15 Noyabr 2024

Cümə, 02:22

SİCİLİYA SAHİLLƏRİNİN XƏZİNƏSİ

Kataniyanın görməli yerləri, çimərliklər və ticarət mərkəzləri üzrə bələdçi

Müəllif:

01.10.2024

Kataniya üzərində səma hər zaman aydındır, şəhərin küçələrində eşidilən səslər isə havaya canlı bir enerji qatır. Möhtəşəm Etna vulkanının ətəyində yerləşən bu şəhər Siciliyanın ən füsunkar yerlərindən biridir. Gəlin, Kataniyanın ab-havasına qərq olaq, onun tarixi irsinin, mədəni görməli yerlərinin və qastronomik ləzzətlərinin sirlərini açaq.

 

İlk növbədə təyyarələr

Kataniya İtaliyanın cənubunda, Aralıq dənizinin ən böyük adası olan Siciliyanın şərq sahilində yerləşir. Bu, ölkənin cənubundakı əsas şəhərlərdən biri, mühüm iqtisadi və mədəni mərkəzdir. Kataniyaya ən rahat şəkildə Romadan təyyarə vasitəsilə çatmaq mümkündür. Qəribə səslənsə da, bu, təkcə ən sürətli deyil, həm də ən ucuz üsuldur. Belə ki, təyyarə ilə Kataniyaya cəmi bir saat yarıma çatacaqsınız. Biletləri əvvəlcədən alsanız, səfərin qiyməti 20-30 avroya (çanta ilə) başa gələ bilər. Fontanarossa Beynəlxalq Hava Limanı Siciliyanın ən böyük hava limanıdır. Bu aeroport Milan, Paris, London, Valetta və digər Avropa şəhərlərindən uçuşları qəbul edir. Bundan başqa, Kataniyaya qatar, avtobus, bərə və avtomobillə də çatmaq olar. Lakin məsafəni nəzərə alsaq (marşrutdan asılı olaraq 550-950 km), bu orta hesabla 9-12 saat çəkəcək və yol üçün 40-65 avro ödəməli olacaqsınız. Yalnız avtobus biletləri təyyarə biletləri ilə müqayisə edilə bilər - 20-40 avro, baxmayaraq ki, son anda bu rəqəm 170 avroya çata bilər.

Beləliklə, seçim sizindir və bu, sizin seçdiyiniz məkandan, səfər büdcənizdən və səyahət vaxtı nələrə üstünlük verməyinizdən asılıdır.

 

Siciliya təbiəti kinoda

Siciliya və Kataniya da daxil olmaqla onun şəhərləri zəngin kinematoqrafiya tarixinə malikdir. Bir çox filmlərdə, xüsusilə İtaliya və Avropanın digər ölkələrinin kinolarında tarixi və mədəni irsi, eləcə də möhtəşəm mənzərələri sayəsində Siciliya tez-tez rəngarəng fon kimi istifadə edilir. Məsələn, burada “Siciliyalı”, “Qızıl sandıq”, “Siciliya klanı”, “Günəş işığı” və bir çox başqa filmlər çəkilib. Lakin onlardan heç biri Koppolanın “Xaç atası” filmi qədər şöhrət qazanmayıb. Siciliya bu filmə ciddi töhfə verərək rəngarəng mənzərələr və unikal ab-hava təqdim edib. Film Korleone ailəsinin xəyali dünyasının atmosferini və reallıqlarını yenidən yaratmaq üçün müxtəlif yerlərdə çəkilib. Bunların arasında Siciliyanın şərq sahilində yerləşən və tarixi mərkəzində çəkilən səhnələrlə tamaşaçıların yadında qalan Savoka şəhərciyi var. Bu, həmçinin Vito Korleonenin yerli sakinlərlə görüşdüyü “Vitelli” barıdır. Belə bir bar, həqiqətən, mövcuddur və bu günə qədər filmin atmosferini hiss etmək istəyən turistləri özünə cəlb edir.

Frankavilla di Siciliya kommunasında isə adada kənd həyatını təsvir edən səhnələr çəkilib. “Xaç atası” ilə bağlı məşhur yerlərdən biri əsas hadisələrin baş verdiyi meydandır. Siciliyanın ən məşhur turistik şəhərlərindən biri olan, Etna və antik teatra möhtəşəm mənzərələrin açıldığı Taormina şəhəri Korleone ailəsinin əzəmətini və gücünü təsvir etmək üçün ideal fon təqdim edib. Filmin bəzi səhnələri həmçinin Forza d'Aqro və Kastelmottsoda çəkilib.

Bu şəhər və kəndlər təkcə filmin bədii məqsədlərini yerinə yetirməyib, həm də Siciliyanın gözəlliyini və tarixi irsini nümayiş etdirib. Məhz buna görə bu günə qədər adaya gələn bir çox turist kultlaşmış filmin çəkildiyi yerləri ziyarət etməyə can atır. Kataniya və onun ətraf rayonlarında hətta “Xaç atası”nın çəkilişlərinə həsr olunmuş ixtisaslaşdırılmış turlar tapmaq olar. Bu turlar çox vaxt filmlə bağlı yerləri ziyarət etməyi əhatə edir, baxmayaraq ki, bu epopeyada Siciliyaya aid olan əsas hadisələr digər şəhərlərdə baş verib. Bu cür turların qiymətləri müddətdən və təqdim edilən xidmətlərdən asılıdır. Adətən, onlar 3-4 nəfərlik qrup üçün 100-150 və ya 500 avro təşkil edir.

 

Barokko və qədim xarabalıqlar

Əsası eramızdan əvvəl VIII əsrdə qoyulmuş Kataniya yunan koloniyalarından ərəb istilasına və ispan hakimiyyətinə qədər çoxsaylı mədəni təsirlərə məruz qalıb. Bu müxtəlif köklər şəhərin zəngin tarixi irsinin əsasını təşkil edib. Kataniyanın tarixi mərkəzinə səyahət Siciliya barokko üslubunda tikilmiş möhtəşəm binaların yerləşdiyi Duomo meydanından (Piazza del Duomo) başlayır.

Meydanın qəlbi qədim Roma obeliski və şəhərin müdafiəsini simvolizə edən qara fil heykəli ilə bəzədilmiş Fil fəvvarəsidir (Fontana dell'Elefante). Bu fəvvarə Kataniyanın ən məşhur fəvvarələrindən biri və şəhər memarlığının mərkəzi elementidir.

Meydandakı əsas dini tikili Kataniyanın müqəddəs himayədarı şərəfinə tikilmiş Müqəddəs Aqata kilsəsidir (Chiesa di Sant'Agata). Onun zərif heykəllər və mərmər sütunlarla bəzədilmiş fasadı möhtəşəmliyi ilə dərin təəssürat yaradır.

Əgər görməli yerləri gəzərkən acsanız, meydanın aşağı hissəsində təzə dəniz məhsulları, pendirlər və meyvələr tapa biləcəyiniz ən populyar küçə bazarı var. Burada çoxlu kiçik restoranlar var ki, onlar nisbətən kiçik ödəniş müqabilində sizə ən təzə dəniz məhsulları hazırlayacaqlar. Bütün bələdçilər bu bazarı ziyarət etməyi təkidlə tövsiyə edirlər.

Duomo meydanından bir qədər aralıda e.ə. II əsrdə tikilmiş və 16 minlik tamaşaçı tutumu olan qədim Roma amfiteatrının xarabalıqları yerləşir. Amfiteatrda keçirilən axşamlar insanı qədim dövrlərdəki əyləncələrin atmosferinə qərq edir. Burada indi də konsertlər və tamaşalar keçirilir.

Avropanın ən böyük monastırlarından biri olan və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Benediktçilər monastırını (Monastero dei Benedettini) ziyarət etmək fürsətini də qaçırmayın. Bu kompleks nəhəng ölçüləri və memarlıq harmoniyası ilə dərin təəssürat yaradır.

Əgər piyada gəzintiləri sevmirsinizsə, turist qatarı ilə şəhər mərkəzində mini-gəzinti (5 avro), şəhər ətrafında mini-avtobus turu (15 avro) və ya hətta Etna vulkanına qədər gedən “Hop on hop off” avtobusları ilə böyük tur (35 avro) seçə bilərsiniz. Günün birinci yarısında isə qayıq turlarında (25-35 avro) iştirak etmək olar.

 

Şəhər küldən ibarət olanda

Kataniyaya səyahəti Etna vulkanını ziyarət etmədən təsəvvür etmək mümkün deyil. Bu aktiv vulkan Avropanın ən hündür vulkanlarından və şübhəsiz ki, regionun əsas görməli yerlərindən biridir. Etnaya gündəlik ekskursiyalarla (30 avrodan başlayaraq) lava sahələri və kraterlərin unudulmaz mənzərələri təklif edilir və bu, həmçinin əsl vulkanik adrenalini hiss etməyə imkan verir.

Etnaya qalxan zaman daha asan marşrutlardan tutmuş çətin alpinist marşrutlarına qədər müxtəlif yolları seçə bilərsiniz. Bəzi turlara cip və ya kanat yolları ilə səyahətlər daxildir və bu, səyahəti daha rahat və hər kəs üçün əlçatan edir.

Ümumiyyətlə, Siciliyanın şərq sahilində yerləşən Etna vulkanı dünyanın ən aktiv və tədqiq olunmuş vulkanlarından biridir. Maraqlıdır ki, onun yamaclarında Aralıq dənizindən Alp iqlim zonalarına qədər müxtəlif iqlim zonalarına rast gəlmək olar. Etna təkcə təbiət möcüzəsi deyil, həm də Siciliyanın mədəni və tarixi irsinin mühüm hissəsidir. Vulkan möhtəşəm mənzərələri, həmçinin lava axınlarını və kraterləri görmək imkanı ilə ziyarətçiləri cəlb edən populyar turizm obyektidir. Etnada son ciddi vulkan püskürməsi 2023-cü ilin əvvəlində baş verib və Kataniya şəhəri daxil olmaqla ətraf ərazilərə təsir göstərən yeni lava axınlarının və kül buludlarının yaranmasına səbəb olub. Vulkanoloqlar və geoloqlar mümkün püskürmələri proqnozlaşdırmaq, onların əhali və infrastruktura təsirini minimuma endirmək üçün müxtəlif alət və texnologiyalardan istifadə edərək onun aktivliyini fəal şəkildə izləyirlər.

Əhali artıq bu təbiət hadisəsinə uyğunlaşıb və hətta ondan faydalanır. Birincisi, vulkan ziyarəti üçün kifayət qədər böyük turizm infrastrukturu yaradılıb və  bu da öz növbəsində xeyli gəlir gətirir. İkincisi, regionun əhalisi, xüsusilə də Kataniya sakinləri artıq əsrlərdir ki, tikintidə vulkanik lava qayalarından istifadə edirlər.

Belə ki, vulkanik tuf və lava daşı Kataniyadakı bir çox binaların və infrastrukturun tikintisində istifadə olunub. Daş əlçatan və emal üçün asan olduğu üçün tikintidə ideal materiala çevrilib.

Bundan əlavə, vulkanik daş unikal rəng və teksturaya malikdir ki, bu da binalara özünəməxsus görünüş verir. O, həmçinin yaxşı istilik izolyasiya xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyət günəş radiasiyasının yüksək olduğu regionda xüsusilə vacibdir. Vulkanik süxurlardan həmçinin körpülərin, yolların və binaların tikintisində istifadə olunub. Bu daşlar yüklənmələrə dayanıqlı olduğu üçün müxtəlif tikinti konstruksiyalarında istifadə edilə bilərdi.

Beləliklə, tarixən vulkanik daş Kataniyanın memarlıq irsinin mühüm elementinə çevrilib və şəhərin bir çox binaları, o cümlədən kilsələr, saraylar və evlər məhz ondan istifadə olunaraq inşa edilib. Baxmayaraq ki, vulkanik lavanın tozları, xüsusilə vulkanın ətrafındakı ərazilərdə, Kataniya və onun ətrafı üçün əhəmiyyətli ekoloji problem yarada bilər. Burada, demək olar ki, hər yerdə küçələrdə və istənilən səthdə hər kəsin çoxdan vərdiş etdiyi qara tozları görmək və hiss etmək olar.

 

Çətinliklərdən çimərliklərə

Kataniya və ətrafında bir neçə unikal çimərlik var ki, burada qum və çınqıl vulkanik lavadan əmələ gəlib. Bu çimərliklər qeyri-adi rəngi və teksturası ilə fərqlənir. Qara qum və parlaq mavi dəniz arasındakı kontrast sayəsində çimərlik turistlər üçün xüsusilə maraqlı olur. Məsələn, şəhər mərkəzinə yaxın yerləşən San Covanni Li Kuti (San Giovanni Li Cuti) çimərliyi qara daşları ilə xüsusi şarma malikdir. Qum və tünd vulkanik süxurların unikal qarışığı burada dəniz eroziyası və yerli vulkanik fəaliyyət nəticəsində yaranıb. Lakin buradakı əsl mənzərəni gün batanda görmək olar: dəniz və qayalar isti tonlara boyanır, şəhərin görünüşü qaranlıq düşəndə dəyişir.

Ümumiyyətlə, Kataniya Siciliyanın şərq sahilində yerləşdiyinə görə dəniz və günəş vannası həvəskarları üçün bir sıra heyrətamiz çimərliklərə malikdir. Onlar mənzərəli qızılı qumlu ərazilərdən tutmuş kristal kimi təmiz suları olan qayalıq buxtalaradək dəyişir. Qeyd etmək lazımdır ki, şəhərin tarixi mərkəzi çimərliklərdən kifayət qədər uzaqdadır. Buna görə də, çimərlik istirahətini Köhnə şəhərdə gəzintilərlə birləşdirmək kifayət qədər çətin olacaq. Bunun üçün ictimai nəqliyyat, taksi və ya icarəyə götürülmüş avtomobil tələb olunacaq.

Kataniya hüdudlarında ən yaxın, məşhur və əlçatan şəhər çimərliyi La Playadır (La Plaia). Buraya Paolo Borsellino mərkəzi meydanından (Piazza Paolo Borsellino) D avtobusları gedir. Bu çimərlik qumlu, geniş və uzundur, suya giriş yavaş və uzundur ki, bu da onu uşaqlar üçün rahat edir. Daha dəqiq desək, La Playa 18 kilometr məsafədə uzanan bir neçə pullu və pulsuz çimərlikdir ki, burada hər şeyi tapmaq olar. La Playa bir neçə “lido”ya (“sahil” sözündən götürülüb) bölünüb. Lakin kurortun əsas üstünlüyü buradan Etnaya çox gözəl mənzərənin açılması ilə bağlıdır.

Açi-Tretsa çimərliyi (Aci Trezza beach) isə Kataniyanın simvoludur və turistlər arasında böyük populyarlığa malikdir. Əfsanəyə görə, burada “Odisseya”da adı çəkilən siklop Polifem yaşayırmış. Çimərlik Kataniyadan bir neçə kilometr məsafədə, Açi-Tretsa şəhərciyində yerləşir və lava daşları ilə örtülüdür. Suya giriş çınqıl və qayalar səbəbindən çətindir və buna görə də, uşaqlar və əlilliyi olan insanlar üçün rahat deyil. Lakin burada su çox təmizdir. Bu, şnorkellə üzmək üçün əla yerdir. Çimərlik yaxşı təchiz edilib. Burada duş, tualet var. Çimərlikdə dalğıc avadanlıqlarının icarəyə verildiyi  məntəqə də var. Ətrafda çoxlu mağazalar, restoranlar və hotellər var ki, bu da turistlərin rahat istirahətinə imkan yaradır.

Kataniyadan uzaqda yerləşməyən (10-14 kilometr) daha bir məşhur çimərlik sahilini İon dənizinin yuduğu Açi-Kastellodur (Aci Castello). Burada unikal atmosfer var, çimərlik sitrus ağacları və palmalarla əhatə olunub. Bura həm uşaqlı ailələri, həm də aktiv istirahəti sevən gəncləri cəlb edir. Sahil boyu çoxlu kafe və restoranlar var. Şəhərciyin əsas görməli yeri isə 1076-cı ildə tikilmiş və müdafiə qalası kimi istifadə olunmuş Norman qalasıdır.

Bütün bu çimərliklərin əsas cəlbediciliyi dənizdəki nəhəng qara daşlardır: bir neçə əsr ərzində dəniz tərəfindən oyularaq bərkimiş vulkanik lava.

Əlbəttə, maraqlı çimərlikləri Kataniyaya yaxın olan Taormina və Sirakuza kimi şəhərlərdə də tapmaq olar, lakin bu, artıq başqa mövzudur.

(Ardı var)



MƏSLƏHƏT GÖR:

42