23 Noyabr 2024

Şənbə, 12:09

TƏHSİLƏ GÖRƏ CƏZA

Bolşeviklər olmasaydı, 105 il əvvəl ADR-də qəbul olunmuş qanun ölkənin gələcəyində böyük rol oynaya bilərdi

Müəllif:

15.09.2024

Düz 105 il əvvəl – 1919-cu il sentyabrın 1-də ADR-də ölkənin gədəcək sosial-iqtisadi və mədəni inkişafında inanılmaz rol oynayacaq qanun qəbul edilmişdi. Söhbət «11 tələbənin dövlət hesabına xarici ölkələrə göndərilməsi haqqında» qanundan gedir. Siyasi qeyri-müəyyənliyin hökm sürdüyü, iqtisadi əlaqələrin olmadığı, sosial gərginliyin yaşandığı, maddi vəziyyətin ağır olduğu şəraitdə gənc müstəqil dövlətin parlamentarilərinin bu qərarı, həqiqətən də, nəinki uzaqgörən, həm də çox cəsarətli addım idi.

 

Bolşeviksayağı təqaüdçü

1920-ci ilin yanvarında gənc tələbələrin Almaniya, Fransa, Türkiyə və İtaliyaya təntənəli yolasalma mərasimi keçirilib. Elə həmin ilin aprelində ölkədə hakimiyyətin dəyişməsindən sonra bu şəxslər müxtəlif tale yaşayıblar. Azərbaycan bolşevikləri dərhal «müstəqillik tələbələri»nin siyahısına yenidən baxıb, onların əksəriyyətinin maliyyələşdirilməsini dayandırıb, bunun «siyasi cəhətdən məqsədəuyğun olmadığını» bəyan ediblər. Bundan başqa, təqaüdlərin ödənilməsində də ciddi problemlər yaranıb. «Ölkədən kənarda 65 təqaüdçü qalıb. Almaniyada həyat bahalaşır, 40 rubl yetmir. Tələbələr aya 60 rubl istəyirlər. Xalq Maarifi Komissarlığı, hələ ki, təqaüdü 50 rubla qaldırmağa razılıq verir», - deyə xalq maarifi komissarı Xalq Komissarları Sovetinin sədri Musabəyova yazırdı.

Bütün çətinliklərə baxmayaraq, azərbaycanlı tələbələr Avropada təhsili uğurla başa vurur, lakin onların heç də hamısı müstəqilliyini itirərək kommunist respublikasına çevrilmiş Azərbaycana qayıtmaq istəmir. 1925-1926-cı illərdə əsasən mühəndis təhsili almış, Avropa mədəniyyətini mənimsəmiş 56 gənc ölkəyə qayıdır. Onlar həmin dövr üçün müasir elmi-texniki biliklərə, Qərbin öndə gedən müəssisələrində iş təcrübəsinə yiyələnmiş şəxslər idilər. Başqa sözlə, söhbət iqtisadiyyatını, həmçinin sosial şəraiti sahmana salmağa çalışan respublikanın xalq təsərrüfatı üçün çox lazımlı kadrlardan gedirdi.

Lakin Sovet İttifaqında ideya elmi biliklərdən, mühəndis bacarıqlarından, təmiz işləmək qabiliyyətindən üstün idi. Savadlı, təhsilli işçidən ilk növbədə, kommunizm ideyalarına sadiqlik, yalnız bundan sonra bacarıq tələb olunurdu. Kommunizm ideyalarına sadiqlik isə Kommunist Partiyasının ehkamlarının qeyd-şərtsiz qəbul edilməsi, hökumətə sadiqlik demək idi. Bu, Qərb institutlarının məzunlarının əksəriyyətinə xas cəhət deyildi və bu səbəbdən də hökumət onlara «arzulanmaz element» kimi yanaşırdı. Bu üzdən də repressiya çarxının tam gücü ilə fırlandığı ötən əsrin 30-cu illərində onların çoxu «xalq düşməni» elan olunub – Qərbdə təhsil alaraq vətənə qayıtmış 56 mütəxəssisdən 8-i güllələnib, 30-u uzun illər ömrünü islah-əmək düşərgələrində keçirməli olub.

 

«Xaricdə təhsil alıb, xanımı almandır»

Belə «xalq düşmənləri»ndən, daha dəqiq desək, «hökumət düşməni» Mirsadıq Sadıqov olub. Zəngin olmayan ailədə doğulmuş Mirsadığın atası xırda tacir, anası evdar qadın olub. O, əvvəlcə 6 illik məktəbi, 1917-ci ildə Bakı Texniki Məktəbini bitirib. Təhsil almaq arzusu Mirsadığı Sibirin Texnologiya İnstitutunun olduğu uzaq Tomsk şəhərinə aparıb çıxarıb. 1917-ci ildə M.Sadıqov bu ali məktəbin mədən fakültəsinə qəbul olunub. Lakin Rusiyada qızışan vətəndaş müharibəsi onun təhsilini başa vurmasına imkan verməyib və Mirsadıq birinci kursu bitirdikdən sonra vətənə qayıdıb. O, təxminən bir il vaqon təmiri emalatxanasında çalışıb. Günlərin birində qəzetdə hökumətin gənc azərbaycanlıları təhsil almaları üçün xaricə göndərmək niyyəti haqda oxuyan M.Sadıqov bu fürsəti əldən qaçırmamaq qərarına gəlib. Beləliklə, 1920-ci ildə o və daha 6 azərbaycanlı gənc Frayburqda (Almaniya) Mədən Akademiyasının tələbəsi olub. 1925-ci ildə təhsilini başa vuran Sadıqov Azərbaycan hökumətinin təklifi ilə daha 6 ay Almaniyada qalaraq təcrübə keçib. O, vətənə 1926-cı ildə həyat yoldaşı Xildeqard Kistner ilə birlikdə dönüb.

Mədən sənayesi üzrə gənc mütəxəssis olan M.Sadıqov «Azneftekombinat»a işə götürülüb və… dərhal dövlət təhlükəsizliyi orqanı – Azərbaycan Dövlət Siyasi İdarəsinin (ADSİ) diqqətinə düşüb. Çünki birincisi, o, təhsilini xaricdə almışdı, ikincisi isə xanımı alman idi. O vaxt cəmi bir fakt insanın «xarici dövlətə casusluq»da şübhəli bilinməsi üçün kifayət idi. Burada isə birdən-birə iki «fakt» var idi.

1932-ci ildə «Azneftekombinat» rəhbərliyinə neft hasilatında öncül üsulların öyrənilməsi üçün ABŞ-yə mütəxəssislər qrupunun göndərilməsi tapşırılıb. Qrupa M.Sadıqov da daxil edilib. Lakin oktyabrda respublika rəhbərliyi – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Polonskiyə ADSİ sədri Frinovski və qurumun məxfi siyasi şöbəsinin rəis müavini Yaqubovun imzası ilə Sadıqovun ABŞ-yə səfərinə etiraz məktubu daxil olub: «Mühəndis Mirsadıq Sadıqov hüquqlardan məhrum edilmiş zəngin tacirin oğlu, Müsavat Partiyasının keçmiş fəal üzvü və Bakıda 1918-ci ildə həyata keçirilmiş erməni qətliamında aktiv iştirak etmiş şəxsdir. O, Müsavat hökuməti tərəfindən Almaniyada təhsil almağa göndərilib. Almaniyada olarkən sosialist hökumətinə qarşı çalışan əksinqilabçı qruplaşmasının fəal üzvlərindən olub. Qatı şovinistdir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə namizəd olmasından hüquqlardan məhrum edilmiş qohumlarının direktivlərə uyğun olaraq mənzillərindən çıxarılmasının qarşısını almaq üçün istifadə edib. Partiyaya sırf karyerası üçün daxil olub».

Qeyd edək ki, məktubda yer almış məlumatların heç biri doğru deyildi. Artıq qeyd edildiyi kimi, Sadıqov xırda tacir ailəsində doğulmuşdu, nə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin (həmin illərdə ölkənin qanunverici orqanı – red.), nə də Kommunist Partiyasının üzvü idi. 1918-ci ilin mart hadisələrində isə ən azı həmin dövrdə Tomskda ali təhsil aldığı üçün iştirak edə bilməzdi. Göründüyü kimi, ADSİ Sadıqovun ABŞ-yə göndərilməsini əngəlləmək üçün yalan və böhtana əl atmışdı.

ADSİ-nin M.Sadıqov haqda 1933-cü ildə hazırladığı «Azneftin Stalin mədəninin qazma sexindəki təsərrüfat-siyasi vəziyyət haqqında məruzə məktubu»nda da onun «xarakteristika»sı eyni cür göstərilir. ADSİ sədrinin müavini Ştep tərəfindən imzalanmış sənəddə Sadıqovun «Müsavat hökuməti zamanı təhsil alması üçün Almaniyaya göndərildiyi» qeyd edilir.

 

Açıq-aşkar

1937-ci ilin oktyabrında işdə əldə etdiyi ciddi nailiyyətlərə baxmayaraq, Sadıqov Kirov rayonunun Qazma kontorunun rəisi vəzifəsindən heç bir səbəb göstərilmədən uzaqlaşdırılır. Müvafiq əmrdə deyilir ki, o, vəzifəsindən «kompromat materiallara sahib olduğu üçün» kənarlaşdırılıb.

Bu, Sadıqovu çox sarsıtmışdı və onu anlamaq olardı. Məsələ ondadır ki, həmin ilin iyulunda vaxtilə Frayburqda Sadıqovla birlikdə təhsil almış Rzaqulu Həsənov saxlanılmışdı. Daha sonra onların digər tələbə yoldaşı Cəmil Əlimuradbəyli də həbs edilmişdi. Onlara əks-inqilabçı trotskist təşkilatına üzvlük ittihamı irəli sürülmüşdü. 1937-ci ildə bir şəxsi həbs etməzdən əvvəl işdən kənarlaşdırır, partiyadan çıxarır və yalnız bundan sonra saxlayırdılar.

Sadıqov respublikanın rəhbəri Mircəfər Bağırov da daxil olmaqla, «yuxarılar»a çoxsaylı müraciətlərdən sonra yenidən işə düzəlsə də, bu, uzun çəkmir. 1941-ci il iyunun 22-də – Almaniyanın Sovet İttifaqına xain hücumundan sonra Azərbaycan SSR Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı (Dövlət Siyasi İdarəsi artıq belə adlanırdı – red.) M.Sadıqovun evində axtarışın aparılması və onun saxlanılmasına order verir. Almaniya ilə müharibə düşmən dövlətin xeyrinə «casusluq» edən şəxslərin axtarışına yeni təkan vermişdi. M.Sadıqov isə bu obraza tam uyğun idi – «Almaniyada təhsil alıb, xanımı almandır».

Xalq Dövlət Təhlükəsizliyi Komissarlığının (XDTK) operativ müvəkkili leytenant Samoxvalov yazırdı ki, axtarışa və həbsə səbəb «XDTK-ya Mirsadıq Sadıqovun cinayətkar fəaliyyətilə bağlı daxil olmuş kompromat materiallarıdır».

Beləliklə, Sadıqov iyulun 23-də həbs edilib, iyulun 7-də ona qarşı ittiham irəli sürülüb: «xarici kəşfiyyatın agenti, xarici kəşfiyyata casusluq, antisovet təbliğatı».

Sadıqovun Tomskda təhsilini məcburiyyət qarşısında qalaraq yarımçıq qoyması «burjuaziya ilə mübarizədən imtina», vətənə qayıtması isə «xalqın əleyhinə olan Müsavat hökumətinə xidmət etmək arzusu» ilə əlaqələndirilib. İstintaq təxminən altı ay Sadıqovdan əks-kəşfiyyatçı təşkilata işləməsi, onun üzvləri, Almaniyanın xeyrinə casusluqla bağlı «etiraf ifadəsi» almağa çalışıb, lakin heç nəyə nail olmayıb. M.Sadıqov heç kimə şər atmayıb, kimsə barəsində mənfi fikirlər səsləndirməyib. Buna baxmayaraq, istintaq bu qənaətə gəlib ki, Sadıqov Almaniyada təhsilini başa vuraraq vətənə qayıtdıqdan sonra «bolşeviklərə və Sovet hakimiyyətinin siyasətinə nifrətlə yanaşıb, Azərbaycanda Sovet hakimiyyətinin devrilməsi və ölkənin Türkiyəyə birləşdirilməsinin tərəfdarı olub». Sadıqov isə ona qarşı irəli sürülən ittihamların heç birini qəbul etməyib, özünü günahkar saymayıb. Buna baxmayaraq, onun barəsində ən sərt qərar çıxarılıb – güllələnmə! Qərar SSRİ Xalq Dövlət Təhlükəsizliyi Komissarlığı yanında Xüsusi müşavirədə təsdiqlənməsi üçün Moskvaya göndərilib. Lakin orada güllələnmə qərarı 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

M.Sadıqov cəzasını Samara yaxınlığındakı islah-əmək düşərgəsində çəkməli idi. Orada məhbuslar hərbi obyektlərin tikintisinə cəlb olunurdular. Amma Sadıqov düşərgəyə gedib çıxmayıb. Böyük ehtimalla o, yolda paroxodun həbsxanasında şaxtadan donaraq ölüb.

Sadıqovla bağlı hökmün çıxarılmasından sonra onun xanımı Xildeqard Sadıqova da həbs edilib. O, babasının şərəfinə adlandırılmış 10 yaşlı övladı Mina ilə Qazaxıstana sürgün olunub. Mina orada böyüyüb, ailə qurub, iki qız övladı dünyaya gətirib. Ölümü isə qəflətən olub.

1956-cı ildən sonra Xildeqard nəvələri ilə birlikdə Bakıya qayıdıb və ərinə bəraət verilməsinə nail olub. «Təmiz insanın bu ölkədə yaşaması mümkün deyil», - deyə o, həyat yoldaşının qohumları ilə söhbətində bildirib. Qadın doğmalarını da özü ilə götürərək, Almaniyaya köçüb.

Bu da «günah»ı xaricdə təhsil almaq olan M.Sadıqovun ailəsinin faciəvi taleyi…



MƏSLƏHƏT GÖR:

49