5 Noyabr 2024

Çərşənbə axşamı, 17:02

ƏLA NƏTİCƏ

Paralimpiyaçılarımız Parisdən 11 medalla qayıtdılar

Müəllif:

15.09.2024

Fransa paytaxtı Paris olimpiadasının ardınca ənənəvi olaraq təşkil edilən Yay Paralimpiya Oyunlarına ev sahibliyi edib. Azərbaycan yığması Yay Paralimpiya Oyunlarını 11 medalla (4 qızıl, 2 gümüş və 5 bürünc) başa vurub.

 

Xüsusi paraatletika

Mötəbər yarışda Azərbaycan komandasının heyətində İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12 kateqoriyası), Orxan Aslanov (T13 kateqoriyası, hər ikisi uzunluğa tullanma) qızıl, Lamiyə Vəliyeva qızıl (100 metr məsafəyə qaçış) və gümüş (400 metr məsafəyə qaçış), Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və 2 bürünc (100 metr məsafəyə sərbəst və “butterfly” üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq), Vəli İsrafilov (100 metr məsafəyə brass üsulu ilə üzmək), İlham Zəkiyev (paracüdo, +90 kq) bürünc medala sahib çıxıb. Yekun sıralamada Azərbaycan komandası 169 ölkə arasında 28-ci yeri tutub.

İdman növləri arasında xüsusilə paraatletikanı qeyd etmək olar. Bu növdə təmsilçilər 3 qızıl və 1 gümüş medala seviniblər. Komandanın lideri dəfələrlə dünya çempionu olan Lamiyə Vəliyeva Parisdə 1 qızıl və 1 gümüş medala layiq görülüb. O, 400 metr məsafədə ikinci yeri tutub. 100 metr məsafədə birinci olan atlet həm də dünya rekorduna imza atıb. Amma bu növdə Pekin-2008 Olimpiadasının qalibi Oluxan Musayevin medalsız qalması uğursuzluq kimi qiymətləndirilməlidir.

Fransa paytaxtında həm də parataekvondoçularımız uğurlu çıxışları ilə diqqəti cəlb ediblər. Dünya çempionu İmaməddin Xəlilov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 19 yaşlı Sabir Zeynalov isə karyerasının ən böyük yarışında üçüncü yerlə kifayətlənib.

Paracüdoda məşqçilərin ümidini canlı əfsanə İlham Zəkiyev doğruldub. 44 yaşlı ikiqat paralimpiya çempionu zədəli olmasına baxmayaraq, bürünc medal uğrunda görüşdə qələbə qazanıb. Bu, İ.Zəkiyevin karyerasında beşinci paralimpiya medalı olub. Təəssüflə qeyd etmək lazımdır ki, Dürsədəf Kərimova və Xatirə İsmiyeva medalçılar sırasında yer almayıb. Xatırladaq ki, paracüdoda tibbi yoxlanışda yeni qaydalar tətbiq olunduğundan Tokio Paralimpiadasının qalibləri olan 4 atletimiz yarışda iştirak edə bilməyiblər.

 

Qaliblərin şərhləri

“Paris-2024” Yay Paralimpiya Oyunlarında paraatletika üzrə yarışlarda qızıl və gümüş medal qazanan Lamiyə Vəliyeva təəssüratlarını jurnalistlərlə bölüşüb: “Çox sevinirəm ki, Tokiodakı nəticəni təkrarladım. Hisslərimi sözlə ifadə etmək çətindir. Dəstəyə görə hər kəsə minnətdaram. Onların inamı bizə stimul verirdi. Bu, son deyil. Əldə olunan uğur məni daha da həvəsləndirir. Növbəti olimpiadada nəticəni yaxşılaşdırmağa çalışacağam”.

Karyerasında altıncı dəfə Paralimpiya Oyunlarında iştirak edən paracüdoçu İlham Zəkiyev zədəli vəziyyətdə mübarizə apardığını bildirib: “Zədələrim səbəbindən uzun müddətdir ki, müalicə alırdım. Buna görə də istədiyim kimi hazırlaşa bilmədim. Buna baxmayaraq, Vətənə bürünc medalla döndüyüm üçün çox xoşbəxtəm. Birinci görüşdə fransalı rəqibimə qarşı mübarizə apararkən hakimlərin tərəfkeşliyi hiss olunurdu. Uğurumu vətənimə və xalqıma həsr edirəm. 44 yaşımın olması məşqlərdə heç bir problem yaratmır. Sağlamlıq imkan verərsə, 2028-ci ildəki Paralimpiya Oyunlarında da iştirak etməyi planlaşdırıram”.

Paraatletika növündə uzunluğa tullanmada qızıl medal qazanan Azərbaycan idmançısı Səid Nəcəfzadə özünü xoşbəxt hiss etdiyini söyləyib: “Paralimpiya Oyunlarında ilk dəfə qızıl medal qazandım. Karyeramın ikinci oyunları idi. Tokioda birinci paralimpiadamda bürünc medal əldə etmişdim. Bu dəfə onu “qızıl”la əvəzləyə bildim. Çox xoşbəxtəm”.

 

Maraqlı hekayə

Azərbaycan Paralimpiya yığmasının ən yaxşı nailiyyəti Tokioda keçirilən yarışda olub. Daha sonra idmançılarımız 14 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq rekorda imza atıblar. Paris Paralimpiadasında bəzi növlərdə yeni adlara ehtiyac olunduğu görünürdü. Dörd il sonra keçiriləcək növbəti oyunlara qədər paralimpiya hərəkatının daha geniş vüsət alması üçün xüsusi proqramın tərtib olunması önəmlidir.

Xatırladaq ki, ənənəvi olaraq Paralimpiya Oyunları dörd il fasilə ilə Olimpiya Oyunlarından sonra təşkil edilir. Paralimpiya Oyunları fiziki məhdudiyyətli idmançıların iştirak etdiyi beynəlxalq idman tədbiri olaraq, dünya miqyasında böyük əhəmiyyət daşıyan bir idman hərəkatıdır. Oyunlar həm idmanın inklüzivliyini təmin edir, həm də fiziki imkanları məhdud olan insanlara öz bacarıqlarını göstərmək üçün unikal bir platforma yaradır. Paralimpiya Oyunlarının yaranması İkinci Dünya müharibəsi illərinə təsadüf edir. 1948-ci ildə İngiltərədəki Stok Mandevil xəstəxanasında çalışan neyrocərrah Ser Lüdviq Quttmann onurğa zədəsi olan müharibə veteranlarının fiziki və psixoloji reabilitasiyasını sürətləndirmək üçün idmanı müalicə prosesinə daxil etdi. O, idmanın bu qazilərə özlərinə inamı bərpa etməyə və cəmiyyətdə yenidən aktiv iştirakçı olmağa kömək edəcəyinə inanırdı. 1948-ci ildə Quttmann ilk olaraq “Stok Mandevil Oyunları”nı təşkil etdi. Bu yarışlar yalnız onurğa zədəsi olan veteranlar üçün nəzərdə tutulmuşdu və daha çox oxatma kimi idman növlərini əhatə edirdi. Oyunlar sürətlə inkişaf etdi və  1960-cı ildə İtaliyanın paytaxtı Romada ilk rəsmi Paralimpiya Oyunları keçirildi.



MƏSLƏHƏT GÖR:

39