5 Noyabr 2024

Çərşənbə axşamı, 16:27

QALMAQALLI OLİMPİADADA

Parisdə planetin əsas idman hadisəsi “macərasız” keçmir

Müəllif:

01.08.2024

İlin ən böyük idman hadisəsinə Fransa paytaxtı Paris ev sahibliyi edir. Üçüncü dəfə olimpiadanı keçirmək hüququ qazanan fransızlar bu dəfə qənaət etmək fikrində olduğunu gizlətməyib. Məhz buna görə əksər idman qurğuları inşa olunmayıb, müvəqqəti konstruksiya ilə quraşdırılıb.

 

İlk dəfə Senada

İyulun 26-da Sena çayının sahilində XXXIII Yay Olimpiya Oyunlarının açılışı olub. Tədbirin əsası vizual və real hadisələrin bir-birini əvəzləməsi ilə keçib. Əfsanəvi futbolçu Zinəddin Zidanın iştirakı ilə Olimpiya məşəli 3 uşaqdan ibarət qrupun köməyi ilə Sena çayında qayıqda gözləyən, amma naməlum qəhrəmana çatdırılıb.

Sena çayında təşkil olunan mərasim minlərlə idmançını daşıyan 85 gəminin “Austerlits” körpüsündən hərəkətə başlaması ilə start götürüb. Olimpiya oyunlarının vətəni sayılan Yunanıstanın nümayəndələri fəxri tribunanın qarşısından keçiblər. Azərbaycan yığmasının yer aldığı qayıq 16-cı hərəkət edib. Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva ilə boksçu Məhəmməd Abdullayev dalğalandırıb.

Parisdə səhnəyə çıxan ilk şou-biznes ulduzu amerikalı Ledi Qaqa olub. O, “Mulen Ruj” tarixi rəqs qrupunun iştirakı ilə klassik Fransa kabaresindən mahnı səsləndirib. Sonra Fransanın müasir musiqi ulduzu Ayya Nakamura İncəsənət körpüsündə çıxış etdi. Mərasimin kulminasiya nöqtəsi Olimpiya məşələnin alovlandırılması olub. Dünyanın və Fransanın tanınmış idmançılarının məşəli daşımasından sonra atlet Joze-Mari Perek və cüdoçu Teddi Rinerin iştirakı ilə alovlanan hava şarı Paris səmalarında dövrə vurub.

Uzun müddət səhhətindəki problemə görə səhnəyə çıxmayan kanadalı müğənni Selin Dionun fransız ifaçı Edit Piafın repertuarından “Hymne a l'amour” (“Sevgi himni”) sədaları altında Olimpiadanın açılış mərasiminə yekun vurulub.

 

Qalmaqalların episentrində

Paris Olimpiadası start götürməzdən öncə təşkilatçılıqla bağlı narazılıqlar üzə çıxıb. Cənubi Koreya millisinin 6 üzgüçüsü Olimpiya kəndini tərk edib. İdmançılar yarışların keçirildiyi hovuza yaxın hoteldə məskunlaşıblar. Onlar bu addımı nəqliyyatla bağlı problemlərə görə atıblar: hər gün yolda saat yarımdan çox vaxt keçirməmək üçün.

Olimpiadanın elə ilk günlərində əfsanəvi braziliyalı futbolçu Ziko qarət edilib. “Le Parisien”in məlumatına görə, 71 yaşlı keçmiş yarımmüdafiəçinin 420 min avro dəyərində portfeli oğurlanıb. Portfeldə bahalı saat, zinət əşyaları, brilyantlar və nağd pul olub.

Bundan başqa, üç ölkənin idmançıları Atletlər kəndində yerləşdirilən çarpayılardan narahatçılığını bildirib. Kartondan hazırlanan çarpayılarda rahat yatmaq mümkün olmadığını bildirən atletlər yuxusuzluqdan əziyyət çəkəcəklərini deyiblər.

Yeri gəlmişkən, Parisdə yağışlı hava yarışlara təsirsiz ötüşməyib. Açılış mərasimində yüzlərlə insanın ərazini tərk etməsinə səbəb olan hava növbəti gün skeytbord üzrə yarışların təxirə salınmasına səbəb olub. Təşkilat Komitəsi açıq havada keçirilməsi planlaşdırılan yarışlar üçün alternativ məkanlar da axtarıb.

Paris Olimpiadasının Təşkilat Komitəsinin xərclərə qənaət etmək üçün yeni idman meydançaları tikməməsi vəziyyəti daha da gərginləşdirib. Nəticədə, Parisdə bir sıra müsabiqələr ya açıq havada, ya da teatr və konsert salonlarında keçirilir.  Fransa mətbuatının məlumatına əsasən, olimpiada fransızlara 11 milyard avroya başa gəlib. Oyunların xərci gözlənildiyindən təxminən iki dəfə artıq olub.

Fransa hakimiyyəti üçün “sürpriz” ölkənin dəmir yollarında 800 min insanın gediş-gəlişinə təsir edən ciddi gecikmələr olub. Ölkənin səlahiyyətli orqanları yüksək sürətli qatarların şəbəkəsini “iflic etməyə yönəlmiş kütləvi hücumu" qeydə alıb, həmçinin Atlantik, Şimal və Şərq istiqamətlərində yüksək sürətli xətlərdə relslərin yaxınlığında üç yanğın baş verib.

 

Rəqəmlər və faktlar

Azərbaycan millisinin 48 idmançı ilə təmsil olunduğu Olimpiada avqustun 11-dək davam edəcək. Yarışın bağlanış mərasimi elə həmin gün baş tutacaq. Oyunlarda 206 ölkədən olan 11 minə yaxın idmançı 32 idman növü üzrə ümumilikdə 329 dəst medal uğrunda mübarizə aparır.

Paris-2024 Yay Olimpiya Oyunlarına rekord sayda bilet satılıb. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin idman direktoru Kit Makkonnell məlumat verib. O, 8,8 milyon biletin satıldığını bildirib. İdman direktoru daha çox idman yarışlarına sifariş olduğunu qeyd edib.

Satılan biletlərə görə əvvəlki rekord Atlanta-96 Olimpiadasında olub. Həmin vaxt ABŞ-də keçirilmiş Oyunlarda 8,3 milyon bilet satılmışdı.

 

 

İdmançıların fikirləri

Azərbaycan Olimpiya komandasının üzvü, təcrübəli gimnast Zöhrə Ağamirova Paris 24-ə səfərindən əvvəl “Region plus” jurnalına açıqlamasında deyib: “İndi biz kompozisiyaların düzgünlüyünə və keyfiyyətinə diqqət yetiririk. Çalışıram ki, Parisdə pik formama çatım və öz maksimumu nümayiş etdirim. Təzyiqin olması normal haldır. Saatlarla ona görə məşq edirik ki, ən yaxşı çıxışlarımızı nümayiş etdirək və proqramı inamla tamamlayaq. Olimpiadadan zövq almaq, uzun müddətdir üzərində çalışdığım kompozisiyaları göstərmək istəyirəm”.

Sərbəst güləş üzrə üçqat dünya çempionu, olimpiya yığmasının üzvü Hacı Əliyev bildirib: “Karyeramın ən əsas yarışlarından biridir. Əvvəlki olimpiadalardan fərqli olaraq daha təcrübəliyəm. Məşqləri son günə qədər davam etdiririk. Parisə karyeramda olmayan yeganə medal üçün yollanıram. İnanıram ki, olimpiada Azərbaycan komandası üçün uğurlu olacaq”.

 

İlk qaranquş

İyulun 27-də Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris-2024-də Olimpiya çempionu adına layiq görülüb. O, Azərbaycana 2024-cü il Oyunlarının ilk medalını gətirib. H.Heydərovun medalı Azərbaycanın Olimpiya Oyunlarında 50 illik yubiley medalı olub. Hidayət Heydərov müstəqil Azərbaycanın tarixində 8-ci olimpiya çempionu olub.



MƏSLƏHƏT GÖR:

65