22 Dekabr 2024

Bazar, 07:06

FANTASTİK NƏTİCƏ

Azərbaycan akrobatları dünya çempionatında 4 qızıl medal qazanıblar

Müəllif:

15.10.2024

Azərbaycanın akrobatika gimnastikasının təmsilçiləri sentyabrın 19-dan 22-dək Portuqaliyanın Gimarayeş şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış etməklə tarix yazıblar. İdmançılar dördü qızıl olmaqla ümumilikdə 8 medal əldə edib və fantastik uğura imza atıblar.

 

Portuqaliyanın fantastikası

Yarışın ilk günündə Azərbaycan gimnastları tarixdə ilk dəfə olaraq komanda hesabında ikinci yerə layiq görülüblər. Yekun sıralamada birinci yerdə Çin, üçüncü yerdə isə İsrail təmsilçiləri qərarlaşıblar. Kişi cütlüyü - Murad Rəfiyev və Daniel Abbasov, qarışıq cütlük - Ağasif Rəhimov və Raziyə Seyidli, eləcə də kişi qrupu - Seymur Cəfərov, Rəsul Seyidli, Riad Səfərov və Abdulla Əl-Məşayxi uğurlu performans nümayiş etdirərək gümüş medala sahib çıxıblar. Dünya çempionatının ikinci günü də uğurlu, eyni zamanda tarixi olub. İdmançılarımız bir gündə üç qızıl medal əldə ediblər. Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü iki dəfə fərqlənib. Onlar qarışıq hərəkətlər proqramında 28.500 xal toplayaraq qalib olublar. Eyni nəticəyə balans hərəkətlərində də nail olublar. Onlar hakimlərdən 28.540 xal toplayıblar.

Daha bir qızıl balans hərəkətlərində əldə olunub. Onun sahibləri Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük olub. Onlar 28.730 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Seymur Cəfərov, Rəsul Seyidli, Riad Səfərov və Abdulla Əl-Məşayxidən ibarət kişi qrupu da balans hərəkətlərində medallara yaxın idi. Onlar finalda 27.650 xal toplayaraq beşinci yerdə qərarlaşıblar.

Dünya çempionatının son günündə də idmançılarımız parlaq çıxışlarını davam etdiriblər. Təmsilçilərimiz daha 4 medal qazanmaqla bu növdə haqlı olaraq favorit sayıldıqlarını göstəriblər. Final günündə Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütlüyü iki dəfə fəxri kürsüyə qalxıb. Onlar əvvəlcə qızıl medala sahib çıxıb – bu komandamızın dünya çempionatında 4-cü qızıl medalı olub. Ardınca Ağasif Rəhimov-Raziyə Seyidli qarışıq cütü temp hərəkətləri zamanı da yüksək nəticə göstərməklə bürünc medala layiq görülüb.
Növbəti finalda uğurlu çıxışını davam etdirən Daniel Abbasov-Murad Rəfiyev dueti də temp hərəkətləri zamanı 27,420 bal topladı və bürünc medal əldə etdi.

Son finalda kişilərdən ibarət qrup komandası bürüncə yiyələnib. Riyad Səfərov-Rəsul Seyidli-Seymur-Cəfərov və Abdulla Əl-Məşayxidən ibarət heyət temp hərəkətlərində üçüncü yeri tutub. Beləliklə, ölkəmiz dünya çempionatını 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

 

Çenduda keçiriləcək Ümumdünya Oyunlarına vəsiqə

Paralel olaraq İtaliyanın Pesaro şəhərində aerobika gimnastikası üzrə dünya çempionatı baş tutub. Azərbaycanın qarışıq cütlüyü Vladimir Dolmatov-Mədinə Mustafayeva bu il sentyabrın 27-29-da keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında gümüş medal əldə edib.

Cütlük öz kompozisiyasına görə təsnifat mərhələsində 20,050 xal toplayaraq finala yüksəlib və finalda nəticəni yaxşılaşdıraraq, 20,300 xal toplayıb. Bu nəticə Azərbaycan təmsilçilərinə tarixdə ilk dəfə gümüş medalları qazandırıb. Vladimir Dolmatov və Mədinə Mustafayevadan ibarət cütlük Braziliya, Ukrayna, İtaliya, Rumıniya və Çin cütlüklərini geridə qoyub. Birinci yeri Yaponiya idmançıları əldə edib. Bu nəticə həm də cütlüyə 2025-ci il avqustun 7-17-də Çinin Çendu şəhərində keçiriləcək Ümumdünya Oyunlarında iştirak hüququ verib.

 

Bakı yenidən diqqət mərkəzindədir

Qeyd edək ki, oktyabrın 16-dan etibarən Bakı yenidən gimnastikasevərlərin diqqət mərkəzlərindən birinə çevriləcək. Oktyabrın 16-dan 19-dək Bakıda ilk dəfə olaraq “TeamGym” üzrə Avropa çempionatı keçiriləcək. Bu, 3 alət üzrə çıxışları əhatə edən komanda yarışıdır. İştirakçılar “TeamGym” xalçası, akrobatika cığırı və trampet (mini batut) üzərində bacarıqlarını nümayiş etdirəcəklər. Avropa qitəsinin ən yaxşı komandaları Milli Gimnastika Arenasında çempion titulu uğrunda mübarizə aparacaqlar.

Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç, İsveç və təbii ki, yarışın ev sahibi komandasının idmançıları çıxış edəcəklər. Bakıya 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə, 498 idmançı gələcək. 28 hakim öz növünün əsl ustası olanların çıxışlarını qiymətləndirəcək.



MƏSLƏHƏT GÖR:

59