19 Dekabr 2024

Cümə axşamı, 13:03

FORMULA 2024

Bakı ilin ən sürətli yarışına hazırdır

Müəllif:

01.09.2024

İlk dəfə Bakıda 2017-ci ildə təşkil edilən Formula-1 yarışı artıq ənənə halını alıb. Bakı Şəhər Halqası artıq Formula 1 Azərbaycan Qran Prisinin proqramını açıqlayıb. Sentyabrın 13-dən 15-dək keçiriləcək yarışa Bakı səkkizinci dəfə ev sahibliyi edəcək.

Bakı Şəhər Halqası paytaxtın qədim və mənzərəli divarları arasından dolanan açıq, dar və sərt döngələrin nadir qarışığını təşkil edir və bu marşrut şəhərlər arasında ən sürətli və gözlənilməz sayılır. Hər il keçirilən möhtəşəm Azərbaycan Qran Prisi yarışları UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan İçərişəhər, müasir göydələnlər və məşhur Dənizkənarı Bulvar boyunca qurulan Bakı Şəhər Halqası yüksək sürəti ilə avtoidman həvəskarlarının sevimlisinə çevrilib.

 

Azarkeşlər üçün sürprizlər

Formula 1 yarışının növbəti mübarizəsinin daha böyük həyəcan və sürprizlərlə dolu olacağı gözlənilir. Azarkeşlər canlı əyləncə və dünya məşhurları tərəfindən təqdim olunan performansları izləyə biləcəklər. Sentyabrın 13-də məşhur amerikalı aktyor və musiqiçi Uill Smit “Baku Crystal Hall”un səhnəsinə çıxacaq. Elə həmin gün burada dünya elektron musiqisinin ən görkəmli simalarından biri və bir çox musiqi mükafatları, o cümlədən “Qremmi” mükafatı laureatı “Black Coffee” də çıxış edəcək. Sentyabrın 14-də bu konsert kompleksində super ulduz və bir çox musiqi mükafatlarının, o cümlədən “Latın Qremmi” mükafatının laureatı J Balvin yeni proqramını təqdim edəcək.

Hər il olduğu kimi Dənizkənarı Bulvar ərazisində yerləşən azarkeş zonasında Fan-Forum keçiriləcək. Burada təşkil olunan sessiyada dünya şöhrətli F1 pilotları avtoidman həvəskarları ilə görüşəcəklər. Komandalar üçün ayrılmış 20 dəqiqə ərzində azarkeşlər F1 ulduzlarına suallarını vermək, onlardan avtoqraf almaq və foto çəkdirmək imkanı əldə edəcəklər. Yarış günləri Formula 1 əyləncə zonasında rəngarəng anlar yaşanacaq. Əyləncə zonası simulyasiyalar, interaktiv əyləncə, səhnə nümayişləri və müxtəlif tədbirlərdən ibarət olacaq. Pit-leyn gəzintisi də azarkeşlərin sevimli məşğuliyyətlərindən biridir. Bu, azarkeşlərə komandaların qarajlarını yaxından görmək fürsəti yaradır.

Formula 1 Azərbaycan Qran-Prisində bu il rekord bilet satışları və azarkeşlərin sayının artması ilə əlaqədar olaraq yeni tribunalar inşa edilib. Çoxsaylı azarkeş axınını nəzərə alaraq, tribunaların oturacaq sayı əhəmiyyətli dərəcədə artırılıb. 2024-cü il Azərbaycan Qran Prisi tarixinin ən yüksək bilet satışının müşahidə olunduğu ildir. Demək olar ki, əksər tribunaların satışı tamamilə başa çatıb. Ötən illə müqayisədə isə əcnəbi qonaqların sayının daha çox olacağı gözlənilir. Bu il biletləri 100-dən çox fərqli ölkədən olan azarkeşlər əldə edib. İlk beşlikdə Azərbaycan, Türkiyə, Böyük Britaniya, ABŞ, Niderland və Hindistan yer alır.

Sirr deyil ki, həyəcanlı və gözlənilməz yarışları ilə tanınan Bakı Şəhər Halqası Formula 1 təqvimində ən maraqlı treklərdən biridir. Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

 

İqtisadi effekt

Formula 1 yarışlarının Bakı mərhələsi dünyada böyük maraq doğurur və şəhər trası nadirliyi ilə seçilir. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi Azərbaycan Qran-Prisi də şəhər trasına ev sahibliyi edir. Formula 1-in Bakı şəhər trekində yürüşünü izləyərkən İçərişəhər boyunca uzanan əsrarəngiz qala divarları, Qız qalası kimi UNESCO tərəfindən qorunan qədim tarixi abidələrlə də tanış olmaq imkanı yaranır. Formula 1 pilotlarını daima sınaq qarşısında qoyan ən dar döngəli Bakı treki, həm də şəhər trekləri arasında ən sürətli treklərdən biri hesab edilir. Eyni zamanda yüksək sürət, sərt döngələr və ensiz hissələr dəqiq ustalıq tələb edir. “Küləklər şəhəri” kimi tanınan Bakı Formula 1 yarışını təkcə pilotlar üçün deyil, tamaşaçılar üçün də ən həyəcanlı avtomobil yarışına çevirir.

Azərbaycandakı yarış paytaxta çoxlu sayda turisti cəlb edir. Turistlərin gəlişi həm də turizmin inkişafına töhfə verir.

Bakı Şəhər Halqasının mətbuat xidmətindən bildirilib ki, mötəbər yarış Azərbaycan iqtisadiyyatına da müsbət təsir edir: “Ümumilikdə, Formula 1 yarışları ölkəmizin iqtisadi göstəricilərinə müsbət təsir edir və hər il bu təsir daha da artır. Məsələn, bu il rekord bilet satışları qeydə alınıb, bu da daha çox turistin ölkəmizi ziyarət edəcəyini və iqtisadiyyata əlavə fayda gətirəcəyini göstərir. Belə ki, yarışların təşkil edildiyi dövrdə şəhərə gələn turistlər hotellərdən restoranlara qədər geniş bir xidmət sektoruna gəlir gətirir və eləcə də yeni iş yerlərinin yaranmasına imkan yaradır. Xaricdən gələn azarkeşlərin hotellərdə, restoranlarda və digər xidmət sahələrindəki xərcləri yerli iqtisadiyyata əhəmiyyətli dərəcədə fayda gətirir. Yerli bizneslər yeni iş yerləri açmaqla və əhəmiyyətli gəlir əldə edərək fəaliyyətlərində artım yaşayırlar. Qran Prinin iqtisadi təsiri müxtəlif sektorları, o cümlədən turizm, qonaqpərvərlik və pərakəndə ticarəti dəstəkləyir və tədbirin Bakıda müşahidə olunan iqtisadi artımın təşviqində rolunu vurğulayır”.

 

Yeni reqlament

Yeri gəlmişkən, Beynəlxalq Avtomobil Federasiyası Formula 1 üzrə dünya çempionatında 2026-cı ildən tətbiq ediləcək yeni reqlamentin təfərrüatlarını açıqlayıb. Avtomobillərin ölçüləri və çəkisi dəyişəcək. Bolidlər daha qısa və yığcam olacaq, çəkisi indiki modellərlə müqayisədə 30 kiloqram azalacaq. Aktiv aerodinamikanın tətbiqi sayəsində avtomobillərin ötmə imkanları genişləndiriləcək. Ən mühüm dəyişikliklərdən biri odur ki, mühərrikin elektrik hissəsinin gücü bir neçə dəfə artacaq. Yeni mühərriklər ekoloji cəhətdən təmiz yanacaqla işləyəcək. Yeni reqlament mövcud güc balansını xeyli dəyişə bilər, çünki avtomobillər, demək olar ki, sıfırdan hazırlanmalı olacaq.



MƏSLƏHƏT GÖR:

74