30 Yanvar 2025

Cümə axşamı, 18:45

YENƏ MÜHARİBƏ

Şimali və Cənubi Koreyalar yeni müharibə astanasında

Müəllif:

01.11.2024

1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsindən sonra sülh müqaviləsi imzalamayan Şimali Koreya ilə Cənubi Koreya 70 ildən artıqdır ki, münaqişə şəraitindədirlər. 38-ci paralel boyunca gərginlik heç zaman azalmır. İndi isə müşahidəçilər onların yenidən müharibə astanasında olduqlarını deyirlər.

 

Mədəni-dron mübadiləsi

Bu dəfə gərginliyə Pxenyana KXDR hakimiyyətinin əleyhinə fikirlərin yer aldığı vərəqlər səpən Cənubi Koreya dronları səbəb olub. Qeyd edilməlidir ki, son zamanlar Pxenyan özü də Cənubi Koreya istiqamətinə zibillə dolu hava şarları göndərir, Seul isə sərhəd boyu səsgücləndiricilər vasitəsilə təbliğat yayımlarını bərpa edib. Bu «mədəni mübadilə» nəticəsində KXDR artilleriya qüvvələrini hərbi hazırlıq vəziyyətinə gətirib, cənuba uzanan yolları partladıb və 38-ci paralel boyu müdafiə səngərlərinin yaradılması işini sürətləndirib. Əvəzində, Cənubi Koreya sərhəddə artilleriya atışları həyata keçirib, mümkün hərbi əməliyyatlara hazırlığa istiqamətlənmiş miqyaslı hərbi təlimlərə başlayıb.

İndi tərəflər arasında adi təsadüfi insident nəticəsində belə, müharibənin başlayacağı istisna olunmur. Üstəlik, iki Koreyanın qarşıdurmasında yeni və son dərəcə təhlükəli element müşahidə olunmaqdadır – bu qarşıdurma Ukrayna ərazisinə də keçə bilər. Bu halda KXDR-in Rusiya, Seulun isə Kiyev və Qərb tərəfdən vuruşa biləcəyi güman edilir.

Bütün bunlar nədən xəbər verir? Baş verənlər ümumilikdə iki Koreyanın bir-birinə qarşı iddialarının bütün bu illər ərzində dəyişməz olaraq qaldığını göstərir. Şimallılar əvvəlkitək, Seulun ABŞ ilə hərbi əməkdaşlıqdan, cənublular isə KXDR-in nüvə silahından imtinasını tələb edir. Bununla yanaşı, Pxenyan rəsmi olaraq Cənubi Koreya ilə müharibə etmək istəmədiyini deyərək, onların daxili işlərinə qarışılmamasını istəyir.

Yeri gəlmişkən, müşahidəçilər hesab edir ki, Şimali Koreyanın cənuba uzanan yolları partlatması onların hücum deyil, müdafiə haqda düşündüklərini göstərir. Söhbət iki ölkəni birləşdirən, iki ölkə liderinin 2018-ci ildəki görüşündən sonra münasibətlərin yaxınlaşmasının rəmzi sayılan yollardan gedir. Seul Şimali Koreyanın bu yolları partlatmasını «son dərəcə qəribə qəzəb ifadəsi» kimi qiymətləndirib. Cənubi Koreya KXDR-ə inanmır və iki Koreyanın birləşməsi üçün onun mövcudluğuna son qoymaq istəyir. Beləliklə, iki ölkə arasındakı münasibətlərdə dəyişən heç nə yoxdur. Dəyişən yalnız dünyadakı geosiyasi vəziyyətdir.

 

Ukrayna vasitəsilə geosiyasət

İlin sonnuna yaxın, Koreya yarımadasındakı gərginlik Ukrayna münaqişəsi ilə getdikcə daha sıx əlaqələndirilməkdədir. Müxtəlif səviyyələrdə yayılan məlumatlarda Pxenyanın Koreya Xalq Ordusu (KXO) hərbçilərini Ukraynaya qarşı vuruşmaları üçün Rusiyaya göndərdiyi deyilir. Bildirilir ki, Moskva üçün KXDR hərbçilərinin savaşa cəlbi bir neçə cəhətdən sərf edir. Onlardan ən əhəmiyyətlisi, əlbəttə ki, növbəti dəfə qismən səfərbərlik elanı zərurətinin aradan qalxmasıdır, çünki bu, Rusiya hökumətinə ictimaiyyətin potensial narazılığından yayınmaq imkanı verir. Üstəlik, Şimali Koreya əhalisi sırf xarici görünüşcə Rusiya Federasiyasında yaşayan bəzi xalqların nümayəndələrinə bənzəyirlər.

Pxenyana gəlincə, Ukrayna müharibəsində iştirak onun ordusuna nadir hərbi təcrübə toplamaq, silah və texnikanı real döyüş meydanında sınaqdan keçirmək imkanı verəcək. Eyni zamanda bildirilir ki, Şimali Koreya bu jestinin əvəzində Rusiyanın hərbi texnologiyalarına (o cümlədən nüvə silahı ilə əlaqəli) yiyələnə, üstəlik, Moskva KXDR-ə enerji daşıyıcıları və ərzaq yardımı da göstərə bilər. Ümumilikdə isə Qərb ölkələrinin zəifləməsinin Şimali Koreyanın maraqlarına cavab verdiyi məlumdur.

Maraqlıdır ki, Rusiya Prezidenti Vladimir Putin BRICS-in Kazan sammitinin sonunda keçirdiyi mətbuat konfransında faktiki olaraq, Şimali Koreya hərbçilərinin onun ölkəsinə gəldiklərini inkar etməyib. O, sadəcə, hərbçilərin Rusiyaya hansı məqsədlə gəldiyini açıqlamayıb. «Eskalasiyaya səbəb Rusiyanın hərəkətləri deyil», - deyə Putin amerikalı jurnalistin sulaına cavab olaraq bildirib.

Rusiya Dövlət Dumasının ölkə başçısının Pxenyana bu ilin yayında etdiyi səfər zamanı imzalanmış Şimali Koreya ilə «hərtərəfli strateji tərəfdaşlıq haqqında» müqaviləni bu günlərdə ratifikasiya etməsi də təsadüf deyil. Müqavilənin 4-cü maddəsində bildirilir ki, «tərəflərdən biri bir və ya bir neçə dövlətin silahlı hücumu nəticəsində müharibə şəraitinə düşərsə, digəri BMT Nizamnaməsinin 51-ci maddəsi, həmçinin KXDR və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq, ona dərhal bütün mümkün vasitələrlə hərbi yardım göstərəcək».

Şimali Koreyanın Rusiyaya hərbçilər göndərdiyinə dair xəbəri Cənubi Koreya, Ukrayna və ABŞ də yayıb. Oktyabrın 10-da Cənubi Koreyanın müdafiə naziri Kim Yon Xyon bildirib ki, hərbçilərin Ukrayna ilə Rusiya arasındakı hərbi təmas xəttinə göndərilməsinə dair qərar artıq qəbul edilib. O, bununla bağlı «təcili və xüsusi» toplantı da keçirib. ABŞ-nin müdafiə naziri Lloyd Ostin isə Rusiyaya Şimali Koreya hərbçilərinin göndərildiyi haqda məlumatlı olduqlarını deyib. Məsələyə NATO-nun yeni baş katibi Mark Ryugge də münasibət bildirib. O deyib ki, Şimali Koreya Ukraynaya, həqiqətən də, ordu göndərərsə, bu, Alyans tərəfindən «ciddi eskalasiya» kimi qiymətləndiriləcək.

Şimali Koreyanın Rusiyaya göndərdiyi hərbi kontingentlə bağlı müxtəlif rəqəmlər səsləndirilir – 2 mindən 200 minədək. Onların bir hissəsinin artıq Rusiyanın Uzaq Şərqdəki bazasına çatdıqları deyilir.

Baş verənlərlə bağlı müxtəlif versiyalar irəli sürülür ki, onların hər biri Ukrayna müharibəsinin mümkün beynəlmiləlləşməsi ilə bağlıdır. Məsələn, «Qərbin gizli versiyası»na görə, Moskva Ukraynanın Qərblə NATO-ya tam deyil, hazırda Kiyevin nəzarətində olan ərazisi ilə daxil olmaq haqda razılığa gəldiyini bilir. Kreml məhz bu ssenarinin reallaşmasına imkan verməmək üçün münaqişəni KXDR-in köməyi ilə beynəlmiləlləşdirmək qərarına gəlib – Rusiyada hesab edirlər ki, bu, ilk növbədə, Vaşinqtonu, həmçinin Seulu düşünməyə vadar edəcək. Başqa sözlə, onlar bu halda Ukraynadan uzaqda daha bir eskalasiya ilə qarşılaşacaqlarını anlayacaq və bu eskalasiyanın idarəolunmaz hal ala biləcəyini başa düşəcəklər. Söhbət nüvə silahından mümkün istifadədən gedir. «Rusiyanın versiyası»na görə isə Şimali Koreya hərbçiləri ilə bağlı xəbərləri məhz Ukrayna tərəfi yayır, çünki Kiyev «münaqişənin beynəlmiləlləşməsində maraqlıdır». Cənubi Koreyanın prosesə qoşulmağa hazır olması bu versiyanı daha da gücləndirir. Seul bəyan edib ki, o, artıq Ukraynaya hərbi və kəşfiyyat personalının göndərilməsi, həmçinin birbaşa silah tədarükü imkanlarını nəzərdən keçirir. Seulun texniki və ixrac imkanlarını nəzərə alsaq, bu, Ukrayna müharibəsinin xarakterini dəyişə biləcək çox ciddi addımdır.

 

Vacib məqam

Bütün bu yaşananlar arasında daha bir vacib məqam var – Rusiya ilə müqavilənin imzalanması Şimali Koreyanın statusunu gücləndirir. Bu yerdə ortaya Çin çıxır. Başqa sözlə, indiyədək Şimali Koreyaya geosiyasi təsir məsələsində monopolist olmağa çalışan Pekinin Moskvanın bu gedişinə necə yanaşacağı bəlli deyil. Çünki o, bir yandan KXDR-ə təsir edən yeganə güc statusunu itirir, digər tərəfdən isə Rusiya-KXDR xəttinə cəlb edilir. Bunu isə Çin heç də arzulamır. Ona Tayvan ətrafında yaşananlar bəs edir.

Çinin əsəbləşməsi isə Qərb də daxil olmaqla, digər ölkələri əsəbləşdirir. Belə ki, Si Cinpinin operativ-taktiki nüvə qüvvələrinin raket briqadasını ziyarət zamanı səsləndirdiyi bəyanat yanlış anlaşılıb və mətbuat dərhal onun Çin ordusunu «müharibəyə hazırlaşmağa çağırdığını» yazmağa başlayıb. Həmin an qonşu dövlətlərin paytaxtında nələrin yaşandığını təsəvvür etmək çətin deyil. Bunun, həqiqətən, yanlış anlaşılma olub-olmadığı önəmli deyil. O, istənilən halda, tam yerinə düşüb.

Beləliklə, Asiyanın bu hissəsində vəziyyət çox gərgindir. İndi «stavka» yalnız Rusiya-Ukrayna müharibəsində deyil, həm də Koreya yarımadasında çox yüksəkdir. Yaxın Şərqdə yaşananlar, İran-İsrail qarşıdurması və ABŞ-də keçiriləcək prezident seçkisi fonunda dünya çox təhlükəli dövrə qədəm qoyur.



MƏSLƏHƏT GÖR:

46