18 Yanvar 2025

Şənbə, 23:20

NATO-nun KLONLARI

Arktika, Asiya və Yaxın Şərq alyansları nə qədər işlək olacaq?

Müəllif:

15.10.2024

Ukrayna münaqişəsi Rusiya ilə Qərb dövlətləri (NATO) arasında əsas qarşıdurma meydanı sayılır. Böhran içərisində olduğu deyilən Şimali Atlantika Alyansı 2022-ci ilin fevralından İsveç və Finlandiyanı da sıralarına qatmaqla, yenilənmiş düşmən obrazı və gələcək üçün yaxşı perspektivlər qazanıb. 2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp NATO sıralarını tərk edə biləcəklərini deyir, bunu bəzi Avropa ölkələrinin ÜDM-in 2%-nin bloka ayırmaqla bağlı öhdəliklərə əməl etməməsi ilə əsaslandırırdısa, Kiyevin köməyi ilə bütün bu söz-söhbətə son qoyulub. Qarşıdurma səviyyəsinin son dərəcə təhlükəli həddə çatdığı dünyada hərbi alyansların roluna təbii ki, heç bir şübhə yoxdur. Əksinə, indi NATO nümunəsində və bənzərində yeni ittifaqların yaradılması məsələsi aktualdır. Bu prosesdə aparıcı rolu isə əlbəttə ki, yenə ABŞ oynayır. Bəs bu planları həyata keçirmək mümkün olacaq, yoxsa deyilənlər söz olaraq qalacaq? Bunu yaxın gələcək göstərəcək.

 

Arktika NATO-su

Kanada Xarici İşlər Nazirliyi oktyabrın əvvəlində Danimarka, Finlandiya, İslaniya, Norveç və İsveçlə birlikdə Rusiya və Çinin Arktikadakı fəaliyyətinə qarşı təşkilatın yaradılması üzərində çalışdıqlarını bəyan edib. «Kanada və müttəfiqləri diqqəti Arktikaya investisiya yaxınının artırılması, «ikili təyinatlı» araşdırmaların aparılması, Rusiya və Çinin regiondakı fəaliyyətinə nəzarət edilməsinə yönəltmək qərarına gəliblər», - deyə Kanadanın xarici işlər naziri Melani Joli bildirib. Yəni söhbət faktiki olaraq, Moskva və Pekinə qarşı Arktika NATO-sunun yaradılmasından gedir.

Halbuki Arktika beynəlxalq əməkdaşlıq üçün körpüyə çevrilmək şanslarına malik idi – 1996-cı ildə 8 dövlət (ABŞ, Kanada, Rusiya, Finlandiya, İsveç, Norveç, Danimarka, İslandiya) Arktika Şurası yaratmışdı və onun vəzifəsinə ətraf mühitin qorunması, mədəni əməkdaşlıq və elmi araşdırmalar daxil idi. Amma Şura heç bir işə yaramayıb və bu gün Şimal qütbü daha bir geosiyasi rəqabət meydanına çevrilir. Səbəb hər yanda olduğu kimidir – faydalı qazıntılar və sərfəli ticarət yolları. Bütün bu zənginliklər və imkanlar buzlaqları sürətlə əridən qlobal istiləşmə fonunda daha əlçatan hal alır. Nəticədə, regiona aid dövlətlər artıq bölgənin resursları uğrunda mübarizəyə hazırlaşdıqlarını gizlətməyi lazım bilmirlər.

2022-ci il martın əvvəlində Arktika Şurası ölkələri faktiki olaraq, Rusiyanı öz sıralarından kənarlaşdırıblar. Amma görünən odur ki, bu, Moskvanı o qədər də kədərləndirməyib və o, Şimal dəniz yolunun istismarının faydaları haqda daha çox danışmağa başlayıb. Çin və digər Şərqi Asiya ölkələrindən Qərbi Avropaya ənənəvi Süveyş kanalı marşrutu ilə müqayisədə Şimal dəniz yolu təxminən 6 min kilometr qısadır. Arktikanın ən uzun, həmçinin öyrənilmiş hissəsinə sahib olan Rusiya anlayır ki, burada qalmasına əsas zəmanət hərbi mövcudluq ola bilər. Moskva buna çoxdan hazırlaşır. O, hələ ötən onillikdən bölgədə hərbi baza və aerodromların qurulmasına başlayıb. Maraqlıdır ki, özünü «Arktikaətrafı dövlət» sayan və «Qütb ipək yolu» adlı layihəsi olan Çin də buzqıran gəmilər hazırlayır və bu istiqamətdə Rusiya ilə hərbi-texniki əməkdaşlıq edir.

Aydındır ki, Qərb dövlətləri, ilk növbədə, ABŞ bu fəallığı sakit müşahidə etmək niyyətində deyil. Üstəlik, onların düşərgəsində yer alan dövlətlərin sayı Rusiya-Çin tərəfdaşlığı (yeri gəlmişkən, bu, kifayət qədər zəif tərəfdaşlıqdır) ilə müqayisədə daha çox şey vəd edir. Pentaqonda hesab edirlər ki, Arktika Birləşmiş Ştatlar üçün strateji baxımdan vacib bölgədir. Odur ki, orada Rusiyanın mövcudluğunu artırması, həmçinin Rusiya-Çin əməkdaşlığı kifayət qədər təhlükəli qəbul olunur. Kanada isə öz növbəsində, yuxarıda qeyd olunan təşəbbüsü ilə ABŞ-yə əməkdaşlığa çoxdan başlanılmalı olduğunu göstərməyə çalışır. Odur ki, yaxın zamanlarda dünya mətbuatında Arktikanın adı daha çox çəkilməyə başlayacaq. Üstəlik, Rusiya ilə Danimarka, həmçinin Kanada arasında dənizin dibi ilə bağlı ərazi mübahisələri də var (Şimal Buzlu okeanda 895 min kvadrat kilometrlik ərazi).

Xüsusi (və təhlükəli) məqam Norveçin suverenliyi altında olan Şpitsbergen arxipelağı ilə bağlıdır. 1920-ci ilin Şpitsbergen müqaviləsinə əsasən o, sənədi imzalamış dövlətlərin vətəndaşları arxipelağın təbii resurslarının istismarında bərabər hüquqlara malikdirlər. Norveçlə yanaşı, Rusiya arxipelaqda ciddi iqtisadi mövcudluğa malik yeganə dövlətdir. Moskvadan artıq Arktika uğrunda mübarizəyə BRHÇC-nin də cəlb oluna biləcəyinə dair fikirlər eşidilməkdədir.

Beləliklə, prosesə Braziliya kimi başqa nəhəng ölkələrdə qoşula, nəticədə, Rusiya Qərbin texnoloji sanksiyalarının aşılmasında ciddi yardım ala bilər. Bu mənada, tamhüquqlu Arktika NATO-sunun formalaşması şansının yüksək olduğunu söyləyə bilərik.

 

Asiya NATO-su

Maraqlıdır ki, Yaponiyanın yeni baş naziri Sigeru İsiba da öz növbəsində, «Çinin qarşısının alınması üçün Asiya NATO-sunun yaradılmasına çalışacağını» bəyan edib. Onun fikrincə, Asiya-Sakit okean regionunda hərbi əhvalın azalmasında qarşılıqlı müdafiə öhdəlikləri həlledici amil ola bilər.

Bununla yanaşı, İsibanın fikirlərini bir çoxları narazılıqla qarşılayıb. Məsələn, «Təhlükəsizlik üzrə dördtərəfli dialoq»da Yaponiyanın tərəfdaşı olan Yeni Dehli ideyanı dərhal rədd edib. Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar bildirib ki, Yaponiyadan fərqli olaraq, onlar heç zaman başqa ölkələrlə müttəfiqlik etməyiblər. Məsələyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münasibət bildirib. «İstənilən hərbiləşmə, yeni hərbi blokun yaradılması ideyası hər zaman qaynar fazaya keçə biləcək qarşıdurma riski yaradır», - deyə nazir qeyd edib.

Məsələyə Vaşinqtondan da etiraz gəlib. Nüfuzlu «Global Times» nəşri Yaponiyanın baş nazirinin ideyasını tənqid edərək yazır ki, o, bloklar siyasəti modelini önə çəkir. Vaşinqtonun Asiya NATO-su ideyasına mənfi münasibətinin səbəbi bəlkə də onun Pekinlə münasibətləri gərginləşdirmək istəməməsindən irəli gəlir. Hər halda, Çinin bu idnyadan məmnun qalmadığına heç kimin şübhəsi yoxdur. Digər yandan, birdən regionda Koreya yarımadası və ya Tayvan boğazı ilə bağlı mübahisələr qaynar münaqişəyə çevrilərsə, Tokio özü buna hərbi cəhətdən hazırdırmı?

 

Yaxın Şərq NATO-su

Bu arada, İsrail yenidən Yaxın Şərq NATO-su haqda danışmağa başlayıb. Təl-Əvivdə hesab edirlər ki, bu ideyanın həyata keçirilməsi pis olmazdı. Bunu İsrail Prezidenti İshak Hersoq dilə gətirib. Onun fikrincə, «İran və radikal qruplaşmalarla birgə mübarizə aparılması üçün» Yaxın Şərqdə NATO-nun analoqunun yaradılması lazımdır.

Bu yerdə xatırladaq ki, İordaniya kralı II Abdulla CNBC kanalına hələ iki il əvvəl verdiyi müsahibədə ölkəsinin illərdir NATO ilə tərəfdaş olduğunu demiş, Yaxın Şərq NATO-sunun yaradılmasını dəstəkləyə biləcəklərini söyləmişdi. Bir zamanlar blokun Yaxın Şərqə doğru genişlənməli olduğundan ABŞ-nin sabiq prezidenti Donald Tramp da bəhs etmişdi. O, alyansın NATOME (NATO - Middle East) adlandırılması təklifini də irəli sürüb.

Odur ki, söhbət heç də yeni ideyadan getmir və prinsipcə, Yaxın Şərqdə gərginlik hər dəfə artdıqda bu məsələ də dərhal gündəmə gəlir. Güman olunur ki, alyans Misir, İordaniya, BƏƏ, Bəhreyn və Mərakeş, hətta bəlkə də Səudiyyə Ərəbistanı, Oman, Qətər və Küveyti də özündə birləşdirə bilər.

İsraillə ABŞ arasında alyans onsuz da mövcuddur. İndiki geosiyasi şəraitdə isə oraya ayrı-ayrı regional aktorların cəlbi kifayət qədər çətindir. Aydındır ki, bu, baş versə belə, iştirakçıların bir-birinə inamı son dərəcə zəif olacaq. Qəzza və Liviyadakı müharibələr, Yəmən husilərinin fəallığı, ən başlıcası isə İsrail-İran qarşıdurmasının necə bitəcəyinin məlum olmadığı indiki şəraitdə bu haqda danışmaq çox çətindir. Amma bütün bunlara baxmayaraq, Trampın Ağ Evə mümkün qayıdışı ilə bu məsələyə diqqət daha da artırıla bilər. Baxmayaraq ki, onsuz da qarışıq olan regionda qütbləşmə getdikcə dərinləşir.

İstənilən halda, ABŞ-nin dəstəyi olmadan Arktika, Asiya və Yaxın Şərq hərbi alyansları iflasa məhkumdur. Dünyanın müxtəlif tərəflərində NATO-nun «klon»ları haqda diskussiyaların getməsinin özü belə, Vaşinqtonun beynəlxalq rolunun nə qədər güclü olduğunun göstəricisidir. Vaşinqton öz növbəsində, regional təhlükəsizlik sistemlərində tənzimləyici rolunu itirmək istəmir. İqtisadi və iqlim problemləri, həmçinin Rusiya, Çin və İranın davranışları təcili cavabları zəruri edir. Bunun üçün isə «orta güclü fövqəldövlət»lərin iddialarını nizamlamaq lazımdır. Belə bir vəziyyətdə bəlkə tezliklə ABŞ-nin rolu əksinə, azalacaq və biz qeyd olunan regionlarda müstəqil kollektiv təhlükəsizlik sistemlərinin qurulduğunu görəcəyik? Bəlkə ABŞ-nin «təhlükəsizlik monopoliyası» olmazsa, dünyanın müxtəlif regionlarının ölkələri bir-birləri ilə daha asan dil taparlar?



MƏSLƏHƏT GÖR:

63