni kompensasiya olaraq, Türkiyə əraziləri Ermənistana verilməlidir.
Ankarada Ermənistanda mövcud olan terror kultu da başadüşülən hisslər yaradır. Bu ölkədə Türkiyənin dövlət məmurlarını və diplomatlarını qətlə yetirmiş terrorçuların adları küçələrə verilir, onlara abidə ucaldılır və bu şəxslər milli qəhrəmanlar kimi təqdim olunur.
Ankaranın Ermənistandan Soqomon Teyleryan və ya «Nemezis» qruplaşmasından olan terrorçuların abidələrinin sökülməsini rəsmən tələb edib-etməyəcəyi məlum deyil. Lakin münasibətlərin normallaşması üçün Türkiyənin İrəvandan onun sərhədlərini tanımasını tələb edəcəyinə şübhə yoxdur. Bəs Ermənistan buna hazırdırmı? Şübhəli görünür.
«Keçmişə ilişib qalanlar»
Ermənilərin Türkiyə ərazilərinə iddiasının tarixi Qarabağa iddialarının tarixindən çox qədimdir. Əgər «Qarabağ hərəkatı» Ermənistanda ən yaxşı halda 1988-ci ildə başlayıbsa, baş tutmayan «Qərbi Ermənistan»ın «itirilmiş əraziləri» haqda yüz ildən artıqdır danışılır. Ermənistanda milli özünüdərkin əsasında məhz bu məqam dayanır. Aydındır ki, SSRİ ermənilərin «ərazi hərisliyi»ndən Türkiyənin də daxil olduğu NATO ilə qarşıdurmada istifadə edirdi. Amma bu, məsələnin məğzini dəyişmir. Ağrı dağının şəklinə Ermənistanda mümkün olan və olmayan hər yerdə, hətta milli gerbdə də rast gəlinir.
Dünyanın bir çox xalqının yaddaşında onların ölkəsinin daha böyük olduğu dövrün xəritələri qalmaqdadır. Macarıstanda Trianon müqaviləsi nəticəsində hansı ərazilərin itirildiyini unutmurlar, Litva məktəbliləri vaxtilə Böyük Litva knyazlığının, polşalı məktəblilər isə Reç Pospolita sərhədlərinin haralara qədər uzandığını yaxşı bilirlər. Amma İrəvanın «ərazi hərisliyi»nin öz xüsusiyyətləri var. Birincisi, ərazisinə Türkiyənin altı vilayətinin də daxil olduğu Ermənistan heç zaman mövcud olmayıb. Bu əraziləri ermənilərə vəd etsələr də, verməyiblər, daha doğrusu, buna macal tapmayıblar. Türkiyə müstəqillik savaşında qalib gəlib və Sevr müqaviləsinin əvəzinə əvvəlcə Qars, daha sonra Moskva, sonda isə Lozanna sazişi imzalanıb. Lakin İrəvan hələ də bu əraziləri əldə edə biləcəyi düşüncəsi ilə yaşayır.
Bu mental «ziqzaq»ları, bəlkə də, çox ciddiyə almamaq olardı, bir məqam olmasaydı: indi Paşinyan Ankara ilə münasibətləri düzəltmək üçün Türkiyə əraziləri ilə bağlı əsrlərdən gələn arzuların üstündən kağız üzərində xətt çəkməlidir. «Artsax»dan imtinanı ona bağışlamırlar. İndi bu əsassız «Türkiyə əraziləri arzusu» üzərindən də xətt çəkilərsə, nəticələr təxminedilməz ola bilər. Çünki bu halda gerbi dəyişmək, oradan «müqəddəs Ararat»ın şəklini götürmək də lazım gələcək…
Bununla yanaşı, Paşinyanın mövqelərinin daxildə kifayət qədər güclü olduğuna da zəmanət yoxdur. Bəli, o, 44 günlük müharibədəki darmadağından və antiterror əməliyyatlarından sonra hakimiyyətini qoruyub saxlamağı bacarıb. Amma bu, «öldürməyən hər şey daha güclü edir» anlamına gəlmir. Həmin hadisələrdən sonra Paşinyanın mövqeləri heç bir halda güclənməyib.
Ermənistanla Türkiyə arasında dialoq İrəvanın Türkiyə ərazilərinə iddiadan imtina etməli olduğu məqamda kifayət qədər uğurlu gedirdi. Bu həddə çatdıqda proses dayanıb. Onun nə qədər ləngiyəcəyini demək isə çətindir.
MƏSLƏHƏT GÖR: