15 Noyabr 2024

Cümə, 02:18

USTAD STATUSU

Fərəh ƏLİYEVA: “Kukla ayrı-ayrı ailələrin tarixi, sevgi ifadəsi, mühüm hadisələrin şahididir”

Müəllif:

01.10.2024

İnsanın ən qədim təsvir formalarından biri olan kuklanın tarixi heykəltaraşlıq kimi, qədim dövrlərə uzanır. O, birbaşa sivilizasiya tarixi ilə bağlıdır - bu günə qədər məlum olan ən qədim kuklanın təxminən 35 min il yaşı var. Dünyanın bütün mədəniyyətlərində rəssamlar müxtəlif təyinatlı kuklalar yaradırdılar. Lakin bir şey dəyişməz qalıb: kuklalar böyük, ciddi fenomendir və hər hansı bir sənət əsəri kimi, sənətkarın əlində əhvali-ruhiyyə, ilham və emosiyaların təsiri altında yaranır. Tədricən kukla elitar xüsusiyyətlər qazanıb. Yəni tədricən, kukla oyun üçün deyil, seyr edilmək üçün nəzərdə tutulmağa başlanıldı: tək nüsxədə yaradılmaq və xüsusi sərgi layihələrinin müraciət etdiyi sənət əsərləri sırasına daxil olmaq. Onların müəlliflərinin adları bütün dünyada tanınır, onların əməyinin nəticəsi kolleksiyaçılar və muzeylər tərəfindən diqqətlə izlənilir.

Azərbaycanlı rəssam və kukla ustası Fərəh Əliyeva Azərbaycan Rəssamlar İttifaqının, həmçinin Beynəlxalq Müəllif Kuklaları Təşkilatının üzvüdür. O, beynəlxalq biennalelərdə, Moskva beynəlxalq müəllif kuklaları sərgilərində iştirak edib. “Dünya Kuklaları” Fondunun təşkilatçısı olduğu IV Beynəlxalq “Kukla Sənəti” sərgisində Fərəh Əliyeva “sənətə başlayan istedadlı kukla ustası” adlandırılıb. Onun 100-dən çox əsəri müxtəlif ölkələrdə “yaşayır”. Fərəh Əliyeva kukla yaradıcılığının sirlərini öz tələbələri ilə bölüşür, onlara təkcə bacarıq deyil, həm də bu sənətə sevgi ötürür. Fərəh xanımla söhbətimizə də elə bundan başladıq.

- Kukla yaradıcılığı bir ciddi sənət kimi həyatıma 2011-ci ildə daxil olub. O vaxtdan bəri bu sənətlə yaşayıram. Demək olar ki, o, bu gün mənim həyat tərzimdir. Hətta daha çox. Kuklalar mənim üçün nəfəslikdir! Onlar mənim antidepressantlarımdır. Kuklalar həyatımın kifayət qədər çətin dövründə mənə kömək edib, ifadə olunmamış hisslərimi hansı istiqamətdə tətbiqi etməyin lazım olduğunu mənə göstərib. Onlar mənim daxili enerjimi, mənim özümü özümə qaytardı.

- Bəs kukla ustası kimdir?

- Böyük uşaq! Mən öz adımdan danışa bilərəm. Düşünürəm ki, kuklalar vasitəsilə məndə bəzi sublimasiya forması açılıb ki, bu da həyat şəraitinin yükü altında illərdir boğulan daxili enerjinin üzə çıxmasına imkan verib. Bu, hər birimizin içində gizlənən o uşağı dünyaya buraxmaqdan qorxmamaq deməkdir. Buna görə də, kukla ustalarının gözlərində sanki izah olunmaz bir işıq var. Onlar sadəcə kuklalarla oynamırlar. Burada böyüdükcə yığdığımız səthi məsələlər olmadan dünyanı dərindən anlamağa dair fəlsəfi mətnaltı məna var. Kukla ustaları ətraf mühiti uşaq təmizliyinə yaxın olan başqa reseptorlarla görür və hiss edirlər, burada hər şey çox sadədir.

- Elə isə sizin üçün hansı daha əhəmiyyətlidir? Kukla, yoxsa rəsm?

- Özümü tanıyandan rəsm çəkir, heykəl düzəldir, tikişlə məşğul olurdum. Özü də xəyallarımı həyata keçirmək üçün vasitələr arasında heç bir fərq qoymadan. Yeri gəlmişkən, mən çox gözəl tikişlər tikirdim. Muncuqlarla iş də daxil olmaqla, tikiş ilə maraqlanırdım. Ümumiyyətlə, məni hər cür ifadə vasitəsi maraqlandırırdı. Əminliklə deyə bilərəm ki, demək olar, hər şeydə özümü sınamışam. Amma kuklaların üzərində dayandım, hərçənd bu gün də rəssamlıqla məşğul olmağa davam edirəm. Qrafik işlər görürəm. Özüm üçün “fluid art”ı (rəssamlıqda populyar istiqamət) kəşf etdim, bu da neyroqrafikanın davamıdır, bu üslubda mənim çoxlu işlərim var. Yeri gəlmişkən, mən xüsusi olaraq kurslara getdim, bu yaradıcı metodun incəliklərini öyrəndim və artıq bu istiqamətdə təlimatçı kimi özümü sınamağı düşünürəm. Bu rəsm metodu mənə həyatda kömək edir.

- Güman etmək olar ki, hər bir yaradıcı axtarışınız bu və ya digər şəkildə kuklaların üzərində həyata keçirilir?

- Şübhəsiz! Bir sirr açmaq istərdim. Hazırda qəlbim bir layihə ideyası ilə alovlanır. Bu gün hansısa mövzunu seçmək və onu nöqtəyə dəymək üçün maksimum genişləndirmək yolu ilə təqdim etmək tendensiya halını alıb. Beləliklə, məni bir mövzu maraqlandırmağa başlayıb. Hələlik onun reallaşdırılması forması barədə düşünürəm: realist, yoxsa avanqard ifadədə.

- Siz vurğulayırsınız ki, kuklalar sizin uşaqlarınızdır. Amma bir gün ayrılıq anı gəlir...

- Bu, qaçılmazdır. Amma bu barədə narahat olmağa heç bir əsasım yoxdur. Səmimi olaraq söyləyə bilərəm ki, yaradıcılığın qanunu budur – bədii əsərlər insana, yaxud insanlara “getməlidir”. Bəli, hər kukla ruhumun bir parçasını, istiliyimi, enerjimi daşıyır... İşlərimlə ayrılmağa öyrəşə bildim: bu gün 250-dən 34-ü qalıb, etiraf edirəm ki, özüm də şokdayam. Amma xoşdur.

- Onların gələcək sahiblərinin seçilməsi üçün meyarlar varmı?

- Kukla sənəti müəyyən xüsusiyyətlərə malikdir. Onları əldə edənlər onun intellektuallığını və unikal mədəniyyətini anlamaq qabiliyyətinə malik olanlardır. Burada təsadüfi alıcılar yoxdur. Bütün bu illər ərzində kuklalarım yeni evlər taparkən, mənə xoş gəlməyən bir insan olmayıb. Bu da mənim işimin yaxşı əllərə düşəcəyinin göstəricisidir. Yeri gəlmişkən, məndən öyrənməyə gələnlər arasında da eyni göstəricilər var. Yəni mənim yanıma “küçədən keçən insanlar” gəlmirlər.

- Bu, elitar sənətdir?

- Daha çox düşünən insanlar üçün sənətdir. Tələbələrimin nümunəsində deyə bilərəm ki, bunlar istedadlı və bacarıqlı insanlardır. İntellektlə dəstəklənən daxili bir dolğunluğu olan insanlardır.

- Kuklalar öz yaradıcılarına bənzəyirmi?

- Vizual olaraq olmasa da, vurğulanmış bir xarakteristikaları ilə bənzəyir. Kuklalar yaradıcılarının xüsusiyyətlərini də daşıyırlar. Mən dəfələrlə müşahidə etmişəm ki, tələbələr çox vaxt özlərini əsas götürürlər. Bunu gizlətmirlər. Nəticədə, kuklalar da uşaqlardır və müəllifin xüsusiyyətləri tamamilə əsaslıdır.

- İşləməkdən ən çox zövq aldığınız material hansıdır?

- Gil. Papye-maşe də xoşuma gəlir. Xüsusilə onu hazırlamaq prosesi zövq verir. Tez-tez hər iki materialı birləşdirirəm. Kukla yaratmaq - texnikada məhdudiyyətsizlikdir. Burada hətta eksperiment etmək maraqlıdır. Məsələn, şarnir kuklalar üzərində işləməyi sınamaq istəyirəm. Kuklalarıma dinamika vermək maraqlıdır. Nəticədə, bacarmadığım bir şey yoxdur! Əllərinizin yaradıcılıqla “xəstələnməsi”ndən daha maraqlı heç nə yoxdur.

- Bəs sizin güc mənbəyiniz nədir?

- Onu daxili enerji verir. Baxmayaraq ki, heç nə etmək istəmədiyim zaman bir il fasilə vermişdim. Məhz o zaman yaranan boşluğu doldurmağa kömək edən neyroqrafika meydana çıxdı. Nəticədə, iyun ayında “Rus Evi”ndə sərgi keçirdim.

- Demək, kuklalar enerjini sərf olunduğu sənətdir?

- Kukla müəllifin şəxsi enerjisinin törəməsidir. Buna görə də, tam əminliklə demək olar ki, bu sənətdə bir növ “yumşaq vampirizm” var. Kukla üzərində işləyərkən mən ona fikirlərimi həsr edirəm. Yəni obrazdan başlayaraq, nə geyinəcəyi, paltarın hansı parçadan tikiləcəyi və bir çox incəliklər barədə düşünürəm. Hətta gecələr eskizlər çəkə bilərəm. Amma bu yaxşıdır! Bu düşüncələrin fonunda həyatın bəzi xırda qayğılarından uzaqlaşıram.

- Amma hər halda hər şeyin öz qiyməti var.

- Aydındır ki, burada həm də maddi maraq var. Kukla ustaları işlərini sataraq yeni əsərlər yaratmaq üçün material almaq imkanı əldə edirlər. Təəssüf ki, bizim incəsənət bazarımız fəallığı ilə öyünə bilməz. Müəllif kuklalarının sənəti hələ də birmənalı qəbul edilmir. Biz hələ də dünya bazarına çətinliklə daxil oluruq. Mən özüm daim xarici ustalarla əlaqədəyəm, sanki ikitərəfli hərəkətli bir yol yaranıb. Mənim işlərim Fransa, Kolumbiya, Cənubi Amerika ölkələri, Türkiyə, Böyük Britaniya, Gürcüstan, Rusiya, Argentina, Niderlandda qeydiyyatdan keçib. Amma bu, daha çox az təsadüf edilən nailiyyətlərdəndir. Mən çoxsaylı kolleksiyaçıların və incəsənət menecerlərinin azərbaycanlı kuklaçıların tanımasını istərdim.

- Bəlkə bu, çoxlarının kukla yanaşmadıqları üçün belədir?

- Söhbət ciddi yanaşmamaqdan getmir. Mənim maraq göstərən və həqiqətən, kukla yaratmağı öyrənən tələbələrim var. Amma hər kəs bu istiqamətdə işləməyə davam etmir. Çünki bu iş çox vaxt və səbir tələb edir. Əgər əvvəlcə insanı maraq hərəkətə gətirirsə, zamanla bu işə daldıqca, təəssüf ki, çoxları davam etməkdən imtina edirlər. Görünür, hər kəsə bu yolu getmək nəsib olmur. Məsələn, mənim üçün bir kuklanın hazırlanması iki aydan altı aya qədər vaxt aparır. Belə bir müddətə dözməkdən ötrü bu işi inanılmaz dərəcədə sevmək lazımdır. Odur ki, kukla ustalarımızın sayı rəssamlarımızın sayından dəfələrlə azdır. Axı, kukla yaratmaq üçün həm heykəltaraş, həm dülgər, həm rəssam, həm dizayner, həm stilist, həm dərzi, həm də bir az kimyaçı olmaq lazımdır...

- Onda bu sənət birbaşa, fasiləsiz şəkildə özünü təkmilləşdirmə deməkdir.

- Bu, şübhəsiz, faktdır! Hər istiqamət ayrıca bilik qatıdır. Onların hamısı bir şeyə - müəllif kuklasına aiddir. Bu, inanılmaz dərəcədə özünü həsr etmə tələb edir. Bəli, əvvəlcə, mən bütün mərhələləri keçəcəyəm” hissi yaranır. Amma mən şahidi olmuşam ki, böyük həvəsi olan insanlar bir-iki kukladan sonra onların yaradılmasını nəzərdə tutan əməyin qarşısında geri çəkilməyə başlayırdılar. Yalnız bu sənətə daimi sevgi ilə aşılananlar qalırlar. Belələrinin sayı isə çox azdır.

- Sirr deyil ki, çoxlarının nəzərində kukla yaratmaq sənəti qeyri-ciddi bir fəaliyyətdir.

- Belə bir fikri dəfələrlə eşitmişəm. Ancaq “oyuncağın” dəyərini deyəndən sonra onların təəccübünün həddi-hüdudu olmur. Mən yalnız bu yaxınlarda insanları müəllif kuklalarının mağazalarda satılan kuklalarla müqayisə edilə bilməyəcəyi fikrinə alışdırmağa başladım. Müəyyən dərəcədə həyat özü məni fərqləri aydınlaşdırmağa vadar edib. Sosial şəbəkələr bu gün həyatımızın ayrılmaz hissəsidir və mən öz işlərimi onlar üzərində sərgiləyirəm. Müvafiq olaraq, şərhlər çox müxtəlifdir, bu mənada insanları maarifləndirmək lazımdır. Mən sənətin bu növünün ciddiliyini qiymətləndirməyə imkan verən ustad dərsləri göstərirəm və tədricən münasibət dəyişir. Yavaş-yavaş, lakin hətta bu kiçik irəliləyişlər də ümidvericidir.

- Bu etinasızlıq sizi məyus etmir?

- Xeyr. Müəllif kuklaları geniş kütlələr üçün yeni sənət növüdür və mən bu sahədə məlumatsızlıq səbəbindən müəyyən anlaşılmazlıq görürəm. Lakin kukla artıq öz yerini tutub və aktiv olmasa da, tədricən öz auditoriyasını toplayır - insanlar mənim postlarımın altında bir-biri ilə ünsiyyət qururlar. Yeri gəlmişkən, çox düzgün arqumentlər gətirirlər. Bu da mənim insanlarda zövq tərbiyə etmək lazım olduğu fikrimi təsdiqləyir. Ən sadə nümunə - interyeri təkcə bahalı vazalarla bəzəmək olmur. Bəzən müəllif kuklası ona qeyri-adilik və fərdilik gətirə bilər. Hədiyyə kimi də o, qiymətlidir, çünki mütləq emosiyalar yaradacaq. Kimsə onda özünü görəcək, kimsə uşaqlığına, xəyallarına qayıdacaq... Kuklalar əhvali-ruhiyyədir! Onlar zamana tabe olmayaraq nəsildən-nəslə ötürülür.

- Bir növ investisiya?

- Bəli! Bu təcrübənin yüzillik tarixi var. Yavaş-yavaş bizdə də başa düşürlər ki, müəllif kuklaları şkafa qoyulub saxlanılan və ya əyləncə üçün olanlardan deyil. Kuklalar ayrı-ayrı ailələrin tarixi, sevgi ifadəsi, mühüm hadisələrin şahididir. Onlara öyrəşdirmək, onlar haqqında danışmaq lazımdır. Buna görə də, sərgilərə ehtiyac var - onlar təkcə geniş kütlələrdə maraq oyatmayacaq, həm də kukla sənəti ustalarının meydana çıxmasına səbəb olacaq. Onlar çox olmalıdır! Axı, çox şey təcrübədən asılıdır. Məhz onun vasitəsilə peşəkarlıq gəlir. Kukla sənəti məktəbinin açılması milli incəsənətin ümumi kontekstində gözəl davam ola bilərdi. Xüsusilə də dünya rəssamlarının diqqətini ölkəmizə cəlb edən üç kukla biennalesinin xatirələri hələ də yaddaşımda təzə olduğu halda. Tanınmış ustalar tərəfindən bizim kuklaçılarımıza verilən yüksək qiymətlər necə də dəyərli idi. Bu, qiymətli təcrübə idi, çünki vahid məkanda bu ecazkar sənətin, demək olar ki, bütün istiqamətləri təmsil olunmuşdu.

- O biennalelərin “iştirakçı və qalibləri”ndən bir çoxu Bakıda daimi qeydiyyata alınıb...

- Bu, yaxşı qərar idi. İndi Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” adlı möhtəşəm daimi ekspozisiyamız var ki, onun açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak edib. Heydər Əliyev Fondu tərəfindən 10 il ərzində toplanmış həmin kolleksiya bu sənəti daha yüksək pilləyə qaldırır və Azərbaycanda ona marağın olduğunu vurğulayır. Mərkəzdə nümayiş etdirilən müəllif kuklalarının unikal kolleksiyası bütün yaş qrupları üçün heyrətamiz dərəcədə cəlbedicidir. Mən özüm də müşahidə etmişəm ki, uşaqlıq cazibəsi, zamana, ədəbiyyata, mədəni ənənələrə, modaya bir növ ekskursiya ilə bu nəfis dünyanın məkanına düşən kimi insanların əhvali-ruhiyyəsi necə dəyişir. Sevindirici haldır ki, tanınmış xarici ustalarla yanaşı, Azərbaycan kuklaçı rəssamlarının əsərləri də layiqli yer tutur. Məhz Azərbaycan paytaxtının əlamətdar yerlərindən birində kuklaların hazırlanma tarixini izləmək imkanının olması Azərbaycanda müəllif kuklası sənətinin inkişaf edəcəyinə güc və ümid verir. Sadəcə, yəqin ki, ona olan marağın möhkəmlənməsi üçün vaxt vermək lazımdır.

- Bəs sərgi nədir?

- Sərgi, hər şeydən əvvəl, böyük motivasiyadır. Bu, böyümək, inkişaf etmək, yeni layihələr üçündür. Xatırlayıram, ilk sərgim daha çox özümü kukla rəssamı kimi təqdim etmək, öz imkanlarımı və qabiliyyətlərimi, bu sənətə baxışımı göstərmək istəyimə yönəlmişdi. Amma zaman keçdikcə sərgi ilə bağlı ajiotajdan ciddi şəkildə imtina etdim. Hətta “Rus Evi”ndəki sərgimi sosial şəbəkələrdə açılışdan cəmi bir saat əvvəl elan etdim. Mənim üçün yaradıcılığın bu tərkib hissəsində ismarış dəyişdi. Məsələn, qeyd etdiyim sərgidə elə alındı ki, müxtəlif illərin və üslubların işləri nümayiş olundu. Növbəti sərgidə yalnız yeni işlər olacaq. Beləliklə, sərgi həmişə keçmişin bir növ yoxlanılması və gələcəyə açıq çıxışdır. Bu, yaradıcı insanın özünəməxsus əbədi hərəkətverici qüvvəsidir.

- Sərgilərin daha bir aspekti - insanların kuklalara reaksiyasını izləmək imkanıdır. Bunu izləyirsinizmi?

- Əlbəttə! Mən rəssamam və tamaşaçıların cavab reaksiyası hansı istiqamətdə irəliləmək lazım olduğunu başa düşməyə imkan verir. Qeyd etməkdən məmnunam ki, kuklalarla “görüş”ə gələnlərdə çox böyük təəssürat yaranır. Deyə bilərəm ki, demək olar ki, bütün ziyarətçilər bəyəndikləri işləri adlandırıblar. Bu, müəllif kimi mənim üçün böyük zövqdür. Rəssam kimi xüsusi sevinc isə işlərimin digər kuklalar arasında tanınması oldu.

- Sizin müəllif dəst-xəttiniz formalaşıbmı?

- Əvvəllər bu və ya digər kukla ustasına təqlid etməklə bağlı iradlar var idi. Gizlətmirəm, belə şeyləri eşitmək xoş deyildi, amma bu gün artıq o narahatlıqlar çoxdan keçmişdə qalıb. Kənar rəylərə görə, mənim kuklalarımı artıq tanımaq olur və bir çoxları onlarda Fərəh Əliyevanın müəllifliyini görürlər... Bu, artıq bir statusdur və çox dəyərlidir.



MƏSLƏHƏT GÖR:

41