26 Dekabr 2024

Cümə axşamı, 21:03

LOGİSTİKADA RƏQƏMSAL İNQİLAB

“Azərbaycan Dəmir Yolları” İT infrastrukturunun modernləşdirilməsini və yükdaşıma prosesinin rəqəmsallaşdırılmasını sürətləndirir

Müəllif:

15.10.2024

Müasir nəqliyyat və logistika sahəsini müəyyən edən əsas aspektlərdən biri çox sayda ölkənin iştirakı ilə yükdaşımaların maksimum koordinasiyasını təmin edən yeni rəqəmsal həllərin tətbiqidir. Orta Dəhlizin aparıcı nəqliyyat qovşağı olan Azərbaycana gəlincə, bütün əməliyyat proseslərinin tezliklə rəqəmsallaşdırılması alternativsizdir. Bu vəzifələri həll etmək üçün “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qurumun Müşahidə Şurası tərəfindən təsdiqlənmiş xüsusi rəqəmsallaşdırma strategiyası əsasında artıq ikinci ildir ki, yükdaşımalarda qabaqcıl İT həllərinin tətbiqinə diqqət yetirməklə genişmiqyaslı modernləşdirmə həyata keçirir. Bu istiqamətdə mühüm addım Asiya İnkişaf Bankının (ADB) ADY sisteminin rəqəmsallaşdırılması üçün 47 milyon dollar kredit ayırmasını təsdiqləməsi olub.

Avropa İttifaqı (Aİ) ölkələrinin, ABŞ, Kanada, Çin, Yaponiya, Koreya Respublikası və Asiya-Sakit okean regionunun digər aparıcı ölkələrinin təcrübəsi göstərir ki, işin keyfiyyətinin və gəlirlərin artırılmasının əsas şərti multimodal daşımaların maksimum istifadəsi və rəqəmsal məlumat mübadiləsi əsasında dövlətlərarası inteqrasiya sxemlərinin tətbiqidir. Nəqliyyat sahəsində sənədlərin və icazələrin elektron mübadiləsinə dair platformalar hazırda postsovet məkanında - Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Azərbaycan və Gürcüstanda fəal şəkildə inkişaf edir. Üstəlik, bu belə sistemlərin analoqlarının artıq hazırlandığı və tətbiq olunduğu Türkiyə, Çin və Hindistanın müvafiq sistemləri ilə inteqrasiya meyli müşahidə olunur. İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif ölkəsinin “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrlə dəmir yolu yükdaşımalarının rəqəmsallaşdırılması dair layihələrə qoşulmaq niyyətində olduğunu bildirib. Bu o deməkdir ki, rəqəmsallaşdırma prosesləri milli və dar regional xarakterdən çox kənara çıxır. Bu gün Aİİ, BRİCS, ŞƏT, ASEAN, həmçinin Türk Dövlətləri Təşkilatı kimi qurumlarda daşıma sənədlərinin unifikasiyasını təmin etmək vəzifəsi formalaşdırılıb.

Bəs dəmir yolu daşımalarının rəqəmsallaşdırılmasına qlobal trend hansı üstünlüklər verir? Sərhədlərdə elektron növbə mexanizmlərinin yaradılması, sənədlərin rəqəmsal mübadiləsi, tranzit yüklərdə elektron naviqasiya plomblarının və avtonəqliyyat vasitələrində xüsusi izləyicilərin istifadəsi yüklərin daha səmərəli çatdırılmasına, həmçinin tədarük zəncirlərinin, o cümlədən beynəlxalq yüklərin idarə edilməsinə və izlənilməsinə kömək edir. Yüklərin rəqəmsal müşayiət texnologiyalarının tətbiqi və yükdaşımalarda elektron sənəd dövriyyəsinə keçid sərhədyanı prosedurların sürətləndirilməsi və sadələşdirilməsi üçün son dərəcə vacibdir. Bu, həmçinin “vahid pəncərə” rejimində icazə və mal müşayiət sənədlərinin elektron şəkildə verilməsi alətlərinə, daşıyıcılar haqqında məlumatların toplanması və yoxlanılması, yükdaşımaları haqqında məlumatlara əsasən onların reytinqinin formalaşdırılması texnologiyalarına da aiddir. Dəmir yolu əlaqəsi sistemində rəqəmsal mexanizmlərin inkişafı, ilk növbədə, tam elektron formatda rəsmiləşdirilmiş fasiləsiz multimodal konteyner daşımalarının təmin edilməsinə yönəlib. Multimodal daşıma bir neçə (azı iki) nəqliyyat növü ilə həyata keçirilsə də, malların bir müqavilə əsasında çatdırılmasıdır.

Hələ bir müddət əvvəl yüklər gəmilərlə çatdırılır, sonra avtomobil və ya dəmir yolu qatarına yüklənirdi ki, bu da çoxlu sənəd və razılaşmalarla müşayiət olunurdu. Rəqəmsallaşdırma perspektivləri bütün bu bürokratiya və kağız rutininə səmərəli şəkildə qarşı durur. Blokçeyn texnologiyasından istifadə edən “smart müqavilələr”in tətbiqi tərəfdaşlar arasında qarşılıqlı əlaqəni sadələşdirir və yükdaşımalarını tamamilə şəffaf edir. Rəqəmsal etimad sistemi qurulur ki, bu da həm daşıyıcı-ekspeditorların, həm də təchizatçı-istehsalçıların və yük alanların işini xeyli asanlaşdırır.

 

Vahid platforma

Avtomobil, dəniz, dəmir yolu və hətta hava nəqliyyatı ilə yük daşımalarının rəsmiləşdirilməsinin vahid elektron formaya keçirilməsi heç də asan məsələ deyil. Səmərəli multimodal daşımaların dəstəklənməsi üçün rəqəmsal nəqliyyat-logistika platformasının formalaşdırılması zəruridir. O, nəinki ölkədaxili altsistemlər və digər nəqliyyat növlərində xidmətlərlə əlaqədə olmalı, həm də regional və beynəlxalq səviyyədə yükdaşıma logistikasını problemsiz təmin etməlidir. Bu məsələdə yüklərin müşayiət edilməsinin korporativ sistemlərinin dövlət platforması ilə birləşdirilməsi mərhələsində müəyyən problemlərin yaranması riski mövcuddur. Tərəfdaş ölkələrin informasiya sistemləri ilə sıx koordinasiya və sistem inteqrasiyasının zəruriliyi barədə danışmağa isə ehtiyac yoxdur.

Azərbaycanda bir neçə ildir yük logistikasının rəqəmsallaşdırılması istiqamətində addımlar atılır. Bu istiqamətdə “Azərbaycan Dəmir Yolları" QSC-nin strukturları ən fəal qurumlardır. Xüsusilə son illərdə bütün modernləşdirmə prosesləri şəbəkə infrastrukturunun formalaşması ilə müşayiət olunub. Belə ki, 2019-cu ildə ADY dəmir yollarının mühafizə zolağı boyunca fiber-optik xətlərin çəkilişini həyata keçirib və yük daşıyıcılarına rəqəmsal xidmətlərin göstərilməsi daxil olmaqla dayanıqlı magistral infrastruktur formalaşdırıb. Bu layihə “Azerbaijan Digital Hub” genişmiqyaslı proqrama uyğun olaraq magistral internet provayderi – “AzerTelecom” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Optik infrastrukturun genişləndirilməsi komponenti Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsinin ötürücülük qabiliyyətinin (ildə 1 milyon tondan 5 milyon tona qədər) artırılması üçün bu ilin yazında tamamlanan ADY-nin layihəsində mövcud idi. BTQ infrastrukturunun modernləşdirilməsi zamanı 338 kilometrlik fiber-optik kabel çəkilib, zəruri rəqəmsal avadanlıq quraşdırılıb.

Bu arada, Xəzər regionunda rəqəmsal infrastrukturun formalaşdırılması üzrə işlərin sürətləndirilməsinin və vahid açıq platforma çərçivəsində ölkə proqram həllərinin inteqrasiyasının vacibliyi Çinin Sian şəhərində “China Railway Express” şirkəti tərəfindən təşkil edilən “Qlobal tərəfdaşlarla görüş: Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Forumu”nda qeyd edilib. Müzakirələr zamanı Çin, Qazaxıstan, Gürcüstan və Azərbaycan dəmir yollarının nümayəndələri gömrük rəsmiləşdirilməsi prosesinin sürətləndirilməsinə və tranzit kodlarının verilməsi prosesinin sadələşdirilməsinə, sənədləşdirmə standartlarının unifikasiyasına və vahid rəqəmsal informasiya sisteminin yaradılmasına xüsusi diqqət yetiriblər.

Digər tərəfdən Böyük İpək Yolunun keçdiyi dövlətlərin dəmir yolu daşımalarının rəqəmsallaşdırılması istiqamətində görüləcək çox iş var. “Orta Dəhlizin tezliklə rəqəmsallaşdırılması onun fəaliyyətinin ən aktual məsələlərindən biridir: hələ də bu strukturun iştirakçı ölkələrinin rəqəmsal sistemlərinin inteqrasiyası üçün zəruri olan TBNM-nin vahid rəqəmsal platforması yaradılmayıb, üstəlik tərəfdaş ölkələrdə hələ də rəqəmsallaşma səviyyəsi müxtəlifdir. Bu da vahid məlumat mübadiləsi və yüklərin izlənməsi sisteminin tətbiqini çətinləşdirir. Yük təchizatı zəncirində gecikmələrin qarşısını almaq üçün vahid rəqəmsal platforma üzərində işi sürətləndirmək lazımdır”, - “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin rəqəmsallaşma və beynəlxalq investisiyalar üzrə müşaviri Arif Ağayev dəmir yolları rəhbərlərinin məşvərət görüşündə bildirib.

Xatırladaq ki, hazırda Azərbaycan və Qazaxıstan dəmir yollarının informasiya sistemləri artıq DTC (“Digital Trade Corridor”) platformasının gömrük modulu olan “Tez Customs” ilə inteqrasiya olunub, Gürcüstan dəmir yolları ilə də oxşar iş planlaşdırılır. 2025-ci ildə TBNM üzrə tərəfdaşlar “Maneəsiz Rəqəmsal Dəhliz” platformasını işə salmağı planlaşdırırlar. Bu da bütün marşrut boyunca sənəd dövriyyəsini, gömrük rəsmiləşdirilməsini və yüklərin izlənməsini vahid ekosistemə birləşdirəcək.

 

Ayrıca strategiya

Azərbaycan dəmir yolu nəqliyyatının rəqəmsallaşdırılması üzrə bütün regional layihələrdə fəal iştirak edir. Ölkə bu sahədə qabaqcıl təcrübəni fəal şəkildə tətbiq edir və belə təşəbbüslərin kapitallaşdırılması prosesinə beynəlxalq maliyyə təşkilatlarını cəlb edir. Belə ki, Asiya İnkişaf Bankının oktyabrın 1-də verdiyi məlumata görə, bankın İdarə Heyəti Azərbaycanın dəmir yolu sisteminin rəqəmsallaşdırılması üçün 47 milyon dollar kredit ayırmağı təsdiqləyib. Bu vəsait ADY-nin əsas proseslərinin rəqəmsallaşdırılmasına yönəldiləcək. Bunlara yük əməliyyatlarının idarə edilməsi, aktivlərin texniki xidməti və təmiri, həmçinin investisiya planlaşdırması daxildir. Layihə müştərilərin qiymətqoyma və vergi hesablamaları da daxil olmaqla, məlumatlara çıxış sisteminin işlənib hazırlanmasına da aiddir. “Layihə Azərbaycanın dəmir yolu şəbəkələrinin təhlükəsizliyini, etibarlılığını və səmərəliliyini artıracaq, ADY-nin korporativ funksiyalarının rəqəmsal təkmilləşdirilməsi maliyyələşdiriləcək. Rəqəmsallaşma Azərbaycanın Şərqi və Mərkəzi Asiya iqtisadiyyatlarını Qafqaz və Avropa ilə birləşdirməkdə əsas rolunu dəstəkləyəcək və ölkəyə ticarət və əlaqələndirici mərkəz kimi güclü potensialını maksimum reallaşdırmağa imkan verəcək”, - ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.

Ümumilikdə son iki ildə Azərbaycanda İT innovasiyalarının tətbiqi üzrə işlər sürətləndirilib. ADY-nin Müşahidə Şurası tərəfindən ayrıca rəqəmsallaşdırma strategiyası təsdiq edilib və bu, artıq bir ildən çoxdur ki, həyata keçirilir. Bundan başqa, innovativ-dinamik məkan formalaşdıran müasir İT ofisi yaradılıb. “Azərbaycanı qlobal nəqliyyat qovşağına çevirməyi qarşısına məqsəd qoyub və “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri boyunca yerləşən ölkələrlə dəmiryol nəqliyyatı infrastrukturunun rəqəmsallaşdırılması üzrə əməkdaşlığı genişləndirir”, - ADY-nin Baş rəqəmsallaşdırma inzibatçısı, Rəqəmsal inkişaf departamentinin müdiri Andrey İskriç APA-ya müsahibəsində bildirib.

“Rəqəmsal strategiya çərçivəsində ilkin dövrdə istehsal proseslərini təhlil etdik və şirkətin əməliyyat fəaliyyətini avtomatlaşdıran üç əsas sistemə, yəni “Yükdaşımaların idarə edilməsi”, “Yük-kommersiya işlərinin idarə edilməsi” və “Lokomotiv briqadaların idarə edilməsi”nə olan tələbləri müəyyən edən konseptual çərçivə yaratdıq. Bu sistemlər daşımaların planlaşdırılması, personalın idarə edilməsi və idarəetmə sisteminin inkişafı üçün yüksəkixtisaslı kadrların formalaşdırılması kimi mühüm prosesləri həyata keçirir”, - o qeyd edib.

Dəmir yolu idarəsinin aktivində yük məlumatlarının mübadiləsini və “Track&Trace” rəqəmsal xidmətlərini təmin etmək üçün “Global DTC” şirkətinin yaratdığı beynəlxalq logistika platformasına inteqrasiya üzərində işlər var. Əsas diqqət əməliyyat proseslərinin avtomatlaşdırılmasına yönəldilib. Departament rəhbərinin sözlərinə görə, köhnəlmiş avadanlıqların yenilənməsi həyata keçirilir, istehsal proseslərinin və ofis funksiyalarının avtomatlaşdırılması üzrə işlər aparılır, informasiya təhlükəsizliyi təmin edilir və İT bacarıqları artırılır. 2023-cü ildə ADY yeni komanda qurub, informasiya təhlükəsizliyi üzrə siyasəti müəyyənləşdirib, layihə idarəetmə standartlarını, “MS Project” və “Atlassian Jira” kimi yeni sistemləri tətbiq edib. Bu da bütün rəqəmsal proseslərin şəffaflığını və etibarlılığını artırıb. Bundan əlavə, artıq ADY-nin saytında mövcud olan tarif kalkulyatoru tətbiq edilib. Bu veb-aləti daşımaların dəyərinin hesablanmasının keyfiyyətini əhəmiyyətli dərəcədə artırıb, prosesi sürətləndirib və müştərilərlə qarşılıqlı əlaqəni sadələşdirib.

Oktyabrın əvvəlində isə ADY sənədlərin qeydiyyatı və rəsmiləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə optimallaşdıran elektron iş icazəsi (naryad) sistemini istifadəyə verib. “Bu səmərəli elektron alət biznes proseslərini sadələşdirir və müştərilərlə qarşılıqlı əlaqəni yaxşılaşdırır. Məlumatların dəqiqliyi də əhəmiyyətli dərəcədə artıb, xətaların sayı azalıb və rəqəmsal sənədlərlə iş sürətlənib”, - ADY-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov vurğulayıb.

Onun sözlərinə görə, ADY SMART sistemində təqdim olunan rəqəmsal naryad sistemi saatlarla davam edən yük əməliyyatlarının müddətini 20 dəqiqəyə endirib.

ADY-də hesab edirlər ki, rəqəmsallaşdırmaya və insan kapitalına investisiyalar iqtisadi artıma səbəb olacaq və ən əsası bütün regional nəqliyyat layihələrinə daha səmərəli inteqrasiya olunmağa kömək edəcək.


MƏSLƏHƏT GÖR:

56