Müəllif: Nadir XOSROVOĞLU
Azərbaycanın ən köklü futbol klubu “Neftçi” böhran içindədir. Böyük maliyyə dəstəyinə baxmayaraq, komandanı xilas etmək mümkün olmur. Ağ-qaraların uğursuzluğu yeni deyil, artıq neçənci ildir davam edir. Məşqçiləri “əlcək” kimi dəyişən “Neftçi” uğursuzluğun nəticəsi kimi hazırda turnir cədvəlində autsayder pilləsində qərarlaşıb.
Uğursuzluqlar ardınca uğursuzluqlar
2024/2025 mövsümündə milli çempionatda 7 tur arxada qalıb. Amma paytaxtın “Neftçi” klubu qələbəyə həsrətdir. Ardıcıl 7 oyunda qələbə qazana bilməyən komanda iddialı ola bilməz. Məhz bu səbəbdən azarkeşlər və media klubdan ciddi islahatlar tələb edir. Qısa müddətdə Laurensio Regekampf, Adrian Mutu, Miodraq Bojoviçi məşqçi postunda sınayan “Neftçi” rəhbərliyi yayda azarkeşlərə yaxşı tanış olan Roman Qriqorçukla müqavilə imzalayıb. Amma ukraynalı məşqçinin gəlişindən sonra uğursuzluq başa çatmayıb.
Ötən mövsüm “Neftçi” medalçılar sırasında yer almayıb, hətta avrokuboklara vəsiqə qazana bilməyib. Məhz bu amil islahatları qaçılmaz edib. Serbiyalı məşqçi Miodraq Bojoviç yola salınıb, əvəzində Roman Qriqorçuk baş məşqçi postuna təyin edilib. Amma onun gəlişindən sonra komandada böhran daha da dərinləşib. Yerli futbolçular arasında qalmaqallar başlayıb. Qara Qarayev kimi futbolçu heyətdən kənarda qalıb, əvəzedici heyətə göndərilib. Təcrübəli Emin Mahmudovdan kapitan sarğısı alındı, futbolçuya isə özünə yeni iş yeri tapmaq məsləhət görülüb.
Uğursuzluqların davam etdiyi günlərdə “Neftçi”də gözlənilməz ayrılıq yaşanıb. Yens Andersson idman direktoru vəzifəsindən qovulub. İsveçli mütəxəssis 2023-cü ilin sentyabrında təyinatı açıqlandıqdan sonra azarkeşlərə böyük vədlər vermişdi. Lakin klubun idman departamenti ilə bağlı bütün məsələlərin məsuliyyətini daşıyan funksioner skaut xidmətinin təkmilləşdirilməsi, çalışma mədəniyyətinin inkişaf etdirilməsi, əsas və əvəzedici komandanın müsbət nəticələr qazanması və müasir dünya standartlarına uyğun bazanın inşası kimi prosesləri düzgün həyata keçirə bilməyib. O, daha əvvəl belə demişdi: “Uğur əldə etməsəm, burdakı işim çox davam etməyəcək”. Və heç bir nəticə olmadığı üçün Andersson vəzifəsini tərk etməli oldu.
Klubun uğursuzluqlarının əsas səbəbi futbolçularla bağlı səlahiyyətlərin baş məşqçidə olmamasıdır. Yəni komandaya bəzən menecerlərin təqdim etdiyi legioner oyunçular məşqçidən xəbərsiz transfer edilir. Digər maraqlı məqam hər transfer pəncərəsi zamanı xeyli futbolçu göndərilir, bir o qədəri də gətirilir. Bu isə komandanın böyük pullar xərclədiyi deməkdir. 18 ay ərzində Laurensio Regekampf, Adrian Mutu, Miodraq Bojoviçi məşqçi postuna gətirildi və müqavilədən əvvəl istefaya göndərildi. Hər biri də klubdan böyük məbləğdə təzminat almaqla yola salındı. Uğursuzluq “Neftçi”nin maliyyə işinə də zərbə vurur. Ona görə rəhbərlik transfer işlərində çox diqqətli olmalıdır. Dəvət olunan futbolçu “Neftçi”nin oyun üslubuna uyğun gəlməli, menecerlərin təqdimatı əsasında transfer edilməməlidir. Bütün transferlərdə həlledici qərarı baş məşqçi verməlidir və o da məsuliyyət daşımalıdır.
“Neftçi” medala layiq deyil - mütəxəssis
“Region plus” mövzu ilə bağlı uzun illər “Neftçi”də işləyən, komanda ilə Azərbaycan çempionluğu, ölkə kubokunu qazanan Ağasəlim Mircavadova müraciət edib. Mütəxəssis komandanın problemlərinin daha dərin olduğunu söyləyib: “Mən “Neftçi”liyəm. “Neftçi” əzizimiz sayılır. Onların belə oyunu ürəyimizi ağrıdır. Hər 3, 6 aydan bir məşqçi dəyişikliyi olmaz. Baş məşqçi seçimi çox vacib amildir. Heç olmasa, 2-3 il vaxt verilməlidir. Elə məşqçi seçilməlidir ki, o, ailə yarada bilsin. Komanda bir ailədir. Onun böyüyü baş məşqçidir. Çalışdırıcının da böyüyü klub prezidentidir. Rəhbərlə baş məşqçi arasında münasibətlər sıx olmalıdır. Klubda futbola aid nə varsa, baş məşqçi etməlidir. Bizdə əvvəllər futbolçu məşqçiyə görə oynayırdı. Amma indiki “Neftçi”də bu yoxdur. Oyunlarda ürək qoymurlar, istək yoxdur. Arada matçlarına baxanda deyirəm ki, görəsən, bunlar məhəllə futbolu oynayıblar? Məhəllədə yaş uyğunluğu olmasa da, istək olur. Söhbət nəticədən getmir. Söhbət oyunun mahiyyətindən, futbolçuların istəyindən, komandanın durumundan gedir. Həddindən artıq qəribə vəziyyətdir. “Neftçi” oyunu ilə medal qazanmağa layiq deyil”.
Hazırda böhranda olan komandada vəziyyətin düzəlməsi üçün “Neftçi” rəhbərliyi işə qarışmalıdır. Ukraynalı mütəxəssis Roman Qriqorçuka tam səlahiyyət verilməli və ona dəstək davam etdirilməlidir. İlin sonuna qədər Qriqorçukla yollar ayrılsa, bu klubun imicinə növbəti ciddi zərbə olacaq. Bu sayda məşqçini dəyişən komanda problemi həll etməkdə acizliyini etiraf edir.
Xatırladaq ki, hazırda “Neftçi” 7 turdan sonra 4 xal toplayıb. Paytaxt klubu turnir cədvəlində 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
MƏSLƏHƏT GÖR: