30 Yanvar 2025

Cümə axşamı, 18:32

ODSUZ TÜSTÜ

Siqaret çəkməyi innovativ qərarlar və alternativ alətlər vasitəsilə tərgitmək mümkündürmü?

Müəllif:

01.11.2024

Bu gün bəşəriyyət artıq gündəlik hadisələrə çevrilmiş proseslərin və texnologiyaların konkret fərdlərə deyil, qlobal dünyaya təsirini aydın şəkildə anlamağa, qiymətləndirməyə başlayıb. İndi bütün sahələrdə risklər dəqiqliklə təkrar qiymətləndirilir. Bununla yanaşı, innovasiyalar, texnoloji yeniliklər onların cəmiyyətə mənfi təsirlərini azaldacaq real alətlərin axtarılıb tapılmasına da imkan verir. Bu kontekstdə hazırda söhbət yalnız atmosferə çirkli tullantıların atılması hallarının azaldılması kimi miqyaslı tədbirlərdən deyil, həm də çoxdan qlobal xarakterli problemə çevrilmiş siqaretin ətraf mühitə mənfi təsirinin qarşısının alınmasından gedir.

«Philip Morris International» (PMI) şirkətinin İsveçrənin Nevşatel şəhərində təşkil etdiyi 9-cu illik «Technovation 2024 – innovasiyaların 30, inkişafın 10 illiyi» konfransı məhz siqaretin zərərinin minimuma endirilməsi sahəsində əldə edilmiş texnoloji nailiyyətlərə həsr olunmuşdu.

 

«Səhiyyə Nazirliyi xəbərdarlıq edir…»

Siqaret tüstüsü havanı ən çox çirkləndirən amillərdəndir. O, atmosferə dizel yanacağı ilə işləyən avtomobillə müqayisədə 10 dəfə artıq zəhərli maddə buraxır. Bu, havanın keyfiyyətini korlayır, yalnız siqaret çəkənlərin deyil, ətrafdakı insanların da səhhəti üçün təhlükə yaradır.

Dünyanın bütün ölkələrinin səhiyyə qurumlarının xəbərdarlıqlarına, aparılan maarifləndirmə işlərinə, təlbiğatlara, həmçinin siqaretin səbəb olduğu ağır xəstəliklərin statistikasına baxmayaraq, təəssüf ki, o, bəşəriyyətin bəlası olaraq qalmaqdadır. Statistikaya əsasən dünyada hər səkkiz nəfərdən biri siqaret çəkir. Dünyada bu pis vərdişin daşıyıcısı olan insanların ümumi sayı 1,1 milyarda çatır!

Azərbaycan əhalisi arasında siqaret çəkənlərin payı son dörd ildə 32% səviyyəsindədir. Bu, kifayət qədər ciddi göstərici sayıla bilər: ÜST-nin parametrlərinə görə, dünyada o ölkə tütündən azad sayılır ki, siqaret çəkənlərin sayı əhalisinin 5%-ni ötməsin.

Son 7 ildə Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən kifayət qədər sərt qanunvericilik aktları qəbul edilib, həmçinin insanları bu pis vərdişdən çəkindirəcək digər addımlar atılıb. Ekspertlər bildirir ki, mənfi statistikanın azaldılmasında qadağalarla yanaşı, tüstüsüz alternativlərə keçid də öz rolunu oynaya bilər. Elmi araşdırmalar göstərir ki, siqaret çəkənlərin orqanizminə ən ciddi zərəri məhz tütünün yanması nəticəsində yaranan tüstü verir. Bununla əlaqədar olaraq, alimlər siqaret çəkməyi təqlid edən, lakin yanmayan, tütün tüstüsü buraxmayan məhsulların hazırlanması üzərində işləməyə başlayıblar. Əlbəttə, bu məhsullar da tam zərərsiz deyil. Odur ki, onların istehsalçıları özləri bildirirlər ki, «siqaret çəkməyənlər ona başlamasın, çəkənlər tərgitsin, tərgitmək istəməyənlər daha az zərərli alternativlərdən istifadə etsin». Bu məsləhəti PMI şirkətinin özünəməxsus şüarı da saymaq olar.

Şirkətin baş direktoru Yasek Olçak çıxışında bildirib ki, yeni tüstüsüz tütün məhsulları modellərinin hazırlanması sayəsində şirkət gəlirini xeyli artıra bilib: «Bu il biz ənənəvi siqaretlərdən alternativlərə keçid üzərindəki fəaliyyətimizin 10 illiyini qeyd etdik. Ötən il PMI-nin gəlirlərinin 38%-i məhz bu məhsulların payına düşüb. Hesab edirik ki, 2030-cu ildə bu rəqəmi 40%-ə çatdıra bilərik».

 

Tüstülü, ya tüstüsüz?

Maraqlı məqam ondan ibarətdir ki, dünyanın 92 ölkəsində bu məhsulun bazara buraxılmasına icazə verilsə də, bəzi hökumətlər hələ də onu qadağan olunmuş məhsullar siyahısında saxlayır. «Təəccüblü olsa da, həmin ölkələrdə ənənəvi siqaretlərin satışına nəinki icazə var, onların satışından əldə olunan gəlir ildən-ilə artır. Tüstüsüz məhsulların satışı isə qadağandır», - deyə Olçak bildirib.

Məsələn, əhalisi fəal şəkildə alternativ, tüstüsüz məhsullara keçən İsveçdə bu gün əhalinin cəmi 5,6%-i siqaret çəkir. Bu, ÜST meyarlarına görə, demək olar ki, ideal göstəricidir. Nəticədə, İsveçdə son illər onkoloji xəstələrin sayında nəzərəçarpacaq dərəcədə azalma var.

Konfransda səsləndirilən daha bir müsbət statistika Yaponiya ilə bağlı olub. Bu ölkədə bazara tüstüsüz alternativlərin çıxmasından sonra siqaret çəkənlərin ümumi əhali arasındakı nisbəti 19%-dən 13%-ə düşüb, ənənəvi siqaretlərin satışı isə 50% azalıb. «Philip Morris International» şirkətinin tüstüsüz məhsullar üzrə prezidenti və istehlakçılarla iş üzrə direktoru Stefano Volpettinin sözlərinə görə, bu gün Yaponiya siqaretdən könüllü şəkildə tam imtina edilməsi ehtimalı ən çox olan ölkələrin cərgəsindədir.

Əlbəttə, tüstüsüz alternativlərin ümumilikdə siqaret çəkənlərin sayının azalmasına və ya ətraf mühitin çirklənməsinə real təsiri haqda danışmaq hələ ki, çətindir. Bu vasitələrin bazara buraxıldığı əksər ölkələrdə, o cümlədən Azərbaycanda onlarla bağlı ayrıca statistika aparılmır. Yəni statistik məlumatlar özündə həm ənənəvi siqaret çəkənləri, həm də alternativ məhsullara üstünlük verənləri əks etdirir. Halbuki tədqiqatçılar onların bir-birindən ayrılması zərurətini çoxdan vurğulayırlar. Bu, siqaretin zərərinin innovativ qərarlarla azaldılması ilə bağlı maarifləndirmə işlərinin daha əsaslı aparılmasına imkan verərdi. «ÜST-nin məlumatlarına və öz araşdırmalarımızın nəticələrinə əsasən, güman edirik ki, tüstüsüz tütün məmulatları bu öldürücü vərdişin bəşəriyyətə zərərini 80% azaltmağa qadirdir. Sonda bu, siqaretlə əlaqəli ölümlərin sayını on dəfələrlə azaldacaq», - deyə Y.Olçak qeyd edib. O, əmindir ki, müvafiq normativ-hüquqi bazanın, dialoqun və vətəndaş cəmiyyəti dəstəyinin olacağı təqdirdə ənənəvi siqaret satışı 10-15 il ərzində dünyanın bir çox ölkəsində minimuma salına bilər.

S.Volpetti isə tüstüsüz alternativlərə keçidi elektriklə işləyən avtomobillərə keçidlə müqayisə edib. Ümumilikdə bu, doğru müqayisədir. Çünki tütün tüstüsü qlobal mənada havanı çirkləndirən əsas amillərdəndir və demək, o, dünyada hər bir insanın sağlamlığına mənfi təsirini göstərir. Odur ki, bütünlükdə bəşəriyyətin sağlam gələcəyi naminə bu zərərin dərəcəsinin azaldılmasına istiqamətlənmiş texnoloji həllərin maliyyələşdirilməsi davam etdirilməlidir.



MƏSLƏHƏT GÖR:

50