22 Dekabr 2024

Bazar, 05:08

“FORMULA-1” RƏQƏMLƏRDƏ

Azərbaycan Qran Prisindən sonra yarışda dəyişikliklər olacaq və yeni qaydalar tətbiq olunacaq

Müəllif:

01.10.2024

Azərbaycan paytaxtı növbəti dəfə dünyanın ən sürətli yarışına ev sahibliyi edib. Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-Prisi sürpriz qaliblə yadda qalıb. Bakı yarışında “McLaren” pilotu Oskar Piastri 1-ci yeri tutmaqla hamını təəccübləndirib. O, 51 dövrəlik yarışda finiş xəttini birinci keçməklə bütün rəqiblərini qabaqlayıb. “Ferrari” pilotu Şarl Lekler 2-ci, “Mercedes”dən Corc Rassell 3-cü yeri tutub.

Azərbaycanın paytaxtında keçirilən yarış maraqlı və gərgin mübarizə ilə yanaşı, maraqlı statistika ilə də diqqət çəkib.

 

Maraqlı rəqəmlər

Təsnifat mərhələsində qalib gələn Şarl Lekler bu göstəricidə Mika Hakkinenlə bərabərləşərək, karyerasında 26-cı poul-pozisiyanın (liderliyin) sahibi olub. Bu, “Ferrari” komandasının Bakıda beşinci, Ş.Leklerin bu trekdə dördüncü və cari mövsümdə üçüncü uğuru olub.

Oskar Piastri karyerasında beşinci dəfə birinci sıradan start götürüb. Bu, “McLaren” komandasının Bakıda ilk “altılıq”da ilk startı kimi tarixə düşüb. Serxio Peresin dördüncü yeri tutması ona Mayami-2023-dən sonra ilk dəfə “Red Bull”dakı həmkarı Maks Ferstappeni qabaqlamağa imkan verib.

Azərbaycan Qran-Prisinin qalibi olan avstraliyalı Oskar Piastri cari mövsümdə (Macarıstandan sonra) ikinci qələbəsini qazanıb. O, hər iki uğuru ikinci yerdən başladıqdan sonra əldə edib. Maraqlıdır ki, “McLaren” pilotları əvvəllər Bakıda heç vaxt finişə beşinci yerdən yuxarı çatmayıblar.

O.Piastri son yeddi yarışda (Avstriya Qran-Prisi - Azərbaycan Qran-Prisi) ən çox xal (135) qazanıb.

Piastri və dördüncü yeri tutan Lando Norris Bakıda 38 xal qazanıblar. “McLaren” komandası 2014-cü il Avstraliya Qran-Prisindən bəri ilk dəfə Konstruktorlar Kubokunda liderliyə nail olub və “Red Bull Racing”in 55 Qran-Pri və ya 847 gün davam edən liderliyi sona çatıb.

Qeyd edək ki, Şarl Leklerin ikinci yeri tutması onun Azərbaycandakı ən yaxşı nəticəsidir. Ardıcıl dördüncü il Ş.Lekler Bakıda liderlər qrupundan start götürərək qalib gələ bilməyib. Maks Ferstappen beşinci yeri tutub və son beş Qran-Pridə cəmi bir dəfə fəxri kürsüdə yer alıb.

Aleks Albonun qazandığı yeddinci yer “Williams” komandası üçün mövsümün ən yaxşı nəticəsidir. Onun gənc komanda yoldaşı Franko Kolapinto karyerasının ilk xallarını ikinci yarışda qazanıb. Bu iki yarışda F.Kolapinto “Williams”dakı sələfi Loqan Sardcentin 2023 və 2024 mövsümlərində qazandığından (1 xal) daha çox xal (4) toplayıb.

F.Kolapinto isə 1982-ci ildə Cənubi Afrikada fərqlənən Karlos Roytemandan sonra xal toplayan ilk argentinalı olub. Lüis Hemilton karyerası ərzində 100,000 km məsafə həddini keçib (hazırda 100,278 km), yalnız Fernando Alonsodan (107,347 km) geri qalır. Bakıda keçirilən yarış mövsümün ikinci (Avstraliyadan sonra) virtual təhlükəsizlik maşını rejimində başa çatan yarışı olub.

 

Dəyişikliklər ili

Beynəlxalq Avtomobil İdmanları Federasiyası (FIA) 2025-ci ildə təqvimdə və maşınlarda ediləcək dəyişikliklər barədə məlumat yayıb. Məlumdur ki, Bəhreyn Qran-Prisi 2021-ci ildən etibarən təqvimin ilk yarışıdır, lakin müsəlmanların müqəddəs Ramazan ayı ilə üst-üstə düşməməsi üçün 2025-ci ildə 4-cü yarış olacaq. FIA gələn ilin fevralında Bəhreyndə üç günlük “Formula-1” sınaq yürüşlərinin keçiriləcəyini, 2025-ci il mövsümünün isə mart ayında Avstraliyada başlayacağını təsdiqləyib. Sınaq yürüşləri 2026-cı ildə idmanın bu növündə mühərrik və qaydalarda olacaq ciddi dəyişikliklərdən əvvəl son mövsümdə fevralın 26-28-də Saxir trasında keçiriləcək.

Yeni komandalardan bir neçə pilot, o cümlədən “Mercedes”dən sonra qırmızı “Ferrari” geyimində yarışacaq yeddiqat dünya çempionu britaniyalı Lüis Hemilton sınaqlarda iştirak edəcək. 2025-ci ildə - 75-ci yubiley ilində “Formula-1” mövsümü Avstraliyada başlayıb, ardınca Çin və Yaponiyada davam edəcək. Yarış dekabrın 5-7-də Abu-Dabi Qran-Prisi ilə də başa çatacaq.

FIA Azərbaycan Qran-Prisindən sonra qaydalara düzəliş edə bilər. Buna Bakıdakı yarışın son dövrəsində Serxio Peres və Karlos Saynsın trasda bir-birinə yol vermədiyi insident səbəb olub. FİA-dan bildirilib ki, qəza virtual təhlükəsizlik avtomobilinin görünməsinə səbəb olub. Eyni anda bir neçə pilot VSC rejimində pitə qayıdış dövrəsində rəqiblərini qabaqlayıb - formal olaraq belə ötməyə damalı bayraqdan sonra icazə verilir, amma sarı bayraq vəziyyətində deyil: “Red Bull”un niderlandlı pilotu Maks Verstappen, “Haas”ın alman pilotu Niko Hülkenberq və “Alpine”in fransız cütlüyü Esteban Okon və Pyer Qasli virtual təhlükəsizlik avtomobili qaydalarını pozublar, baxmayaraq ki, ötmələrin heç biri hadisə yerinin yaxınlığında baş verməyib.

Mühərriklərin gücüylə yanaşı əksər maşınlarda yeni təkər seçimi olacaq. Pilotlar “hard” və “soft” təkər arasında seçim etməklə sürətə daha çox nəzarət etməyi bacaracaq. Ən böyük dəyişiklik 2026-cı ildə tətbiq olunacaq. Bəzi maşınlar mühərrikini balacalaşdıracaq, digərləri isə maşının çəkisində azalmaya nail olmaq üçün detalları kiçiltməyə çalışacaq.

Ümumiyyətlə 2026-cı il təqvimində “Formula 1” yarışı üçün yeni məkanlar olacaq. Hazırda bir neçə ölkə FIA rəhbərliyi ilə danışıqlar aparır.



MƏSLƏHƏT GÖR:

61