Müəllif: Nadir SƏNANOĞLU
Oktyabrın 16-19-da Bakıda Milli Gimnastika Arenasında “TeamGym” üzrə 15-ci Avropa Çempionatı keçirilib. Bu məşhur idman tədbiri bir çox Avropa ölkələrindən idmançıları və azarkeşləri bir araya toplayıb. Açılış mərasimi idman və mədəniyyətin bir araya gəldiyi möhtəşəm bir bayram kimi yadda qalıb.
Açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov ölkəmizin gimnastika sahəsindəki uğurlarından danışaraq bu nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın gimnastikaya göstərdiyi xüsusi qayğı və diqqət nəticəsində olduğunu bildirib. F.Qayıbov, həmçinin Azərbaycanın belə nüfuzlu yarışlara ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, güc, çeviklik və komanda işinin hər bir idmançının fərdi bacarıqlarını ən yüksək səviyyədə ortaya qoyduğu “TeamGym” yarışı Avropa Çempionatının iştirakçıları üçün xüsusi önəm daşıyır.
Avropa qalibləri
Dörd günlük yarışların sonunda, həm gənclər, həm də böyüklər kateqoriyası üzrə qaliblər müəyyənləşib. İlkin final mərhələsində gənclər kateqoriyası üzrə qaliblər açıqlanıb. Bu kateqoriyada Danimarka və İsveç təmsilçiləri qızıl və gümüş, İslandiya qızıl və bürünc, Norveç və Böyük Britaniya komandaları isə bürünc medal sahibi olublar. İkinci final günündə böyüklər kateqoriyası üzrə qaliblər mükafatlandırılıb. Bu kateqoriyada isə İslandiya və Danimarka qızıl, İsveç gümüş və bürünc, Norveç bürünc, Böyük Britaniya komandaları isə gümüş medal qazanıblar.
Ümumi finaldan dərhal sonra, “TeamGym” üzrə 15-ci Avropa Çempionatı boyunca ən çox fərqlənən gimnastlar fərdi olaraq mükafatlandırılıb. İsveç milli komandasının dörd, Danimarka milli komandasının beş, İslandiya milli komandasının iki, Norveç milli komandasının bir gimnastı “All-Stars” mükafatına layiq görülüb.
Sonda Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə Avropa Gimnastikasının bayrağını Avropa Gimnastikasının prezidenti Fərid Qayıbova təqdim edib. O isə öz növbəsində bayrağı Finlandiya Gimnastika Federasiyasının texniki direktoru Solisma Soniaya təqdim edərək “TeamGym” üzrə növbəti Avropa Çempionatının 2026-cı ildə Finlandiyanın Espoo şəhərində keçiriləcəyini bildirib.
Böyük maraq
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə jurnalistlərə açıqlamasında turnirin təşkili barədə məlumat verib: “Azərbaycan Gimnastika Federasiyası fəal şəkildə olimpiya və qeyri-olimpiya növləri üzrə beynəlxalq yarışlar keçirir, lakin biz ilk dəfədir “TeamGym” üzrə Avropa çempionatını təşkil edirik. “TeamGym” Avropa gimnastikasının bir hissəsi olan gənc idman növüdür. Xüsusilə Skandinaviyada məşhurdur, lakin Avropanın digər ölkələrində də onun pərəstişkarları var. 2019-cu ildən biz Azərbaycanda bu növü inkişaf etdirməyə başladıq və milli komandamız da çempionatın iştirakçısıdır. Adından da göründüyü kimi, yarış komanda mübarizəsində olur, burada kollektivin nəticəsi önəmlidir. Avropa çempionatına maraq kifayət qədər böyük oldu. Çempionatda iştirak edən komandaların azarkeşləri də komandalarını dəstəkləmək üçün Bakıya gəliblər”.
Qeyd edək ki, yarışda 14 ölkənin 46 komandası qüvvəsini sınayıb. Milli Gimnastika Arenasında Çexiya, Danimarka, Avstriya, Estoniya, Finlandiya, Böyük Britaniya, İslandiya, İtaliya, Lüksemburq, Niderland, Portuqaliya, Norveç, İsveç və yarışın ev sahibi Azərbaycan idmançıları çıxış edib.
MƏSLƏHƏT GÖR: