26 Dekabr 2024

Cümə axşamı, 17:41

BÖYÜYƏN BRICS

Təşkilatın sammitində tərəfdaş ölkələrin statusu rəsmən təsdiqlənib

Müəllif:

01.11.2024

Son onillikdə Qlobal Cənub anlayışı siyasi gündəlikdə tam şəkildə öz yerini tutub. Adambaşına düşən gəlir səviyyəsi az olan ölkələri birləşdirən Qlobal Cənuba dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələrinin yer aldığı Qlobal Şimalın «əks qütbü» kimi baxılır. Bu gün bu anlayışın gündəmə Almaniyanın sabiq kansleri Villi Brandt tərəfindən hələ 1980-ci ildə gətirildiyini çox az adam xatırlayır. O zaman Brandt Beynəlxalq inkişaf üzrə müstəqil komissiyanın sədri idi. Onları ayıran xətt də Brandtın şərəfinə adlandırılıb və 30-cu paralel şimal enliyi boyunca uzanır. O vaxtdan bu paraleldən yuxarıda olanlar özlərini «Şimal», aşağıda olanlar isə «Cənub» adlandırmağa başlayıblar. Bu mənada yalnız Qlobal Şimala daha çox siyasi səbəblərlə, dünyanın inkişaf etmiş ölkələri ilə sıx bağlı olan Yaponiya, Avstraliya və Yeni Zelandiya istisnadır.

Qlobal Şimaldan fərqli olaraq, Qlobal Cənub o qədər də həmcins deyil. Burada şərti lider və ya liderlər yoxdur. Cənuba aid ölkələrin birləşdiyi təşkilatların sayı da kifayət qədərdir. Bununla yanaşı, onların arasında qlobal dialoqun inkişafında hərəkətverici mexanizmə çevrilməyə iddia edə biləcək bir qurum var. Bu, BRICS-dir.

 

BRICS Qlobal Cənubun lideri kimi

Bu təşkilatın abbreviaturası 2000-ci illərin əvvəllərində «Goldman Sachs» Bankının (ABŞ) iqtisadçısı tərəfindən Braziliya, Rusiya, Hindistan və Çinin (BRIC) investisiya imkanlarının ifadə olunması üçün düşünülüb. O, əvvəlcə marketinq termini sayılsa da, 2000-ci illərin sonlarında Cənubi Afrika Respublikasının da sözügedən dövlətlərə qoşulması ilə azad siyasi kluba çevrilib və BRICS adlanmağa başlayıb. Bu gün qrupda yer alan ölkələrin sayı 9-a çatıb. Hazırda Kuba orada tərəfdaş ölkə kimi təmsil olunmaq istəyini açıqlayıb, Azərbaycan isə üzvlük üçün rəsmi ərizə ilə müraciət edib. Təşkilatın hazırkı sədri olan Rusiya tərəfinin məlumatına görə ümumilikdə BRICS-ə qoşulmaq istəyini bildirmiş ölkələrin sayı 30-a çatır. Onların arasında Əlcəzair, Venesuela, Zimbabve, İndoneziya, Şri-Lanka, Tailand və Türkiyə də var.

Bu maraq BRICS-də tabeliliyin olmamasından, diskussiyaların bütün tərəflərin maraqları nəzərə alınmaqla, bərabərhüquqluluq əsasında aparılmasından qaynaqlana bilər. Üstəlik, bu format çərçivəsində yer alan bəzi ölkələrin bir sıra məsələlərlə bağlı mövqeləri tam ziddiyyət təşkil edir. Bu mənada, Çinlə Hindistanı, yaxud İranla BƏƏ-ni misal çəkmək kifayətdir.

BRICS-də Qərbdən narazı ölkələrin birləşdiyini, bunun onlara narazılıqlarını ifadə etmək imkanı qazanmaq üçün lazım olduğunu söyləmək yanlış olardı. Məsələn, sammit ərəfəsində mediada Hindistan nümayəndə heyətinə istinadla belə bir xəbər yayılmışdı ki, Yeni Dehli BRICS-in anti-Amerika koalisiyasına çevrilməsini istəmir. Braziliya ilə CAR da eyni mövqedədirlər. BƏƏ məmurları da deyirlər ki, Əbu-Dabi bu təşkilata üzvlüyün Qlobal Cənubun Qərbə müxalif olması ilə əlaqələndirilməsi yanlışdır. BƏƏ rəsmisi bildirib ki, onun ölkəsinin ABŞ da daxil olmaqla, Qərb ölkələri ilə son dərəcə yaxşı münasibətləri var.

Beləliklə, BRICS Qlobal Cənubun lider ölkələri olmağa iddialı Rusiya və ya Çinin hökmranlıq etdiyi blok deyil. Təşkilatın kifayət qədər iddialı yeni ölkələr hesabına genişlənməsi isə onların bu birliyə rəhbərlik edə biləcəyi anlamına gəlmir.

BRICS Qərbdən olmayan, qlobal siyasətdə hansısa vahid «düşərgə»də birləşməyi qəbul etməyə iddialı liderlər üçün meydandır. Onlar beynəlxalq münasibətdə çoxşaxəli münasibətlərə üstünlük verir, ideoloji, mədəni müxtəliflikdən asılı olmayaraq, nəhəng fövqəldövlətlərlə strateji, qarşılıqlı faydalı əlaqələr qurmağa çalışırlar. BRICS üzvlərinin əksəriyyəti kollektiv Qərbin siyasətinə tənqidi yanaşır, onun sanksiyalar təcrübəsini pisləyir, amma bu, onların bloklararası ziddiyyətə getmək, yeni «soyuq müharibə» üçün şərait yaratmaq istəyindən xəbər vermir.

 

Fərqli birlik

BRICS-in ən nəhəng iqtisadiyyatı olan Çin nümayəndələri də bu haqda tez-tez danışırlar. Yeri gəlmişkən, təşkilat üzvlərinin ümumi ÜDM-in təxminən 70%-i məhz Çinin payına düşür.

Pekin Avrasiyada çoxşaxəli regional əməkdaşlığın BRICS vasitəsilə möhkəmlənməsi üçün çətin strategiyalara əl atır. Birincisi, o, özünün bu formatda iştirakından yumşaq balanslaşdırma aləti kimi istifadə edir və burada məqsəd ABŞ-nin inkişaf etməkdə olan ölkələr arasında Çinin nüfuzunu əngəlləmək planının qarşısının alınmasıdır. İkincisi, Çin BRICS-ə arxalanaraq, artmaqda olan qüdrətinə legitimlik qazandırmaq üçün alternativ maliyyə və ticarət institutlarını gücləndirmək istəyir. Üçüncüsü, Pekin BRICS-in və onun nəzarət etdiyi Asiya İnfrastruktur İnvestisiyaları Bankının köməyi ilə danışıqlar koalisiyası yaratmağa, bununla da iqtisadiyyatın idarə olunması prinsiplərini yenidən formalaşdırmağa çalışır. Ümumilikdə isə bu təşkilat Çin üçün strateji alət, təhlükəsizliyin qarantıdır. O, Pekinə beynəlxalq məsələlərdə öz statusunu yüksəltmək, qlobal siyasətdə qaydalara əməl edən tərəfdən onların yaradıcısına çevrilmək imkanı verir.

BRICS-də Çinin əbədi barışmaz düşməni Hindistan da yer alır. Təşkilat ona da dünya liderliyi və strateji muxtariyyətə nail olması üçün əhəmiyyətli rıçaqlar verir. Üstəlik, Qərblə kifayət qədər sıx münasibətləri olan Yeni Dehli üçün Qlobal Şimal ilə Qlobal Cənub arasında özünəməxsus körpüyə çevrilməyin də ciddi əhəmiyyəti var. Çoxtərəfli xarici siyasi məqsədlərə çatmaq üçün ayrı-ayrı dövlətlər arasında manevr imkanlarının qazanılması da öz yerində.

Xarici siyasətini Latın Amerikasının aparıcı iqtisadi və siyasi fövqəldövləti statusunu qoruyub saxlamağa yönəltmiş Braziliyaya gəlincə, BRICS-ə üzvlük ona həm də Qlobal Cənubun ən nəhəng iqtisadiyyatlarının bir araya gəldiyi formatda bütünlükdə regionun maraqlarını ifadə etmək imkanı verir. Bununla yanaşı, Braziliya üçün alyansda yer almağın əhəmiyyəli faydalarından biri onun Yeni İnkişaf Bankının (YİB) həmtəsisçilərindən biri olmasıdır. Prezident Lula da Silva hesab edir ki, bu bank «inkişaf etməkdə olan iqtisadiyyatlar arasında effektiv əməkdaşlıqda yeni mərhələdir».

Hazırda banka Braziliyanın sabiq prezidenti Dilma Rusef başçılıq edir. Rusef dövlət başçısı Lulanın siyasi layihəsi olub və 2011-ci ildə onu əvəzləyib. Lakin sonradan büdcə vəsaitinin xərclənməsində yol verdiyi pozuntulara görə vəzifəsindən uzaqlaşdırılıb.

YİB ilə Rusiya arasındakı münasibətlərə gəlincə, bank 2022-ci ilin martında Moskvaya Ukrayna münaqişəsi ilə əlaqədar tətbiq olunmuş beynəlxalq sanksiyalara qoşularaq, bu ölkənin iştirak etdiyi bütün əməliyyatları dayandırıb. Bu, göstərir ki, BRICS ölkələri sanksiyalara qarşı olsalar da, onlara etinasız da yanaşmırlar.

Maraqlıdır ki, 2025-ci ilin ortasından banka rəhbərlik Rusiyaya keçməlidir.

 

İqtisadiyyatdan tutmuş, siyasətədək

BRICS-in Kazanda keçirilən son sammitində Rusiya birlikdə yer alan liderlərə yeni maliyyə-ödəniş sisteminin qurulmasını təklif edib. Rusiyanın Maliyyə Nazirliyi isə hələ iyunda bəyan etmişdi ki, milli valyutalarla, o cümlədən rəqəmsal formada hesablaşmaların aparılması üçün «BRICS Bridge» platforması yaradılacaq. Ölkənin xarici işlər naziri Sergey Lavrov isə demişdi ki, alternativ ödəniş sisteminin iqtisadi əməliyyatların «dollar və avronu silaha çevirmək qərarına gələnlərdən asılılığı aradan qaldıracaq».

Bu qərar öz əksini sammitin sonunda qəbul olunmuş bəyannamədə də tapıb. Tərəflər «BRICS Clear» adı altında müstəqil transsərhəd hesablaşma-depozitar infrastrukturunun yaradılması imkanlarının öyrənilməsi, bu haqda müzakirələrin aparılması haqda razılığa gəlib. Bəyannamədə bildirilir ki, bu təşəbbüs BRICS-in mövcud maliyyə bazarları infrastrukturunu və müstəqil təkrar sığorta potensialını təkmilləşdirəcək.

Bununla yanaşı, bəyannamədə əsas məsələ ən azı yer aldığı ardıcıllığa görə böyük siyasətlə əlaqəli məqamlardır. BRICS liderləri Fələstinin BMT-yə tamhüquqlu üzv kimi qəbul edilməsinə qəti dəstək ifadə edib, Qəzza sektorunda təcili olaraq atəşkəsin elan olunması çağırışı ediblər. Onlar Livanda BMT sülhməramlılarına edilmiş hücumu pisləyib, Fələstində getdikcə dərinləşən humanitar böhrandan narahatlıqlarını ifadə edib, Yaxın Şərqdə nüvəsiz zonanın yaradılmasının vacibliyini bildiriblər. Davam etməkdə olan Ukrayna müharibəsi də daxil, «münaqişələrin sülh və dialoq yolu ilə həllinə» sadiqlik də ifadə edilib.

 

Bakı BRICS-ə üzvlük yolunda

Azərbaycan bu formata çoxdan diqqət göstərir. Bakıda hesab edirlər ki, onun fəaliyyəti milli inkişaf strategiyasının prioritetlərinə uyğundur. Bu mənada, dövlət başçısı İlham Əliyevin birliyin Kazan sammitində iştirakı nümunəvi sayıla bilər.

Bakı BRICS üzvü olmaq istəyini hələ bu ilin avqustunda bəyan edib. Bu, əlbəttə ki, təsadüf deyil. Məsələ ondadır ki, bu təşkilatda yer alan ölkələrin yeni qlobal təhlükəsizlik sisteminin qurulmasına yanaşmaları ümumən üst-üstə düşür. Buna əmin olmaq üçün Kazan sammitinin sonunda qəbul olunmuş bəyannamənin mətninə diqqət yetirmək kifayətdir. Görünən odur ki, qurumun beynəlxalq siyasət, iqtisadi münasibətlərlə bağlı əsas hədəfləri Azərbaycanın məqsədləri ilə uyğunluq təşkil edir. Söhbət Bakının «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər» adlı strategiyasında yer almış hədəflərdən gedir.

Bəyannamədə iştirakçı ölkələr arasında nəqliyyat əlaqələrinin inkişafına xüsusi yer verilib. Azərbaycan BRICS ölkələrini həm öz aralarında, həm də dünyanın digər ölkələri ilə birləşdirən iki vacib nəqliyyat layihəsinin kəsişməsində yerləşir. Söhbət «Şimal-Cənub» və «Şərq-Qərb» marşrutlarından gedir. Bakı öz nəqliyyat strategiyasının həyata keçirilməsində bu vacib marşrutların reallaşdırılmasına xüsusi önəm verir. Bu gün BRICS-in iki üzvü Azərbaycanın qonşusudur ki, bu da Bakını bu formatın coğrafiyası hüdudlarında vacib kommunikasiya bəndinə çevirir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev «Sinhua» agentliyinə sammit ərəfəsində verdiyi müsahibədə bildirib ki, Bakının BRICS üzvü olmaq arzusu ölkənin fəal müstəqil xarici siyasətinin məntiqi davamıdır. Prezident İlham Əliyevin Kazanda «Outreach»/«BRICS+» formatında təşkil olunmuş ilk plenar iclasdakı çıxışı bu fikirləri bir daha təsdiqləyib: «Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir».

«Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. «Şərq-Qərb» və «Şimal-Cənub» nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq», - deyə İlham Əliyev bildirib.

Dövlət başçısının sözlərinə görə, Bakı artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək.

Prezident İlham Əliyev sammit çərçivəsində BRICS üzvü olan ölkələrin, həmçinin toplantıya dəvət almış digər ölkə rəhbərləri ilə bir sıra məhsuldar görüşlər keçirib. İ.Əliyev Yeni İnkişaf Bankının prezidenti Dilma Rusef ilə də bir araya gəlib. Görüşlərdə istər ikitərəfli, istərsə də çoxtərəfli əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Bakıda keçiriləcək qlobal iqlim konfransı ərəfəsində Azərbaycan dövləti bu miqyaslı tədbirə ali qonaqlar dəvət edir. Çünki bu gün alyansın bütün ölkələrində öncül yaşıl texnologiyaların tətbiqi ilə bağlı normativ bazanın harmonizasiyası yolları axtarılır. Ekoloji vəzifələrin öhdəsindən gəlinməsi üçün sıx təcrübə və bilik mübadiləsi vacibdir. Sammit iştirakçıları da toplantının yekununda qəbul etdikləri bəyannamədə COP29-dan məzmunlu nəticələr gözlədiklərini bildirib, Bakının bu tədbiri uğurla təşkil etməsinə dəstəklərini ifadə ediblər. Onlar ümid edirlər ki, konfransda qəbul olunacaq qərarlar planetin qlobal iqlim dəyişikliklərinə uyğunlaşmasında, bu dəyişikliklərin mənfi nəticələrinin aşılmasında həlledici rol oynayacaq.



MƏSLƏHƏT GÖR:

48