Müəllif: Natiq NAZİMOĞLU
İyulun 5-6-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-formal sammiti keçirilib. Türk dünyası ölkələrinin liderləri Avrasiya siyasəti və iqtisadiyyatının nüfuzlu mərkəzlərindən biri kimi getdikcə güclənən bu təşkilat çərçivəsində inteqrasiyaya sadiq olduqlarını bir daha təsdiqləyiblər.
Güc mərkəzinə çevrilmə yolunda
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa növbəti dəfə türk inteqrasiyasının mərkəzinə çevrilib. 2021-ci il iyunun 15-də, şəhərin erməni işğalından azad olunmasından heç bir il keçməmiş, burada TDT-nin lokomativi kimi çıxış edən Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi imzalanıb. Daha sonra TÜRKSOY Şuşanı 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan edib. İCESCO-nun bu şəhəri 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan etməsi də bu qəbildən olan hadisələrdəndir. TDT-nin qeyri-formal sammitinin Şuşada keçirilməsi isə Qarabağın azad mirvarisi olan bu şəhərin ümumtürk və ümummüsəlman əhəmiyyətli məkan olduğunu bir daha təsdiqləyib.
Şuşa sammitində Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan prezidentləri İlham Əliyev, Şavkat Mirziyoyev, Sadır Japarov və Kasım-Jomart Tokayev, Türkiyənin vitse-prezidenti Cövdet Yılmaz, həmçinin Macarıstanın baş naziri Viktor Orban, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, TDT-nin baş katibi Kubanıçbek Omuraliyev iştirak ediblər. Sammit iştirakçılarının hər biri TDT-nin vahid türk dünyasının mərkəzi kimi daha da güclənməsində maraqlı olduqlarını ifadə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin güclənməsi Bakının xarici siyasətinin prioritetidir. «Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib», - deyə dövlət başçısı qeyd edib. O, deyib ki, «Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır».
Azərbaycan Prezidenti xüsusi vurğulayıb ki, sammitin Azərbaycanın ötən ilin sentyabrında öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra Şuşada keçirilməsi xüsusi rəmzi məna daşıyır. Qarabağın tacı olan Şuşa şəhəri hər zaman Azərbaycanın və bütün regionun mədəni, ictimai-siyasi həyatının vacib mərkəzlərindən olub: «Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşayıb və buna nail olub... Bu gün Qarabağ və Şərqi Zəngəzurda «Böyük Qayıdış» Proqramı icra olunur».
Azərbaycanın dövlət başçısı TDT-nin prioritet fəaliyyət istiqamətlərindən biri kimi, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsini göstərib. Məsələn, Azərbaycanın əlavə investisiyaları hesabına «Orta dəhliz»in ayrılmaz hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükdaşıma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bundan başqa, Ələt Beynəlxalq Ticarət Limanının illik yükdaşıma həcminin 15 milyon tondan 25 milyon tonadək artırılması nəzərdə tutulur. Nəzərə alsaq ki, Xəzər dənizində Azərbaycanın 50-dən artıq ticarət gəmisi var, bu, son dərəcə önəmlidir.
Hazırda TDT-yə sədrlik edən Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayev isə çıxışında ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına istənilən vaxt şərait yaratmağa hazır olduğunu bildirib. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun vacibliyinə diqqət çəkən prezident türk dövlətləri alimlərinin əməkdaşlığının gücləndirilməsi ilə Xəzərin xilası, Aral dənizinin qurumasının qarşısının alınmasına dair konkret qərarların işlənib hazırlanmasını təklif edib.
Qırğızıstan Prezidenti Sadır Japarov görüşün Azərbaycanın Qarabağ regionunun mirvarisi sayılan Şuşa şəhərində keçirilməsinə xüsusi vurğu edib, bu şəhəri türk xalqlarının birliyinin, həmrəyliyinin yeni rəmzi adlandırıb.
Eyni fikri Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev də təkrarlayıb. O da deyib ki, «gözəl Qarabağın incisi sayılan bu müqəddəs şəhər Azərbaycan xalqının cəsarətini, bənzərsiz mətanətini, əsl igidliyini və birliyini açıq şəkildə göstərən tarixi Zəfərin parlaq rəmzidir».
Özbəkistan lideri bildirib ki, sammit qlobal risk və təhdidlərin artdığı bir şəraitdə keçirilir: «Belə bir qarışıq vəziyyətdə əbədi qardaşlıq ruhundan güc alan əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltməyi, birgə yanaşmalarla inkişaf etdirməyi zaman tələb edir».
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə və Niderland milliləri arasında futbol matçını izləmək üçün Almaniyaya yollandığından, Ankaranı tədbirdə bu ölkənin vitse-prezidenti Cevdet Yılmaz təmsil edib. O, «Qarabağın mirvarisi, azad Şuşanın türk dünyasının mədəniyyət paytaxtlarından biri olduğu»na dair fikirlərə qatıldığını söyləyib. «Beynəlxalq təşkilatların onilliklər ərzində Azərbaycana qarşı ədalətsizliyə göz yummasına baxmayaraq, Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə öz qəhrəmanlığı sayəsində haqqını bərpa etdi. Birinci Qarabağ müharibəsi nəticəsində öz yurdlarından didərgin salınan bir milyon azərbaycanlı qardaşımız üçün səsini çıxarmayan dövlətlərin bu gün haqsız və əsassız ittihamlarla qardaş Azərbaycanı hədəfə alması əsla qəbul edilə bilməz. Türk dünyası olaraq bu əsassız ittihamlara qarşı Azərbaycana güclü dəstək verməyimiz qardaşlığımızın olduğu kimi, ədalətin də zərurətidir», - deyə C.Yılmaz qeyd edib. O, Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsinin əhəmiyyətindən də söz açıb: «Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması təkcə bölgə ölkələri üçün deyil, regional nəqliyyat xətlərinin açılacağı səbəbindən qlobal təhlükəsizlik və kommunikasiyalar baxımından da böyük önəm daşıyır. Bu xətlərin açılması regional əməkdaşlığı gücləndirərək Orta Asiya, Qara dəniz və Xəzər dənizi hövzələri də daxil olmaqla, bütün Türk dünyası üçün böyük imkanlar yaradacaq, yeni fürsətlər doğuracaq».
TDT-də müşahidəçi statusunda olan Macarıstanın baş naziri Viktor Orban Şuşada keçirilən bu nüfuzlu tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. «Hazırda regionda minlərlə insana sülh şəraitində yaşamaq imkanı verdiyinə görə» Azərbaycan liderinə dərin ehtiramını dilə gətirən baş nazir TDT-ni «Qərblə Şərq arasında əməkdaşlıq üçün son dərəcə vacib təşkilat» kimi xarakterizə edib.
«Türk dünyasının mənəvi paytaxtı» olan Şuşada keçirilən sammitdə iştirakdan son dərəcə məmnun olduğunu deyən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Esin Tatar İlham Əliyevə onlara göstərdiyi böyük dəstəyə görə təşəkkür edib. «Ən böyük gücümüz Türk dünyasının birlik, bərabərlik və həmrəyliyidir», - deyə o, qeyd edib: «Bu baxımdan, Şimali Kipr Türk Cümhuriyyətinin Türk dünyasının ayrılmaz hissəsi olaraq bu gün qədim Şuşada təmsil olunması son dərəcə önəmli və tarixi hadisədir».
Türk liderlərin mövqe və yanaşmaları Şuşa sammitinin yekun sənədi olan Qarabağ Bəyannaməsində öz əksini tapıb. TDT-nin gələcək inkişafına dair müxtəlif təşəbbüslərin yer aldığı bu Bəyannaməni sözün əsl mənasında strateji əhəmiyyətli tarixi sənəd saymaq olar.
Qarabağ Bəyannaməsi
İyulun 6-da Şuşada imzalanmış Qarabağ Bəyannaməsi özündə TDT-nin qeyri-formal sammitinin «Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması» kimi bəyan olunmuş məğzini özündə əks etdirir. Quruma üzv olan dövlətlərin başçıları türk dünyasına ümumi etnik köklərə, tarixə, dilə, mədəniyyətə, ənənə və dəyərlərə əsaslanan ailə kimi baxdıqlarını bəyan ediblər. Türk xalqlarının tarixən qlobal siyasi, iqtisadi və sivilizasiya inkişafında oynadığı rolun dəyərini yüksək qiymətləndirərək, türk xalqlarının bəşər tarixi boyu əldə etdikləri siyasi, iqtisadi və sivilizasiya uğurlarına arxalanaraq, müasir qlobal geosiyasi çağırışların vahid mövqe tələb etdiyini dərk edərək Türk dövlətlərinin liderləri olan OTG ölkələri 31 bəndlik Qarabağ Bəyannaməsində əksini tapan bir sıra məsələlərdə ortaq mövqelərini ortaya qoyublar.
Xüsusilə türk dövlətlərinin strateji tərəfdaşlığının daha da güclənməsi, TDT-nin kollektiv strategiyasının formalaşması üçün onların siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəni sahələrdəki bütün imkan və potensialından istifadənin vacibliyi vurğulanıb. Dövlət başçıları türk dövlətlərinin qlobal miqyasda potensialını nəzərə alaraq, qarşıya daha iddialı hədəflərin qoyulmasının zəruriliyini bildiriblər.
Şuşa sammitinin türk dövlətləri arasında müvafiq nəqliyyat infrastrukturu və effektiv trans-regional dəhlizlərin yaradılması ilə əlaqələrin daha da inkişafına dəstəyin ifadəsi xüsusi vurğulanmalıdır. Bu, türk dövlətlərinin regionda və bütün dünyada qlobal ticarətin, iqtisadiyyatın inkişafındakı rolu nəzərə alınmaqla edilib. Qarabağ Bəyannaməsində üzv dövlətlər arasında Avropa, Türkiyə, Cənubi Qafqaz, Mərkəzi Asiya və Çini birləşdirən Şərq-Qərb trans-Xəzər Beynəlxalq Dəhlizi («Orta dəhliz») sayəsində regional əlaqələrin, iqtisadi inteqrasiyanın gücləndirilməsinə xüsusi vurğu edilib.
TDT dövlətləri 6 iyun 2024-cü ildə Qırğızıstan, Özbəkistan və Çin arasında imzalanmış, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin icrasını nəzərdə tutan birgə əməkdaşlıq sazişini də alqışlayıblar. O, TDT regionunda beynəlxalq ticarətin, bölgənin investisiya və tranzit potensialının artmasına təkan olacaq.
Regional ticarətin davamlı olaraq artdığını məmnunluqla qeyd edən liderlər yaxın illərdə bu həcmin əsl potensiala cavab verməsi üçün konkret tədbirlər görmək haqda razılığa gəlib, ticarətdə yaranan texniki maneələrin beynəlxalq öhdəliklərə zərər vermədən aradan qaldırılmasının, DEPA (Rəqəmsal iqtisadiyyat sahəsində tərəfdaşlığa dair razılaşma) ilə bağlı danışıqların sürətləndirilməsinin vacibliyini bildiriblər.
Qarabağ Bəyannaməsində iqlim dəyişikliyi ilə bağlı məsələyə də xüsusi yer ayrılıb. TDT liderləri bu problemlərin həlli üçün daha sıx əməkdaşlığın zəruriliyini vurğulayıblar. Onlar TDT-nin iqlim və ekologiya üzrə Rəqəmsal Platformasına dair müzakirələrin aparılmasını vacib sayırlar.
Liderlər Avropa ilə Asiya arasında yeni telekommunikasiya magistral marşrutun yaradılmasına hesablanmış «Rəqəmsal İpək yolu» layihəsinin reallaşdırılmasını ayrıca alqışlayıblar. Bundan başqa, süni intellekt sahəsində layihələrin uğurlu inkişafı üçün üzv dövlətlərin böyük ümumi dil modelinin yaradılmasının vacibliyi də qeyd edilib.
Sənəddə türk inteqrasiyası kontekstində strateji əhəmiyyətli bir sıra başqa məsələlərə də toxunulub. Məsələn, milli kosmik proqramların potensialı və rəqabət qabiliyyətinin artırılmasına, kosmik texnologiyaların kompleks inkişafına nail olunması üçün birgə kosmik layihələrin hazırlanması üzərində səylərin birləşdirilməli olduğu qeyd edilib.
Beləliklə, Qarabağ Bəyannaməsi türk inteqrasiyası ideyasının sürətlə dəyişən dünya düzəninin tələbləri ilə ayaqlaşan yeni strateji səviyyəyə yüksəldiyinin göstəricisidir.
«Bu gün biz Türk dünyasının birliyini bir daha təsdiqlədik»
Şuşa sammitində qəbul olunmuş vacib qərarlarla yanaşı, Qarabağ Bəyannaməsindəki bir məqam da qeyd olunmalıdır. TDT-yə üzv dövlətlər bu sənəddə Azərbaycan hökumətinin 2024-cü il noyabrın 11-22-də ev sahibliyi etməyə hazırlaşdığı COP29-a dəstək ifadə ediblər. Bundan başqa, Qazaxıstan və Özbəkistanın 2026-cı ildə Regional İqlim Sammiti keçirmək təşəbbüsü, nazirlər səviyyəsində daimi Türk İqtisadi Forumunun yaradılması və onun ilk toplantısının COP29 çərçivəsində təşkili ideyası da dəstəklənib.
Şuşa sammitində İlham Əliyevin TDT Dövlət Başçıları Şurasının ildə bir dəfə toplanması, Bakı tərəfindən TDT Katibliyinə 2 milyon dolların ayrılması təklifi də diqqət mərkəzində olub. Sonuncu qərar Şuşa sammitinin Katibliyin tərkibinin genişləndirilməsi və TDT büdcəsinin böyüdülməsi planlarına tam uyğun gəlir.
Ümumilikdə Şuşa sammiti Azərbaycanın TDT-nin fəaliyyətindəki birləşdirici rolunu bir daha təsdiqləyib. Eyni zamanda türk dünyası və TDT Azərbaycan üçün «bizim ailə» olduğunu (formulun müəllifi İlham Əliyevdir) bir daha ortaya qoyub. Belə ki, Qarabağ Bəyannaməsində bütün türk xalqlarının birləşdirilməsi işində Şuşa şəhərinin mənəvi əhəmiyyəti vurğulanıb, Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən sonra Şuşada belə görüşün keçirilməsinin türk xalqlarının birliyinin, onların sülh və ədalətə sadiqliyinin rəmzi olduğu qeyd edilib.
Bundan başqa, sammit yüz minlərlə azərbaycanlı məcburi köçkünün öz vətənlərinə qayıtmasına şərait yaradacaq işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, o cümlədən irimiqyaslı minalardan təmizləmə və humanitar minatəmizləmə səylərində Azərbaycan hökuməti və xalqı ilə onların həmrəy olduqlarını bildiriblər.
Şuşa sammitinə yekun vuran Azərbaycan Prezidenti İlham Əliyev deyib: «Bu gün biz Türk dünyasının birliyini bir daha təsdiqlədik. Birgə həyata keçirdiyimiz layihələrin icrasına yeni təkan verdik. Tarixən dünya sivilizasiyasına böyük töhfələr vermiş türk sivilizasiyasının tədqiq və təşviq edilməsi, Türk Dövlətləri Təşkilatının digər beynəlxalq təsisatlarla əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini bir daha qeyd etdik».
Bu bəyanat Avrasiyanın geosiyasi və geoiqtisadi mənzərəsində artıq öz yerini tutmuş TDT-nin Şuşa sammitinin ətraflı ifadəsidir. Şübhəsiz ki, bu fakt qurumun 2024-cü il oktyabrın 24-də Bişkekdə keçiriləcək XI sammitində də təsdiqlənəcək. Şuşada qeyd olunduğu kimi, həmin sammitdə Türk Dünyasının Xartiyasının qəbulu planlaşdırılır.
MƏSLƏHƏT GÖR: