26 Dekabr 2024

Cümə axşamı, 15:31

GÖRÜŞ YERİ – KAZAN

Bakı-İrəvan danışıqlarında tempi bərpa etmək olacaqmı?

Müəllif:

01.11.2024

BRICS-in Kazanda keçirilən sammiti Azərbaycan və Ermənistan üçün sensasiya ilə yadda qalıb. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan uzun fasilədən sonra ilk dəfə birbaşa danışıqlar aparıblar. Görüşün sonunda hansısa xüsusi nəticə elan olunmayıb. Əliyev ilə Paşinyan mövcud vəziyyəti müzakirə edib, xarici işlər nazirlərinə işlərin davam etdirilməsini, qısa müddətdə sülh müqaviləsinin imzalanması üçün bütün mövcud imkanlardan istifadə olunmasını tapşırıblar. Doğrudur, bu işlərin hansı müddətdə görüləcəyi ilə bağlı hər hansı açıqlama olmayıb. Bununla yanaşı, hazırkı şəraitdə görüş faktının özü nikbinliyə əsas verən düşündürücü hadisədir.

 

İlk cəhddən alınmayan görüş

Məlum olduğu kimi, son aylarda Əliyev ilə Paşinyan arasında nə vasitəçilərin iştirakı ilə, nə də təkbətək görüş mümkün olurdu. Hələ iyulda çoxları İlham Əliyev ilə Nikol Paşinyanın Avropa Siyasi İcmasının 45 dövlət və hökumət başçısının iştirakı ilə Londonda keçirilən toplantısında bir araya gələcəklərini gözləyirdi. Amma həmin görüş Ermənistan tərəfinin ucbatından baş tutmadı.

Növbəti «diplomatik gediş» artıq oktyabrın əvvəlində MDB sammitində edilsə də, tərəflər arasında əsaslı müzakirə aparılmayıb. Jurnalistlər iki liderin yalnız ayaqüstü qısa söhbətini görüblər. Üstəlik, reportyorların bu söhbət zamanı çəkdikləri fotolar Ermənistanın bəzi media qurumları tərəfindən Paşinyan üçün «alçaldıcı», «təhqiredici» görüntülər kimi qiymətləndirilib.

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova ilə Alen Simonyan arasında planlaşdırılmış görüş də baş tutmayıb. Səbəb Simonyanın azərbaycanlılara «Vətəni Altayda axtarmaları» haqda məsləhəti olub.

Belə bir vəziyyətdə Kazanda keçirilən görüş nikbinlik üçün əsas verir və demək olar ki, bu dəfə söhbət ehtiyatlı deyil, əmin nikbinlikdən gedir. Danışıqlar prosesi uzun fasilədən sonra yenidən başlayıb. Əliyev ilə Paşinyan arasında müzakirələr təxminən bir saat çəkib ki, bunun özü də özlüyündə nəsə deyir.

Amma bütün bunlar sülh müqaviləsi üzərində işlərin sürətləndiyi anlamına gəlmir. Çünki ortada kifayət qədər razılaşdırılmamış məqam, maneə və s. var

Əliyev ilə Paşinyanın Kazanda konkret olaraq nələri müzakirə etdiklərini mətbuat xidmətləri açıqlamır. Xatırladaq ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi mətninin təxminən 80%-i artıq hazırdır. Əvvəlcə onun tezliklə imzalanmasında Bakı israr edirdi. İndi isə tələsən tərəf İrəvandır. O, Bakını sülh müqaviləsini COP29 çərçivəsində imzalamağa çağırır. Lakin Ermənistanın imzalanmasını istədiyi sənəd razılaşdırılmamış məqamların mətndən çıxarılmış versiyasıdır. Onları isə mətndən məhz erməni tərəfi çıxarıb. Ermənistan sülh müqaviləsinin imzalanmasınadək ölkə Konstitusiyasında dəyişikliklərə getməyi də düşünmür. Bu isə, əlbəttə ki, Bakını qane etmir.

 

«Amerikanka» oyunu

BRICS sammiti çərçivəsində keçirilmiş görüşü ABŞ-nin bu yaxınlarda nümayiş etdirdiyi diplomatik fəallıqla əlaqələndirmək olar. Söhbət yüksək rütbəli amerikalı diplomat Maykl Karpenterin Bakı və İrəvana səfərlərindən gedir. ABŞ Prezidenti Co Bayden Azərbaycan və Ermənistan liderlərinə ünvanladığı məktublarda hər iki ölkənin ərazi bütövlüyünə, suverenliyinə dəstəyini ifadə edib, onlar arasında sülh müqaviləsinin tezliklə imzalanmasını istədiklərini bildirib.

Qeyd olunmalıdır ki, Amerikanın vasitəçiliyi ən azı Azərbaycanda «inam krediti»ni xeyli itirib. ABŞ konqresmenlərinə rəsmi Bakıya sanksiyaların tətbiqinə çağırışla bağlı məktubun ünvanlanması nəinki Azərbaycan tərəfindən gözlənilən tənqidlə qarşılanıb, hətta Prezident İlham Əliyev bu məktubun hazırlanmasının arxasında Dövlət Departamentinin özünün dayandığını açıq şəkildə dilə gətirib. Bir müddət əvvələdək ABŞ təmsilçiləri bunun guya «Kapitoli uşaqları»nın işi olduğunu, icraedici hakimiyyətin buna görə məsuliyyət daşımadığını deyirdilər. Amma indi bu «yayınma»lar işə yaramır.

Amerika diplomatiyası «Qarabağ ermənilərinin təhlükəsiz və layiqli qayıdışı» haqda danışmaqla, özü öz ayağına atəş açıb. Bakıda tam haqlı olaraq hesab edirlər ki, bu qayıdış üçün ölkə rəhbərliyi hər şeyi edib: təhlükəsizlik zəmanəti verilib, vətəndaş hüquqlarının təmin olunacağı bildirilib, 1988-ci ilədək Qarabağda yaşamış ermənilərin və onların ailə üzvlərinin Azərbaycan vətəndaşları sayıldıqlarını bəyan edib. Bundan başqa, Ermənistanda azərbaycanlılara qarşı aparılmış etnik təmizləmədən fərqli olaraq, Qarabağdan kimsə zorla qovulmayıb. Odur ki, bu mövzuya diqqət çəkilməsi ermənilərin «istəklərinə» haqsız güzəşt kimi qiymətləndirilir.

Yəqin ki, baş verənlərin bir səbəbi də ABŞ-də keçiriləcək prezident seçkisidir. O, ənənəvi olaraq, noyabrın ilk çərşənbə axşamı keçiriləcək. Co Bayden seçkidə iştirak etməyəcək. Səsvermənin qalibi onun vitse-prezidenti Kamala Harris olarsa belə, ekspertlər Vaşinqtonun xarici siyasi kursunda müəyyən dəyişiklikləri istisna etmir. Odur ki, regionda Amerikanın diplomatik təkliflərini, tərəflər arasında belə demək mümkünsə, Vaşinqtonun moderatorluğu ilə sülh müqaviləsinin imzalanmasına tələsildiyini eşidir, görürlər. Amma hər kəs fasilə götürərək, Ağ Evdə vəziyyətə aydınlıq gəlməsini gözləyir. Bununla yanaşı, tərəflər artıq danışıqları vasitəçilərsiz aparırlar ki, bu da böyük nikbinlik yaradan amillərdəndir. Artıq Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə də start verilib. Sərhədlərin delimitasiyası üzrə komissiyanın reqlamentinin ratifikasiyası prosesi sayəsində bu, yeidən diqqət mərkəzinə düşüb. Sənəd həm Azərbaycan, həm də Ermənistanda prezidentlər tərəfindən də təsdiqlənib. Üstəlik, Paşinyan və tərəfdarları bu işdə erməni müxalifətinin sərt müqavimətini qırmağı da bacarıb. Hakim «Vətəndaş müqaviləsi» partiyasının fraksiyası hər imkanda revanşist şüarlar səsləndirən müxalifətin təzyiqlərinə rəğmən, sənədi parlamentdə təsdiqləməyə nail olub. Ədalət naminə qeyd edilməlidir ki, hələ qarşıda Konstitusiya Məhkəməsi də var. Amma Ermənistan parlamentində baş verənlər nikbinlik üçün əsas sayıla bilər.

Bəs bütün bunlar Ermənistanda revanş planının gündəmdən çıxdığı anlamına gəlirmi? Ən əsası, bu plana beynəlxalq dəstək davam edirmi?

 

EUMA-nın təxribatçı fəallığı

Təəssüf ki, hər şey arzulandığı qədər asan deyil. Ermənistanı fəal şəkildə hərbi revanşa hazırlayırlar və burada baş rolu Fransa oynayır. Üstəlik, Paris bu təxribatçı çırpıntısına Avropa İttifaqının strukturlarını da cəlb edir. Aİ-nin müşahidə missiyası – EUMA-nın («European Union Mission in Armenia» - Avropa İttifaqının Ermənistandakı Missiyası) fəaliyyəti də öz yerində.

Prezident İlham Əliyev Belçikanın Azərbaycana yeni təyin olunmuş səfiri Jülen de Frayponun etimadnaməsini qəbul edərkən qarşı tərəfə mesajını kifayət qədər konkret verib: Avropa İttifaqının Parisin qeyri-konstruktiv siyasətinin alətinə çevrilməsinə, Fransanın çaldığı ilə oynamasına dəyməz. Dövlət başçısı Azərbaycanın Bakı-Brüssel münasibətlərinə dair daha bir ağrılı məsələ ilə bağlı mövqeyini də dilə gətirib. O, EUMA-nın «binokl diplomatiyası» ilə bağlı kifayət qədər sərt danışıb. İlham Əliyev bu missiyanın fəaliyyətə tamamilə fərqli şərtlərlə başladığını xatırladıb: məhdud müddətə, məhdud heyətlə və s. Azərbaycan missiyanın fəaliyyətinə məhz bu şərtlərlə razılıq verib. İndi isə onun fəaliyyət müddəti uzadılır, tərkibi dəyişdirilir, bu isə Bakının razılıq verdiyi məsələlər deyil.

Azərbaycanda ekspertlər bir daha bildirirlər ki, EUMA regionda heç də müşahidə işi aparmır. O, Ermənistanı açıq şəkildə dəstəkləyən Fransanın maraqlarına uyğun olaraq, kəşfiyyatçı funksiyasını həyata keçirməkdədir.

Azərbaycan Prezidenti ilə Belçika səfirinin görüşündən bir neçə gün sonra Fransa Senatında müdafiə naziri Sebestyan Lekornyu yeni açıqlama verməyi lazım bilib: «Biz Ermənistanda müdafiə missiyası yaratmışıq. Əvvəllər bu, yox idi». Fransa hökuməti «erməni əsgərlərə təlim keçilməsi üçün hələ də Rusiya ilə birlikdə KTMT üzvü olan ölkəyə təlimatçılar qrupu da ayırıb». İrəvana göndərilmiş fransalı məsləhətçilərin üzərinə xüsusi vəzifə qoyulub: «təcavüz halı»nda istifadə olunması məqsədilə Ermənistan üçün iki və ya üç müdafiə planının hazırlanması. Fransalı nazir Ermənistan sərhədçilərinə gecəgörmə cihazlarının paylandığını da etiraf edib. Bununla yanaşı, Ermənistana HHM sistemlərinin qurulması, artilleriya qurğularının bərpasında da yardım göstərilir. Eyni zamanda, nazir bildirib ki, Fransa Ermənistana «yalnız müdafiə silahları» verir. Əslində isə dəfələrlə vurğulandığı kimi, Yerevana verilən haubitsalardır ki, bu da hücum silahı sayılır.

Azərbaycan mətbuatında Ermənistandakı «binokl həvəskarları»nın Praqada müəyyənləşdirilmiş vəzifələrini aşdıqlarını sübut edən kifayət qədər videogörüntü yayılıb. Bağanis Ayrım və Voskepar (tarixi adı Yuxarı Əskipara) kəndlərini ayıran sərhəddə EUMA-ya məxsus müşahidəçi korteji görünüb – tünd rəngli iki və ağ rəngli bir «Cip». Daha sonra eyni avtomobillərin azərbaycanlıların Faxralı kəndi yaxınlığında – Ermənistan Silahlı Qüvvələrinin mühəndis işləri apardıqları bölgədə olduqları da qeydə alınıb. Üstəlik, EUMA təmsilçilərinin orada təlimatçılıqla məşğul olduqları aydındır.

Nəhayət, Avropa Parlamentinin növbəti təxribatçı qətnaməsi. Bu qətnamə, çətin ki, həyata keçirilsin, lakin belə sənədin peyda olması faktının özü erməni revanşizminə dəstəkdir. Onlar isə təbii ki, İrəvan tərəfinin sorğusu olmadan hazırlanmır. Bəli, Ermənistan hələ də ikili oyun oynayır.



MƏSLƏHƏT GÖR:

48