26 Dekabr 2024

Cümə axşamı, 15:12

12 İLDƏN SONRA 2 “QIZIL”

Paris Olimpiya Oyunlarının yekunlarına sözardı

Müəllif:

01.09.2024

Fransa paytaxtı Parisin ev sahibliyi etdiyi 33-cü Yay Olimpiya Oyunları tarixə qovuşdu. Onun hansı səviyyədə təşkil edildiyi haqqında kifayət qədər yazılıb. Bu məqalədə yalnız Azərbaycan idmançılarının olimpiadada çıxışını təhlil edəcəyik.

Parisdə komandamız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıb. İki qızıl medal qazanılıbsa, demək, çıxışa mənfi qiymət vermək mümkün deyil.  Belə ki, Azərbaycan müstəqillik tarixi ərzində yalnız iki dəfə – 2000-ci il Sidney və 2012-ci il London Olimpiadasında iki qızıl medal qazanıb. Avstraliyada qızıllardan başqa 1 bürünc, Böyük Britaniyada isə 2 gümüş və 5 bürünc medal əldə olunub. Beynəlxalq Olimpiya Komitəsinin müddəalarına uyğun hesablayanda, bu Olimpiada uğuruna görə tariximizdə 2-cidir. Onu da qeyd etməliyik ki, bundan əvvəlki oyunlarda komandamız, ümumiyyətlə, qızıl medal qazanmamışdı.

Paris Olimpiadasının ən uğurlu təmsilçiləri Azərbaycan Cüdo Federasiyasının atletləri olub. Qısa müddətdə görülən işlər olimpiadada bəhrəsini verib. İlin əvvəlində Avropa və dünya çempionu olan Hidayət Heydərovla Zelim Kotsoyev karyeralarında çatışmayan titula sahib çıxıblar. H.Heydərov olimpiadada bütün görüşlərini yüksək səviyyədə keçirərək həm də düzgün taktika seçimi ilə diqqəti cəlb edib. Əksər görüşlərdə rəqibə xəbərdarlıq - şido almağa məcbur edən azərbaycanlı cüdoçu həlledici anda fənd işlədərək qələbələri təmin edib. Z.Kotsoyev də olimpiadaya yüksək hazırlıq keçdiyini nümayiş etdirib. Finalda gürcü idmançı üzərində parlaq qələbə qazanan Z.Kotsoyev Azərbaycan idman tarixində cüdoda dördüncü qızıl medalın sahibi olub. Təəssüf ki, komandanın digər cüdoçuları Olimpiadanın çətinliklərinin öhdəsindən gələ bilməyib və ilkin mərhələdə mübarizədən uzaqlaşıblar. Onlar hətta rəqib üzərində üstün olduqları vəziyyətdə belə, görüşü qələbə ilə başa vura bilməyiblər.

 

Məyusluğun əsas səbəbi

Parisdə güləş üzrə milli komanda bizi kifayət qədər təəccübləndirdi – bu dəfə pis mənada. Rusiyanın yoxluğunda hamı gözləyirdi ki, güləşçilər daha uğurlu çıxış edəcək. Lakin pəhləvanlar antirekord müəyyənləşdiriblər. Müstəqil Azərbaycan tarixində ilk dəfə olimpiadada güləşçilər finala vəsiqə qazanmayıblar. Onların ən yaxşı nəticələri bürünc medal olub. Millinin titullu güləşçiləri Hacı Əliyev, Mariya Stadnik kimi idmançılar mükafatçılar sırasında yer almayıblar. Bəzi güləşçilər hesabda öndə olduğu halda sonda məğlubiyyət acısı yaşayıblar. Komandada fiziki hazırlığın yaxşı formada olmadığı aşkar görünüb. Güləşçilər taktiki cəhətdən də fənd işlətməkdə çətinlik çəkiblər.

Azərbaycan güləş yığmasının nəticələri bu növdə islahatlara ehtiyac olduğunu göstərib. Dünya və Avropa çempionları Hacı Əliyev, Mariya Stadnik, Rafiq Hüseynovun növbəti olimpiadada iştirakları mümkün olmayacaq. Həm yaş, həm də fiziki göstəricilər baxımından. Ona görə titullu pəhləvanların karyeralarını başa vurması düzgün qərar olardı.

Azərbaycanlı azarkeşləri boksçular da sevindirə bilməyiblər. Dörd boksçu erkən mərhələdə uduzmaqla ümidləri doğrultmayıb. Yalnız milliləşdirilmiş Kuba idmançısı Alfonso Dominges gümüş medalla kifayətləndiyi finala yüksələ bilib. Üstəlik, Dominges finalda özbəkistanlı rəqibi ilə əslində bokslaşmadı. Bu da çoxlarını təəccübləndirib.

 

Milli komandanın parlaq məqamları

Azərbaycanda batut gimnastikası cəmi 10 il bundan əvvəl inkişaf etməyə başlayıb. Selcan Mahsudova batut gimnastikası üzrə Olimpiadada iştirak edən ilk Azərbaycan idmançısı kimi tarixə düşüb. Eyni zamanda, bədii gimnast Zöhrə Ağamirova karyerasında ikinci dəfə olimpiadada iştirakçılar sırasında yer alıb. Qrup hərəkətləri komandası finala qədər irəliləyib. Finalda təşkilatçı ölkə Fransa ilə yanaşı, bir sıra iddialı komandanı arxada qoyan gimnastlar yekunda 5-ci pillədə qərarlaşıblar.

Qadınlardan ibarət 3x3 basketbol üzrə milli ABŞ və Çin kimi iddialı rəqibləri məğlub etməklə diqqətə səbəb olub. Lakin 3x3 basketbol komandası xal çatışmazlığına görə pley-offa vəsiqə qazana bilməyib.

Azərbaycanın xarici mediada ən çox müzakirə edilən və populyar təmsilçisi Yaylagül Ramazanova (kamandan oxatma) olub. Yeddi aylıq hamilə olan 34 yaşlı idmançı təsnifat zamanı 10 xal toplayıb və bu barədə dünyanın bir çox idman mediası məlumat yayıb. Sonda qaliblər arasında olmasa da, onun çıxışı dünyanın əksər tabloidlərində maraq oyadıb.

Azərbaycan taekvondosu Paris Olimpiadasında bir idmançı ilə təmsil olunub. Mütəxəssislər Qaşım Maqomedovdan medal gözləməsə də, taekvondoçu proqnozları alt-üst edib. Zədə səbəbindən finalda məğlub olan Qaşım Maqomedov Bakıya gümüş medalla qayıdıb.

Beləliklə, Paris Olimpiadası Azərbaycan üçün 7 medalla yadda qalıb. Hidayət Heydərov ilə Zelim Kotsoyev qızıl, Alfonso Dominges ilə Qaşım Maqomedov gümüş, Həsrət Cəfərov, Maqomedxan Maqomedov, Georgi Meşvildişvili bürünc medala layiq görülüblər. Qazanılan medallara görə Azərbaycan olimpiadada 30-cu pillədə yer alıb.

 

Yüksək qiymətləndirmə

Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev vətənə qayıdan qalibləri qəbul edib. Prezident Paris Yay Olimpiya Oyunlarında əldə olunan nəticələri yüksək qiymətləndirdiyini bildirib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Təsadüfi deyil ki, biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq - 2 qızıl, 2 gümüş və 3 bürünc medal, hesab edirəm ki, çox yaxşı nəticədir”.

Azərbaycan Prezidenti İlham Əliyevin qəbulda qeyd etdiyi kimi, 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına artıq bu gündən hazırlaşmaq lazımdır. Sirr deyil ki, ölkə idmanında nəsil dəyişmə dövrü başlayır. Veteranlar karyeralarını başa vuracaq, onların yerini gənclər tutacaq. Növbəti 4 ildə əksər növlərdə lisenziya uğrunda yeni idmançılar yarışacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev Paris Olimpiadasında medal qazanan idmançıların mükafatlandırılması ilə bağlı Sərəncam imzalayıb. Qızıl medalçılara 400 min, gümüş mükafatçılara 200 min, bürünc medal sahiblərinə isə 100 min manat pul mükafatı verilib. Dövlət başçısının digər qərarı ilə Milli Olimpiya Komitəsindən çempion idmançılara 200 min, ikinci-üçüncü yerin sahiblərinə isə müvafiq olaraq 100 min və 50 min manat pul mükafatı təqdim olunub.



MƏSLƏHƏT GÖR:

83